Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-342/2024 02.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “320 ha torpaq sahəsinin 25 il müddətinə cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)-112/2024 nömrəli qərarından iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli torpaq icarəsi haqqında müqavilənin və sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “320 ha torpaq sahəsinin 25 il müddətinə cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli 96 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 96 saylı sərəncamı ilə cavabdehə rayonun inzibati ərazisinə daxil olan, X3ş otlaq ərazisinin Bala Gümüşlü adlı 5 nömrəli hissəsindən heyvandarlığın inkişafı üçün 25 il müddətinə, 320 hektar torpaq sahəsi icarəyə verilmişdir. Cavabdeh torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə verilməsinə baxmayaraq, o, 320 hektar torpaq sahəsinin 10 hektarında yonca əkini aparmaqla əkinçilik məqsədi ilə istifadə edir. Qış otlaq sahəsində yonca əkməklə torpağın təyinatı üzrə istifadə qaydalarını pozmuşdur. O, dəfələrlə rəsmi və yerində akt tərtib edilməklə xəbərdarlıq edilməsinə baxmayaraq, öz bildiyi kimi torpaqdan istifadə etməkdədir. Cavabdeh torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ona verilmiş 320 hektar otlaq sahəsinin 10 hektarında yonca əkilmişdir və yerindəcə akt tərtib edilmişdir. Təkrar ona xx.xx.2022-ci il tarixli xəbərnaməli xəbərdarlıq məktubu göndərilmişdir. Bütün görülən tədbirlərə baxmayaraq Cavabdeh torpaqdan təyinatı üzrə istifadə etmir.
5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Belə ki, iddia ərizəsinin verilməsi üçün müddət buraxılmışdır. Belə ki, icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinin 10 hektarında 7 il əvvəl, yəni 2016-ci ildə yonca əkmiş və həmin yonca sahəsi də artıq təbii örüş sahəsinə çevrilmişdir (yonca bitkisi 3 maksimum 4 illik bitkidir). Bundan başqa Aran zonası quraqlıq olduğundan o həmin yonca bitkisini biçib məhsul götürmək üçün yox, heyvanları otarmaq üçün istifadə etmişdir. 4 hektar xəsil isə əkilib və otarılmışdır. Həmin vaxtdan torpaq sahəsində yem bitkiləri, taxıl və s. kənd təsərrüfatı bitkiləri əkməmişdir. Əkilmiş yonca sahəsindən isə örüş kimi istifadə olunur. İddiaçı, 7 il əvvəl əkdiyi yonca ilə əlaqədar ona qanunla müəyyən edilmiş pozuntunun aradan qaldırılması barədə vaxt verməklə rəsmi xəbərdarlıq etməmişdir. Özünün də, etiraf etdiyi kimi xəbərdarlıq ona 6 il sonra, yəni keçən ilin dekabr ayında edilmişdir. İcarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsindən yalnız heyvandarlıqla məşğul olmaqla təyinatı üzrə istifadə edir. Qeyd olunanlara əsasən iddianın mümkünsüz sayılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı Başçısının xx.xx.2010-cu il tarixli 96 nömrəli Sərəncamından görünür ki, Qəbələ rayonunun Qəmərvan kənd sakini Cavabdeh X8 daxil olan qışlaq “Bala Gümüşlü” adlı 5 nömrəli hissəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında heyvandarlığın inkişafı üçün ona 15 il müddətinə 320 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında Qəbələ rayonu Qəmərvan kəndində yerləşən, 320 ha torpaq sahəsinə dair heyvandarlığın inkişafı üçün xx.xx.2010-cu il tarixli, 96 nömrəli sərəncama əsasən uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. - iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarında torpaqlardan təyinatı üzrə istifadə vəziyyətinin araşdırılması istiqamətində keçirilən monitorinqlər nəticəsində cavabdehin sözügedən örüş sahəsinin 24 (14) hektarında əkinçilik işləri ilə məşğul olmasının müəyyən edilməsi əks olunmuşdur. Cavabdehdən torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - İddiaçı əməkdaşları və cavabdehin iştirakı ilə DTF-nun Gümüşlü adlanan ərazisində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aparılan monitorinq zamanı rayonun inzibati ərazisinə aid DTF-dan icarəsinə və istifadəsinə torpaq sahəsi ayılmış icarədar Cavabdeh istifadəsində olan 320 ha torpaq sahəsinin 10 ha hissəsindən yonca sahəsi, 4 ha hissəsindən xəsil üçün istifadə edilməsi müəyyən olunmuşdur. - Cavabdeh tərəfindən Zərdab rayonu İcra Hakimiyyətinin başçısına ünvanlanmış izahatdan görünür ki, ona Zərdab Rayon icra başçısının 2010-cu il tarixli sərəncamı ilə heyvandarlığı inkişaf etdirməkdən ötrü verilmiş 320 ha torpaq sahəsinin 10 ha yonca altında, 4 ha isə xəsil olması, başqa əkin sahəsinin olmaması qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Zərdab Rayon İHBnin xx.xx.2010-cu il tarixli 96 nömrəli sərəncamı ilə icarəyə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə verilmiş 320 ha torpaq sahəsinin 316.57 ha hissəsi elektron baza məlumatlarına əsasən kənd təsərüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. 320 ha torpaq sahəsinin 3.43 ha hissəsi isə elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, Zərdab rayonu Birinci Alıcanlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla şoran torpaqlara aiddir. - Zərdab Rayon İBH-nin xx.xx.2010-cu il tarixli 96 nömrəli sərəncamı ilə icarəyə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi Torpaq sahəsinin plan və ölçüsü" sənədi ilə verilmiş 320 ha torpaq sahəsinin 23.1 ha hissəsi baxış zamanı əkin kimi istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-112/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamı ləğv edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, heyvandarlığın inkişafı məqsədilə cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən sonuncunun təyinatı üzrə istifadə etməməsinə istinad edir. Odur ki, iddiaçının dəlilinə münasibətdə İİHQ-nun 68.2.2ci maddəsinin hazırkı işin halları ilə müəyyən edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Zərdab rayonu Birinci Alıcanlı bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar cavabdeh tərəfindən əkin məqsədilə istifadə edilməmişdir. Torpaqdan təyinatı üzrə istifadə edilməyən hissə dövlət mülkiyyətinə aid torpaqlar olduğundan, əkin kimi istifadə olunan torpaq sahəsinin ölçüsü 316.57 ha hissəyə münasibətdə hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi kimi yonca bitkisinin maksimum 4 illik olduğu nəzərə alınarsa 2016-cı ildə əkilmiş yonca, 2022-ci ildə iddiaçı tərəfindən keçirilmiş baxış zamanı aşkar edilməməli idi. Digər tərəfdən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilərkən torpaq sahəsinin 10 ha hissəsində yonca əkini aşkar edilsə də, məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, cavabdeh torpaq sahəsinin 13.7 ha hissəsindən yonca, 3.6 ha hissəsindən xəsil əkini üçün istifadə etdiyi ərazidən əlavə olaraq 5.8 ha torpaq sahəsindən də, taxıl əkmişdir. Taxıl əkini üçün istifadə edilən 5.8 ha torpaq sahəsi iddiaçı tərəfindən monitorinq keçirilən zaman (xx.xx.2022-ci il tarixdə) aşkar edilməmiş, eyni zamanda cavabdeh özü də iddiaçıya ünvanladığı izahatında bununla bağlı hər hansı məlumat qeyd etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, xəsil əkilmiş sahə istisna olmaqla aşkar edilmiş digər əkin sahələri cavabdehin bildirdiyi kimi 7 il əvvəl əkilmiş sahələr olmamış, iddiaçının xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqdən sonra cavabdeh 5.8 ha torpaq sahəsində taxıl əkərək torpaq sahəsindən təyinatı üzrə istifadəni pozmaqda davam etmişdir. Yəni, faktiki olaraq cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi ilə bağlı iddiaçının ardıcıl xəbərdarlıqlarına, monitorinqlərinə məhəl qoymayaraq icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadəni pozmaqda davam etmişdir. İddiaçı tərəfindən pozuntuların ilkin aşkar edildiyi xx.xx.2022-ci il, həmçinin xx.xx.2022-ci il tarixli monitorinqdən sonra cavabdeh tərəfindən torpaq sahəsinin 5.8 ha hissəsində taxıl əkilməsi nəzərə alındıqda mübahisələndirilən sərəncamın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il müddətində - xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Odur ki, İİHQ-nun 68.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir.
9. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən cavabdeh Zərdab RİH-in belə bir səlahiyyəti yoxdur. Bu zaman torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Müqavilə şərtləri pozulduğuna görə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, pozuntuların aradan qaldırılması tələb edilmişdir. Buna baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixli montironiqdən sonra yenidən torpaq sahəsindən istifadə edilə bağlı müqavilə şərtini və sərəncamın tələblərini pozaraq yuxarıda qeyd edildiyi kimi taxıl əkinini həyata keçirmişdir.
10. Hazırda iddiaçı tərəfindən qanunvericiliklə birbaşa qadağan edilməsinə baxmayaraq, qış otlağının ərazisinin (316,57 ha) 6,2 faiz hissəsindən (19,5 ha) əkin məqsədilə istifadə edilir (xəsil nəzərə alınmadan). 5,8 ha taxıl əkinin xx.xx.2022-ci il tarixdən sonraya aid olması isə işin mübahisəsiz halıdır. Odur ki, şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin, icarəsinə verilmiş torpaq sahəsindən lazımi qaydada, təyinatına uyğun istifadə etməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsi üçün İİHQ-nun 68.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur.
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)-112/2024 saylı, 05 mart 2024-cü il tarixli qərarının ləğv edilərək iddianın mümkünsüz hesab edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunmuş əsaslara görə iddiaçı məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik iddia müddətini üzürlü səbəblər olmadan buraxmışdır. Ancaq qətnamənin də məzmunundan və işin hallarından göründüyü kimi məhkəmə hər vəchlə iddianın əsaslarını dəyişdirmək yolu ilə guya 1 illik iddia müddətinin buraxılmadığını təsdiq etməyə cəhd göstərir və nəticədə buna nail olub. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, cavabdehin bildirdiyi kimi yonca bitkisinin maksimum 4 illik olduğu nəzərə alınarsa 2016-cı ildə əkilmiş yonca 2022-ci ildə iddiaçı tərəfindən keçirilmiş baxış zamanı aşkar edilməməli idi. Göründüyü kimi, məhkəmə səlahiyyəti olmadığı halda işin halını iddiaçının xeyrinə yolverilməz formada şərh etməyə çalışır. Bundan başqa məhkəmə iddiaçının təqdim etdiyi əsasların iddianın mümkün hesab edilməsi üçün yetərli olmadığını görüncə öz təşəbbüsü ilə yeni rəy almaq üçün mütəxəssis təyin edir. Qərarda məhkəmənin mövqeyi belə şərh edilir: ,,...məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, cavabdeh torpaq sahəsinin 13.7 ha hissəsindən yonca, 3.6 ha hissəsindən xəsil əkini üçün istifadə etdiyi ərazidən əlavə olaraq 5.8 ha torpaq sahəsində də taxıl əkmişdir. Məhkəmə bu əsası yaratmaqla iddianın mümkünlüyü nəticəsinə gəlməyə nail olmuşdur. Halbuki, icarə torpaq sahəsində, ümumiyyətlə taxıl əkilməyib. Yoncanın əkildiyi vaxtdan azı yeddi il vaxt keçib. Qanunla yol verilən ölçüdə xəsil əkilib. İcra hakimiyyəti iddiaçı kimi özünün təsdiq etdiyi sənədlərdə və ərizədə icarə torpaq sahəsində cavabdeh tərəfindən taxıl əkildiyini qeyd etməmişdir. Məhkəmənin təyin etdiyi mütəxəssis tərəfindən hansı torpaq sahəsinə baxış keçirildiyi məlum deyildir. Çünki cavabdehin icarəsində olan torpaq sahəsində taxıl əkininin izləri belə yoxdur. Məhkəmə kollegiyası buna əmin olmaq üçün torpaq sahəsinə yerində baxış keçirə bilər. Həmin tədqiqat və baxışda cavabdeh iştirak etməmişdir. Sadəcə olaraq məhkəmənin təyin etdiyi mütəxəssis mövcud xəsil əkin sahəsinin həcmini artıraraq onu taxıl əkini kimi göstərmişdir. Hesab edir ki, məhkəmə kollegiyası ədalət mühakiməsinə təqdim edilən sübutu saxtlaşdırdığına görə mütəxəssisin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidir. Cavabdehin icarəsində olan 320 hektar torpaq sahəsinin göstərilən 10 hektar hissəsində əkilmiş yonca bitkisinin 2016-cı ildə əkilməsi, İddiaçı 26 aprel 2017-ci il tarixli monitorinq əsasında tərtib edilmiş və məhkəməyə təqdim edilmiş aktda və cavabdehin izahatında təsdiqini tapmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası ƏMDK-nin 10 saylı Ərazi şöbəsinin 2017-ci ildə apardığı monitorinq nəticəsində şöbənin müfəttişi X2 tərəfindən 14 sentyabr 2017-ci il tarixdə X7 000694 nömrəli protokol tərtib edilmiş və Cavabdeh torpaqdan təyinatına uyğun istifadə etmədiyi üçün (yonca əkdiyi üçün) cərimə olunmuşdur. Bu hal da sübut edir ki, Cavabdeh sözügedən yonca sahəsini 2016-cı ildə əkmişdir və buna görə də cərimə olunmuşdur. Bundan sonra hər il İddiaçı və Azərbaycan Respublikası ƏMDK tərəfindən monitorinqlər aparılmış, Cavabdeh 10 hektar yoncadan və qanun normasında əkilmiş xəsildən başqa əkini müəyyən edilməmişdir. Məhkəmənin iddia tələbindən kənara çıxaraq cavabdehin guya 2022-2023-cü təsərrüfat ilində 5,8 hektar taxıl əkməsinə əsaslanaraq iddianın təmin edilməsi məsələsinə gəlincə Cavabdeh icarəsində olan 320 hektar torpaq sahəsinin 2018-2023-cü illər üzrə elektron bazada yerləşdirilmiş Ortofoto xəritəsində mütəxəssis və məhkəmə tərəfindən iddia edilən 5,8 hektar sahənin xəsil kimi qanuni norma daxilində 2018-ci ildə xəsil əkilməsi müəyyən edilmiş, sonrakı illərdə həmin sahədə ümumiyyətlə əkin aparılması müəyyən edilməmişdir. Bundan başqa İddiaçı əməkdaşlarının 15 sentyabr 2022-ci il tarixdə Cavabdeh icarəsində olan 320 hektar torpaq sahəsində apardıqları monitorinqlər əsasında tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli aktda yalnız 10 hektar yonca sahəsi göstərilməyinə baxmayaraq cavabdehə ünvanlanmış İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli heç bir sənədə əsaslanmayan məktublarında onun gah 24 hektar, gah 14 hektar əkin sahəsinin olması göstərilmişdir. İddia ərizəsində isə cavabdeh tərəfindən yalnız 10 hektar yonca əkilməsi göstərilmişdir. Tərəflərindən cəlb edilmiş mütəxəssis tərəfindən tərtib edilmiş və hazırkı apellyasiya şikayətinə əlavə edilmiş yeni rəyi və əlavə etdikləri ərazinin elektron bazada 2018-2023-cü illər üzrə ortofoto görüntüləri iddianın əsassız olduğunu, 1 illik iddia müddətinin buraxıldığını, qərarın qanunsuz çıxarıldığını təsdiq edir. Qeyd olunanlardan əlavə məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün mütəxəssisləri də dindirməlidir. Yuxarıdakılara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-112/2024 saylı, 05 mart 2024cü il tarixli qərarının ləğv edilərək iddianın mümkünsüz hesab edilməsi haqqında qərardad çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)- 112/2024 nömrəli qərarının ləğv edilməsini, iddianın mümkünsüz hesab edilməsi haqqında qərardad çıxarılmasını xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.10. əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.
11. qanunçuluq prinsipi müəyyən edilərək göstərilmişdir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 64.2 inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 68.1 qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2 qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə 4.17. Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətləri: 4.17.3. şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-112/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
26. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
27. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
28. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində qeyd olunan maddi hüquq normalarının sistemli təhlilindən göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada ləğv edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt ancaq birtərəfli qaydada verilən nizamasalma formasıdır. Birtərəflilik onda ifadə olunur ki, inzibati aktla iradə ifadə olunarkən digər tərəfin razılığı tələb olunmur. Həmçinin inzibati aktların «qanuni əlverişsiz inzibati akt» və «qanuni əlverişli inzibati akt» kimi növləri müəyyən olunmuşdur. İnzibati aktların ləğv olunması əsasları da bu növlərdən asılı olaraq fərqləndirilir.
30. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinin tələbləri baxımından inzibati orqanın şəxsin hüquq və azadlıqlarına müdaxilə edən aktı yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəbul oluna bilər. Bu cür inzibati akt həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan qanuni olmalıdır. İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi dedikdə, aktın səlahiyyətli inzibati orqan tərəfindən, lazımi qaydada həyata keçirilmiş icraat nəticəsində qəbul olunmasını və qanunla müəyyən olunmuş formaya riayət olunması nəzərdə tutulur. İnzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi dedikdə isə, onun qəbulu üçün səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu nəzərdə tutulur.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsindən cavabdehin təyinatı üzrə istifadə edilmədiyini əsas gətirərək 320 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsindən ibarətdir (sərəncamın məzmununda və bağlanmış müqavilədə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müddət ziddiyyətli olsa da, mübahisənin predmetinə aidiyyəti olmadığından ziddiyyətin səbəbləri araşdırılmamışdır).
32. Sözügedən sərəncamın məzmunundan görünür ki, 320 ha torpaq sahəsi X3ş otlaq ərazisi olmaqla cavabdehə heyvandarlığın inkişafı məqsədilə icarəyə verilmişdir.
33. Kollegiya hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən qeyd edir ki, “İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsinə” dair iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
34. Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
35. Göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, bu zaman, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. Hazırkı iş üzrə iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının (məhkəmədə iddia qaldırmaq səlahiyyətinin olması) pozulduğunu irəli sürsün.
36. İş materiallarından da göründüyü kimi mübahisələndirilən sərəncam cavabdehə münasibətdə qanuni əlverişli inzibati aktdır.
37. İnzibati İcraat haqqında qanunun 68.2.1 və 68.2.2-ci maddələrinin tələbinə əsasən inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda həmin inzibati aktı ləğv etmək səlahiyyəti həmin inzibati aktı qəbul etmiş orqan tərəfindən mümkündür. Bu halda inzibati orqan qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə rəsmi məlumat verməyə borcludur.
38. Qanuni əlverişli inzibati aktın ləğv edilməsi maraqlı şəxsin etimad hüququnun qorunması və inzibati orqanların qanunçuluq prinsipi əsasında fəaliyyət göstərməsi prinsipləri nəzərə alınmalıdır. Qanunverici orqan maraqların xüsusi çəkisi arasındakı nisbəti özü müəyyən etmişdir. Qanuni əlverişli akt İnzibati İcraat haqqında qanunun 68.2-ci maddəsinin tələblərinə görə ancaq göstərişlərə əməl olunmaqla qüvvədən düşmüş hesab edilə bilər.
39. Bundan başqa, inzibati orqanın sələhiyyəti vardır ki, maraqlı şəxsin ona verilmiş inzibati aktdan istifadə etmədiyi səbəbindən onu ləğv etsin. Amma bu zaman inzibati orqan bir sıra şərtləri gözləməlidir. Belə ki, bu zaman maraqlı şəxsin onun barəsində müəyyən edilmiş şərtlərə riayət etməməsi qanuni inzibati aktın ləğv edilməsi üçün əsas kimi çıxış edir. Bununla belə Qanunun 68.2.1 və 68.2.2-ci maddələri arasında fərqləndirmə aparılmalıdır. Çünki ola bilər ki, inzibati orqan inzibati aktın qeydlərində inzibati aktın icra edilməsi müddətini və ya hansı qaydada istifadə edilməsi barədə qaydalar nəzərdə tutulsun. Bu zaman artıq qeydlərə riayət edilməməsi halından söhbət gedir və inzibati aktın ləğv edilməsi əsası kimi qanunun 68.2.2 deyil, 68.2.1-ci maddəsi çıxış edir. Qanunun 68.2.2-ci maddəsi tətbiq olunduğu hallarda inzibati akta əlavə edilmiş qeydlərə əsasən deyil, inzibati aktın özü mahiyyətinə görə imtiyazın müddətli olduğunu və ya müəyyən qaydada həyata keçirilməsi tələb edilir.
40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin mənasına əsasən, icarə müqaviləsindən yaranan hüquqlar tələb hüququna aiddir. İcarə müqaviləsi, öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün tələb hüquqları və şəxsi öhdəliklər əmələ gətirir. İcarə müqaviləsinin predmeti əşya olsa da, icarə müqaviləsi ilə əşya barəsində “sərəncam” verilmir. Bu baxımdan, məhz icarəçinin əşyadan istifadə hüququ mahiyyət etibarilə əşya hüququ deyil, tələb hüququdur. Sərəncam hüququ isə mülkiyyətdə olan əmlakın müqəddəratının həll edilməsinin hüquqi imkanlarını nəzərdə tutur.
41. O da qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin birinci bəndinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Hazırda da İddiaçı məhkəmədən kənar icarə müqaviləsini ləğv etməsinə səlahiyyəti olmasa da, həm İnzibati İcraat haqqında qanuna, həm də Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən özünün inzibati akt olaraq qəbul etdiyi sərəncamı ləğv etmək səlahiyyəti, cavabdehin isə qanunvericiliyin tələblərinə əsasən rəsmi qaydada məlumatlandırıldığı halda onun üçün əlverişli inzibati aktın ləğv edilməsi barədə əlverişsiz inzibati aktın inzibati məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
42. İşin hallarından da göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamı əsasında müvafiq icarə müqavilə bağlanmışdır, iddiaçı da hazırda həmin icarə müqaviləsində nəzərdə tutulan şərtlərin cavabdeh tərəfindən lazımı qaydada yerinə yetirilməməsi ilə bağlı, yəni cavabdehin 25 il müddətinə icarə müqaviləsi əsasında heyvandarlığın inkişafı üçün verilmiş 320 hektar torpaq sahəsinin 10 ha hissəsində əkinçilik məqsədi ilə istifadə etməsini, bu barədə ona lazımı qaydada rəsmi xəbardarlıq edilməsinə baxmayaraq yenə də əkinçilik məqsədi ilə həmin torpaq sahəsindən istifadə etməsinin qanunsuz olması səbəbindən hazırda mübahisələndirilən sərəncamın ləğv edilməsini xahiş etmişdir. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən inzibati aktı ləğv etmək səlahiyyətinin həmin inzibati aktı qəbul etmiş orqana aid olmasının mümkünlüyünə qiymət verilmədən mübahisələndirilən sərəncam ləğv edilmişdir.
43. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
44. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-112/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-112/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “320 ha torpaq sahəsinin 25 il müddətinə cavabdehə icarəyə verilməsi barədə İddiaçı başçısının xx.xx.2010-cu il tarixli, 96 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.