Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-334/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Sumqayıt 7 №-li Peşə Texnikumu məktəbində əyani təhsili, 1973-1977-ci il tarixdən 1980-ci il tarixədək, 1982-ci il tarixdən- 1988-ci il tarixədək Zaqatala rayon Muxax kəndi “Muxax” kolxozunda qaynaqçı, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Zaqatala PMK-10 Trestində üçüncü dərəcəli qaynaqçı xx.xx.1974-cu il tarixdən xx.xx.1976-cı il tarixədək Zaqatala rayon PMK- 10 Trestində 3-cü dərəcəli betonçu, 1980cı il tarixdən 1981-ci il tarixədək Stavropol şəhərin Ananesenko rayonu Ananesenko kolxozunda çoban işlədiyi illərin (faktiki müddəti nəzərə alınmaqla) hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi və iddianın müraciət etdiyi tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-12011/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, arxiv arayışlarını, diplomunu və hərbi biletin surətini cavabdeh orqana təqdim edərək həmin sənədlərdə qeyd edilən müddətin nəzərə alınaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan arxiv arayışında qeyd edilən müddətlərin əmək kitabçasında qeyd edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (arxiv arayışı, diplom və hərbi bilet) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əmək kitabçasında qeyd edilməməsi, buna görə iddiaçının tələb olunan 25 illik sığorta stajının yaranmaması, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı Zaqatala SMD-10un “Elektromexanizasiya” Trestinin xx.xx.1974-cü il tarixli 54 №-li əmri ilə işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 82 №-li əmrlə işdən azad edilmişdir. xx.xx.1976-cı ildə 132 №-li əmrlə işə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmişdir. Peşə Təhsili üzrə X4 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli 347 №-li arayışından görünür ki, iddiaçı, xx.xx.1970xx.xx.1972-ci illərdə (1 il, 9 ay 19 gün) Sumqayıt 7 №-li Texniki Peşə Məktəbinin “əl ilə elektrik qaz qaynaqçısı” ixtisasını əyani bitirmişdir. SHXÇÜDX-nin xx.xx.2020-ci il tarixli 51 №-li arayışından görünür ki, iddiaçı, xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 8 gün) keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Apanasenko adına Kənd təsərrüfatı İstehsalat Kooperativinin xx.xx.2019-cu il tarixli 233 №-li arayışından görünür ki, iddiaçı 1980-cı ildə 267 gün, 1981-ci ildə 203 gün olmaqla Apanasenko adına kolxozda işləmişdir. Arayışda minimum adam günü norması barədə məlumat qeyd edilməmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti xx.xx.1985-xx.xx.1990-cı illəri əhatə edir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 06 №-li arayışından görünür ki, iddiaçı Zaqatala rayonu “Muxax” kolxozunda 1973, 1977-1980, 1982-1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1977-1980-cı illər üzrə minimum adam günü norması 200 gün, 1982-1985-ci illər üzrə 220 gün, 1986-1989-cu illər üzrə 250 gün, 19901998-ci illər üzrə isə 220 gün müəyyən edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-787/2022 nömrəli nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2021 -ci il tarixdə Fondun 16 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin mərkəzi filialında baxılmış və Filialın müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021 -ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. İddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 03 il 09 ay 27 gün təşkil edir: xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Sumqayıt 7 №-li Texniki Peşə Məktəbində əyani təhsil aldığı 01 il 09 ay 19 gün; xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi 02 il 08 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 22 il 07 ay 21 gün təşkil edir: 1973, 1977-1980, 1982-1998-ci illərdə Zaqatala rayon “Muxax” kolxozunda işlədiyini iddia etdiyi 20 il 02 ay 18 gün; xx.xx.1974-cü il tarixdən 01,05.1974-cü il tarixədək (01 ay 08 gün), həmçinin xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (09 ay 25 gün) Zaqatala PMK- 10 Trestində işlədiyini iddia etdiyi ümumilikdə 11 ay 03 gün; 1980-1981-ci illərdə Stavropol şəhəri “Ananesenko” kolxozunda işlədiyini iddia etdiyi 01 il 06 ay. Qeyd edirik ki, iddiaçının mübahisələndirilən sığorta stajına dair onun əmək kitabçasında heç bir qeyd aparılmamışdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçası mövcud deyildir. İddiaçı Zaqatala rayon “Muxax” kolxozunda və Zaqatala PMK-10 Trestində işlədiyini iddia etdiyi dövrlərə dair Zaqatala rayon Dövlət Arxivininin xx.xx.2020-ci il tarixli 06 nömrəli arxiv arayışlarını təqdim etsə də, həmçinin Stavropol şəhəri “Ananesenko” kolxozunda işlədiyini iddia etdiyi dövrlərə dair iş materiallarında olan arayışın yoxlanılması mümkün olmadığından və qeyd edilən dövrlərin heç biri onun əmək kitabçasında qeyd olunmadığından sözügedən dövrlərin onun sığorta stajına daxil olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 46 nömrəli cavab məktubunda Zaqatala PMK-10 Trestinin əməkhaqqı cədvəlləri Dövlət Arxivində saxlanılmadığından əməkhaqqı barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı 1973, 1977-1980, 1982-1998-ci illərdə Zaqatala rayon “Muxax” kolxozunda işlədiyini iddia etdiyi 20 il 02 ay 18 gün, xx.xx.1974-cü il tarixdən 01,05.1974-cü il tarixədək, həmçinin xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Zaqatala PMK-10 Trestində işlədiyini iddia etdiyi ümumilikdə 11 ay 03 gün və 1980-1981 -ci illərdə Stavropol şəhəri “Ananesenko” kolxozunda işlədiyini iddia etdiyi 01 il 06 ay müddətin onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64.5 yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-ci ildə doğulub). Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarətdir ki, iddiaçının, təqdim etdiyi arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti müddətləri əmək kitabçasında qeyd edilməmişdir. Lakin, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır. Belə ki, əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi, istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin etirazının dəlilləri tamamilə əsassızdır. İddiaçı, Zaqatala rayonu Muxax kolxozunda 1977-1979, 1983-1989, 1991-1998-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 18 ilə bərabərdir. Həmin kolxozda iddiaçı, 1973-cü ildə - 62, 1980-cı ildə - 10 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 4 ay 9 gün müəyyən edilir (62+10=72/200=0.36). 1982-ci ildə iddiaçı 172 gün, 1990-cı ildə 216 gün işləmişdir. Həmin il üzrə minimum adam günü norması 220 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 1 il 9 ay 3 gün müəyyən edilir (+216=388/220=1.76). Beləliklə iddiaçının “Muxax” kolxozunda cəmi əmək stajı – 20 il 1 ay 12 günə (18 il+4 ay 9 gün +1 il 9 ay 3 gün) bərabər olur. Həmin müddətin üzərinə iddiaçının Zaqatala SMD-10un “Elektromexanizasiya” Trestində əmək fəaliyyəti ilə məşğul olduğu müddət də əlavə edilməlidir. İddiaçının kolxoz arayışına əsasən 1977-ci il bütövlükdə onun əmək stajına daxil edildiyindən, Zaqatala SMD-10un “Elektromexanizasiya” Trestində xx.xx.1976-xx.xx.1977-ci illər üzrə əmək fəaliyyəti müddətinin üst-üstə düşən 1977-ci ilə aid hissəsi nəzərə alınmır. Belə olan halda iddiaçının qeyd edilən qurumda əmək stajı 6 ay 27 gün müəyyən edilir. İddiaçının 1980-cı ildə 267 gün, 1981-ci ildə 203 gün olmaqla Apanasenko adına kolxozda işlədiyi müddətlərdə minimum adam günü norması haqqında məlumat olmasa da, həmin müddət ən minimum həddə (365 günə bərabər hesablanmaqla) qəbul edildikdə 1 il 3 ay 15 günə bərabər olur ki, həmin müddət də, iddiaçının sosial sığorta stajına hesablanmalıdır. İddiaçının, mübahisəsiz sosial sığorta stajı: 1 il, 9 ay 19 gün təhsil və 2 il 8 gün hərbi xidmət müddəti, yuxarıda hesablanmış əmək fəaliyyəti müddətləri ilə toplandıqda, iddiaçının ümumi sosial sığorta stajı 25 il 8 ay 21 günə bərabər olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmiş əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.İddiaçının birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-787/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-334/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-334/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver