Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-34/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əlindən alınmış 0,06 ha həyətyanı torpaq sahəsinin əvəzinə, ona İsmayıllı şəhəri ərazisində yerləşən başqa 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müvafiq qərarın qəbul olunması, habelə həmin torpaq sahəsinin naturada təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı müraciətinə əsasən, cavabdeh 03.03.2014-cü il tarixli 05 saylı qərarı ilə iddiaçıya İsmayıllı şəhərinin keçmiş İsmayıllı kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsini fərdi yaşayış evi tikmək məqsədilə satmış, cavabdehlə iddiaçı arasında 05.03.2014-cü il tarixində torpaqların alqısatqısına dair akt tərtib edilərək, müvafiq qaydada imzalarla və möhürlə təsdiq edilmişdir. Bütün bunlardan sonra həmin sözügedən torpaq sahəsi hasara alınmışdır. Lakin sonradan, məlum olmuşdur ki, cavabdeh, iddiaçıya satdığı sözügedən torpaq sahəsini əvvəllər başqa şəxsə satmışdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.01.2016-cı il tarixli 2(037)-23 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıya satılmış sözügedən torpaq sahəsi X1, yəni, ona məxsus imiş. Həmin sözügedən qətnamə ilə müəyyən edilərək göstərilmişdir ki, işdə olan “A” seriyalı 396285 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı rayon İsmayıllı kənd bələdiyyəsinin 19.12.2011-ci il tarixli 16 saylı qərarına uyğun olaraq, fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 kv.metr (yəni, 0,06 ha) torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq, İsmayıllı rayon İsmayıllı kənd sakini X2 adına X7 Kitabında 31.05.2012-ci il tarixində 6197 nömrə ilə uçota alınmış, həmçinin, keçmiş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsində **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 yanvar 2016-cı il tarixli 2(037)-23 nömrəli qətnaməsi ilə sözügedən torpaq sahəsi iddiaçıya aid edilməyərək, iddiaçının əlindən alınmışdır. Bu məsələ ilə bağlı DƏDRX 9 saylı ərazi idarəsi münasibət bildirərək, 12.04.2016-cı il tarixli **********15 nömrəli məktubunda qeyd etmişdir ki, “...həmin torpaq sahəsinin koordinatlarının hazırlanın üçün İsmayıllı bələdiyyəsi tərəfindən sizə satılmış 0,06 ha torpaq sahəsinin yerini bələdiyyə üzvləri ilə dəqiqləşdirdikdən və mərzçəkmə nişanları qoyulduqdan sonra ərazi idarəsinin rəy şöbəsinə hüquqların dövlət qeydiyyatı üçün müraciət edə bilərsiniz”. Bu məktuba əsaslanaraq, iddiaçıya başqa torpaq sahəsinin ayrılaraq verilməsinə dair ərizə ilə cavabdehə 27.01.2020-ci il tarixində müraciət olunmuş, lakin cavabdeh 05.02.2020-ci il tarixli 36 nömrəli cavab məktubu ilə mübahisəni həll etməyərək, işini bitmiş hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə birlikdə 11.02.2021-ci il tarixli buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, nümayəndəsi olduğu bacısı İddiaçı cavabdeh İsmayıllı Bələdiyyəsinə qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsi ilə müəyyən edilmiş iddia ərizəsinin məhkəməyə verilməsi müddəti iddiaçının təqsiri olmadan buraxılmışdır. Belə ki, bu məsələni məhkəmə müdaxiləsi olmadan həll etmək məqsədilə iddiaçıya başqa torpaq sahəsinin ayrılaraq verilməsinə dair ərizə ilə cavabdehə 27.01.2020-ci il tarixində müraciət olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş, cavabdehin 05.02.2020-ci il tarixli 36 nömrəli cavab məktubunda göstərilmişdir ki, məsələnin araşdırılması üçün vətəndaş A.Nəhmədovaya sənədlərinin cavabdehə təqdim etməsi rəsmi bildirilmiş, vətəndaş sənədləri təqdim etdikdən sonra həmin yerə naturada və sənəd üzrə baxış keçiriləcək, bu barədə iddiaçıya bildiriləcəkdir. Bu səbəbdən, cavabdeh tərəfindən ərizəyə mahiyyəti üzrə baxılaraq, nəticəsi barədə məlumat verilməsini gözləmişdir. Lakin cavabdeh tərəfindən bu məsələnin həlli ilə bağlı hər hansı bir məlumat verilməmişdir. Pandemiya ilə bağlı bir çox sahələrdə məhdudiyyətlərin və qadağaların tətbiq edilməsi də məhkəməyə vaxtında müraciət etməyə imkan verməmişdir. Qeyd olunanlara əsasən, prosessual müddətin iddiaçının təqsiri olmadan buraxıldığını və bu səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsini əsaslı və qanuni hesab etdiyini bildirmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prossesual müddətin bərpa edilməsini, iddianın mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclasda iştirak etməmişlər. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdən müəyyən edilir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən 05.02.2020-ci il tarixdə imtina verilməsi mübahisəsiz haldır. İPM-in 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən 11 fevral 2021-ci il tarixdə imzalanmaqla, məhkəməyə göndərilməsi üçün poçta təhvil verilmişdir. İddia ərizəsi, digər iş materialları və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı cavabdehin 05.02.2020-ci il tarixli imtinasından artıq 2020-ci ilin fevral ayından məlumatlı olmuşdur. İddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində də bu faktı təkzib etməmişdir. Bu da o deməkdir ki, iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür. Bundan başqa İsmayıllı Bələdiyyəsinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq ünvanladığı 10 dekabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı nümayəndəsi X4 27 yanvar 2020-ci il tarixdə bu məsələ ilə bağlı İsmayıllı bələdiyyəsinə müraciət etmişdir və vətəndaşa həmin ərazidə hər iki vətəndaşa satılmış torpaq sahələrinin naturada mövcud olmasına baxmayaraq, İddiaçı 0,06 ha torpaq sahəsinin tam şəkildə verilməsini mümkünsüz edən DƏDRX tərəfindən verilmiş çıxarışın olmasını nəzərə alaraq bu məsələnin qanuni həll olunması üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prossesual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçının nümayəsinin izahatında cavabdehin imtinasını 2020-ci ildə aldıqlarını bildirməsindən və dəqiq tarix qeyd etməməsindən çıxış edərək, imtinadan ilin son günündə məlumat alındığı nəzərə alınaraq, müddət iddiaçı tərəfindən ilkin olaraq iddia ərizəsinin poçta təqdim edildiyi 11.02.2021-ci il tarixədək hesablansa belə, qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyü müəyyən olunur. 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqda haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-602/2021 nömrəli, 21.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-34/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-34/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver