Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-336/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-489/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayon Qoxmuq bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2128/2024 nömrəli qərardadı ilə Şəki rayonu Qoxmuq bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Şəki rayon Qoxmuq bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı iclas protokolunun qərarı ilə 0,06 ha torpaq sahəsi satılmışdır. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi ilə bağlı Qoxmuq bələdiyyəsi tərəfindən 08 aprel 2022-ci il tarixli 64 №-li ərizə ilə (daxilolma №-si **********) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət olunaraq, Şəki rayonunun Qoxmuq bələdiyyəsinin ərazisində yerləşən və fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılması yolu ilə həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinin qanunauyğunluğu barədə rəy verilməklə yerquruluşu planının hazırlanmasını, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi xahiş olunmuş və həmin ərizəyə Şəki rayon Qoxmuq bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli 10 saylı iclas protokolunun qərar hissəsindən Qoxmuq kənd sakini İddiaçı kəndin yuxarı hissəsində fərdi yaşayış evinin tikintisi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi verilməsinə dair çıxarış; DTXK-nin Şəki rayon şöbəsinin müdirinin xx.xx.2010-cu il tarixli, 574 nömrəli rəyi; Şəki şəhər İH-nin Tikinti və memarlıq şöbəsinin müdiri - baş memarın xx.xx.2010-cu il tarixli, 13/1131 nömrəli rəyi; Torpaq sahəsinin yerləşdiyi ərazinin sxemi; Qoxmuq bələdiyyəsinin adına tərtib olunaraq X10 kitabında xx.xx.2013-cii il tarixdə 1914 nömrə ilə uçota alınmış A 415403 seriya və nömrəli Şəki rayon Qoxmuq kəndində yerləşən 600 kv.metr torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. Lakin, ərizəyə baxılması ilə əlaqədar müraciət olunan torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə təyinatının “yaşayış məntəqələrinin torpaqları (həyətyanı)" qeyd olunmasına baxmayaraq, ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı “kollu örüş" olduğundan Qoxmuq bələdiyyəsinə 12 may 2022-ci il tarixli **********18 №-li imtina məktubu verilmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu imtina məktubu; - Şəki rayon Qoxmuq Bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı iclas protokolu; - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi; - torpaq sahəsinin satılmasının qanuna müvafiqliyi barədə DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2012-ci il tarixli arayışı; - torpaq sahəsinin xüsusiyyətləri barədə DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2012-ci il tarixli rəyi, - ayrılmış torpaq sahəsinin sxemi; - torpaq sahəsinin dəyərinin ödənilməsi barədə xx.xx.2010-cu il tarixli qəbz; - A415403 saylı plan-ölçü sənədi.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 yanvar 2025-ci il tarixli 2- 1(116)-489/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir və faktiki 600 kv.m.dir. Həmin torpaq sahəsi DWG məlumatlarında kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqları, TEKUİS məlumatlarında isə bir hissəsi Qoxmuq bələdiyyəsinə aid, yaşayış məntəqəsi torpaqları daxilində kollu örüş, bir hissəsi Dövlət meşə fondu torpaqlar kimi göstərilmişdir. - Satılmış torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərindən görünür ki, bələdiyyə sözügedən torpaq sahəsini həyətyanı məqsədilə iddiaçıya satsa da, torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı DT və XK-nin Şəki rayon şöbəsinin xx.xx.2010-cu il tarixli rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin Qoxmuq bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatına yararlı olması qeyd edilmişdir. İş materiallarında olan, iddiaçıya satılmış torpaq sahəsinə dair arayışda və A415403 nömrəli plan-ölçü sənədində torpaq həmin torpaq sahəsinin keyfiyyət qrupunun 1, bonitet balının 100 olması qeyd edilmişdir. - Göründüyü kimi müvafiq dövlət orqanları tərəfindən aşkar məlumatlandırmasına baxmayaraq, yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinə malik, kənd təsərrüfatına yararlı torpaq sahəsi bələdiyyə tərəfindən qanunsuz olaraq iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1 və 7.2-ci maddələrindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. - Göründüyü kimi Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 saylı qərarı qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normalarının tələblərini pozmaqla, aşkar qanunsuz olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. - Həmin qərara etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə qeyd etmişdir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati akt qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-489/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ərizə ilə Şəki rayon Qoxmuq Bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evi tikmək üçün bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Şəki rayon Qoxmuq Bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli qərarına əsasən onun ərizəsi nəzərə alınaraq, ona fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin prespektiv inkişaf fondundan Şəki rayonu, Qoxmuq kəndi ərazisindən mülkiyyətinə 0,06 hektar torpaq sahəsinin satılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. O, həmin torpaq sahəsi ilə bağlı dövlət rüsumunu ödəmişdir. Həmçinin, ona satılmalı olan torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı tərtib edilmiş və həmin akt zəruri olan bütün idarələr tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Lakin, bunlara baxmayaraq o, uzun müddətdir ki, aldığı və istifadəsində olan 0,06 hektar torpaq sahəsi üzrə mülkiyyət hüququnu adına qeydiyyata aldıra bilmir. O, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, onun həmin tələbindən imtina edilmişdir. Hesab edir ki, tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. Onun iddiası mahiyyət etibarı ilə əsaslıdır. Buna görə də Şəki İnzibati Məhkəməsinin 2-1(116)-489/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərarından narazıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-489/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-489/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Hazırkı məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 5.2. mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ- hüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı X10 məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları.
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiya). 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
18. “X10, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: X10na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X10na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X10nın məlumatları tətbiq olunur. X10nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
21. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı:
2. Müəyyən edilsin ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər;
22. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları.
24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010cu il tarixli, 10 nömrəli iclasının qərarına əsasən ona fərdi yaşayış evi tikmək məqsədilə Şəki rayonu, Qoxmuq kəndi ərazisindən satılmış 0,06 ha hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə adına dövlət qeydiyyatına alınmasına nail olmaqdır.
31. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, uqodiyası kollu örüş (kənd təsərrüfatına yararlı) torpaq sahəsidir. Həmin kateqoriya torpaq sahəsinin iddiaçıya satılması barədə qəbul edilmiş qərar əsassız olmuşdur.
32. Bundan sonra iddiaçı həmin qərarla razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
33. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilli ondan ibarətdir ki, onun iddiası mahiyyət etibarı ilə əsaslıdır və tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. Həmçinin bildirir ki, birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxaraq iddianı təmin etməli idi.
34. Kollegiya apellyasiya şikayətində irəli sürülmüş dəlilləri, iş üzrə toplanmış sübutları və birinci instansiya məhkəməsinin qərarını hərtərəfli yoxlayaraq hesab edir ki, həmin qərar işin faktiki hallarına və tətbiq olunmuş maddi hüquq normalarına uyğun olaraq qanuni və əsaslı qəbul edilmişdir.
35. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Şəki rayonunun Qoxmuq bələdiyyəsi tərəfindən 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclas qərarı əsasında fərdi yaşayış evi tikmək məqsədilə 0,06 hektar torpaq sahəsi satılmışdır. Bununla belə, mübahisəli torpaq sahəsinin hüquqi təyinatı və kateqoriyası ilə bağlı mövcud rəsmi sənədlər, eləcə də mütəxəssis rəyinin nəticələri həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını göstərir.
36. Kollegiya bildirir ki, iş üzrə mövcud olan mütəxəssis rəyinə əsasən torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə edilsə də, dövlət informasiya sistemlərində onun hüquqi statusu kənd təsərrüfatı təyinatlı torpaq kimi əks olunmuşdur. Belə ki, DWG məlumatlarında torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqları, TEKUİS məlumatlarında isə qismən Qoxmuq bələdiyyəsinə aid yaşayış məntəqəsi torpaqları daxilində kollu örüş, qismən isə dövlət meşə fondu torpaqları kimi göstərilmişdir.
37. Eyni zamanda, torpaq sahəsinin ilkin torpaqayırma sənədləri və müvafiq dövlət orqanlarının rəyləri ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq kateqoriyasına aiddir. DT və XK-nin Şəki rayon şöbəsinin 27 iyul 2010-cu il tarixli rəyində torpaq sahəsinin kənd təsərrüfatına yararlılığı açıq şəkildə qeyd edilmiş, 15 noyabr 2012-ci il tarixli arayış və rəylərlə də bu hal təsdiqlənmişdir. Bundan əlavə, DT və XK-nin Şəki rayon şöbəsinin arayışında torpaq sahəsinin keyfiyyət qrupunun 1-ci, bonitet balının isə 100 olması onun yüksək məhsuldarlıq göstəricilərinə malik olduğunu sübut edir.
38. Göründüyü kimi, torpaq sahəsinin hüquqi və faktiki xüsusiyyətləri barədə müvafiq dövlət orqanları tərəfindən əvvəlcədən məlumat verilməsinə baxmayaraq, həmin torpaq sahəsi bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq yaşayış məqsədilə satılmışdır.
39. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 12 may 2022-ci il tarixli imtina məktubunda da əsaslı olaraq göstərilmişdir ki, elektron kadastr xəritə və arxiv məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqları kimi uçotda olduğundan mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması mümkün deyildir.
40. Bu baxımdan kollegiya bildirir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1 və 7.2-ci maddələrinin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yalnız az yararlı və ya yararsız olduğu hallarda xüsusi mülkiyyətə verilməsinə yol verilir. İş üzrə toplanmış sübutlar isə mübahisəli torpaq sahəsinin yüksək məhsuldarlıq göstəricilərinə malik, kənd təsərrüfatına yararlı torpaq olduğunu təsdiq edir.
41. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, Qoxmuq bələdiyyəsinin 25 oktyabr 2010-cu il tarixli qərarı qəbul edildiyi vaxt qüvvədə olan maddi hüquq normalarına zidd olmaqla aşkar qanunsuz inzibati aktdır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi mənasında iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqi əsas təşkil etmir.
42. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən etimad hüququna dair arqumentlər əsaslı hesab edilə bilməz. Çünki etimad hüququ yalnız qanuni əsaslarla qəbul edilmiş inzibati aktlardan yarana bilər və qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş inzibati akt qorunan etimad yaratmır.
43. Kollegiya bildirir ki, sözügedən torpaq sahəsi 2010-cu il tarixdə iddiaçıya ayrılarkən torpağın kənd təsərrüfatına yararlı torpaq sahəsi olması iş materialları öz təsdiqini tapmışdır. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsinin yolverilməz olduğu qeyd olunmuşdur.
44. Bundan başqa, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, verilmiş mütəxəssis rəyinə əsasən, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi DWG məlumatlarında kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqları, TEKUİS məlumatlarında isə bir hissəsi Qoxmuq bələdiyyəsinə aid, yaşayış məntəqəsi torpaqları daxilində kollu örüş, bir hissəsi Dövlət meşə fondu torpaqlar kimi göstərilmişdir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək.
45. Bu səbəbdən də, məhkəmə kollegiyası iddiaçının istifadəsində olan torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparmasına da zərurət görmür. Çünki bütün hallarda, iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sağlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır.
46. Beləliklə, müəyyən olunur ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya həyətyanı məqsədi üçün satılmış cəmi 0,06 ha torpaq sahəsi, ümumilikdə, ayrıldığı zaman kənd təsərrüfatına yararlı torpaqlara aid olmuş, həmçinin hazırda da, həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları daxilində kollu örüş, bir hissəsi Dövlət meşə fondu torpaqlar kimi göstərilmişdir.
47. Məhkəmə kollegiyası həmçinin, Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyə kənd təsərrüfatı təyinatlı yararlı torpaq sahəsini yalnız məqsədli təyinatı üzrə icarəyə və ya istifadəyə verilə bilərdi.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar): 1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, malqara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
49. Eyni zamanda, məhkəmə kollegiyasının sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən X3 məxsus 0.01 ha torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kimi qeydiyyata alınması ilə bağlı qeyd olunmalıdır ki, həmin torpaq sahəsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeyd alınmış, həmin qərardan isə görünür ki, qeyd edilən torpaq sahəsi Şəki rayonu Qoxmuq bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli 09 saylı iclas protokoluna əsasən bələdiyyə mülkiyyətində olan 0.01 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya satılması qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin sxemi ilə təsdiq edilmişdir.
50. Göründüyü kimi, iddiaçı ilə qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisinə eyni qərarla torpaq sahəsi ayrılmamış, onlar eyni vəziyyətdə olmamış, tələbləri eyni faktiki hallara və hüquqi əsaslara söykənmir.
51. Bununla da, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipinin pozulması halından da söhbət gedə bilməz.
52. Məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.
53. Daha sonra qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
54. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
55. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
56. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar (etibarlı hüquqmüəyyənedici sənəd) mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
57. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
58. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
59. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şəki rayon Qoxmuq bələdiyəsinin 25 oktyabr 2010-cu il tarixli, 10 nömrəli iclasının qərarı ilə verilmiş kənd təsərrüfatına yararlı 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
60. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2-1(116)-489/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.