Məhkəmə qərarları › İş №2-1(107)-337/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-337/2020

11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-337/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Omər oğlu və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Omər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadından İddiaçı və vəkili Nümayəndətərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, xx xxxx 1974-cü il tarixdə Zaqatala rayonu Dardoqqaz kəndində doğulmuş, şəhid olmuş Həsənov Mömin Ömər oğlu iddiaçının doğma qardaşıdır. O, xx xxxxxxx 1992-ci il tarixdə Qubadlı rayonu Bəşarət kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə həlak olaraq vətən uğrunda şəhid olmuş və Zaqatala rayonu Dardoqqaz kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Zaqatala rayonu Sumaylı kənd orta məktəbi şəhid Mömin Həsənovun adını daşıyır. Rayonun Şəhidlər Xiyabanında lövhədə onun şəkli və adı yazımışdır. Onun şəhid olması ilə əlaqədar atasına şəhid ailəsi olmasına dair şəhid vəsiqəsi də verilmişdir. Lakin atası Ömər Həsənov artıq vəfat etmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlara əsasən şəhid ailələrinə veriləcək kompensasiyanı almaq üçün iddiaçı cavabdeh təşkilata müraciət etmiş, sonuncu imtina cavabı verərək qardaşına şəhid statusunun verilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, cavabdeh hər hansı bir əsası olmayan məktuba əsaslanır, lakin hər hansı bir məktub isə qanun deyildir. İddiaçının qardaşının şəhid olması bir dəfə sübuta yetirilib, X1 adı var, qəbirstanlıqda baş daşında qeyd olunmuşdur və atasına şəhid ailəsi kimi vəsiqə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında vəkilinin izahatına əlavələrinin olmadığını bildirmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı və onun vəkili Nümayəndə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Şəki Аpelyаsiyа Məhkəməsinin İnzibati-İqtisadi kоllegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-677/2019 nömrəli qərardadına əsаsən, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 saylı qərardadı dəyişdirilmədən, İddiaçı və vəkili Nümayəndə apelyasiya şikayətinin isə təmin edilmədən sаxlаnması qərara alınmışdır. İddiaçı və vəkili Nümayəndə həmin qərardaddan kаssаsiyа şikаyəti vermişdir. İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəki Аpelyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-677/2019 saylı qərardadı ləğv edilmiş və təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Apelyasiya şikayətinin dəlilləri İddiaçı və vəkili Nümayəndə apelyasiya şikayətində qeyd etmişdilər ki, şəhid Mömin Həsənovun həlak olması ilə bağlı xx.xx.1992-ci ildə atası Həsənov Ömər Hudul oğlunun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi o demək deyildir ki, İddiaçı şəhid olmuş qardaşı Mömin Həsənovun qanuni vərəsəsi deyildir. Azərbaycan Respublikasının Prezidentinin Fərmanından irəli gələn birdəfəlik ödəməni almaq üçün notariusdan yeni Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmalıdır. Məhkəmə iddiaçını şəhid ailəsinin üzvü hesab etmədiyi üçün iddia irəli sürmək barədə subyektiv hüququnun olmadığını qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Prezidentin birdəfəlik ödəməyə dair fərmanında şəhid ailəsi deyil, şəhid olmuş şəxslərin vərəsələri nəzərdə tutulmuşdur. Məhkəmə ümumiyyətlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanun üzrə vərəsələrə dair maddəsinə istinad etməmişdir. Vərəsələrin dairəsinin kimlərdən ibarət olmasını qeyd etməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Mülki Məcəllənin 1159-cu maddəsində qanun üzrə vərəsələrin kimlər olması barədə qeyd olunmuşdur. Həmin maddənin tələbindən görünür ki, şəhid olmuş şəxsin birinci növbəli vərəsələrinin (ata, ana, arvad və uşaqlar) heç birinin olmadığı halda qanun üzrə vərəsəlik hüququ ikinci növbədən olan vərəsələrinə keçir. Həmin Məcəllənin 1159.2ci maddəsinə əsasən ikinci növbəli vərəsələr ölənin bacı və qardaşlarıdır. Məhkəməyə bu faktı sübut etmək üçün notariusa müraciət edərək Prezidentiin Fərmanına əsasən birdəfəlik ödəmənin şəhidin bacı və qardaşlarına verilib-verilməməsi ilə bağlı sorğu verərək cavab alınmışdır. Notariusun xx.xx.2019-cu il tarixli 909 saylı məktubundan görünür ki, şəhid olmuş şəxslərin vərəsələrinə nəzərdə tutulmuş birdəfəlik ödəmə birinci növbədən olan vərəsələr olmadığı halda şəhidin növbəti növbədə olan vərəsələrinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, İddiaçı 61 yaşında olsa da, hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Prezidentinin Fərmanından irəli gələn birdəfəlik ödəməni almaq üçün şəhidin vərəsəsi olan qardaşın yaşının fərqi yoxdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı və vəkili Nümayəndə apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur və onun hazırda 61 yaşı var. Bu isə onu deməyə əsas verir ki, iddiaçı şəhid ailəsinin üzvü olmadığından onun hazırkı iddianın irəli sürülməsində hüquqi marağı mövcud deyildir və o, bu əsasla da hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunub-olunmadığını, işin digər hallarını tam yoxlamalı olduğu halda, bunu etməmiş, iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-665/2020 saylı qərarındakı mövqeyindən çıxış edərək göstərir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən verilən 11.000 manat birdəfəlik ödəmənin alınmasından ibarətdir. Göründüyü kimi, Fərmanla nəzərdə tutulmuş 11.000 manat məbləğində birdəfəlik ödəmə 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə verilir. İşdən görünür ki, xx.xx.1992-ci il tarixdə ölmüş Həsənov Mömin Ömər oğlunun ölümü ilə bağlı xx.xx.1992-ci il tarixdə atası Həsənov Ömər Hudul oğlunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının atasının adına verilmiş vərəsəlik şəhadətnaməsində vərəsəlik əmlakının sığorta pulu olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən vərəsəlik şəhadətnaməsində qeyd edilən vərəsəlik əmlakının alınması yoxlanılmamışdır. Birinci instansiyası məhkəməsi iddiaçının atasının adına verilən vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçının adının vərəsə olmadığını qeyd etmiş, lakin iddiaçının atası vəfat etdikdən sonra iddiaçının mərhum qardaşının vərəsəsi olmasını mülki qanunvericiliyə uyğun müəyyən etməmişdir. Birinci instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə istinad edərək iddiaçının şəhid ailəsi statusu olmadığını bildirmişdir. 61 yaşlı iddiaçı iddia ərizəsində mərhum şəhid qardaşının ailə üzvü olması barədə mübahisə açsa da, apellyasiya şikayətində məhkəmənin Mülki Məcəllənin qanun üzrə vərəsəliyə dair müddəalarının düzgün tətbiq edilmədiyini bildirmiş, şikayətin bu dəlilinə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə istinad edərək iddiaçının şəhid ailəsinin üzvü hesab edilmədiyi nəticəsinə gəlmişlər. Lakin yuxarıda adı çəkilən Prezident fərmanında birdəfəlik ödəmənin şəhidin ailə üzvlərinə deyil, onların Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə fərmanın bu bəndinə uyğun olaraq iddiaçının mərhum qardaşının Mülki Məcəllə ilə müəyyən edilmiş vərəsəsi olmasını aydınlaşdırmamışdır. Fərmanın 3-cü bəndində birdəfəlik ödəmənin edilməsi üçün hansı sənədlərin təqdim edilməsi sadalanmışdır. Birinci instansiyası məhkəməsi Fərmanın icrası ilə bağlı iddiaçının hazırkı iddia tələbi ilə bağlı hüquqi marağını müəyyən etməmiş, İPM-in 13-cü maddəsinə uyğun ona yardım etməmişdir. xx xxxxx 2018-ci il tarixli Fərmanın 5-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə təqdim etsin. Göründüyü kimi, fərmana görə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısının müəyyən edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmiş, siyahının bu Xidmət tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir. Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, mübahisələndirilən sənədlərin verildiyi vaxtda artıq qüvvədə olmuş İPM-də iddia müddəti nəzərədə tutulmamışdır. Habelə İddiaçı Omər oğlunun iddia qaldırmaq üçün subyek hüququ olmuşdur. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, İddiaçı Omər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmalıdır. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1219/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Omər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.1992-ci il tarixdə həlak olmuş xx.xx.1974-cü il təvəllüdlü qardaşı Həsənov Mömin Ömər oğlunun şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar