Məhkəmə qərarları › İş №2-1(107)-340/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-340/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-340/2024 23.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2-1(116)-204/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instasniya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək izah olunmuşdur ki, hazırkı mübahisə mümkünlük şərtinə cavab vermir.

3. Birinci instasniya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Birinci instasniya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi idia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 aprel 2024-cü il tarixli 2- 1(116)-204/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsini tənzimləyən qanunvericilik normasında qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən daşınmaz əmlaka dair hüququn dövlət reyestrində qeydə alınması birmənalı göstərildiyi və Oğuz rayon məhkəməsinin yuxarıda istinad olunan qanuni qüvvəyə minmiş qətnaməsi ilə sözügedən torpaq sahələrinə mülkiyyət hüququ müəyyən olunduğuna görə, heç bir qanuni əsas olmadan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina qanunsuz olmaqla onun mülkiyyət hüququnun pozulmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ½ hissədə mülkiyyət hüququ müəyyən edilmiş torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan imtinasında torpaq sahəsinin naturada bölünməli olması və bölgü sxeminin təqdim edilməsi tələbini qoymamış, yalnız torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyini və guya, yüksəkgərginlikli elektrik xəttinin keçməsini əsas gətirmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüququnun qeydə alınmadığı halda naturada bölgünün aparılmasına dair digər mülkiyyətçi ilə danışıqlar aparmağı da mümkün deyil. Ona görə ki, digər mülkiyyətçi qanunsuz hərəkətlərlə hüquqlarının həyata keçirilməsinə maneə olur və torpaq sahəsindən faktiki istifadəsinə maneçilik törədir. Ona görə də məhkəmə qərarı ilə hüququ müəyyən olunmuş torpaq sahəsinin ½ hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına çalışır ki, buna nail olduqdan sonra qeydə alınmış mülkiyyət hüququnun həyata keçirilməsinə, törədilən manelərə qarşı hüquqi tədbirlər görə bilsin. Hazırkı halda mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmadığına görə digər mülkiyyətçi ilə də bölgünün aparılması mümkün olmamışdır. Digər tərəfdən, hətta, digər mülkiyətçi torpaq sahəsinin naturada bölgüsünə razılıq vermiş olsa belə (lakin bu razılıq da yoxdur), yenə də rəsmi reyestrdə qeydə alınmamış mülkiyyət hüququnun naturada bölgü sxeminin icrası mümkünsüz olacaqdır. Belə ki, qeydə alınamayan hüquqa uyğun bölgünün aparılmasını notariat da təsdiq etmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2-1(116)-204/2024 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2- 1(116)-204/2024 nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yeni qərardad qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-cü bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

11. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

15. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir.

16. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

17. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinə 1/2 pay hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

18. Birinci isntansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahələrinə dair mütəxəssis rəyi tələb olunmuşdur. Təqdim olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki,iddia olunan torpaq sahələri ilə TEKUİS-ə əsasən uyğunsuzluq mövcuddur.Həmçinin,sənəd üzrə torpaq sahələri 0,80 ha və 0,78 ha,cəmi olsa da Dövlət Aktının cizigisində qeyd olunmuş torpaq sahəsi ilə qismən üst-üstə düşür.

19. İddia ərizəsindən görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən özünə aid olduğunu hesab etdiyi ½ hissədə torpaq sahəsinin sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və çıxarışın əldə edilməsinə nail olmaqdır.

20. İddiaçı torpaq sahələrinin ½ hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də həmin torpaq sahəsinin naturada bölünməsi həyata keçirilməmişdir.

21. Birinci isntansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı nəzərə alınaraq izah olunmuşdur ki, arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə digər mülkiyyətçinin razılığı olduğu halda notarial qaydada təsdiq edilmiş bölgü planı əsasında naturada bölünmüş torpaq sahəsi üzərində mülkiyyət hüquqununun qeydiyyata alınması və çıxarışın verilməsi cavabdeh orqandan tələb edilməlidir.

22. Digər mülkiyyətçi ilə arasında razılıq olmadıqda isə torpaq sahəsinin naturada bölgüsü tələbi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsinə müraciət edilməli, məsələ müsbət həllini tapdıqdan sonra isə naturada yeri bəlli olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi cavabdeh orqandan tələb edilməlidir.

23. Həmçinin, iş materiallarından görünür ki, iddia olunan torpaq sahələri üzərinə mülki məhkəmə icraatı qaydasında həbs qoyulmuşdur.Belə ki,Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı,həmin qərardadda olan yanlışlığın düzəldilməsinə dair xx.xx.2019-cu il tarixli qərardad əsasında Qəbələ şəhərində yerləşən 0.80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 744, KOD: ********) torpaq sahəsində və 0.78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD ********) torpaq sahələrinin üzəriə həbs qoyulmuş və tələb həmin əmlaklara yönəldilmişdir.

24. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

25. Beləliklə yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2-1(116)- 204/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2-1(116)-204/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar