Məhkəmə qərarları › İş №2-1(107)-336/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-336/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-336/2023 02.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “DTXK Yevlax rayon şöbəsi tərəfindən X9 adına verilmiş JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edilməsi və Yevlax rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini əsas götürərək qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10- aprel 2023-cü il tarixli, 2-1(116)-714/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanda yerləşən 457 kv.m torpaq sahəsinə dair X9 adına verilmiş JN-3113A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi və Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli AN- 0081402 nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ni əsas götürərək, qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 1996-cı ildə mişar daşından tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124,60 kv.m ümumi sahəli 2 otaqdan ibarət fərdi yaşayış evinə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyatdan keçirərək, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə tələbini dəqiqləşdirərək “DTXK Yevlax rayon şöbəsi tərəfindən X9 adına verilmiş JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edilməsi və Yevlax rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsini əsas götürərək qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir r.

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ünvan 1 ünvanda 457.0 kv.m torpaq sahəsində 1996-cı ildə mişar daşdan tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124.60 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət daşınmaz əmlakı 07 iyun 2016- cı ildə X3 almışdır. Yevlax rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu G.Q. Baxışova tərəfindən həmin müqavilə təstiq edilmişdir. Həmin torpaq sahəsinə dair DTXK Yevlax rayon şöbəsi tərəfindən X9 adına JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir və həmin şəhadətnamədə qeyd edilmişdir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə X10 0.05 hektar fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı (fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Şəhadətnamənin 2007-ci ildə işlənməsi şəhadətnamənin 4-cü səhifəsində qeyd edilmişdir. Habelə, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə X9 adına başqa nömrəli şəhadətnamə də işlənmişdir ki, həmin şəhadətnaməyə əsasən təsbit edilmiş torpaq sahəsində hazırda X9 ailə üzvləri yaşayırlar. DTXK Yevlax rayon şöbəsi tərəfindən X9 adına JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmiş torpaq sahəsinin ünvan 1 ünvanda 457.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi birmənalı deyildir.

5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaşayış evində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, idarənin elektron xəritə bazasına (DWJ) əsasən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ləğv olunmuş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-3113A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında sözügedən fərdi yaşayış evinin əvvəlki sahibinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil etdiyindən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın evə dair hissəsinin ləğv edilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakına dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. xx.xx.2006-cı il tarixli 4Ə-114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında alqı-satqı predmeti yalnız yaşayış evi olmuşdur. Həmin torpaq sahəsinə dair “torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə” fərdi yaşayış evi alqı-satqı predmeti olmadan öncə Aqrar İslahat Komissiyasının qərarı ilə X9 adına tərtib edilərək mülkiyyətinə verilmişdir. Hesab edirik ki, mübahisənin həlli məhkəmədən kənar mümkündür. Belə ki, tərəflər arasında sözügedən torpaq sahəsi də əqdin predmeti ola bilər və qarşılıqlı razılaşma yolu ilə notarial qaydada alqı-satqı edildikdən sonra həmin fərdi yaşayış evi vahid daşınmaz əmlak obyekti kimi hüquqların dövlət reyestrində İddiaçı Bəhram qızının adına qeydiyyata alına bilər. İddianın mahiyyəti "öhdəliyin icrası” olmasına baxmayaraq, qeyri-şərtsiz öz hüquqi qüvvəsini saxlayan, ləğv olunmuş DT və XK- nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş, JN-3113A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mübahisə predmeti sayılan torpaq sahəsi vətəndaş X9 mülkiyyətinə verilmişdir. Həmin sənədin ləğvi tələbi birmənalı qaydada vətəndaşın mülkiyyət hüquqlarının əsassız şəkildə mərhumiyyətinin tələb olunması anlamına gəlir. Dəfələrlə həm şifahi həm də yazılı qaydada iddiaçıya torpaq sahəsi üzərində notarial qaydada əqd bağlandığı halda mülkiyyət hüquqlarının dövlət reyestrində fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmasının mümkünlüyü bildirilmişdir. Lakin, iddiaçı israrlı şəkildə bundan imtina edərək işin məhkəmə qaydasında həll olunmasını ümid edir və nəticə etibarı ilə iddia tələbinin uğursuz olduğu bəllidir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10- aprel 2023-cü il tarixli, 2- 1(116)-714/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsini 10 avqust 2023-cü il tarixli, 2-1(107)-336/2023 nömrəli qərardadı ilə X8 iş üzrə inzibаti məhkəmə icrааtınа zəruri üçüncü şəxs qismində cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə üçüncü şəxs X9 adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində əsassız qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə alamalı idi ki, xx.xx.2006-cı il tarixli AN-İ0084102 nömrəli alqı-satqı müqaviləsində iddiaçı ilə X9 arasında bağlanmış alqı-satqı predmeti ünvan 3 ünvanda 457 kv.m torpaq sahəsində yerləşən tikilidir (fərdi yaşayış evidir). Belə olan halda, açıq-aşkar görünür ki, 2 fiziki şəxs arasında əqd predmeti yalnız tikilidir və onun yerəşdiyi torpaq sahəsi başqa şəxsin yəni, X9 mülkiyyətində olmasını birinci instansiya məhkəməsi nəzərə almamışdır. Beləliklə, birinci instansiya məhkəməsi cavabdehin üzərinə öhdəliyi qoyarkən iş üzrə 3-cü şəxs X9 mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, lakin iş üçün əhəmiyyətli olan və sübuta yertirilməyən halın mahiyyəti odur ki, prosessual baxımdan qəbul edirlməzdir. Belə ki, iddia tələbinin mahiyyəti öhdəliyin icrası olmasına baxmayaraq, qeyrişərtsiz öz hüquqi qüvvəsini saxlayan və mübahisələndirilməsinin müddəti ötürülmüş inzibati aktın ləğvinə gətirib çıxarılmış qərarın qəbul edilməsidir. Hər bir halda, iddia tələbi öhdəliyin icrası olmasına baxmayaraq, əgər məhkəmə qərarının nəticəvi hissəsində iş üzrə üçüncü şəxs X9 adına tərtib edilmiş JN-3113A saylı "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin ləğvi qeyd olunursa, birinci növbədə iddia tələbində prossesual pozuntuya yol verilərək öhdəliyin icrası haqqında iddia tələbi adı altında mübahisələndirilməyə dair iddia tələbinin mahiyyəti həll olunmuşdur. Birinci instansiya məhkəməsi torpaq üzərində üçüncü şəxs X9 mülkiyyət sənədinin ləğvini təmin etsə də, həmin torpaq sahəsinin üzərində onun hüquqi müqəddəratının hansı formada həll olunmasını nəzərə almamışdır. Belə ki, Solmaz Cəfərovanın mülkiyyət hüquqları ləğv olunarsa, sözügedən torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarının yaranmasına dəlalət vermir. Bu da açıq-aşkar, yaşayış evinin alqı-satqı müqaviləsinin mahiyyətində özünü əks etdirir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(116)-714/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(116)-714/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(116)-714/2023nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, mərhum X12 onun arvadı olub. O, evin alqı–satqısında iştirak etmiş, torpağın da satılmasına razılıq vermiş, hazırda da razıdır. Həmi yaşayış evi satıldıqdan hal-hazıra kimi həmin evdə iddiaçı ailəsi ilə yaşayır. Odur ki, Solmaz Cəfərovanın adına verilmiş JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edilməsi və Yevlax rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini əsas götürərək qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın iddiaçının adına verilməsini xahiş edir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli **********41 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X4 şəhəri Bakıxanov küçəsi 26 nömrəli ünvanda 457 kv.m torpaq sahəsində 1996-cı ildə mişar daşdan tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124,6 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət daşınmaz əmlakı İddiaçı satmışdır. - 3478 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 yerləşən yaşayış evi üzərində mülkiyyət hüququ X9 adına qeydə alınmışdır. - JN- 3113A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax RAİK-nın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı ilə X10 0,05 ha torpaq sahəsi ayrılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar birbirinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar

17. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

19. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2006-cı il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ....

20. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

21. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri bunlardan ibarətdir: 1) JN 3113A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi, 2) xx.xx.2006-cı il tarixli AN- İN 00081402 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında 457 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 124,6 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət yaşayış evini xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli müqavilə əsasında X7 almışdır. Sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair JN3113A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə 2007-ci ildə hazırlanmış və həmin Şəhadətnamənin Yevlax RAİK-nın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Yevlax RAİK-nın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı əsasında Solmaz Cəfərovaya 0.05 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN3113A saylı Şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Solmaz Cəfərova tərəfindən özgəninkiləşdirilməsi nəzərə alınmamışdır.

30. Göründüyü kimi cavabdeh orqanın JN3113A saylı torpağın mülkiyyətə verilməsinə dair X2 adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin Solmaz Cəfərova olması işdə olan 3478 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə sübut olunur. Həmin torpaq sahəsi Solmaz Cəfərovanın qanuni istifadəsində olduğundan fərdi yaşayış evinin satılması ilə bərabər faktiki olaraq yerləşdiyi torpaq sahəsi də iddiaçının mülkiyətinə verilmişdir.

31. Yəni, Solmaz Cəfərovanın torpaq sahəsi üzərində tam mülkiyyət hüququ olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, torpaq sahəsinə münasibətdə iddiaçıya keçmiş mülkiyyət hüququ da tam həcmdə olmuşdur.

32. Hazırkı qərarın 19-21-ci bəndlərində qeyd edilən qanunvericilik normalarından göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”..

33. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir.

34. Həmçinin iş materiallarından və üçüncü şəxs ( əvvəlki mülkiyyətçi X9 əri) X1 iclasında verdiyi izahatından görünür ki, o, ünvan 1 ünvanda 457 kv.m torpaq sahəsində 1996-cı ildə mişar daşdan tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124,6 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət evin alqı–satqısında iştirak etmiş, torpağında satılmasına razılıq vermişdir. Habelə o, məhkəmə kollegiyasının iclasında ərizə təqdim edərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

35. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “DTXK Yevlax rayon şöbəsi tərəfindən X9 adına verilmiş JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edilməsi və Yevlax rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini əsas götürərək qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidirr.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(116)-714/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar