Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-336/2020 16.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı) vəkili Əliyeva Könül Nəriman qızı və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X4 (bundan sonra cavabdeh) nümayəndəsi X1 iştirakı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1461/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq bu qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərara əsasən, cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin may ayından 2018-ci ilin aprel ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılan yoxlama xx xxxx 2018-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Müəssisədə aparılan səyyar yoxlama zamanı vergi orqanının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ekspertiza təyin edilmiş və vergi orqanı tərəfindən ekspertizanın aparılması “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həvalə edilmişdir. Ekspert “xxxxxxx” MMC tərəfindən ekspert rəyi təqdim edildikdən sonra iddiaçı cəmiyyət təkrar ekspertizanın keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli vəsatətlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərar qəbul edərək həmin vəsatəti rədd etmişdir. Qeyd olunan qərarı qəbul edərkən cavabdeh inzibati orqan əsas gətirmişdir ki, qiymətləndirməni aparmış ekspert Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, Azərbaycan Sahibkarlar Təşkilatının üzvü Azərbaycan Rieltorlar Assosiasiyasının həmtəsisçisidir. Qiymətləndirici qiymətləndirmə obyektinin bütün cəhətlərini, əlamətlərini, bazarın vəziyyətini, qiymətləndirmə obyektinin analoqlarını və hesablamaları tam təsvir etməklə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada qiymətləndirməyə aid standartlara əsaslanaraq hesabat tərtib etmişdir. Ekspert rəyinin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspert tərəfindən əvvəlcədən iltizam verilmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqan səyyar vergi yoxlaması barədə akt tərtib edərək iddiaçı cəmiyyətdə aparılan səyyar yoxlaması başa çatdırmışdır. Vəsatətin rədd edilməsi ilə razılaşmayan iddiaçının nümayəndəsi və vəkili Könül Əliyeva vasitəsi ilə hazırki iddianı irəli sürərək tələbini belə əsaslandırmışdır ki, yoxlama zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu halda ekspertiza təyin edilir. Yoxlama aparılan şəxsin ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək hüququ vardır. Ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda yoxlanılan şəxs təkrar ekspertizanın keçirilməsini tələb edə bilər. Ekspert rəyində hesablamalar ümumi şəkildə müxtəlif ərazilər üzrə aparılmış, iş və xidmətlər üçün eyni faizlə (20 %) əmək tutumu və eyni faizlə (68 %) material xərcləri müəyyən edilmişdir. Bu isə müxtəlif ərazilər üzrə eyni əmsalın tətbiqində şübhələr yaradır və əsaslı olmadığını göstərir. Habelə, ekspert rəyində müəssisəyə aidiyyəti olmayan podrat və subpodrat müəssisələrin adları qeyd olunmuşdur ki, bu da rəyin düzgün olmayan qeyri-real məlumatlar əsasında müəyyən edilməsinə dəlalət edir. Texniki avadanlıqların icarə haqqının bazar qiymətlərinin müəyyən edilməsində ekspert qeyri-peşəkarlığa yol vermişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim R.Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2- 1(84)-1461/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X6 tərəfindən qəbul edilmiş “Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan qərarının ləğv edilməsini xahiş etmişdir Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə аpelyаsiyа şikаyəti təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh Şəki Apelyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya çikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlər, eləcə də məhkəməyə təqdim olunmuş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Cavabdeh vergi orqanı ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətinə, həmçinin ekspertizanın nəticələrinə etiraz etməsi ilə əlaqədar iddiaçının müraciətinə baxaraq müəyyən etmişdir ki, ekspertiza qanunvericiliyin tələbləri nəzərə alınmaqla və qiymətləndirici qiymətləndirmə obyektinin bütün cəhətlərini, əlamətlərini, bazarın vəziyyətini, qiymətləndirmə obyektinin analoqlarını və hesablamaları tam təsvir etməklə, qanunvericiliyə uyğun qaydada, qiymətləndirməyə aid standartlara əsaslanaraq hesabatı tərtib etmişdir. Rəyin kifayət qədər aydın və dolğun tərtib edilməsinə dair ekspert tərəfindən əvvəlcədən iltizam verilmişdir. Məhz buna görə də vergi orqanı vergi ödəyicisinin vəsatətinin rədd edilməsinə dair əsaslandırılmış şəkildə xx.xx.2019-cu il tarixli, **********188830 nömrəli inzibati qərar qəbul etmişdir. Eləcə də, mübahisə predmetinin əsasını təşkil edən xx.xx.2019-cu il tarixli inzibati qərar aralıq inzibati aktdır və işin həllində vacib əhəmiyyət kəsb etmir. Göründüyü kimi, yoxlama tam yekunlaşmışdır. Belə olan halda mübahisə predmetinin əsasını təşkil edən xx.xx.2019-cu il tarixli **********188830 nömrəli inzibati qərarın mübahisələndirilməsi öz əhəmiyyətini itirir. Şəki İnzibati-İqtisadi Məhkəmənin qərarı xx xxxxxx 2019-cu il tarixdə tam formada rəsmi olaraq 13 saylı ƏVİ-yə təqdim edilmişdir. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasındaiddiaçının vəkili Könül Əliyeva iddia tələbini müdafiə olaraq bildirmişdir ki,şikayətin vaxtında verilməməsi məsələsinə gəlincə, biz şikayət edərkən geçikməmişik. Cavabdeh orqan ümumiyyətlə yoxlama gedişatını pozmuş və səyyar vergi yoxlaması aktı hazır olduqdan sonra bizə cavab vermişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi Rəşad Qaziyev apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, əlavəsinin olmadığını və apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarında isə göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Belə ki, iş materiallarından görünür ki, cavabdehin sözügedən ekspertiza rəyi də nəzərə alınmaqla, yazdığı **********154564 nömrəli səyyar vergi yoxlaması aktı xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş, iddiaçı tərəfindən ekspertizanın təyin edilməsi, keçirilməsi ilə eləcə də ekspertizanın nəticələrinə dair etirazla bağlı vəsatət isə xx xxxxxx 2019-cu il tarixində, yəni xx xxxxxx 2019-cu il tarixli səyyar vergi yoxlaması artıq hazır olduqdan sonra verilmişdir. Digər tərəfdən, iş materiallarda olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli **********194686 nömrəli qərardan da göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barədə tətbiq edilmişdir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlamadan iddia tələbini mümkün saymışdır. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbində iddiaçı cavabehdən vergi orqanı tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. İşdən görünür ki, barəsində vəsatət verilmiş **********154564 nömrəli səyyar vergi yoxlaması aktı xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş, vəsatət isə xx xxxxxx 2019-cu ildə verilmişdir. Yəni, həmin vaxt artıq xx xxxxxx 2019-cu il tarixli səyyar vergi yoxlaması başa çatmış və yoxlamanın nəticələrinə dair qeyd olunan akt qəbul edilmişdi. Bundan əlavə, qeyd olunamlıdır ki, iddiaçının ləğv olunmasını tələb etdiyi vergi orqanı tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar aralıq inzibati aktdır və işin həllində vacib əhəmiyyət kəsb etmir. Başqa sözlə, iddiaçı müvafiq ekspertizanın keçirilməsini səyyar vergi yoxlamasının yekununa dair xx xxxxxx 2019-cu il tarixli aktın mübahisələndirilməsi çərçivəsində də tələb edə bilər. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır ( İPM 35.1). Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-in 82, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarı ləğv edilisin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı X3rşı vergi orqanı tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında xx xxxxxx 2019cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Məhkəmə qərardadının tam formada təqdim edildiyi gündən on gün müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-336/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-336/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver