Məhkəmə qərarları › İş №2-1(107)-337/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-337/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-337/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə məzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1221/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə məzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1985-ci ildə X5 ilə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşdur. Nikahlarını xx.xx.1991-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşağı doğulmuşdur.

3. Mərhum əri Çernobıl AES qəzasının ləğvində hərbi xidmət vəzifəsini yerinə yetirdiyinə və şüalanma nəticəsində müəyyən xəstəliyinə görə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, 16 noyabr 2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Onun valideynləri X4 xx.xx.1984-cü ildə, X10 isə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində vəfat etmişlər.

4. Mərhum əri X1 AES qəzası əlili kimi 2005-ci il tarixdən şəhər İcra hakimiyyətində mənzil növbəsinə götürülmüşdür.

5. Mərhum əri X2 ölümündən sonra o, ərizə ilə aidiyyati üzrə Cavabdehnə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək mərhum ərinin mənzil növbəliyinin onun adına keçirilməsini xahiş etmişdir. Lakin, müraciəti təmin edilməmişdir.

6. Qanunvericiliyin tələbinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir və həmin Qanunda mənzil növbəsində duran şəxsin ölümündən sonra ailə üzvlərinin 3 ay müddətində müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi nəzərdə tutulmamışdır. O, mərhum ərinin ailə üzvü kimi İcra hakimiyyətinin məktubunda qeyd edilmiş “Qaydalar" barədə heç bir orqan tərəfindən məlumatlandırılmamışdır.

7. Halbuki, əldə etdiyi məlumatlara görə Cavabdehndə 2017-ci ildən elektron informasiya sistemi tətbiq edilir və mənzil uçotuna alınmış şəxslərin elektron qeydiyyatı aparılır. Mərhum ərinin adı bugünədək həmin elektron siyahıda mövcuddur. Həmin elektron qeydiyyatda mənzil növbəsində duran şəxsin ölümü dərhal görünməlidir və İcra hakimiyyəti tərəfindən bu barədə ailə üzvü kimi ona məlumat verilməli idi.

8. Mərhum ərinin ölümündən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 saylı Qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun ailə üzvləri üçün saxlanlması Qaydası”na əsasən onun ölümündən sonra 3 ay müddətində müraciət etməyi barədə məlumatı olmamışdır. Hesab edir ki, mərhum əri mənzil uçotuna alınan zaman onun ailə tərkibi barədə Şəhər İcra hakimiyyətinə arayış təqdim olunduğundan və mərhumun ailə üzvlərinin siyahısı Şəhər İcra hakimiyyəti tərəfindən tərtib edilmiş elektron qeydiyyat siyahısında bu gün də mövcud olduğuna görə o, mərhumun qanun üzrə birinci növbə vərəsəsi və ailə üzvü kimi onun ölümündən sonra mənzil növbəliyinin onun adına keçirilməmək kimi qanunlarda və konstitusiyada nəzərdə tutulmuş imtiyazlardan məhrum edilə bilməz.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 saylı Qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun ailə üzvləri üçün saxlanlması Qaydası” qanunvericilikdə nəzərdə tutulmuş qanunun zamana görə qüvvəsinə görə bizim ailələrinə şamil edilə bilməz.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

11. Ona görə də o, ərizə ilə cavabdeh inzibati orqan Cavabdehnə müraciət edərək yuxarıda göstərdiyi qanunların tələblərinə uyğun olaraq Çernobıl AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə mənzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınmasını xahiş etmişdir.

12. Cavabdeh inzibati orqan 5-3/2-A-725-25-528/2024 saylı 30 avqust 2024-cü il tarixli məktubu ilə 5-3/2-A-419/2024 saylı 16 iyul 2024-cü il tarixli məktubunu təkrarlayaraq imtina etmişdir. Buna görə də, o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırmışdır: - İddiaçı Cavabdehnə 08 iyul 2024-cü il tarixdə daxil olmuş ərizəsində 2-ci dərəcəli Çernobıl AES qəzası əlili kimi mənzil növbəliyinə götürülmüş, 16 noyabr 2018-ci ildə vəfat etmiş əri X2 mənzil növbəliyinin adına keçirilməsini xahiş etmişdir. İddiaçı ünvanına xx.xx.2024-cü il tarixdə cavab məktubu göndərilərək izah edilmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanması Qaydası”nın 2.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliyi nəzərə alınmaqla ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana bu qaydalarla nəzərdə tutulmuş formada ərizə ilə müraciət etməlidir.

14. Vətəndaş İddiaçı isə vəfat etmiş həyat yoldaşının növbəliyinin adına keçirilməsi üçün həyat yoldaşının vəfatından altı il keçdikdən sonra müraciət etmişdir və ona Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara müvafiq izahat verilmişdir.

15. İddiaçı ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü və "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində də göstərilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Nazirlər Kabineti isə bu qaydaları xx.xx.2019-cu il tarixli 322 nömrəli qərarı ilə müəyyən etmişdir.

16. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında idia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 fevral 2025-ci il tarixli 2- 1(116)-1221/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

18. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. İddiaçının nümayəndəsi apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, işə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, iddia ərizəsində qeyd etdiyi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh inzibati orqan Cavabdehndə 2017-ci ildən elektron informasiya sisteminin tətbiq edilməsini və mənzil uçotuna alınmış şəxslərin elektron qeydiyyatının aparıldığını, iddiaçının mərhum əri mənzil növbəsinə qeydiyyata alınan zaman ailə tərkibi barədə arayışın təqdim olunmasınını, həmin faktdan onlara məxsus olan və hazırda yaşadığıqları və adlarına olan həmin mənzili müəyyən xəstəlikdən əziyyət çəkdiyimə görə əlil ailəsinin digər üzvü olan, iddiaçı ilə birlikdə həmin mənzildə yaşayan qızına bağışlasa da, faktiki olaraq ailə üzvlərilə birlikdə həmin mənzildə yaşamağını, yəni həmin mənzil ailə üzvü olmayan tamam başqa şəxsə satmadığını birinci instansiya məhkəməsi nəzərə almamışdır. İşə baxan məhkəmə iddiaçının mənzili ailə üzvü olan qızına bağışlamağının süni şəkildə yaşayış sahəsinə ehtiyacın yaradılması görüntüsü yaratması kimi qiymətləndirməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, yaşadıqları mənzilin sonradan ailə üzvlərinin hər hansı birinin adına təkrar qeydiyyata alınması ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması anlamına gəlmir. İddiaçı tərəfin ailə üzvlərinin mənzil şəraiti yaxşı olmadığına görə ailələrinin sosial rifahının yüksəldilməsi, layiqli həyat səviyyələrini yaxşılaşdırmaq məqsədi ilə dövlət tərəfindən İddiaçı mərhum əri və ailə üzvləri 2005-ci il tarixdən mənzil növbəsinə götürülmüşdür. Lakin işə baxan məhkəmə iddia tələbini rədd etməklə əlil ailəsi kimi onları normada nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum etmişdir. Bundan əlavə apellyasiya şikayətində qeyd edilmişdir ki, iddia tələbinin əsasını təşkil edən kifayət qədər sübutları məhkəməyə təqdim etsələr də, işə baxan məhkəmə həmin sübutlardan demək olar ki, istifadə etməmiş, qərarını həmin sübutlarla əsaslandırmamış, qərarını yalnız 3 aylıq müddətlə və mənzili əlil ailəsi olan və iddiaçıyla birlikdə həmin mənzildə qeydiyyatda olan qızına bağışlamağını mənzili özgəninkiləşdirərək süni şəkildə yaşayış sahəsinə ehtiyacın yaradılması görüntüsü yaratmağı kimi qiymətləndirməsi ilə əsaslandırmışdır. İşə baxan məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən iddiaçının mərhum ərinin 2005-ci ildən mənzil növbəsinə qeydiyyata alınması, qeydə alınan vaxtdan bu günə kimi eyni mənzildə yaşamaqlarını, həmin mənzili mənzil növbəsində adı qeyd edilən və həmin mənzildə yaşayan qızına bağışlamalarını ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmaması və bununla da onun süni şəkildə yaşayış sahəsinə ehtiyacının yaradılması görüntüsü yaratmaları “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun ailə üzvləri üçün saxlanlması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 saylı qərarı 24 iyul 2019-cu il tarixdə qəbul edildiyindən və mərhum əri və ailə üzvləri mənzil növbəsinə 2005-ci il tarixdən götürüldüyündən və o 2018-ci ildə vəfat etdiyindən Qayda hazırki mübahisəyə şamil edilə bilməməsi kimi işin hallarını düzgün aydınlaşdırmamışdır. İşə baxan məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyətli olan həmin hallar qərəzsiz, tam, hərtərəfi və obyektiv araşdırılsaydı iddia tələbinin əsaslı olduğundan təmin edilməsi nəticəsinə gələrdi. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin əsassız olması qənaətinə gəlinməsi, yaşadıqları mənzili iddiaçının mərhum əri mənzil növbəsinə götürülən vaxtdan 1 il əvvəl əldən etdiklərindən, bu yaxınlarda həmin mənzili mənzil növbəsində adı olan ailə üzvü qızına bağışlamasının onun süni şəkildə yaşayış sahəsinə ehtiyacının yaradılması görüntüsü yaratmaması kimi faktiki hallar mövcud olduğundan sübut olunmur. Odur ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı Cavabdehnə qarşı “Çernobil AES qəzası əlili kimi 2005-ci il tarixdən Cavabdehndə məzil növbəsinə götürülmüş, 2018-ci ildə vəfat etmiş mərhum əri X2 ölümündən sonra mənzil növbəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(116)-1221/2025 saylı iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il il tarixli qərarının ləğv edilməsi və iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

22. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, 399171, 703197 nömrəli nikahın bağlanması haqqında şəhadətnamələr, AZ-İ 966287, nömrəli ölüm haqqında şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş-200801461 qeydiyyat nömrəli çıxarış, daşınmaz əmlakın bağışlanma müqaviləsi, ********** nömrəli çıxarış, əmlaka dair sənədlər, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

25. Azərbaycan Respubilkasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.

26. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”: Əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. 2.2. Ərizə ilə birlikdə uçota alınmanı həyata keçirən orqana və ya Mərkəzə aşağıdakı sənədlər təqdim edilir: 2.2.1. təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri; 2.2.2. təmsilçilik barədə ərizə (2 nömrəli əlavə) (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir); 2.2.3. əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti. 2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir. 2.3. Uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. 2.4. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz bu barədə təmsilçiyə 1 (bir) iş günündən gec olmayaraq (bu Qaydanın 2.2-1-ci bəndinin tələbi nəzərə alınmaqla) yazılı məlumat verir və həmin çatışmazlıqlar yazılı məlumatın alındığı gündən ən geci 7 (yeddi) iş günü müddətində təmsilçi tərəfindən aradan qaldırılır. 2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. 2.6. Uçota alınmış təmsilçinin təqdim etdiyi sənədlər əlilliyi olan şəxs uçota alınarkən onun üçün açılmış uçot işinə əlavə edilir.

3. Əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsi. 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla); 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1221/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi).

30. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia əsassızdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İş materiallarından görünür ki, iddiaçının mərhum əri X5 2-ci dərəcəli Çernobıl əlili olmuş və o, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Cavabdehndə mənzil növbəsinə götürülmüşdür. X11 2018-ci ildə həmin şəxs vəfat etmişdir.

33. İddiaçı, 6 il sonra cavabdehə müraciət edərək mənzil növbəsinin özünün adına qeyd edilməsini xahiş etmişdir. İddiaçı bunu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.2-ci maddəsi ilə əsaslandırmışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

34. Birinci instansiya məhkəməsi tərəfindən 2005-2024-cü illər üzrə İddiaçı və X11in əmlak hüquqlarının dövlət qeydiyyatına alındığı yaşayış sahələrinə dair hüquq müəyyənedici sənədlər “DƏDKR” PHŞ-nin 17 saylı Yevlax Əİ-dən sorğu edilərək tədqiq edilmişdir.

35. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.2008-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

36. İddiaçı, xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən daşınmaz əmlak obyektini qızı – X13 bağışlamışdır.

37. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçı özünə məxsus yaşayış sahəsini özgəninkiləşdirmiş, mərhum həyat yoldaşının vəfatından 6 il keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir.

38. İstinad olunan Qanunun 31.2-ci maddəsi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxsin vəfatından sonra onun ailə üzvləri üçün uçotun saxlanılmasını tələb edir. Bu hüququn tətbiqi üçün qəbul edilmiş müvafiq Qaydanın 2.1-ci bəndinə əsasən, ailə üzvü (təmsilçi) əlilliyi olan şəxsin vəfatından etibarən 3 ay müddətində ərizə ilə müraciət etməlidir. İddiaçı, 3 aylıq müddəti keçirməsinin cavabdeh orqan tərəfindən məlumatlandırılmaması ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, yaşayış sahəsi ilə təmin olunma məhz iddiaçının hüquqi maraqları daxilində olduğundan bu marağın davam etməsini və aradan qalxmamasını o, cavabdehə aktiv müraciət etməklə təsdiq etməli və uçotun saxlanılması üçün təşəbbüs göstərməli idi. “Qayda”nın 2.1-ci bəndinin tələbinə görə bu təşəbbüs məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri tərəfindən irəli sürülməlidir. Buna görə də, iddiaçının yaşayış sahəsinə olan ehtiyacının və marağının davam edib-etməməsinin cavabdeh orqan tərəfindən araşdırılmasını gözləməsi əsaslı hesab edilə bilməz.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010- cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır".

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yaşayış sahəsi ilə təmin olunma və bu sahədə aparılan işlər dövlətin fiskal siyasəti və maliyyə imkanları ilə birbaşa əlaqəli olduğundan, müəyyən edilmiş müddət tələblərinə riayət edilməlidir. Dövlətin bu sahədə öhdəliklərinin proqnozlaşdırıla bilən olması məhz vətəndaşların müəyyən edilmiş müddətlər çərçivəsində öz hüquqlarını tələb etmələrindən asılıdır. Uzun müddət ərzində tələb edilməmiş bir hüququn irəli sürülməsi dövlətin planlaşdırılmış resurslarının bölgüsünü poza bilər. İddiaçı, qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddəti pozduğundan, bu gecikmənin obyektiv səbəblərlə əsaslandırılması zəruridir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. Digər tərəfdən iddiaçı, yaşayış sahəsini könüllü şəkildə özgəninkiləşdirdikdən sonra, dövlətin ona yeni yaşayış sahəsi ayırması sosial təminat məqsədilə həyata keçirilən tədbirlərin məqsədinə birbaşa ziddir. Çünki bu halda iddiaçının hərəkətləri süni şəkildə yaşayış sahəsinə ehtiyacın yaradılması görüntüsü yaradır.

41. Odur ki, “Qayda”da müəyyən edilmiş 3 aylıq müddət hüquqi sabitlik, dövlətin bu sahədə apardığı siyasətin proqnozlaşdırıla bilən olmasını və maliyyə resurslarını tənzimləmək məqsədini daşıdığından, iddiaçının passiv davranışı nəticəsində 3 aylıq müddətin əhəmiyyətli dərəcədə keçirilməsi ilə bağlı cavabdeh orqanın dəlili hüquqi baxımdan əsaslı olmuşdur.

42. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1221/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar