Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-335/2024 21.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-347/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Seydəli Rəcəbovun adına olan 2482 say ilə qeydə alınmış A067397 saylı və Tamella Rəcəbovanın adına olan 2481 say ilə qeydə alınmış A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən torpaq sahələrinin istifadə edilən qaydada, formada və ölçüdə DƏDRX-də qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)- 229/2023 saylı, 02 may 2023-cü il tаrixli qətnaməsi ilə iddiaçı Fizuli Rəcəbovun ona qarşı iddiası təmin edilərək fərdi yaşayış evinə çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına dair iddiaçı tərəfindən edilmiş maneələr aradan qaldırılmışdır.
5. İşin halları ondan ibarətdir ki, Fizuli Rəcəbovla qonşuluqda yaşayır, həyətlərindən ictimai yola çıxış sahəsi eynidir. Həyətlərini istifadə etdikləri qaydada, qanuni istifadələrinə verildiyi qaydada hazırlanmış texniki pasportları vardır. Lakin, torpaq islahatı zamanı torpaq sahələrinin planı və ölçüləri düzgün tərtib edilməmiş və iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsi, xüsusən də, həyətinə gediş-gəliş yolu Seydəli Rəcəbovun adına işlənmişdir. Bu səbəbdən mübahisə yaranmışdır.
6. 12 saylı Şəki Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, "həmçinin torpaq sahəsi digər şəxsin istifadəsində olmaqla mübahisəli olduğundan ərizənin icrası mümkün olmamışdır".
7. X9 adına 16 sentyabr 2008-ci il tarixli 2482 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və eyni zamanda 16 sentyabr 2008-ci il tarixli 2481 nömrəli anası X4 adına olan torpaq sahəsinin planı və ölçüsündə torpaq sahələri onların istifadəsində olan qaydada və formada, ölçüdə hazırlanmamışdır.
8. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi səhvən Seydəlinin adına işlənmişdir. Yəni, iddiaçının ailəsinin istifadə etdiyi tikili və yol Seydəlinin mülkiyyəti kimi qeydiyata alındığı halda böyük mübahisələr, davalar yarana bilər.
9. Səhvən hazırlanmış torpaq sahəsinin plan və ölçülərinin ləğv edilərək həmin ünvanda yerləşən torpaqların istifadə etdikləri qaydada və formada, eyni zamanda ölçüdə DƏDR-də qeydiyyata alınması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh onların ərizələrinə imtina cavabı verilmiş, bundan başqa mübahisənin məhkəmədə olması bəhanə gətirilmişdir.
10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - vətəndaş İddiaçı 25 aprel 2023-cü il tarixdə ərizə ilə (daxilolma №-si 3-21-3-39/1-R- 0018-8/2023) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, mərhum anası X10 məxsus həyətyanı torpaq sahəsinin plan və ölçü sənədində 0,0199 ha olmasına baxmayaraq Qax rayon Qaxmuğal “Qələbə" kolxozunun qaytanlanmış torpaq kitabından arxiv çıxarışında mərhum atası X2 adına 0,03 ha torpaq sahəsi verilməsi barədə qeydiyyat aparıldığından, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinə çıxarış və texniki pasport verilməsini xahiş etmişdir.
11. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan fərdi yaşayış evi və torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, texniki inventarlaşdırma orqanları tərəfindən X2 adına 16 aprel 1992-ci ildə tərtib olunmuş 1595 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda iddiaçının faktiki istifadəsində olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 3 otaqlı evin tikintialtı sahəsi 124 kv.metr, qrunt sahə 70,2 kv.metr, torpağın ümumi sahəsi 194,2 kv.metr, evin yaşayış sahəsi 65,8 kv.metr, köməkçi sahəsi 20,2 kv.metr, evin ümumi sahəsi 86 kv.metr qeyd olunmuşdur.
12. X3 Qax rayon Qaxmuğal kənd “Qələbə” adına kolxoz torpaqlarından 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə kolxozun qaytanlanmış torpaq kitabından Qax rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 245 nömrəli arxiv çıxarışı verilmişdir.
13. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş A 067396 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax rayon Aqrar İslahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Qax şəhərində yerləşən və iddiaçının faktiki istifadəsində olan 199,7 kv.metr həyətyanı torpaq sahəsi X22 kitabında xx.xx.2008-ci il tarixdə 2481 nömrəsi ilə iddiaçının mərhum anası X4 adına uçota alınmışdır.
14. Qeyd olunmalıdır ki, vətəndaş X12 qonşusu İddiaçı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum atası X5 miras qalmış Qax şəhəri, M.F.Axundov küçəsi, 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına cavabdeh İddiaçı tərəfindən edilmiş maneələrin aradan qaldırılması”na dair iddia tələbi ilə Qax rayon məhkəməsinə müraciət etmiş və Qax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(024)229/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
15. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən verilmiş və bir nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinin arxivində saxlanılan A 067397 seriya və nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax rayon Aqrar islahatı Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Qax şəhərində yerləşən və Qax rayon məhkəməsinin icraatında olmuş 2(024)-229/2023 nömrəli iş üzrə iddiaçı X6 faktiki istifadəsində olan 200,32 kv.metr həyətyanı torpaq sahəsi X22 kitabında xx.xx.2008-ci il tarixdə 2482 №-si ilə X7 adına uçota alınmışdır.
16. Beləliklə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evlərinin yerləşdiyi 200,32 və 199,7 kv.metr torpaq sahələri üzərində hüquqların X22 kitabında aparılmış qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından həmin sənədlərin ləğv edilməsi və ya sənədlərə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil.
17. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.
18. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə yaşayış evlərinin tikintisi üçün kolxoz torpaqlarından həyətyanı torpaq sahəsinin verilməsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış həmin daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edir.
21. Lakin ərizəçi tərəfindən mərhum atası X3 Qax rayon Qaxmuğal kənd “Qələbə” adına kolxoz torpaqlarından 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş kolxozun qaytanlanmış torpaq kitabının xx.xx.2022ci il tarixli arxiv arayışı təqdim olunsa da, həmin torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə sxemi, habelə hüquq sahibi X2 qanun və ya vəsiyyət üzrə vərəsələri barəsində hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.
22. Beləliklə, İddiaçı mərhum anası X10 və ailə üzvlərinə aqrar islahat komissiyasının qərarı ilə Qax şəhərindən verilmiş 199,7 kv.metr yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən əlavə kolxozun qaytanlanmış torpaq kitabından çıxarışa əsasən əslində 0,03 ha həyətyanı torpaq sahəsi verilməli olmuş olsa belə, həmin torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən, iddia olunan 0,03 ha torpaq sahəsinin 0,01 ha hissəsinin səhvən qonşu torpaq sahəsinin planı və ölçüsü sənədinə salındığı iddia olunduğundan və bu məsələ ilə bağlı tərəflər arasında mübahisə olduğundan, X22 kitabında qeydə alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və ya həmin sənədə düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid olmadığından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsinə çıxarış və texniki pasport verilməsi qanunamüvafiq hesab olunmamışdır.
23. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-347/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
24. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
25. İddiaçı apellyasiya şikayətində Şəki İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2-1(116)-1668/20244 nömrəli qərardadının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadı rəsmi qaydada almamış va qərardadla razı deyildir. Belə ki, məhkəmə qərardadını qanuni şəkildə əsaslandırmamış və əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi qərardadını əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, guya o iddia ərizəsində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarını mübahisələndirir. Lakin o bir daha məhkəmənin diqqətinə çatdırır ki, o, Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmir. Həmin qərar çox gözəl qərardır. Onun mübahisəsi Qax rayon Aqrar İslahat Komissiyasının qərarı yox, müvafiq Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasında ifadə olunan faktiki və fiziki xarakterli hərəkətləri mübahisələndirir. Tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri hansı ki, o onların ləğv olunmasını tələb edir, istifadə etdiyi qaydada, ölçüdə və formada deyildir, tamam başqa bir formada işlənmişdir. Daha sadə dildə birinci instansiya məhkəməsini başa salmaq üçün öz iddia ərizəsində qeyd etmişdir ki, onun və ailəsinin istifadə etdiyi tualet, həyətyanı torpaq sahəsinə gedən yol Seyidəlinin mülkiyyəti kimi onun adına işlənmişdir və bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Göründüyü kimi, qanunvericilik torpaq islahatı aparan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini bir mənalı olaraq müəyyən etmişdir. Lakin mübahisələndirdiyi torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış, istifadəsində olan torpaq sahəsi istifadə etdiyi ölçüdə, formada və qaydada hazırlanmadığından həmin sənədlər ləğv edilməli və faktiki olaraq istifadə etdiyi formada hüquqi sənədlər hazırlanmalıdır. Buna dair sübutları evin, həyətin texniki pasportu vardır ki, hansı ki, həmin texniki pasport hələ torpaq islahatından əvvəl hazırlanmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş və məhkəmənin qəbul etdiyi qərardad onların hüquqlarını pozmuşdur. Məhkəmə qərardadında qeyd olunmuşdur ki, qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apelyasiya şikayəti verilə bilər. Məhkəmənin diqqətinə çatdırır ki, məhkəmənin qərardadının tarixi xx.xx.2024-cü il, yəni 1 ay bundan əvvələ yazılmasına baxmayaraq məhkəmə həmin qərardadı bu günə qədər ona rəsmi olaraq təqdim etməmiş, eyni zamanda həmin qərardadı elektron məhkəmə sistemində yaradılmış həmin işin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirmişdir. Buna görə də, həm elektron məhkəmədə, həm də elektronlaşmamış inzibati məhkəmədə nəzərdə tutulmuş şikayət vermə müddətini ötürməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur, ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
28. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, atasının üzərində 3 faiz torpaq vardır, bu torpaq ümumilikdə 4,2 sotdur. Atası torpağı ona verib ki, özünə ev tiksin. Lakin, torpaq islahatı zamanı torpaq sahələrinin planı və ölçüləri düzgün tərtib edilməmiş və onun qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsi, xüsusən də, həyətinə gediş-gəliş yolu Seydəli Rəcəbovun adına işlənmişdir. Bu yaxınlarda onlara deyiblər ki, “sizin yolunuzu bağlayırıq, haradan istiyirsiz keçin”. O, Fizuli Rəcəbovla qonşuluqda yaşayır, həyətlərindən ictimai yola çıxış sahəsi eynidir. Həyətlərinin istifadə etdikləri qaydada, qanuni istifadələrinə verildiyi qaydada hazırlanmış texniki pasportları vardır. Sadəcə yolları ümumidir və onlar istəyirlər ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi həmin ümümi torpaq sahəsini istifadə etdikləri qaydada rəsmiləşdirərək onlara reyestrdən çıxarış verilsin. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-347/2024 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir.
29. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
30. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
32. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
33. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
34. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
38. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
39. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
40. İş materiallarında olan iddiaçının cavabdeh orqana qarşı xx.xx.2023-cü il tarixli ilkin ərizəsindən görünür ki, iddiaçının tələbi ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsinə çıxarış və texniki pasportun verilməsi olmuşdur.
41. Həmçinin iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədə isə cavabdeh orqandan “Seydəli Rəcəbovun adına olan 2482 say ilə qeydə alınmış A 067397 saylı və Tamella Rəcəbovanın adına olan 2481 say ilə qeydə alınmış A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri ləğv edilərək, həmin ünvanda yerləşən torpaq sahələrinin istifadə edilən qaydada, formada və ölçüdə DƏDRX-də qeydiyyata alınması” xahiş edilmişdir.
42. İşdə olan Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qax şəhəri XDS icraiyyə komitəsinin 1983-1985-ci illər üçün “Təsərrüfatbaşına kitabı” nda təsərrüfat (şəxsi hesab) №26-da X11 təsərrüfatda ailə başçısı olduğu və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir:
1. X14. a/b 1937
2. X25 q. arvadı 1939
3. X15. oğlu xx.xx.1962
4. X8 qızı xx.xx.1964
5. İddiaçı oğlu xx.xx.1966
43. Təsərrüfatın ünvanının ünvan 4atın şəxsi mülkiyyəti hesab olunan tikililər-1955-ci ildə tikilmiş yaşayış evi ümumi sahə-70 kv.metr olması qeyd edilmişdir.
44. Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qax rayon Qaxmuğal Qələbə" kolxozunun “Qaytanlanmış torpaq kitabı”ndan arxiv çıxarışına əsasən X2 adının qarşısında 0,03 ha torpaq sahəsi qeyd edilmişdir. (əsas: fond №47 siyahı № 1, saxlama vahidi №1, səhifə 26, iş 1978-1987ci il)
45. AZ-İİ 306455 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1990-cı ildə vəfat etmişdir.
46. A 067396 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən Qax şəhərində yerləşən 199,7 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmişdir.
47. A 067397 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən Qax şəhərində yerləşən 200,32 kv.m torpaq sahəsi ilə bağlı X7 adına tərtib edilmişdir.
48. Qax rayon AİK-nin xx.xx.2007-ci il tarixli 02 saylı iclas protokolundan görünür ki, DT və XK Qax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli təklifi nəzərə alınmış, Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmiş, müvafiq sənədlərə uyğun olaraq kadastr planının işlənməsinə köməklik göstərmək DT və XK-dən xahiş edilmişdir.
49. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-579/2024 nömrəli məktubuna əlavə olunmuş, Qax şəhəri vətəndaşlarının xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, sıra nömrəsi 1851 olan X13 və ailə üzvlərinin adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,02 ha torpaq sahəsi qeyd edilmişdir.
50. Həmin məktuba əlavə olunmuş Qax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair dürüstləşdirilmiş subyektlərin siyahısından görünür ki, sıra nömrəsi 1851 olan X13 və ailə üzvlərinin adının qarşısında “ailə üzvlərinin sayı” qrafasında-4 nəfər, “ümumi torpaq sahəsi qrafası”nda- 0,260 ha, “bələdiyyənin ehtiyat fondu” qrafasında-0,006 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında isə 0,02 ha torpaq sahəsi qeyd edilmişdir.
51. İşdən göründüyü kimi ləğv edilməsi tələb edilən A 067397 və A 067396 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən tərtib edilmişdir. Mübahisələndirilən planölçü sənədlərində qeyd edilmiş torpaq sahələrinin hansı subyektlərə verilməsi məsələsini həll edən və mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas rolunu oynayan inzibati akt da Qax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarıdır.
52. Belə ki, həmin qərarın gündəliyində olan məsələlər üzrə 6-cı bənddə Qax şəhərinin kadastr planının işlənməsi qeyd edilmiş və həmin məsələyə baxılaraq Qax şəhərinin həyətyanı torpaq sahələrinin planı və ilkin sənədlərin təsdiq edilməsi və digər məsələlər qərara alınmış, Qax rayon AİK-nın sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.
53. Birinci instansiya məhkəməsi iddia tələbinin “plan və ölçü sənədlərinin ləğv edilməsi” hissəsində qeyd etmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007ci il tarixli 02 nömrəli qərarı hazırda qüvvədədir. Məhz həmin qərar əsasında həyətyanı torpaq sahələrinin planı və ilkin sənədləri təsdiq edilmişdir (təsdiq edilmiş subyektlər siyahısında X4 ailə üzvlərinin sayı 4 nəfər göstərilmişdir).
54. Odur ki, iddiaçı A 067397 və A 067396 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğvinə nail olmaq üçün ilk növbədə onun verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarını onun subyektiv hüquqlarına müdaxilə edən hissədə mübahisələndirməlidir.
55. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı mübahisələndirilmədən həmin qərar əsasında tərtib edilmiş sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması mümkün deyil.
56. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə olunan ölçüdə və qaydada mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, tələbin həmin hissəsinin mümkünsüzlüyü də, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının hüquqi qüvvəsinə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, istinad olunan qərar əsasında mübahisəli torpaq sahəsinin ayrılması nəzərdə tutulan subyektlər siyahısı təsdiq olunduğundan, həmin qərar ləğv olunmadan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə tələbə mahiyyəti üzrə baxıla bilməz.
57. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
58. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
59. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
60. Belə ki, sözügedən plan-ölçü sənədinin Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı əsasında tərtib edilməsi məhkəmə tərəfindən işdə olan subyektlər siyahısı və həmin ünvana dair mötəbər sübutlar əsasında yoxlanılmış və müəyyən edilmişdir ki, həqiqətən də sözügedən ünvan üzrə təsərrüfat üzvləri Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında adları qeyd edilmiş şəxslər olmuş və cavabdeh orqan Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarına istinad etməklə ümumibirgə mülkiyyətçilərdən biri olan iddiaçının anası Tamella Rəcəbovanın adını planölçü sənədinə daxil etmişdir.
61. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli olan plan və ölçüdə həmin əmlakın yerləşməsi koordinatları və qonşu torpaq sahələri qeyd edilir. Yəni, istinad edilmiş sənədin əsas mahiyyəti - torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özüözlüyündə torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən sənəd hesab olunmadığından hüquqmüəyyənedici sənəd qismində inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz.
62. İddiaçı apellyasiya şikayətində israrla Qax rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmədiyini qeyd edir, həmçinin tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv olunmasını tələb edir, əsas kimi isə həmin sənədin istifadə etdiyi qaydada, ölçüdə və formada olmamasını, tamam başqa bir formada işləndiyini göstərir.
63. Məhkəmə kollegiyası da bununla bağlı qeyd edir ki, belə olan halda, Seydəli Rəcəbovun adına olan A 067397 saylı və Tamella Rəcəbovanın adına olan A 067396 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsinə əsas olmuş Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı qüvvədə olduğundan həmin qərar ləğv edilmədən onun əsasında verilmiş sənədlərin torpaq sahələrinin ölçülərinin fərqli olması əsası ilə ləğvi məsələsinə (iddiaçının tələb etdiyi qaydada) mahiyyəti üzrə baxılması mümkün deyildir.
64. Daha sonra iddiaçı apelyasiya şikayətində iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir.
65. Bununla bağlı isə qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
66. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
67. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 347/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-347/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.