Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-339/2024 06.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X4 Mərkəzi Filialına qarşı “xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı tutulmaya dair hərəkətin qanunsuz hesab edilməsi və tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 112 mart 2024-cü il tarixli, 2-1(116)-436/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X4 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X4 Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məlumat Hesablama Stansiyasında (xx.xx.1988-ci il tarixdən Göyçay rayon Satatistika idarəsi adlanır) rəis işlədiyi dövrü dövlət qulluğu kimi nəzərə almaqla pensiya məbləğinin bərpa olunması və pensiyaya çıxdıqdan sonra ödədiyi məcburi dövlət sosial sığorta məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı tutulmaya dair hərəkətin qanunsuz hesab edilməsi və tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə həmin tarixli məhkəmə iclasının protokolu ilə qəbul edilmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1952-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Göyçay Rayon Məlumat Hesablama Stansiyasında (xx.xx.1988-ci il tarixdən Göyçay rayon Statistika İdarəsi adlanır) rəis vəzifəsində işləmişdir. Bundan başqa müxtəlif dövlət orqanlarında, o cümlədən də xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu il tarixədək dövlət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının cəmi dövlət qurumlarında iş stajı 53 il, o cümlədən dövlət qulluğundakı iş stajı 27 ildən artıq olmuşdur. xx.xx.2015-ci il tarixdə - 63 yaşı tamam olduqdan sonra pensiyaya çıxmışdır. Pensiyaya çıxanda Göyçay Rayon Məlumat Hesablama Stansiyasında (sonradan Göyçay rayon Statistika İdarəsində) rəis işlədiyi illər üzrə hesablanıb, dövlət qulluqçusu kimi iddiaçıya pensiya təyin edilməsi üçün müvafiq dövlət orqanına müraciət etmiş və həmin müraciətinə əsasən pensiya təyin edilmişdir. 1988-ci ilədək Göyçay Rayon Məlumat Hesablama Stansiyası (sonradan Göyçay Rayon Statistika İdarəsi) iki sahədən ibarət olmuşdur. Həmin sahələrdən statistika sahəsi dövlət büdcəsindən, idarənin mexanizasiya sahəsi isə təsərrüfat hesabına fəaliyyət göstərmişdir. Yəni, idarənin rəisi, rəis müavini, baş mühasibi və statistika sahəsinin işçiləri dövlət büdcəsindən, mexanizasiya sahəsinin işçiləri isə təsərrüfat hesabına maliyyələşdirilirdilər. Beləliklə 1988-ci ilədək “Rayon Məlumat Hesablama Stansiyası” adlanan təşkilat 1988-ci ildən etibarən “Rayon Statistika İdarəsi” adlandırılmışdır. Dəyişiklikdən sonra statistika və mexanizasiya sahələri hər biri qüvvədə qalmaqla, funksiya və vəzifələrini əvvəlki qaydada həyata keçirməklə xərcləridə əvvəlki qaydada olduğu kimi statistika sahəsi Dövlət büdcəsinin vəsaiti hesabına və mexanizasiya sahəsi göstərdiyi xidmətlərə görə təsərrüfat vəsaiti hesabına maliyyələşdirilirdi. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina gəlmişdir.
4. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçı V Abdullayevin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq stajına görə əlavə 47,60 manat, rütbəyə görə əlavə 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 290,01 manat olmaqla orta aylıq əmək haqqı 974,61 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 yanvar 2020-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (949,81 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (974,61 manat) arasındakı fərq məbləğinin (24,80 manat) 67,25 faizi-16,68 manat 1 yanvar 2020- ci il tarixədək hesablanmış pensiyanın (715,28 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 731,96 manat məbləğində hesablanmalı olduğu halda, 946,83 manat məbləğində müəyyən edilməklə 01,01,2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 7735,32 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 805,15 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 923,51 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 5541,06 manat ödənilməli olduğu halda, 7167,66 manat pul vəsaiti ödənilmişdir. Buna görə də iddiaçıya həmin dövr üzrə 1626,60 manat artıq pul vəsaiti ödənilmişdir, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaiti 7 mart 2023-cü il tarixli müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8890,59 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 257,81 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyası 923,51 manat məbləğində aşağıdakı tərkibdən ibarət olduğu müəyyən edilmişdir: 1 əmək pensiyasının sığorta hissəsi-621,31 manat; 2. qulluq stajına görə əmək pensiyanıza əlavəniz-218,24 manat; 3. maddi yardım-83,96 manat..
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 12 mart 2024-cü il tarixli, 2- 1(116)-436/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi X4 Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8890,59 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsait ilə bağlı cavabdeh tərəfindən iddiaçının pensiya məbləğindən tutulma aparılmamışdır. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 257,81 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti 2022-ci ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə 64,4525 manat olmaqla inzibati orqanın xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-13546/2023 nömrəli sərəncamına əsasən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-436/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-436/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)- 436/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. xx.xx.2006-cı tarixdən qüvvədə olan “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
16. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
17. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
18. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, müvafiq pul məbləğinin tutulması ilə bağlı cavabdeh orqan tərəfindən iddiaçının razılığı alınmamışdır. Əksinə, iddiaçının cavabdeh orqana müraciət ərizələrinin məzmunundan görünür ki, o müvafiq tutulmanın icra edilməsinə etiraz etmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya aid pensiya məbləği qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin müddəaları tətbiq edilərək yenidən hesablanma aparılmışdır.Həmin qərarın qəbul edilməsi iddiaçıya münasibətdə artıq ödəmənin əsaslarının da aradan qalxmasını təsdiq edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirmiş, belə razılıq olmadığı halda isə həmin məbləğin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının razılığı alınmadan və məhkəmə qərarı olmadan iddiaçının əmək pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdeh orqanın faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə qanunsuz olmuşdur. Odur ki, cavabdeh orqanın üzərinə tutulmaların dayandırılması və tutulmuş həmin vəsaitin geri qaytarılması öhdəliyi qoyulmalıdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinin əsasını iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8890,59 manat artıq ödənilmiş pul vəsaiti ilə bağlı cavabdeh tərəfindən iddiaçının pensiya məbləğindən tutulma aparılmaması təşkil edir.
22. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən qeyd edilən xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında iddiaçıdan 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı hər hansı bir qərar qəbul edilməmiş və tutulma aparılmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçının hər hansı hüququnun pozulması ilə nəticələnən hərəkətlərə yol verməmişdir.
23. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
24. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X4 Mərkəzi Filialına qarşı “xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı tutulmaya dair hərəkətin qanunsuz hesab edilməsi və tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
25. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X4 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-436/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X4 Mərkəzi Filialına qarşı “xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 8890.59 manat hesablanmış artıq ödəmə ilə bağlı tutulmaya dair hərəkətin qanunsuz hesab edilməsi və tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.