Məhkəmə qərarları › İş №2-1(107)-340/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-340/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-340/2023 14.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(116)-694/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X15 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X15 adına 29 avqust 2019-cu ildə verilmiş ********** saylı çıxarışın fərdi yaşayış evinə aid hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-694/2023 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə ləğv edilməsi” barədə qərar qəbul edilməsini və X10, X11, X13 və X6 üçüncü şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir..

5. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Daşdəmir Mehdiyev anası Mələk Mehdiyeva ilə birlikdə 1950-ci illərdə yaşayış evi inşa etmişlər və bu gündə həmin ev mövcuddur. X2 1992-ci ildə vəfat etmişdir. Bacısı X1 rayon məhkəməsində X12ndan miras qalmış evin vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia qaldırmış və məhkəmədə hakimin bildirməsindən sonra bilmişdir ki, 1972-ci il təvəllüdlü qardaşı X15 X2nun 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayı evini öz mülkiyyəti kimi qeydə aldırmışdır. İddiaçı cavabdeh orqana atasının inşa etdirdiyi evə mülkiyyət sənədləri verilməsi üçün müraciət edərkən 09 iyun 2020-ci ildə məlum olmuşdur ki, X15 X12 ilə ümumibirgə mülkiyyətinə verilmiş 0.2642 ha torpraq sahəsinin JN-151F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında həmin fərdi yaşayış evini öz adına mülkiyyət hüquqları əsasında qeydə aldırmış və onun adına 29 avqust 2019-cu ildə ********** saylı Çıxarış verilmişdir. Halbuki, 1989-cu illin fevral ayında həmin fərdi yaşayış evi X2nun adına qeydə alınmış və fərdi yaşayış evi fonduna daxil olan evin texniki pasportu hazırlanmışdır. Ancaq atası 1992-ci ildə vəfat etdiyindən qeydiyyat vəsiqəsinin alınıb alınmamasını bilmir.

6. X12 xx.xx.2012-ci ildə vəfat etdikdən sonra X15 həyətyanı torpağını yarıdan bölmüş və boş sahədən özünə yaşayış evi inşa etdirmişdir. Atasının inşa etdirdiyi fərdi yaşayış evində isə o və bacısı Dursun Mehdiyeva yaşayır. Fərdi yaşayış evi qeydə alınarkən onun həyətdə 2018-ci ildə inşa etdirdiyi anbar, darvaza və qapı da onun mülkiyyətində olması kimi göstərilmişdir. Hazırda onlar arasında miras əmlak bölgüsü ilə bağlı mübahisə var və X15 atası X5 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayış evini qanunsuz yolla öz adına qeydə aldırdığından atasının mülkünün bölünməsi və iddiaçının miras payının alınması mümkünsüzdür. X8 adına verilmiş çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

7. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın evə dair hissəsinin ləğv edilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakına dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin üçüncü şəxs iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2023-cü il tarixli 2- 1(116)-694/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Üçüncü şəxs X15 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu Tanrıqulular kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Atası sağlığında bütün qardaşbacılarını çıxardıb ayrı təsərrüfat yaratmış, onu təsərrüfatda saxlamışdır. O, vəfat etdikdən sonra təsərrüfat anasının adına keçmişdir. Həmin təsərrüfatda isə anası ilə birlikdə o qalmış və yaşamışdır. O, atasından qalma mal-qoyun təsərrüfatı ilə məşğul olmuşdur. Hətta özünə ev almaq istədikdə anası atasının hər şeyi ona verdiyini bildirib. Sonra anası demişdir ki, saxladığı mal-qoyunla köməklik eləsin, qardaşları evlənsin. O da kömək etmişdir. Sonralar qardaşı - hazırkı İddiaçı təsərrüfat davası edəndə anası ona demişdir ki, heç nə olmaz, mal-qoyunu ver ona, getsin məhləsində özü üçün ev tiksin. O da özünə məxsus olan 100 baş qoyunu, 12 baş malı və 2 atı qardaşı Mübarizə vermişdir. Hətta təhqir edilərək evdən də qovulmuşdur. Atasından qalan mülkə onun girməyinə polis tərəfindən qadağan qoyulub. Onun 3 uşağına bu təsərrüfata qarşı dəfələrlə ünvanlı sosial yardımdan imtina gəlib. Hətta bir neçə dəfə birgə yaşayış vaxtı söz-söhbət olduğu üçün o, ailəsi üçün ev tikmək fikrinə düşmüş və yaşadığı evin həyətində ev tikməyə başlamışdır. Ev tikilib başa çatmamış bacısı Dursun Mehdiyeva və qardaşı İddiaçı ona qarşı iddia qaldırmışlar ki, evi onlara verməlidir. Hazırda bütün mülk onların istifadəsindədir, ona heç bir şey düşmür. Hətta onlar qanunsuz olaraq gətirib ikinci işıq və qaz sayğacları da qoyublar. Həmçinin onlar iddia edirlər ki, həyətyanı torpaq sahəsinin şəhadətnaməsi və çıxarış da saxtadır. Halbuki, bütün sənədlər onların özlərindədir. Onlar bu gün iddia qaldırırlar ki, 50-ci ildə tikilmiş ev 1972-ci ildə doğulmuş X8 adına sənədləşdirilə bilməz və onu qeyri-qanuni, saxta sənəd hesab edirlər. Lakin onlar özləri saxtakarlıq edərək atalarının qoyduğu darvazanı özləri bərpa etmiş kimi məhkəməyə təqdim ediblər. 3 il bundan əvvəl tikdikləri toyuq damını əllərində əsas tutub deyirlər kı, dam tikmişlər. Lakin o atadan qalan mal damının qabaq hissəsinin barısını inşa edib orada qoyun saxlamışdır. Hətta atadan qalaq evi bərpa etmişdir. Onun bu gördüyü işlərin heç biri nəzərə alınmır, o, haqsız çıxır. Onlar analarnın adına olan sənədi saxta hesab edərək 50-ci ildə atanın adına olan sənədi çıxardırlar. Ancaq 50-ci ildə atanın onlardan əvvəl birinci ailəsi olubdur. Belə baxanda o evdən onlara həmin illərə aid heç bir pay düşmür. Hal-hazırda onun özü tərəfindən tikilmiş və yarımçıq qalan ev ona görsədilmir. O, öz məhləsinə keçmək üçün maşın yoluna sahib deyil. Onlar buna imkan vermirlər. Hətta onu məhlədən də çıxartmaq istəyirlər. Onlar dəfələrlə ona məxsus olan sahəni suya batıraraq mal örüşü ediblər. Yerini əkməyə imkan belə vermirlər. Hal-hazırkı evə məxsus şəhadətnamə və çıxarış onun adınadır. Onun və ailəsinin atadan qalan mülkdən istifadə etmək hüququları vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(116)-694/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2- 1(116)-694/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(116)- 694/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. 16 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddia ərizəsinə əlavə olunmuş: - cavabdehin xx.xx.2022-ci il tarixli **********44 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X33 filialının xx.xx.2022-ci il tarixli 111/10 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Tanrıqulular kənd Sovetliyinin 1986-1990cu illərə dair 05 saylı təsərrüfatbaşına kitabının 38-ci səhifəsinin 387 saylı qeydində X7 təsərrüfat başçısı yazılmışdır. - Sənəddə ailə üzvlərinin siyahısı aşağıdakılardır: - X7 ailə başçısı təvəllüd tarixi -1925-ci il - X35 arvadı təvəllüd tarixi-1930-ci il - X17 təvəllüd tarixi-1963-cü il - X13 təvəllüd tarixi-1965-ci il - X14 təvəllüd tarixi-1967-ci il - İddiaçı təvəllüd tarixi- 1968-ci il - X15 təvəllüd tarixi-1972-ci il - Kəmalə Rüstəm(potranit) təvəllüd tarixi xx.xx.1967-ci il düzgün oxunmur Tanrıqulular kənd Sovetliyinin 1991 -1995-ci illərə dair 05 saylı təsərrüfatbaşına kitabının 9-cu səhifəsinin 370 saylı qeydində X4 xx.xx.1991-ci ildə vəfatı yazılmışdır. Həmin təsərrüfat həyat yoldaşı X19 adına keçmişdir. - Sənəddə ailə üzvlərinin siyahısı aşağıdakılardır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: - X29 təsərrüfat başçısı təvəllüd tarixi-1930-cu il. - X15 təvəllüd tarixi 1972-ci il. Yevlax rayonu Tanrıqulular kənd Sovetliyinin 1986-1990, 1991 -1995-ci illərə dair Təsərrüffatbaşına kitablarında İddiaçı təsərrüfatda tək yaşadığı yazılmışdır. 28 avqust 1989- cu ildə İddiaçı adına 760 nömrəli təsərrüfat açılmışdır. 1996-2000-ci illərə dair Tanrıqulular kənd İƏV üzrə nümayəndəliyin 6 saylı təsərrüafatbaşına kitabında İddiaçı ayrıca təsərrüfat kimi qeyddiyyata alınmışdır. 0,10 ha (on sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. 1996-2000-ci illərə dair Tanrıqulular kənd İƏV üzrə nümayəndəliyin 4 saylı təsərrüafatbaşına kitabında X29 təsərrüfat başçısı yazılmışdır. Təsərrüfatbaşına kitabda təsərrüfat üzvlərinin siyahısı aşağıdakı kimidir. - X29 təsərrüfat başçısı təvəllüd tarixi-1930-cu il. - X15 təvəllüd tarixi 1972-ci il Həmin təsərrüfatın xüsusi mülkiyyətində 0,26 ha (iyirmi altı sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. - JN-151F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax RAİK-nın xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə X36 və X9 0,26 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və 125,3 kv.m fərdi yaşayış evi X15 və X20 ümumibirgə mülkiyyətində olmuşdur. - xx.xx.2019-cu il tarixli, 9xx-xx/1263 inventar nömrəli texniki pasportdan görünür ki, hüquq subyekti X15, yaşayış evinin tikildiyi il - 1950-ci il, ümumi sahə 125.3 kv.m qeyd edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş 1989-cu il tarixli, 101 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və 125,3 kv.m fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1 -ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir.

21. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 -ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: "1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Yevlax RAİK-nın xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə X36 və X9 0,26 ha torpaq sahəsi ayrılmış və JN-151F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınarkən yanlış olaraq ancaq müvafiq şəhadətnamə əsas götürülmüş və fərdi yaşayış evi üzərində həmin şəxslərin ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı qeydiyyat aparılmışdır.

28. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1 -ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 -ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi "passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

29. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə mübahisələndirildiyindən, məhkəmə araşdırması zamanı müvafiq çıxarışda adları qeyd olunan şəxslərlə bağlı aparılmış qeydiyyatın əsaslı olub-olmaması yoxlanılmış, ümumi sahəsi 125.3 kv.m olan fərdi yaşayış evi üzrə ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilərək, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir.

30. İşin mübahisəsiz halıdır ki, Yevlax rayonu Tanrıqulular kəndində 0.2642 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1950-ci ildə inşa edilmişdir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarını əsas götürməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməli idi.

32. İşin məhkəmə kollegiyası tərəfindən müəyyənləşdirilmiş hallarından görünür ki, 1996-2000-ci illər üzrə qeyd olunan torpaq sahəsinə dair təsərrüfatda X29 təsərrüfat başçısı olmuş, X15 isə təsərrüfatın üzvü olmuşdur. Yəni, fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları təsərrüfat başçısı olaraq mərhum X22 məxsus olduğundan, digər şəxsin fərdi yaşayış evində ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı aparılmış qeydiyyat əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən fərdi yaşayış evi X8 doğulmasından 22 il əvvəl inşa edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, 1989-cu il tarixli, 101 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və 125,3 kv.m fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsində tikilinin olması ilə bağlı şəhadətnamənin qaimə sertifikatında müvafiq qeydlərin olması, həmin tikilinin heç də şəhadətnamədə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyətində olması demək deyildir. Yuxarıda istinad olunan, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015- ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından göründüyü kimi, fərdi yaşayış evlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və əsas olaraq təsərrüfatbaşına kitablardan çıxarış məlumatlarına və texniki pasporta istinad olunması (hazırkı iş üzrə) birmənalı təsbit edilmişdir.

34. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki iş üzrə iddia tələbi "öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə münasibətdə X9 aid hissədə ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh həmin çıxarışın fərdi yaşayış evi ilə bağlı hissəsində adı qeyd edilən şəxsə münasibətdə aparılmış qeydiyyatın əsaslılığına dair sübut təqdim edə bilməmişdir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda fərdi yaşayış evi ilə bağlı X8 adına aparılmış qeydiyyat əsassız olduğundan iddiaçı həmin qeydin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə ləğv edilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(116)-694/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar