Məhkəmə qərarları › İş №2-1(107)-339/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-339/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-339/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Əsədli Mahir Abdulla oğlu(sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, üçüncü şəxs: DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs: DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) 19 aprel 2021-ci il tarixli, 2-1(116)- 269/2021 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-269/2021 nömrəli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun 14 saylı reginal ərazi filialı (bundan sonra - Filial) tərəfindən məhkəmə prosesində cavabdehin əvəz olunmasına vəsatət verilməsinə baxmayaraq, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial ilə əvəz olunmamış, həmin Filialın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair qərardad qəbul olunmuşdur. Hesab edirlər ki, həmin qərardad əsassızdır və ləğv edilməlidir. İddia tələbindən də aydın olduğu kimi iddiaçının hüquqi marağı güzəştli şərtlərlə pensiya ödənişinin aparılmasından ibarətdir. Hal-hazırda həmin ödənişlərin 14 saylı regional ərazi filialı tərəfindən deyil, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filial tərəfindən aparılması mümkündür. Beləliklə, belə nəticəyə gəlmək mümkündür ki, iddiaya cavab verməli orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-269/2021 nömrəli qərardadının ləğv edilərək cavabdehin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs: DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) nümayəndəsi X1 İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-269/2021 nömrəli qərardadının ləğv edilərək cavabdehin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-269/2021 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi” barədə qərardadından Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı reginai ərazi filialının verdiyi şikayət mümkün sayılmamalı və icraata qəbulundan imtina edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin: 81.1-ci maddəsinə əsasən İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 83.1-ci maddəsinə əsasən Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. 83.3-cü maddəsinə əsasən məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının; müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının; bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müstəqil qaydada şikayət verilə bilməz. 83.4-ci maddəsinə əsasən Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə əsasən Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə yuxarıda qeyd edilmiş prosessual normaların tələblərindən də göründüyü kimi Şəki İnzibati Məhkəməsinin hazırki mübahisələndirilən qərardadından şikayət nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “İPM-in 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər” dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisələndirilən qərardad müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlara aid deyildir. Ona görə də şikayət mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 83, 87 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti mümkün hesab edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar