Məhkəmə qərarları › İş №2-1(107)-34/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-34/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-34/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-un Şəki şəhər Şöbəsi) qarşı “xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Kəlbəcər çörək kombinatının çörək sexində, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək “Bərəkət-3” firmasında, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxx” MMC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1966-cı ildə Şəki şəhərində doğulmuş və soyadı İsmayılova olmuşdur. O, xx.xx.1985-ci ildə X5 ilə nikah bağlamış və İlyasova soyadını götürmüşdür. İddiaçı hazırda ünvan 1 ünvanında yaşayır. Ona xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik və bu əlilliyə görə 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. İddiaçı öz adına olan ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasını cavabdehə təqdim edərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Həmin əmək kitabçasında olan məlumatlara görə, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda ekspeditor, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Kəlbəcər çörək kombinatının nəzdində olan Gəncə şəhər 3-cü mikrorayonda yerləşən çörək sexində xəmirkar, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev küçəsi 62 ünvanında yerləşən "Bərəkət-3" firmasının nəzdində olan çörək sexində xəmirkar, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev küçəsi 62 ünvanında yerləşən "xxxx" MMC-in nəzdində olan çörək sexində xəmirkar işləmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçıya pensiya təyin etməkdən imtina edilmiş və bildirilmişdir ki, ona əlilliyə görə əmək pensiyası təyin olunması üçün 12 il sosial sığorta stajı və ya 12557,16 manat pensiya kapitalı tələb olunur. İddiaçının 1984-2005-ci illərdə olan iş stajının əmək haqqı cədvəllərinə əsasən qarşılıqlı yoxlanması üçün DSMF-un Kəlbəcər rayon şöbəsinə sorğu məktubu göndərilmiş, sorğu ilə əlaqədar DSMF-un Kəlbəcər rayon şöbəsi tərəfindən Kəlbəcər Rayon Dövlət Arxivində xx.xx.2019-cu il tarixli akt tərtib olunmuşdur. Lakin həmin aktda iddiaçının hansı müddətlərdə əmək haqqı alması göstərilməmiş, yalnız əmək haqqı ödəniş cədvəllərində adının qeyd olunması göstərilmiş, işə daxil olma və işdən çıxma əmrləri konkret olaraq qeyd edilməmişdir. Habelə, iddiaçının 1984-1993-cü illərdə Kəlbəcər rayon ət və süd emalı zavodunda işləməsi barədə heç bir qeyd aparılmamışdır. Beləliklə, iddiaçının 1984-2005-ci illərdə işləməsi təsdiq olunmadığı üçün sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyası təyin olunması mümkün deyil. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və pensiya kapitalının fərdi hesabın yığım hissəsi xx.xx.2006-cı ildən tətbiq edilməyə başlandığından xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək "Bərəkət-3" firmaında, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək isə "xxxx" MMC-də işləməsi barədə əmək kitabçasında qeyd olunmuş illər sosial sığorta stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh inzibati orqanın nümayəndəsi X4 imtinanın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon Ət və Süd emalı zavodunda, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Kəlbəcər rayon Çörək Kombinatında, Kombinatın nəzdində olan “Bərəkət-3” firmasında xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxx” MMC-də fəhlə işində işləmiş və işlədiyi illər Kəlbəcər rayon Dövlət Arxiv idarəsindən göndərilən Aktda öz əksini tapmışdır. Hətta Kəlbəcər rayon Dövlət Arxiv idarəsindən göstərilən təşkilatlara aid olan Əmr kitablarının əsli məhkəmə tərəfindən gətirilərək baxış keçirilməsinə baxmayaraq hakim qərəzli qərar qəbul etmişdir. Belə ki, Kombinatın möhürünün əsaslandırılması, yazılışın hansı hərflə yazılmasının onun işləməsi faktına heç bir aidiyyatı yoxdur. Fakt o işləmişdir və işləməsi faktının təsdiq edilməsini tələb edir. Nəzərə çatdırmaq istəyir ki, DSMF-un Şəki şəhər Şöbəsi onun işlədiyi illərin iş stajını əmək pensiyası hüququ verən sosial sigorta stajına hesablanmasını düzgün hesablamayaraq etiraz etmişdir. Belə ki, onun əmək pensiyasının hesablanması köhnə qayda ilə hesablanmalıdır. DSMF Şəki şəhər Şöbəsi İşlədiyi təşkilatlardan olan sorğu cavablarını nəzərə almadan ona imtina vermişdir. Bildirir ki, əmək pensiyası hüququ verən sosial sigorta stajının hesablanması 2006-cı ilə qədər olan iş stajı kifayət qədər bəs edir. Sadaladığı xüsusatlar məhkəmə tərəfindən qərəzsiz araşdırılsaydı məlum olardı ki, onun işlədiyi illərin iş stajını əmək pensiyası hüququ verən sosial sigorta stajına hesablanmasından DSMF-un Şəki şəhər Şöbəsi tərəfindən düzgün olmayan imtina verilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-un Şəki şəhər Şöbəsinin nümayəndəsi X1pellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçı AZE-******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1966-cı ildə Şəki şəhərində anadan olmuş və hazırda Şəki şəhəri M.Rəsulzadə küçəsi 3/11-də yaşayır. 339 nömrəli "Nikahın bağlanması haqqında akt qeydi"ndən görünür ki, İddiaçı əvvəlki soyadı İsmayılova olmuş, o, xx.xx.1985-ci ildə X5 ilə nikah bağlamış və İlyasova soyadını götürmüşdür. İddiaçı adına olan "Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi"ndən görünür ki, ona xx.xx.2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı adına verilmiş ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda ekspeditor, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Kəlbəcər çörək kombinatının nəzdində olan Gəncə şəhər 3-cü mikrorayonda yerləşən çörək sexində xəmirkar, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev-62 ünvanında yerləşən "Bərəkət-3" firmasının nəzdində olan çörək sexində xəmirkar, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev-62 ünvanında yerləşən "xxxx" MMC-nin nəzdində olan çörək sexində xəmirkar işləmişdir. Kəlbəcər Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 03 nömrəli arayışında deyilir ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda işləməsi barədə Arxivdə heç bir məlumat yoxdur. "Bərəkət-3" firması tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 53 nömrəli arayışda deyilir ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev-62 ünvanında yerləşən "Bərəkət-3" firmasının nəzdində olan çörək sexində xəmirkar işləmiş və hər ay əmək haqqı almışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 47 nömrəli arayışda deyilir ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev-62 ünvanında yerləşən "xxxx" MMC-nin nəzdində olan çörək sexində xəmirkar işləmiş və hər ay əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin şöbənin işçiləri tərəfindən İddiaçı əmək stajının yoxlanması ilə bağlı Kəlbəcər rayon çörək kombinatının, "Bərəkət-3" və "xxxx" MMC-nin Kəlbəcər Rayon Dövlət Arxiv İdarəsində mühafizə edilən fond işləri, əmr kitabları və əmək haqqı cədvəlləri yoxlanmış və yoxlama zamanı vətəndaşın işə daxil olma, işdən azad olunma əmrləri və əmək haqqı ödəniş cədvəllərində adı qeyd edilmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Kəlbəcər çörək kombinatının çörək sexində, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək “Bərəkət-3” firmasında, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxx” MMC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı olmamışdır. Bu, aşağıdakı mülahizələrdən irəli gəlir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin normanın mənasına görə, İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün o, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay olmaqla cəmi 12 il (51 il-15 il = 36 il x4 ay = 144 ay = 12 il) sığorta stajına malik olmalıdır. İddiaçının təqdim etdiyi əmək kitabçasından isə görünür ki, onun Kəlbəcər rayon ət və süd emalı zavodunda 9 il 3 ay, Kəlbəcər çörək kombinatının nəzdində olan Gəncə şəhər 3-cü mikrorayonda yerləşən çörək sexində 7 il 7 ay, Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev-62 ünvanında yerləşən "Bərəkət-3" firmasının nəzdində olan çörək sexində 3 il, Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev-62 ünvanında yerləşən "xxxx" MMC-nin nəzdində olan çörək sexində 2 il 14 gün olmaqla, cəmi 21 il 10 ay 14 gün stajı vardır. DSMF-un Şəki şəhər şöbəsi həmin müddətlərin iddiaçının sosial sığorta stajına daxil edilməməsi barədə mövqeyini onunla əsaslandırır ki, əmək kitabçasında göstərilən müddətlərdə iddiaçının işləməsi təsdiq olunmur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, şəxsə əmək pensiyasının təyin edilə bilməsi üçün onun əmək kitabçasında xx.xx.2006-cı ilədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi tələb olunur. İşdən görünür ki, iddiaçı Şəki şəhərində anadan olmaqla indiyə kimi Şəki şəhərində yaşamışdır. Onun əmək kitabçasında göstərilən müəssisələr isə xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayonunda, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək Gəncə şəhərində yerləşmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli sərəncamı, eləcə də xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli təkrar məktubları ilə iddiaçıya 1984-1993-cü illərdə Kəlbəcər rayonunda, 1993-2006-cı illərdə Gəncə şəhərində işlədiyi müddətdə yaşadığı ünvanlar barədə məhkəməyə məlumat verməsi təklif edilsə də, o, yaşadığı ünvanlar barədə məhkəməyə məlumat təqdim edə bilməmişdir. Nəhayət, xx.xx.2019-cu il tarixli şifahi məhkəmə baxışı zamanı iddiaçı ona verilmiş eyni suala cavab vermiş və bildirmişdir ki, həmin ünvanları bilmir. Bundan başqa, birinci instansiya məhkəməsinin qeyd etdiyinə görə, iddiaçı birinci instansiya məhkəməsinin iclasında izahatında bir sıra ziddiyyətli məlumatlar vermişdir ki, bu da onun qeyd olunan illərdə Kəlbəcərdə və Gəncədə yaşamasını təkzib edir. Belə ki, o, izahatında əvvəlcə Kəlbəcərdə yaşayan xalası Əfşanın yanında 14 yaşından (1980-ci il) etibarən qaldığını, 2 aydan bir Şəkiyə valideynlərinin evinə 1-2 günlük gəlib-qayıtdığını, həmin müddətdə Şəki şəhərindəki 10 nömrəli məktəbdə oxuduğunu, 2006-cı ildə xalasının əri vəfat etdikdən sonra Gəncə şəhərinə köçdüyünü bildirsə də, sonra söyləmişdir ki, 1990-cı il təvəllüdlü uşağı 4-5 yaşında olanda (1994-1995-ci illər) əməliyyat edildiyinə görə o, Kəlbəcərdən Şəkiyə köçmüşdür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Kəlbəcər rayonu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən xx xxxxx 1993-cü ildə işğal olunduğuna görə iddiaçının həmin vaxtdan sonra Kəlbəcərdə qalması barədə izahatı doğru sayıla bilməz. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahatında onu da bildirmişdir ki, o, Kəlbəcər rayonunda yerləşən çörək zavodunda işləmişdir. Halbuki, onun əmək kitabçasındakı qeydiyyata görə, o, Kəlbəcər rayonunda çörək zavodunda deyil, ət və süd emalı zavodunda işləmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verilən suallara cavab olaraq Kəlbəcərdə və Gəncədə işlədiyi müəssisələrin yerləşdiyi ünvanı və iş yoldaşlarının adlarını bilmədiyini demişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan illərdə Kəlbəcərdə və Gəncədə yaşaması barədə heç bir sübut yoxdur. Şəki şəhərindən Kəlbəcər rayonunadək məsafənin təxminən 250 km, Gəncə şəhərinədək isə təxminən 150 km olmasını, eləcə də iddiaçının əmək kitabçasında göstərilən illərdə Şəki şəhərində yaşamasını nəzərə aldıqda, iddiaçının hər gün qeyd olunan məsafəni qət edərək Kəlbəcər rayonuna və Gəncə şəhərinə işə gedib işdən sonra Şəkiyə qayıtması ağlabatan görünmür. İşin həlli üçün əhəmiyyət kəsb edən hallardan biri də odur ki, əmək kitabçasının birinci səhifəsində kitabçanın doldurulma tarixi kimi xx.xx.1984-cü il yazılmış və iddiaçının soyadı İlyasova kimi göstərilmişdir. Lakin işin gerçək halı belədir ki, 1984-cü ildə iddiaçının soyadı İlyasova deyil, İsmayılova olmuş, İlyasova soyadını o, xx.xx.1985-ci ildə nikaha daxil olduğu zaman götürmüşdür. Bu da onu deməyə əsas verir ki, əmək kitabçasında olan həmin qeydiyyat 1984-cü ildə deyil, ondan sonra aparılmışdır. Bundan başqa, əmək kitabçasının 41-43-cü səhifələrində iddiaçının xx.xx.1993-cü ildə Kəlbəcər çörək kombinatında işə götürülməsi barədə yazının üzərinə vurulmuş möhür əksindəki yazılar latın qrafikalı əlifbanın hərfləri ilə icra edilmişdir. Halbuki, birinci instansiya məhkəməsinin göstərdiyi kimi, 1993-cü ildə Azərbaycan əlifbası latın qrafikalı deyil, kiril qrafikalı olmuşdur. Bu da həmin möhürün 1993-cü ildə deyil, ondan sonra vurulduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasında göstərilən əmrlərin yazıldığı əmr kitablarının və həmin dövrə aid əmək haqqı cədvəllərinin əsilləri məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Kəlbəcər Rayon Dövlət Arxivindən götürülmüş və baxış zamanı müəyyən edilmişdir ki, Kəlbəcər rayon çörək kombinatına aid 1993-1996-cı illər üzrə və 1996-2006-cı illər üzrə 2 ayrı-ayrı kitab, "Bərəkət-3" firmasına aid 2000-2003-cü illər üzrə 1 kitab və "xxxx" MMC-yə aid olan 2003-2008-ci illər üzrə 1 kitab vardır. İddiaçının Kəlbəcər rayon çörək kombinatının nəzdində olan Gəncə şəhər 3cü mikrorayonda yerləşən çörək sexinə xəmirkar təyin edilməsi barədə kombinatın direktoru F.Qasımovanın xx.xx.1993-cü il tarixli 13 nömrəli əmri əmr kitabının 8-ci vərəqində, onun işdən azad edilməsi barədə kombinatın direktoru Ə.İbrahimovun xx.xx.2000-ci il tarixli 55 nömrəli əmri digər əmr kitabının 32-ci vərəqindədir. Hər iki əmrin üzərinə vurulmuş möhür əksindəki yazılar latın qrafikalı əlifbanın hərfləri ilə icra edilmişdir. Halbuki, 1993-cü ildə Azərbaycan əlifbası latın qrafikalı deyil, kiril qrafikalı olmuşdur. Bu da həmin möhürün 1993-cü ildə deyil, ondan sonra vurulduğunu təsdiq edir. Bundan başqa Kəlbəcər rayon çörək kombinatının 1993-1996-cı illər üzrə əmr kitabının sonuncu vərəqində "Bu kitabda cəmi 44 vərəq nömrələnmiş və qaytanlanmışdır" sözləri yazılaraq Kəlbəcər çörək kombinatının direktoru kimi F.H.Qasımovanın adı yazılıb imzalansa da, əmr kitabından görünür ki, F.H.Qasımovanın adından imzalanmış sonuncu 143 nömrəli əmr xx.xx.1996-cı ilə aiddir, ondan sonra gələn xx.xx.1996-cı il tarixli 143 a və 144 nömrəli əmrlər isə yeni direktor Ə.İbrahimovun adından verilmişdir. İddiaçının "Bərəkət-3" firmasının Gəncə çörək sexinə çörəkçi təyin edilməsi barədə həmin firmanın direktoru Ə.İbrahimovun xx.xx.2001-ci il tarixli 8 nömrəli əmri firmanın əmr kitabının 4-cü vərəqində, onun həmin işdən azad edilməsi barədə firmanın direktoru Ə.İbrahimovun xx.xx.2003-cü il tarixli 30 nömrəli əmri həmin əmr kitabının 23-cü vərəqindədir. İddiaçının adı "xxxx" MMC-in direktoru Ə.İbrahimovun xx.xx.2004-cü il tarixli 01 nömrəli əmrində göstərilsə də, onun hər hansı işə qəbul edilməsi göstərilməmişdir. Həmin əmr MMC-in əmr kitabının 2-ci vərəqindədir. İddiaçının "xxxx" MMC-nin çörək sexinin fəhləsi işindən azad edilməsi barədə MMC-in direktoru Ə.İbrahimovun xx.xx.2006-cı il tarixli 03 nömrəli əmri eyni əmr kitabının 34-cü vərəqindədir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sadalanan bütün əmr kitablarının vərəqləri bir-birinə iplə tikilmiş olsa da, kitabda olan bütün əmrlər vahid fayl şəklində kompyuterdə birdəfəyə yazılaraq printerdə çap edilmiş və sonradan tikilmişdir. Hətta kompyuterdə yazı zamanı vərəqlər də avtomatik olaraq nömrələnmiş, eləcə də, bəzi əmrlərin mətninin bir hissəsi bir vərəqdən digərinə keçirilmişdir. Əmr kitabları əvvəldən tikilmiş olsaydı, yazıların printer vasitəsilə çap edilməsi mümkün olmazdı. Bu isə onu deməyə əsas verir ki, əmrlər onlarda göstərilən tarixlərdə deyil, sonradan yazılmışdır. Kəlbəcər çörək kombinatının 1993-1995-ci illər üzrə əmək haqqı cədvəli yoxdur, 1996- 2000-ci illər üzrə aylıq əmək haqqı cədvəllərindən isə görünür ki, həmin sənədlər də latın qrafikalı Azərbaycan əlifbasının hərflərinin əks olunduğu möhürlə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi inzibati mübahisə üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməmişdir və cavabdeh həmin müddətləri onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək Kəlbəcər çörək kombinatının çörək sexində, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək “Bərəkət-3” firmasında, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxx” MMC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-861/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar