Məhkəmə qərarları › İş №2-1(107)-333/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-333/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-333/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)- 435/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1973-1998-ci illər ərzində Zaqatala rayonu, "Moskva" adına kolxozda kolxozçu işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

4. Müraciətlə əlaqədar olaraq bildiririk ki, qeyd edilən Qaydaların 2.2-ci bəndinə əsasən zəruri sənədləri (əmək kitabçası və ya əmək fəaliyyəti barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, əyani təhsil haqqında diplom) təqdim etdikdən sonra iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər.

5. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun 16 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmış və Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.2-ci bəndinə əsasən əmək pensiyası hüququnun yaranması üçün zəruri olan sənədlər ərizəçi tərəfindən təqdim olunmamış, buna görə də həmin dövrlərin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir.

6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

7. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər tələblər ödənildiyi halda 64 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdə yaranacaqdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat); 2) azı 25 il sığorta stajı olduqda.

8. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir.

9. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixdən əvvəlki və həmin tarixdən hüququnun yarandığı tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmir.

10. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.

11. İddiaçının mübahisəli olmayan sığorta stajı № ******* nömrəli hərbi biletə əsasən əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu 2 il təşkil edir.

12. İddiaçının mübahisələndirilən sığorta stajı 1973, 1976-1998-ci illərdə Zaqatala rayonu “Moskva” adına kolxozda işlədiyini iddia etdiyi dövrlərdir ki, bu da Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5217 nömrəli arxiv arayışına əsasən 22 il 6 ay təşkil edir.

13. Qeyd edilmişdir ki, iddiaçının 1973, 1976-1998-ci illərdə Zaqatala rayonu “Moskva” kolxozunda kolxozçu işlədiyini iddia etdiyi dövrlə bağlı əmək kitabçasında heç bir qeyd aparılmamışdır.

14. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

15. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

18. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.

19. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).

20. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.

21. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

22. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı sığorta stajı 25 ildən az olduğundan və fərdi hesabında pensiya kapitalı mövcud olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

23. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

24. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Birinci instaniya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

27. Birinci instaniya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

28. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 avqust 2022-ci il tarixli 2-1(116)-435/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

30. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5217 nömrəli arxiv arayışına əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 23 il 7 ay təşkil edir. Buna baxmayaraq iddiaçının arxiv arayışına əsasən hesablanmış ümumi iş stajı əmək kitabçasında öz əksini tapmadığı üçün sığorta stajına daxil edilməmişdir. Həmçinin, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 29 nömrəli cavab məktubunda kolxozun şəxsi hesab kitabları Dövlət Arxivində saxlanılmadığından şəxsi hesab kitablarından çıxarışların surətlərinin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 17 avqust 2022-ci il tarixli 2-1(116)-435/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)-435/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)- 435/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

33. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1955- ci il tarixdə Ermənistan Respublikasının Stepanovan rayonunda anadan olmuşdur, Zaqatala rayonunun Muğanlı kəndində qeydiyyatdadır. - ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmət müddəti cavabdeh tərəfindən mübahisələndirilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 117 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli 117 nömrəli arxiv arayışından və xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçının Zaqatala rayonu “Moskva” kolxozunda işlədiyi günlərin cədvəli.

TƏTBİQ EDİLƏN HÜQUQ

34. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

35. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

36. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

39. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)-435/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

41. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

42. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən kolxozda işlədiyi müddətin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.

45. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, qeyd edilən illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən minimum adam günü norması 200 və 250 gün olmuşdur.

46. Beləliklə, iddiaçının kolxozçu kimi adıgedən kolxozda 18 tam təqvim ili işlədiyi iş materiallarına əlavə olunmuş arxiv arayışları və Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubla məhkəməyə təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətləri ilə öz təsdiqini tapmışdır. İddiaçı 1980, 1985, 1987, 1993-cü illərdə illik adam günü norması 200 gün olmasına baxmayaraq tam illik normaları ödəmədiyindən, həmin illər üzrə iddiaçının malik olduğu iş stajının hesablanması zərurəti yaranmış, qeyd olunan 4 il ərzində iddiaçının toplam 772 adam günü işlədiyi müəyyən edilmişdir. Göstərilən müddət isə təqvim ilinə hesablandıqda həmin illər ərzində iddiaçının 3 il 10 ay 13 gün əmək stajı topladığı müəyyən edilir. Minimum adam günü normasının 250 gün olduğu 1983 və 1984-cü illər üzrə iddiaçının işləmiş olduğu 450 adam günü isə 1 il 9 ay 22 gün əmək stajına bərabərdir.

47. İş materiallarında olan arxiv arayışı və sənədlərinə əsasən müəyyən edilmişdir ki, iddiaçının kolxozda ümumi iş stajı (18 il+3 il 10 ay 13 gün+1 il 9 ay 22 gün) cəmi 23 il 8 ay 5 gün olmuşdur.Bundan başqa cavabdeh tərəfindən iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla 2 il mübahisələndirilməmiş, işin mübahisəsiz halı kimi qəbul olunmuşdur.

48. Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır. (23 il 8 ay 5 gün+2 il=25 il 8 ay 5 gün).

49. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

51. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2-1(116)-435/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar