Məhkəmə qərarları › İş №2-1(107)-339/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-339/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-339/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay Rayon Ərəbcəbirli Bələdiyyəsinə qarşı “iddiaçı ilə Mirzəhüseynli Bələdiyyəsi arasında bağlanmış 08 avqust 2006-cı il tarixli 09 saylı 50 (əlli) il müddətinə bağlanmış müqavilənin qanunla müəyyən edilmiş qaydada qeydə alınması və müqavilənin təsdiq olunmuş nüsxəsinin iddiaçıya verilməsi vəzivəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-889/2022 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Göyçay Rayon Mirzəhüseynli Bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçı ilə Mirzəhüseynli Bələdiyyəsi arasında bağlanmış 08 avqust 2006-cı il tarixli 09 saylı 50 (əlli) il müddətinə bağlanmış müqavilənin qanunla müəyyən edilmiş qaydada qeydə alınması və müqavilənin təsdiq olunmuş nüsxəsinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbiniz “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh orqana müraciət edib-etməməsidir. İddia ərizəsinin məzmununda istinad edilmiş və işə əlavə edilmiş sənədlərlə iddiaçının analoji tələblə cavabdeh orqana müraciət etməsi, müraciətinizin cavabdeh orqan tərəfindən təmin edilməməsi və ya cavabsız saxlanılması müəyyən edilmir. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır.

3. xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikasında “bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunun 1-ci hissəsinin 14(5)-cü bəndinə əsasən Göyçay rayonu üzrə Ərəbcəbirli və Mirzəhüseynli Bələdiyyələrinin əhatə etdiyi Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndlərində Ərəbcəbirli Bələdiyyəsi yaradılmışdır.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-889/2022 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Göyçay Rayon Mirzəhüseynli Bələdiyyəsi - hüquq varisi Göyçay Rayon Ərəbcəbirli Bələdiyyəsi ilə əvəz edilmişdir.

5. Qeyd olunan nöqsanın aradan qaldırılması üçün məhkəmə iddiaçıya 5 (beş) gün müddətində vaxt təyin etmişdir.

6. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, məhkəmə iclasda baxaraq sənədlərin geri qaytarılması barədə qərar qəbul etməli idi. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və üç dəfə məhkəmə iclası keçirilmişdir. İddia ərizəsinin geri qaytarılması və ya qeyri-mümkün hesab edilməsi əsasızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2022-ci il tarixli 2- 1(116)-889/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi daşınmaz əmlaka və bələdiyyəyə müraciət etməməyi əsas tutaraq iddianı mümkünsüz saymışdır. Hesab etmişdir ki, iddia mümkünsüz sayılmamalı idi. Ona görə ki, hal-hazırkı mübahisə məhkəmə aktından irəli gəlmişdir. Yəni ona qanunla müəyyən edlmiş qaydalara əməl etməklə icarəsinə torpaq sahəsi verilmişdir. Həmin icarə müqaviləsi bələdiyyə tərəfindən qeydiyyata alınmamışdır. Hesab etmişdir ki, bu müqavilənin bələdiyyə tərəfindən qeydə alınmaması onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. O, uzun illər həmin sahədən istifadə etmiş və icarə haqqını ödəmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-889/2022 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclaslarında iddiaçı və vəkili məhkəmə kollegiyasına teleqram göndərərək, işin başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Bununla bağlı məhkəmə kollegiyasının iclasları təxirə salınmışdır.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.

18. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinasının olub-olmaması iddianın xüsusi mümkünlük şərti kimi yoxlanılmalı və iddia tələbi yalnız cavabdehin imtinası olduğu halda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciəti cavablandırılmadığı halda mümkün sayılmalıdır.

19. Belə ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyi, həmçinin, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyi müəyyən edilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır.

21. Cavabdeh inzibati orqana iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciəti olmadığından, indiki halda inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.

22. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

23. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

24. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)- 889/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2-1(116)-889/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar