Məhkəmə qərarları › İş №2-1(107)-334/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-334/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-334/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-ci il tarixli, 2-1(116)-682/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Zərdab rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, həmin tarixdə şöbə rəisinin 42 №-li əmri ilə “AR DİO xidmətkeçmə haqqında" Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuşdur.

3. Səhhətinə görə xidmətdən xaric olmağının səbəbi isə AR X1 xidmət dövrü Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.1991-ci il tarixdə aldığı hərbi travma (yaralanmağı) olmuşdur. Belə ki, yaralanmağının nəticəsində səhhətində müəyyən problemlər baş vermiş və səhhəti ona xidməti davam etdirməyə imkan verməmişdir. Səhhəti ilə əlaqədar olaraq o, xx.xx.2003-cü il tarixdə xidmətdən xaric olunmuşdur. AR X1 xidmət dövrü aldığı travmanın səbəb əlaqəsi haqqında AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 18 saylı qərarında onun aldığı travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir.

4. xx.xx.2012-ci ildə isə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi isə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir.

5. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə ona dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra isə bu məbləğ təqsirli şəxslərdən tutulur. İddiaçı isə 1991-ci ildə travma aldıqdan sonra 2003-cü ilə qədər xidmətini davam etdirdiyi baxımından həmin kompensasiyanın ona ödənilməsi mümkün olmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 mart 2023-ci il tarixli, 2- 1(116)-682/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990xx.xx.2003-cü il tarixədək X1 xidmət etmiş və xx.xx.2003-cü il tarixdə xidmətdən xaric edilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1991 -ci il tarixdə hərbi travma almışdır. Bundan sonra O, xx.xx.2003cü i! tarixədək xidmətini davam etdirmiş və xx.xx.2003-cü il tarixdə "Azərbaycan Respublikası X1 xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən xidmətdən xaric edilmişdir. İddiaçı 1991-ci ildə travma alsa da, xidmətini davam etdirmişdir. Onun xidməti fəaliyyətini həyata keçirməsinə səhhəti imkan vermiş və 12 ildən sonra yəni xx.xx.2003-cü il tarixdə xidmətdən xaric edilmişdir. Göründüyü kimi iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Ona görə də Şəki İnzibati Məhkəməsini 15 mart 2023-ci il tarixli, 2-1(116)-682/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-ci il tarixli, 2-1(116)-682/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram ilə müraciət edərək məhkəmə kollegiyasının iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 18 saylı qərarından görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı zamanı hərbi tavma - “Sol bazunun orta 1/3-nin yumşaq toxumalarının kor güllə yaralanması nəticəsində 2x2 ölçüdə yaranmış çapıq toxuması” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - ƏƏSMN 36 saylı TSEK Zona Tibbi Sosial Ekspert Komissiyasının 133264 №-li arayışından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0003 nömrəli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdən “Sol bazunun orta 1/3-nin yumşaq sağ toxumasının kor güllə yaralanmasından sonrakı çapıq toxuması, 12 barmaq bağırsağın xroniki xorası, baş verən kəskinləşmələr” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - Zərdab rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 203-398-1221 nömrəli arayışdan qeyd edilmişdir ki, iddiaçı xx.xx.1990-cı iltarixdən xx.xx.1991-ci il tarixədək Zərdab RDİŞ yanında Mühafizə bölməsində milis nəfəri, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Zərdab RPŞ-də PPXT-nın polis nəfəri (xx.xx.1997-ci il tarixdə 16 nömrəli əmrlə üzürsüz səbəbdən iki ay xidmətə çıxmadığına görə DİO-da xidmətdən xaric olunub), xx.xx.2001-ci il tarixdə Zərdab RPŞ-nin 9 nömrəli əmri ilə yenidən DİO-ya bərpa olunmaqla xx.xx.2003-cü il tarixdək Zərdab RPŞ-də polis nəfəri vəzifəsində xidmət etmiş, həmin tarixdə şöbə rəisinin 42 nömrəli əmri ilə “AR DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuş və xidmət illəri aşağıdakı kimi hesablanmışdır: Təqvimi hesablama ilə -12 il, 10 ay, 16 gün, Güzəştli hesablama ilə-cəmi-17 il, 11 ay,16 gün. Hazırki vəzifə, rütbə maaşı, eyni zamanda xidmət illərinə görə haqqın ödənilməsi və ərzaq payı pulu aşağıdakı kimi xarakterizə olunur: Vəzifə maaşı-379 manat 00 q, Rütbə maaşı-117 manat 00 q, Xidmət ilinə görə-15%=74 manat 00 q, Ərzaq payı-64 manat 00 q. - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2022-ci il tarixli 027-68155g-3222 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə ona dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra isə bu məbləğ təqsirli şəxslərdən tutulur. Qərarla müəyyən edilmiş birdəfəlik kompensasiyanın yalnız xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) alan əməkdaşlara şamil edildiyini, iddiaçı isə 1991-ci ildə travma aldıqdan sonra 2003-cü ilə qədər xidmətini davam etdirdiyindən həmin kompensasiyanın ödənilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli 029-3886-1222 nömrəli məktubundan görünür ki, iddiaçı DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının (XHK) 2011-ci ilə aid protokol jurnalında “Sol bazunun orta 1/3-nın yumşaq toxumalarının kor güllə yaralanması nəticəsində 2x2 ölçüdə yaranmış çapıq toxuması” diaqnozu ilə şəhadətləndirilmiş və xəsarətin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə qeydiyyatı aşkar edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Polis haqqıda” Qanun: 34-cü maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda polis əməkdaşı xidmətdən xaric edilə bilər. 37-ci maddəsinin İİ hissəsinə görə isə xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.

16. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında” Əsasnamə: 135-ci bəndinin 6-cı hissəsinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyi olduqda daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. 93-cü bəndində isə təsbit edilmişdir ki, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş daxili işlər orqanları əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.

17. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarının 2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya aldıqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərcliyinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-ci il tarixli, 2-1(116)-682/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

24. Yuxarıda istinad olunan normalardan görünür ki, iddiaçının tələb etdiyi kompensasiyanın verilməsi üçün qanunvericiliyin tələb etdiyi şərtlər aşağıdakılardan ibarətdir: 1) polis əməkdaşının aldığı xəsarət xidməti vəzifələrin icrası ilə əlaqədar alınmış olmalıdır; 2) xəsarətlə əlaqədar vəzifəsini yerinə yetirməyə davam edə bilməsi qeyrimümkün olmalıdır və 3) vəzifəni yerinə yetirməyin qeyri-mümkünlüyü tibbi-həkim komissiyasının rəyi ilə təsdiq olunmalıdır.

25. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci bəndinin 6-cı hissəsinə əsasən “səhhətinə görə” xidmətdən xaric olunmuşdur. 36 saylı TSEK Zona Tibbi Sosial Ekspert Komissiyasının 133264 №-li arayışı ilə müəyyən olunur ki, iddiaçı aldığı xəsarət nəticəsində əmək qabiliyyətini itirmiş və ona 2ci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikası müdafiəsi zamanı” ifadəsi kimi göstərilmişdir. Əmək qabiliyyətsiz qeydi icra edilmişdir.

26. Cavabdeh orqan iddiaçının 1191-ci ildə travma aldıqdan sonra 2003-cü ilədək xidmətini davam etdirdiyini bildirsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 18 saylı qərarı ilə iddiaçının hərbi tarvma alması müəyyən edilmiş, həmin xəsarət iddiaçının xidməti vəzifələrin icrası ilə əlaqədar olmuş və məhz həmin xəsarət onun sonradan ikinci dərəcə əlilliyinin təyin edilməsi və əmək qabiliyyətsiz hesab edilməsi üçün əsas olmuşdur. Yəni iddiaçının hərbi travma alması ilə ona ikinci dərəcə əlilllik təyin edilməsi arasında səbəbli əlaqə mövcuddur.

27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzhün nəticəyə gəlmişdir ki, iddiaçı haqlı olaraq Azərbaycan Respublikası X1 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın ona ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1578/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qərarı ilə eyni mövqe formalaşmışdır.

29. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2023-ci il tarixli, 2-1(116)-682/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar