Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-341/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus doğum haqqında akt qeydində düzəliş edilərək, “Aynurə” kimi yazılmış adının “Aynur” kimi qeyd edilməsi və bu barədə iddiaçıya yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1468/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus doğum haqqında akt qeydində düzəliş edilərək, “Aynurə” kimi yazılmış adının “Aynur” kimi qeyd edilməsi və bu barədə iddiaçıya yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. X1, anası X3r. İddiaçının adı onun doğum haqqında şəhadətnaməsində “Aynurə” kimi yazılsa da, bütün digər sənədlərində “Aynur” kimi yazılmışdır. İddiaçı cavabdehə müraciət edərək, ona doğum haqqında arayışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-16/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının doğum haqqında akt qeydi ilə şəxsiyyətini təsdiq edən sənəddə adında ziddiyyət olduğundan doğum haqqında arayışın verilməsi mümkün olmamışdır.
3. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 avqust 2022-ci il tarixli 2- 1(116)-1468/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. X1, anası isə X3r. Onun doğum haqqında şəhadətnaməsində adı Aynurə kimi yazılsa da bütün digər sənədlərində (şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamələrində və s. sənədlərində) adı Aynur kimi yazılmışdır. Onun doğum haqqında şəhadətnaməsində və ya doğum akt qeydində adının hansı səbəbdən Aynurə kimi yazılmasından xəbəri yoxdur. Bəlkə də bu adının rus dilində yazılması ilə əlaqədardır. Lakin onun bundan xəbəri yoxdur və bunda təqsirli deyildir. Atası vəfat etmiş və onların vərəsəlik işində onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Akt qeydində olan səhvə görə öz hüquqlarından istifadə edə bilmir. Ümumilikdə bu cür səhvlər ona sənədləşmələrdə problemlər yaradır. Bununla bağlı o, Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin ona X4 tərəfindən tərtib edilmiş akt qeydlərinin nəzərdən keçirildiyi və adının Aynur deyil, Aynurə kimi qeyd edildiyi bildirilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)- 1468/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1468/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1468/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
9. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-693/13 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1984-cü il tarixli 122 nömrəli doğum akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, orada iddiaçının məlumatları “X6” kimi qeyd edilmişdir. - İddiaçıya məxsus 480529 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notariat qaydada təsdiq olunmuş surətində iddiaçının məlumatları “X6” kimi qeyd edilmişdir. - İddiaçıya məxsus 413004 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətində iddiaçının məlumatları “X7” kimi qeyd edilmişdir. İddiaçı ərinin soyadını qəbul etdiyindən “Baxışova” soyadı verilmişdir. - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətində iddiaçının məlumatları “İddiaçı” olaraq qeyd olunmuşdur. - Əhalinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/234 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan müəyyən olunur ki, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş iddiaçının adı “Aynur” olaraq qeyd edilmişdir. Çıxarışa əsasən həmçinin müəyyən olunur ki, iddiaçıya “ASAN-Mingəçevir” tərəfindən xx.xx.2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı evlidir, iki övladı vardır. Məktuba əlavə olunmuş “Doğum haqqında akt qeydi”ndə iddiaçı haqqında məlumatların “X10” kimi qeyd olunduğu müəyyən olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24-cü bəndinə əsasən, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən, atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən, hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən, valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən, valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi...
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1468/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
14. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
15. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
16. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, iddiaçının adı doğum akt qeydində və doğum haqqında şəhadətnamədə Aynura olaraq qeyd edilmiş, şəxsiyyət vəsiqəsi və digər sənədlər doğum haqqında şəhadətnamə əsasında tərtib edilməli olduğu halda, iddiaçıya məxsus olan sənədlərdə adı Aynur olaraq qeyd olunmuşdur. İlkin sənəd qismində məhz doğum haqqında şəhadətnamə çıxış etdiyindən və iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan qanunvericilik normalarından da göründüyü kimi, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.
19. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
20. Belə olan halda iddiaçıya məxsus doğum haqqında akt qeydində düzəliş edilərək, “Aynurə” kimi yazılmış adının “Aynur” kimi qeyd edilməsi və bu barədə iddiaçıya yeni doğum haqqında şəhadətnamənin verilməsindən imtina barədə Cavabdeh hərəkəti qanunauyğun olmuşdur.
21. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı “doğum akt qeydində düzəliş edilərək adının “Aynura” deyil “Aynur” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
23. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2-1(116)-1468/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.