Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-338/2023 01.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə Yevlax şəhəri C.Cabbarlı küçəsində boş və istifadəsiz qalan ərazidən 51,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilmiş, iddiaçı ilə torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmiş, müvafiq orqanların rəyləri alınmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Yevlax bələdiyyəsinin bank hesabına ödənmişdir. İddiaçı Yevlax Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsində mağaza binasının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Yevlax ŞİH həmin torpaq sahəsində təqdim olunmuş layihə əsasında mağaza binasının tikintisinə icazə vermişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
3. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, torpaq sahəsi iddiaçıya Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin həmin Qanunun 9.3-cü və 9.6-cı maddələrinə əsasən Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır və onun özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Yevlax bələdiyyəsi tərəfindən 2008-ci ildə iddiaçıya satılmış olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnu tanıtmadan birbaşa satılması qanuna uyğun deyil.
4. Birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli etiraz məktubunda iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlər göstərilmiş və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-130/2022 nömrəli qərardadı ilə Yevlax bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 aprel 2022-ci il tarixli, 2- 1(116)-130/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-161/2022 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarının qismən-yəni ümumi iddianın İddiaçı "Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-161/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli 2-1(102)-488/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-161/2022 nömrəli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, vaxtı ilə Yevlax şəhəri, Heydər Əliyev prospektində özünə məxsus olan obyekt Yeni Azərbaycan Partiyasının inzibati binasının tikintisi üçün ondan alınaraq əvəzində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 51 kv.m torpaq sahəsi ilə əvəzləşdirilmişdir. O, öz növbəsin də dövlətimizin mənafəyi üçün yerdə olan dövlət məmurlarına inanaraq bu addıma imza atmışdır. Belə ki, onun mülkiyyətində olan qeyri-yaşayış binasını sökərək yerində dövlət əhəmiyyətli binanın inşası üçün əlverişli məkanın seçilməsi, eləcədə əvəzində ona başqa ərazidən yerin verilməsi ilk öncə müsbət fikirlər oyatdı. Lakin uzun müddət keçdikdən sonra anladı ki, rayon rəhbərinin tapşırığını yerinə yetirən dövlət məmurları onu aldatmışlar. Yəni Yevlax şəhəri, C.Cabbarlı küçəsində sahibkarlıq məqsədi ilə ayrılan torpaq sahəsi qanunvericiliyin ziddinə gedilərək tərtib edilmişdir. Rayon rəhbərinin tapşırığına əsasən Yevlax Bələdiyyəsi 2008-ci ildə onu başından edərək “Bələdiyə torpaqlarının idarə edilmıəsi haqqında Azərbaycan Respublikasının Qanununun” tələblərini pozmuş və nəticədə saxta sənəd hazırlayaraq onu başından etmişdir. Bu onu həmin istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarımın qeydiyyata alınması günüdə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti İdarəsi ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina etmişdir. Ondan aidiyyatı qaydada Azərbaycan Respublikasında müstəqil hakimiyyət qurumu olan məhkəmə orqanına gətirərək yuxarıda sadalanan halları qeyd etməklə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etdi. Məhkəmədə bütün hallar araşdırıldı və ümid etdi ki, müstəsna hall kimi torpaq sahənin üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Şəki İnzibati Məhkəməsi cavabdehin üzərinə öhdəlik qoyacaqdır. Lakin düşündüklərinin tam əksi olaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmə tədqiqatı zamanı əsassız olan sübutlara istinad edərək iddia tələbinin təmin etmədi. Hal bu ki, faktiki olaraq sənədləri qaydasında olduğu halda, iddia tələbinə qanuni yanaşmalı və beləliklə iddia tələbi təmin etməli idi. Çünki ekspertin torpaq sahəmin yerində müəyyən etməsi, eləcədə iş üzrə üçüncü şəxs tərəfindən torpaq sahəmə dair ilkin sənədlərin əsassız yoxa çıxarması işin nəticəsinə təsir edəcək hall deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
14. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iştirak etməmişlər.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarından görünür ki, həmin qərarla İddiaçı sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması barədə ərizəsi, Yevlax ŞİH başçısı aparatının xx.xx.2008-ci il tarixli 133 nömrəli məktubu nəzərə alınmış, Yevlax bələdiyyəsinin torpaqların aid olan, şəhərin C.Cabbarlı küçəsində boş istifadəsiz qalan ərazidən 51,0 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı xüsusi mülkiyyətinə verilmiş və buna dair alqı-satqı aktı bağlanılmışdır. - DTXK Yevlax rayon şöbəsinin rəyindən görünür ki, Şöbə 51,0 kv. torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. - 05.03.2008-ci il tarixli qəbzdən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. - “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, iddiaçı, Yevlax bələdiyyəsinin sədri və DTXDK-nın Yevlax rayon şöbəsinin müdirinin iştirakı ilə Yevlax bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 35 nömrəli qərarı ilə 0,51 kv.m torpaq sahəsinin satılmasına dair akt tərtib edilmiş, akt müvafiq imza və möhürlərlə təsdiq edilmiş, həmçinin DTXK-nın Yevlax rayon şöbəsində xx.xx.2008-ci il tarixdə 132 nömrə ilə uçota alınmışdır. - X4 filialının xx.xx.2021-ci il tarixli 43/10 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yevlax şəhəri C.Cabbarlı küçəsində İddiaçı adına mağaza binası üçün ayrılmış torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. - Yevlax Bələdiyyəsi Məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı şəhərin C.Cabbarlı küçəsində 51,0 kv.m torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd qalmamışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********94 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, “İddiaçı adına Yevlax bələdiyyəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında göstərilən 51 kv.m torpaq sahəsinin yerini naturada müəyyən etmək mümkün olmadı. Bu səbəbdən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyil”.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; Maddə 86. 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları. bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları.
20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
21. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olan mətninə görə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
22. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərdən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olan mətninə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
23. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir; 25-ci bəndinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023cü il tarixli 2-1(102)-488/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyаsının 17 noyabr 2022-ci il tarixli, 2-1(107)-161/2022 nömrəli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
31. Ali Məhkəmə hazırkı iş üzrə 7 mart 2023-cü il tarixli 2-1(102)-488/2023 nömrəli qərarında qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilibkeçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqısatqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılmalıdır. Həmçinin qeyd etmişdir ki, bələdiyyə orqanları onların mülkiyyətində olan torpaqları “Bələdiyyə torpağının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən hallar istisna olmaqla yalnız torpaq hərracları və müsabiqəqələri vasitəsi ilə sata bilər. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən Qanunun tələbləri baxımından müvafiq araşdırma aparmadan qərar qəbul etmişdir.
32. Ali Məhkəmənin göstərişini tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Məhkəmə kollegiyası 25 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu məktubu göndərərək, İddiaçı Yevlax bələdiyyəsinin 12 mart 2008-ci il tarixli qərarı əsasında sahibkarlıq məqsədi ilə satılmış Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51.0 kv.m. torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması ilə bağlı məlumat verilməsini xahiş etmişdir.
35. 18 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsin sorğuya cavab məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51.0 kv.m. torpaq sahəsi bələdiyyə mülkiyyətindədir.
36. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-24 bəndlərində qeyd olunan normaların tələbindən də göründüyü kimi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin Yevlax bələdiyyəsinin müvafiq qərarının qəbul edildiyi xx.xx.2008-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən Bələdiyyə tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi Əsasnamə ilə nəzərdə tutulmuş qaydalarla aparılmalı, alqısatqı aktı ilə deyil, qanunvericiliyin tələblərinə müvafiq olaraq notariat qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməli idi. Həmçinin bələdiyyə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə qədər olan mərhələdə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, məhz bundan sonra iddiaçıya münasibətdə özgəninkiləşdirməni hərrac və ya müsabiqə qaydasında həyata keçirməli olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
38. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 51,0 kv.m torpaq sahəsi üzərində yerləşən sahibkarlıq fəaliyyəti üçün tikilmiş 51,0 kv.m mağaza binasının özünə və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(116)-130/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.