Məhkəmə qərarları › İş №2-1(107)-338/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-338/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-338/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1592/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizənizə əlavə edilmiş sənədlərə iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması müəyyən edilmir. Yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılması və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 5 gün vaxt təyin edilmişdir. Yardım məktubu birinci instansiya məhkəməsinin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və elektron imza ilə imzalanaraq iddiaçının nümayəndəsinə (vəkilə) göndərilmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 19 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1592/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1592/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi və vəkili Vəkil аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1592/2022 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1592/2022 saylı qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. “Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İPM-nin 13- cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizənizə əlavə edilmiş sənədlərə iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması müəyyən edilmir”. Birinci instansiya məhkəməsi və apellyasiya instasiya məhkəməsinin iclasında İddiaçı təqdim etdiyi ərizədən və ona əlavə edilmiş ərizənin catırılması barədə qəbzdən görünür ki, o, müharibə veteranı və vəsiqənin verilməsi barədə ərizəni 25 aprel 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərmiş, cavabdeh orqan həmin ərizəni 26 aprel 2022-ci il tarixdə alsa da uzun müddət iddiaçıya cavab verməmişdir. Ona görə də iddiaçı məhkəməyə iddia ərisəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh orqana arzuladığı məqsədə catmaq üçün cavabdeh orqana müraciət etsə də buna nail olmamışdır. Ona görə də cavabdeh orqanın iddiaçıya uzun müddət cavab verməməsi imtina kimi qiymətləndirilməlidir. Lakin birinci instansiya məhkəməsi bu hala baxmadan, iddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirmədən düzgün nəticəyə gəlməmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1592/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1592/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar