Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-335/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Nümayəndə İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in 13 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək həyat və sağlamlıq üçün təhlükəli şəraitdə işlədiyi müddət nəzərə alınmaqla pensiyasının yenidən 1994-cü ilin yanvar ayının 1-dən hesablanması və indiyədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı cavabdeh orqanı dəqiqləşdirərək DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 1306/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1306/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
4. İnzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olduğu dövrdə iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh orqanın DSMF-in 13 saylı Regional Ərazi Filialı ilə əvəz edilməsini və cavabdehin üzərinə “ona təyin edilmiş pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11361/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmiş, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, əsl cavabdeh DSMF-in 13 saylı Regional Ərazi Filialı ilə əvəz edilmiş və inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərardadı ilə cavabdeh DSMF-in 13 saylı Regional Ərazi Filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə, məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə sonuncu, hüquq varisi DSMF PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
7. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin iclasında növbəti dəfə tələbini dəqiqləşdirərək “pensiyasının sığorta hissəsinin yenidən hesablanması və 1994-cü il tarixdən məhdudiyyətlə verilmiş pensiyasının qalığının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərardadı ilə iddia tələbinin “1994-cü il tarixdən məhdudiyyətlə verilmiş pensiyasının qalığının hesablanıb ödənilməsi” hissəsi mümkün sayılmamışdır.
10. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ona təyin edilmiş yaşa görə pensiyanın sığorta hissəsinin düzgün hesablanmadığını, həyat üçün təhlükəli işinin nəzərə alınmadığını bildirərək cavabdeh orqana müraciət etmiş və pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyası hesablanarkən onun 45 il 4 ay 12 gün sosial sığorta stajının nəzərə alınmasını və hesablamanın həmin müddətə uyğun apararaq pensiyanın ödənilməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
11. İddiaçı birinci instansiya məhkəməsinin iclasında tələbinin DSMF PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yox, məhz hazırkı cavabdehə qarşı yönəldiyini, cavabdeh tərəfindən onun hərbi xidmət illəri nəzərə alınmadan 43 illik sosial sığorta stajı əsas götürülməklə hesablamanın aparıldığını, cavabdeh orqana hər dəfə müraciət edərkən ona eyni rəqəmlərin təqdim olunduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsini və pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında izahat verərək bildirmişdir ki, iddiaçının tələbinə uyğun olaraq onun 45 il 4 ay 23 günlük sosial sığorta stajı nəzərə alınmaqla, yaşa görə 31.14 manat əmək pensiyası hesablanaraq ödənilir. İddiaçının pensiyasının sığorta hissəsinin nəyə görə düzgün hesablanmadığını iddia etməsi başa düşülən deyil. Belə ki, onun iddia etdiyi sosial sığorta stajı müddəti tam həcmdə nəzərə alınmışdır. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2022-ci il tarixli 2- 1(116)-850/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 010122 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən iddiaçıya xx.xx.1996-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “X2” Qanun: 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İddiaçı ilkin iddia ərizəsində “həyat və sağlamlıq üçün təhlükəli şəraitdə işləməsini nəzərə alaraq pensiyasının yenidən hesablanmasını” tələb etdiyini bildirsə də, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında pensiyasının sığorta hissəsinin yenidən hesablanması tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan faktiki olaraq onun 45 il 4 ay əmək fəaliyyətini nəzərə almadan pensiya təyin etmiş, o cümlədən hərbi xidmət illəri ümumi sığorta stajına daxil edilməmişdir
28. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1996-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “X2” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İddiaçı xx.xx.1953-cü il tarixdən xx.xx.1956-cı il tarixədək 2 il 11 ay 22 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1952-ci il tarixdən xx.xx.1952-ci il tarixədək, xx.xx.1953-cü il tarixdən xx.xx.1953-cü il tarixədək, xx.xx.1956-ci il tarixdən xx.xx.1957-ci il tarixədək və xx.xx.1957-ci il tarixdən xx.xx.1998- ci il tarixinədək 42 il 5 ay 1 gün əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 45 il 4 ay 23 gün təşkil edir. Sözügedən Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçının hazırda əmək pensiyasının məbləği 331,14 manat təşkil edir və əmək pensiyasının məbləği xx.xx.2011 ci il tarixdən 45 il 4 ay 23 gün sığorta stajına əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: 2006-cı il tarixinədək 45 il 4 ay 23 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (45+(4+23/30)/12)x170=7717,52 - 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2011 ci il tarixinə indeksləşdirilmiş məbləği 12641,10 manat təşkil edir: 7717,52+8,3%+16,7%+20,8%+1,5%+5,7%=12641,1 - Pensiyanın sığorta hissəsinin hesablanması: 12641,10:144=87,95 Sözügedən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2011- 85 (baza hissə)+87,95 (sığorta hissə)=172,95 xx.xx.2012- 85 (baza hissə)+(87,95+7,9%) (sığorta hissə)=179,90 xx.xx.2013- 85 (baza hissə)+(94,90+1,1 %) (sığorta hissə)=180,94 xx.xx.2013- 100 (baza hissə)+95,94 (sığorta hissə)=195,94 > xx.xx.2014- 100 (baza hissə)+(95,94+2,4%) (sığorta hissə)=198,25 xx.xx.2015- 100 (baza hissə)+(98,25+1,4%) (sığorta hissə)=199,62 xx.xx.2016- 100 (baza hissə)+(99,62+4,0%) (sığorta hissə)=203,61 xx.xx.2016- 110 (baza hissə)+103,61 (sığorta hissə)=213,61 xx.xx.2017- 110 (baza hissə)+(103,61 + 12,4%) (sığorta hissə)=226,46 xx.xx.2018- 226,46+5,7%=239,37 xx.xx.2019- 239,37+3%=246,55 xx.xx.2020- 246,55+16,6%=287,48 xx.xx.2021- 287,48+11,4%=320,25 xx.xx.2022- 320,25+3,4%=331,14.
29. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının pensiyasının sığorta hissəsi hesablanarkən onun 45 il 4 ay 23 gün sosial sığorta stajı nəzərə alınmış və yuxarıda qeyd olunmuş qaydada indeksasiya aparılaraq ona cəmi, 331.14 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin sığorta hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablandığından, həmin məbləğin yenidən hesablanması ilə bağlı iddiaçının tələbi mahiyyət etibarilə əsassız olmuşdur.
30. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının pensiyasının sığorta hissəsinin yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-850/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.