Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-339/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı “20 ildən artıq müddətdə istifadəsində olan 0,40 ha torpaq səhəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 16.3-cü maddəsinə uyğun olaraq uzun müddətli icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-662/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixli 253 nömrə ilə qeydə alınmış və AN 464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmiş 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. X1 həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə A seriyalı 464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi işlənmiş 0,40 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Ağdaş Bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. İ manov X3 Bələdiyyəsinə ərizə ilə müraciət edərək həmin 0,40 ha torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2019-cu il tarixli 247 nömrəli cavab məktubu ilə bundan imtina etmiş və həmin torpaq sahəsinin boşaldılmasını ondan tələb etmişdir. Bundan sonra İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı "20 ildən artıq müddətdə istifadəsində olan 0,40 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq uzun müddətli icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, həmin tələbini belə əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətində olsa da, 20 ildən artıqdır ki, onun istifadəsindədir. Bu səbəbdən də onun icarəsinə verilməlidir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli teleqramda iddianı qəbul etmədiyini bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də şifahi məhkəmə baxışı cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirildi. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-662/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Ağdaş Bələdiyyəsinə qarşı "20 ildən artıq müddətdə istifadəsində olan 0,40 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə uyğun olaraq uzun müddətli icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki inzibati Məhkəməsinə "Məcburetmə haqqında" iddia ərizəsi ilə müraciət etmiş, Ağdaş bələdiyyəsinin üzərinə 20 ildən artıq müddətdə istifadəsində olan 0.40 ha torpaq sahəsinin “Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında" Qanunun 16.3-cü maddəsinə uyğun olaraq uzunmüddətli icarəsinə verilməsi öhdəliyinin qoyulmasına dair müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Torpaq sahəsinin, oradakı keçmiş tikililərin 20 ildən artıq müddətdə istifadəsində olması, orada kənd tərərrüfatı ilə məşğul olmağı səbəbi ilə xx.xx.2017-ci il tarixdə ərizə ilə Ağdaş bələdiyyəsinə müraciət edərək "Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında" Qanunun 16.3-cü maddəsinə əsasən istifadəsində olan 0,40 ha torpaq sahəsinin uzunmüddətli icarəsinə verilməsini xahiş etmiş, lakin hal-hazıradək bələdiyyə tərəfindən ərizəsinə cavab verilməmiş, ərizə üzrə hər hansı hərəkət edilməmişdir. Daha əvvəlki tarixlərdə bələdiyyə sədri Q.Qarayevin adından ona ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda torpaq sahəsinin 2012-ci il tarixdə Cəbrayılov Şirin Ömərfaiq oğlunun icarəsinə verilməsi qeyd edilməklə saxtakarlığı, bu işdə qərəzli olduğu açıq-aşkar görünür.Torpaq islahatından sonra 0.40 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tanınmış, lakin onun istifadəsində olmuşdur. Həmin dövrdən sonra xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu orpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin nülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir."Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Vzərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx xxxxxxx 1008-ci il 709-1İ1QD nömrəli Azərbaycan Respublikası Qanununun (xx.xx.2008-ci il tarixdə qüvvəyə minmiş) Vİİ bəndinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16.3-cü naddəsində “və ya icarəsinə" sözləri sözləri çıxarılmışdır.Göründüyü kimi xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək qüvvədə olmuş həmin norma məcburedici xarakter daşımışdır.Bütün bunlara baxmayaraq Şəki inzibati Məhkəməsi 2-1 (116)-662/2020 saylı iş üzrə Ağdaş bələdiyyəsinin üzərinə 20 ildən artıq müddətdə istifadəsində olan 0.40 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının istifadə edilməsi haqqında" Qanunun 16.3-cii maddəsinə uyğun olaraq uzunmüddətli icarəsinə verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddianın təmin edilməməsi haqqında qərar vermişdir.xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərəbər hüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd edilənlərə əsasən Şəki inzibat İqtisadi Məhkəməsinin 2- 1(116)-662/2020 saylı iş üzrə qərarının ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Tətəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Ağdaş Bələdiyyəsinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-662/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: onlara Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi, Ağdaş Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 247 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apelyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, İddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki işdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-464184 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Ağdaş Rayon Məşəd Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 nömrəli qərarı əsasında Ağdaş Rayon Məşəd Bələdiyyəsinin adına 4000 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2013-cü ildə 253 nömrə ilə uçota alınmışdır. Bundan başqa içə əlavə edilmiş Ağdaş Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 247 nömrəli məktubundan görünür ki, iddiaçının uzun illərdən bəri qeyri-qanuni istifadəsində olan 0,40 ha torpaq sahəsi Məşəd Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsinin boşaldılması İddiaçı tələb edilmişdir. İddiaçı torpaq sahəsinin ona icarəyə verilməsi barədə tələbini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsi ilə əsaslandırmışdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən: Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Göründüyü kimi xx.xx.2008ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “icarəsinə” sözü maddənin tərkibindən çıxarılmışdr. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56cı maddəsinin 2-ci hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin normanın mənasına görə, bəzi istisnalar olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddədə sadalanan üstünlük hüquqları olmayan şəxslər torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən birbaşa onlara icarəyə verilməsini tələb edə bilməzlər. İşdən görünür ki, iddiaçı maddədə sadalanan üstünlük hüquqlarına malik deyil, bu səbəbdən də torpaq sahəsinin açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən birbaşa onun icarəsinə verilməsini tələb etməkdə haqlı deyil. Ona görə də iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-662/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-339/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-339/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver