Məhkəmə qərarları › İş №2-1(107)-340/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-340/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-340/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X18 tərəfindən apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qax rayonu Qaxbaş kəndində yaşayır və onun əvvəlki soyadı Seyidova olmuşdur. X2 iddiaçının əmisidir.

2. Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən, Nadir Əhmədovun kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsi Elena Seyidovaya ölçülmüşdür.

3. Qax rayonu Şota Rustaveli adına kolxozun həmin qərarı ilə ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək iddiaçı X16 verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir.

4. Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında da 1081-ci sırada X11 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur.

5. "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi X11 adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha qeyd olunmuşdur.

6. Bundan başqa, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X6 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir.

7. Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X8, X17, X9 və X12 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur.

8. Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır.

9. X7 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax Rayonu Notariat Ofisi tərəfindən onun arvadı X8 adına xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmiş, ona görə də X4 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X8 mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, X2nun adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X2nun adına verilmiş xx.xx.2019-cu il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunur.

11. İddiaçı cavabdehlər X5 hüquqi varisi X13 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

12. O, tələbini belə əsaslandırmışdır ki, qarşı tərəfin saxta sənədlər əsasında əldə etdiyi çıxarışla onun torpaqla bağlı mülkiyyət hüququ məhdudlaşdırılmış, öz qanuni torpağından istifadə etməyinə imkan verilməmişdir.

13. Bundan sonra iddiaçı birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi X5 hüquq varisi X14 üçüncü şəxs kimi göstərdiyini bildirmiş, iddia tələbini isə "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X18 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Məhkəmənin həmin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.

16. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********81 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad edərək bildirmişdir ki, X5 adına olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci ildə Qax rayon Notariat Ofisində təsdiqlənmiş 2V-207 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsəsi X8 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 23 avqust 2022-ci il tarixli 2- 1(116)-676/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində X2nun adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X16 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

18. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X18 tərəfindən həmin qərardan apellyasiya şikayətləri verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzərində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq RX ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, Qax rayonu Qaxbaş kəndi Şota Rustaveli kolxozunun idarə heyəti tərəfindən X6 Qax İngiloy kənd inzibati ərazi dairəsi nümayəndəliyinə təqdim etmək üçün verilmiş və kolxozun sədri X.Tilkavaşvilinin imzası və kolxozun dairəvi möhürü ilə təsdiq edilmiş xx.xx.1996-cı il tarixli 368 nömrəli arayışın əslindən görünür ki, X5 adına kolxozun qaytanlanmış torpaq kitabında 582-ci sırada 0,12 ha həyətyanı torpaq sahəsi var. Qax RİH Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X6 DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim etmək üçün verilmiş xx.xx.2018-ci il tarixli 1716 nömrəli arayışdan görünür ki, Qax rayonu Qax İngiloy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaxbaş kəndinə aid 3 saylı təsərrüfatbaşına kitabın 92 saylı şəxsi hesabında X5 adına 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Sözügedən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə Qax rayon Notariat Ofisində 2V-207 nömrəsi ilə reyestrdə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi X8 Qax rayonu Qaxbaş kəndində 0,12 ha yaşayış məntəqəsi torpağına və həmin torpağın üzrəində tikilmiş ümumi sahəsi 114,7 kv.m fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyatı dövlət reyestrində qanunvericiliyin tələblərinə uyğun olaraq ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-721A, kod 40309028 şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli qərarı ilə 0,06 ha (583,9 kv.m) həyətyanı sahə Qax rayonu Qaxbaş kənd sakini X11 mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissələrində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, Qax rayonu Qaxbaş kənd sakini X16 daşınmaz əmlakn dövlət reyestrində X2nun adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 0,12 ha yaşayış məntəqəsi torpağından əlavə 0,06 ha torpaq payının ayrılmasının tanınması yolverilməzdir. Bundan əlavə qeyd olunmalıdır ki, X1 torpaq sahəsinə olan hüququ qanun üzrə vərəsəsinə keçdiyindən mərhumun adına aparlımış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyat qüvvədən düşmüşdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-721A, kod 40309028 şəhadətnamədən və torpaq sahəsinin yerləşdiyi yerin sxemindən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 20 iyul 2000-ci il tarixli qərarı ilə Qax rayonu Qaxbaş kənd sakini X11 mülkiyyətinə verilmiş 0,06 ha (583,9 kv.m) həyətyanı sahə ilə iddiaçının iddia etdiyi torpaq sahəsi Qax rayonu Qaxbaş kəndinin fərqli hissəslərində yerləşir və X2nun mülkiyyətində olmuş 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Odur ki, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Üçüncü şəxs X18 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolunda X6 torpaq sahəsinin verilməsinə dair məlumat tapılmamışdır. Bildirmişdir ki, onlarda olan və reyestr xidmətinə təqdim edilmiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarış əslidir və onların tərəfindən heç bir saxtalaşma aparılmamışdır və məhkəmə tərəfindən sübut edilməmişdir. Həmin çıxarışın protokolda olmaması isə ona adi bir məsələ deyil və bunun məsuliyyəti həmin dövrdə kolxoz rəhbərliyinin üzərinə düşür. Birinci instansiya məhkəməsi rəyində iddiaçının iddia etdiyi yerlə iddiaçıya verilmiş yerləri səhv salmış, öz rəyində iddiaçının iddia etdiyi yerin onun mülkiyyətində olan yerlə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının aqrar islahatla əlaqədar aldığı torpaq sahəsi tamamilə başqa ərazidədir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 oğlu və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmişlər.

24. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

25. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2021-ci il tarixli 637 nömrəli arxiv çıxarışından görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli iclas qərarı ilə Əhmədov Nadirin kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsinin Seyidova Elenaya ölçülməsi qərara alınmışdır. - xx.xx.1997-ci il tarixli aktdan görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə ev tikmək üçün ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən ölçülərək iddiaçı X16 verilmiş, torpaq sahəsinin qonşularının şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol olması müəyyən edilmişdir. - Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 127 nömrəli arxiv arayışından görünür ki, Qax rayonu Şota Rustaveli adına kolxozun Torpaq kadastrı kitabında 1081-ci sırada X11 0,06 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunmuşdur. - "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 721-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxs kimi X11 adı qeyd edilmiş və onun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,06 ha qeyd olunmuşdur. Həmin cədvəlin 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X8, X17, X9 və X12 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. - Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışdan görünür ki, Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda, ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X6 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının əmisi X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. - Qax Rayonu Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, X7 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra onun həmin şəhadətnamə mərhumun arvadı X8 adına verilmişdir. - "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. - Məhkəmə kollegiyasına təqdim edilmiş JN-721A nömrəli Torpağın mülkiyyətinə verilməsinə şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə X16 0,06 ha torpaq sahəsi verilmişdir. - Məhkəmə kollegiyasına təqdim edilmiş təsərrüfat üzvlərinin siyahısında torpaq sahəsi verilməsi nəzərdə tutulmuş şəxslərin siyahısında X11 adı qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

27. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 12-ci maddəsinin 2-ci bəndinə əsasən, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayətləri uğurlu olacaqdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi, X2nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X6 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

37. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən, Nadir Əhmədovun kəsilən və kolxoz fonduna birləşən 0,06 ha torpaq sahəsi Elena Seyidovaya ölçülmüşdür. Qax rayonu Şota Rustaveli adına kolxozun həmin qərarı ilə ayrılmış 0,06 ha (30 metr x 20 metr) torpaq sahəsi xx.xx.1997-ci ildə kolxozun baş aqronomu, təftiş komissiyasının sədri, 1 nömrəli təsərrüfat briqadasının briqadiri tərəfindən naturada ölçülərək iddiaçı X16 verilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda torpaq sahəsinin qonşuları kimi şimaldan Nümayəndə2, cənubdan Xürrəm Seyidov, şərqdən Eldar Salamov, qərbdən isə yol göstərilmişdir. Bununla bağlı Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə X16 0,06 ha torpaq sahəsi verilməsinə dair JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə şəhadətnamə tərtib edilmişdir.

38. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi (atası) bildirmişdir ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə verilən və JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi başqa yerdə yerləşir və hazırda onların istifadəsindədir. Lakin Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə ayrılan torpaq sahəsi ilə hər hansı əlaqəsi yoxdur.

39. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə ayrılan, JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə şəhadətnamədə göstərilən Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi eyni torpaq sahələri deyildir.

40. Belə ki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X6 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X8, X17, X9 və X12 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. X7 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra Qax Rayonu Notariat Ofisi tərəfindən onun arvadı X8 adına xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmiş, ona görə də X4 miras qalmış Qax rayonu Qaxbaş kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X8 mülkiyyət hüququ xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

41. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, X2nun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas vermiş Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışın məzmunu protokolun məzmununa uyğun deyil və əslində, göstərilən iclas qərarında X6 torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. Eyni zamanda, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilərək məhkəməyə göndərilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, iddiaçı X3 qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi faktiki olaraq 0,0565 ha təşkil edir, iddiaçının iddia etdiyi faktiki 0,06 ha torpaq sahəsi X2nun adına qeydiyyata alınmış **********596 nömrəli çıxarışda göstərilən 0,12 ha torpaq sahəsi ilə üstüstə düşür.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad olan normaların tələblərindən də göründüyü kimi, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Belə ki, İddiaçı da Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə 0,06 ha torpaq sahəsi ayrılmış, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə həmin torpaq sahəsi onun mülkiyyətinə verilərək JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə şəhadətnamə tərtib edilmişdir. Həmçinin, qanunvericiliyin tələblərindən də göründüyü kimi torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Göründüyü kimi, Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X8, X17, X9 və X12 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur.

43. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının iddia etdiyi 0,06 ha torpaq sahəsinin ona verilməsi barədə hər hansı hüquqmüəyyənedici sənəd, ayrıc aktı mövcud deyildir. Halbuki, Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1995-ci il tarixli 02 nömrəli ümumi iclas protokolundan çıxarışda Qaxingiloy kənd sakini X5 öhdəsində kolxozun qaytanlanmış kitabında 0,07 ha həyətyanı torpaq sahəsi olduğu halda ona bitişik olan 0,05 ha torpaq sahəsinin də əlavə olaraq X6 verilərək 0,12 ha-ya çatdırılmasının qərara alındığı göstərilmişdir. Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə "Qax rayon Qaxbaş kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 717-ci sətrində mülkiyyətinə torpaq sahəsi veriləcək şəxslər kimi X5, X8, X17, X9 və X12 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi kimi 0,12 ha qeyd olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır.

44. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkəmə kollegiyasına təqdim edilən sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, İddiaçı Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsi ilə bağlı JN-721A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyektə yalnız bir dəfə torpaq payı verilə bildiyindən, eyni zamanda iddiaçının nümayəndəsinin (atası) izahatına əsasən həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən və hazırda onların istifadəsində olduğundan, Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X6 verilmiş 0,12 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından iddia tələbi əsassızdır, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri isə əsaslıdır.

45. Ona görə də birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində İddiaçı iddia etdiyi 0,06 ha torpaq sahəsinin mütəxəssis rəyi təyin etməklə daşınmaz əmlakın dövlət reyestrində X2nun adına aparılmış xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyatın Qax rayonu Şota Rustaveli adına kolxozun xx.xx.1996-cı il tarixli 2 nömrəli qərarı ilə iddiaçı X16 verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 565 kv.m torpaq sahəsinə aid hissədə ləğv etməklə inzibati iş üzrə səhv nəticəyə gəlmişdir.

46. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia tələbi təmin edilməməli, apellyasiya şikayətləri təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və üçüncü şəxs X18 tərəfindən apellyasiya şikayətləri təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2-1(116)-676/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "X2nun adına verilmiş, xx.xx.2019-cu ildə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar