Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-343/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X2 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(116)- 432/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Oğuz şəhəri Nizami küçəsi ev 23-də yerləşən 2905 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının atası X3 valideynlərindən miras qalmış və o, həmin miras əmlaka 25.01.1995-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" almışdır. Aqrar islahat aparılan zaman həmin torpaq sahəsi X1i istifadəsində olmuşdur. "Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhəri üzrə nümayəndəliyinin Oğuz şəhərində pay almaq hüququ olan vətəndaşların siyahısı"nın 2298, 2299, 2300, 2301, 2302, 2303-cü sətirlərində mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi İddiaçı mərhum atası X4 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,16 ha qeyd olunmuşdur. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, X4 və onun ailə üzvlərinin mülkiyyətinə 1,38 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bununla bağlı JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Bundan sonra, aqrar islahat aparılan zaman iddiaçının qanuni istifadəsində olan 0,30 ha torpaq sahəsi olması nəzərə alınmadığına və nəticədə səhvən şəhadətnamədə 0,16 ha torpaq sahəsi göstərildiyinə görə X4 JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2012-ci il tarixli 2inz(84)-973/2012 nömrəli qərarı ilə iddia təmin edilərək JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi qərara alınmışdır. Daha sonra, Oğuz Rayon AİK-in 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına istinadən, Oğuz şəhərində yerləşən 2997,58 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X2 adına A-389515 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 21.02.2012-ci ildə 9426 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçının atası X4 08.05.2013-cü ildə vəfat etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,41 ha bağ torpaq sahəsi ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması xahiş etmiş, lakin sonuncu 02.11.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, 0,41 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə heç bir qeydiyyat yoxdur və torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə təsdiq edən hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa, Ərazi İdarəsində mövcud olan torpaq payı almaq hüququ olan subyektlərin siyahısında qeyd olunan 0,41 ha torpaq sahəsinin mərhum X2 mülkiyyətinə verilməsi barədə heç bir qeyd yoxdur. Bundan sonra iddiaçı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq mərhum atası X2 adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həyətyanı torpaq sahələrinə bitişik olan 0,41 ha zəbt torpaq sahəsinin yerləşdiyi fındıq bağında olan çoxillik əkmələr əmlak payı kimi mərhum atası X3 verilmişdir. Lakin həmin torpaq sahəsinə məlum olmayan səbəblərdən bugünədək "Torpağın mülkiyətə verilməsinə dair şəhadətnamə" hazırlanmamışdır. Cavabdeh iddia ilə bağlı 04.03.2021-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və eyni zamanda iddia edilən torpaq sahəsinin elektron baza məlumatlarında Oğuz Bələdiyyəsinə aid olduğunu və torpaq sahəsinin yaşayış məntəqələri həyətyanı torpaqlar kateqoriyasına aid olduğunu bildirmişdir. Bundan sonra iddiaçı məhkəməyə 05.04.2021-ci ildə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X2 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmısına xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(116)-432/2021 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşdə olan, 25.01.1995-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, Oğuz şəhəri Nizami küçəsi ev 23-də yerləşən 2905 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçının atası X3 valideynlərindən miras qalmışdır. İşdə olan, JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına əsasən, X4 və onun ailə üzvlərinin mülkiyyətinə 1,38 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan, A-389515 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Oğuz Rayon AİK-in 05.11.1998-ci il tarixli 75 nömrəli qərarına istinadən, Oğuz şəhərində yerləşən 2997,58 kv.m ha həyətyanı torpaq sahəsi ilə bağlı X4 adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 21.02.2012-ci ildə 9426 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2012-ci il tarixli 2İNZ (84)- 973/2012 nömrəli qərarından görünür ki, JN-504 kod 40501004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi qərara alınmışdır. İşdə olan, cavabdehin 02.11.2020-ci il tarixli **********94 nömrəli imtina məktubundan görünür ki, 0,41 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə heç bir qeydiyyat yoxdur və torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə təsdiq edən hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa, Ərazi İdarəsində mövcud olan torpaq payı almaq hüququ olan subyektlərin siyahısında qeyd olunan 0,41 ha torpaq sahəsinin mərhum X2 mülkiyyətinə verilməsi barədə heç bir qeyd olmadığından ərizənin icrası mümkün olmamışdır. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28.04.2021-ci il tarixli **********80 nömrəli məktubundan görünür ki, Oğuz şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X2 adı 504-cü sırada ailə başçısı kimi qeydə alınmış və qanuni həyətyanı torpaq sahəsi 0,16 ha göstərilmişdir. Pay torpaq sahəsinin miqdarı subyektlər siyahısında qeyd edilməmişdir. Eyni zamanda torpaq islahatı zamanı X3 0,41 ha torpaq sahəsinin verilməsinə dair arxivdə hər hansı bir məlumat aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(116)-432/2021 nömrəli qərarı ilə (X5) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X2 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(116)-432/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdi ki, birinci instansiya məhkəməsinin qeyd edilən qərarı maddi - hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qərar qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını onun mərhum atasından miras qalmış torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün mövcud olan maneələrin aradan qaldırılması təşkil edir. Şəki İnzibati Məhkəməsi nəinki mübahisələndirilən torpaq sahələrinin hüquqi statusunu və yerləşdiyi ərazini müəyyənləşdirməmiş, əksinə qərarın qəbul olunması üçün əsas kimi qeyd edilmiş dəlilləri onun əsassız tələbi kimi qiymətləndirərək, dəqiq araşdırma aparmadan, qanun və normativ aktları səhv təfsir edərək hazırda şikayət etdiyim qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə qərarı özünün mülahizələri və iş üzrə hüquqi əhəmiyyət kəsb etməyən hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Onun cavabdehə müraciəti zamanı və iddia ərizəsində o, 0.41 ha bağ torpaq sahəsi qeyd etsə də hazırda şikayət etdiyi qərarı qəbul edərkən Şəki İnzibati Məhkəməsi hazırki iddia tələbinə heç bir aidiyyatı olmayan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2012-ci il tarixli 2(84)-973/2012 nömrəli qərarına istinad etmişdir. Belə ki, həmin qərar mərhum nənəsindən miras qalmış həyətyanı torpaq sahəsinin mərhum atasının adına rəsmiləşdirilməsi barədədir. Məhkəmə isə cavabdehin imtinasından və onun iddia tələbinin məzmunundan kənara çıxaraq tamamilə heç bir aidiyyatı olmayan dəlillərlə əsassız bir qərar qəbul etmişdir. Yaxşı olardı ki, həmin torpağın yerini və sahəsini müəyyən etmək üçün məhkəmə müvafiq sorğular verərdi, yaxud da bir dəfə yerində baxış keçiriləydi. Beləliklə də həmin kvartalda qonşu yaşayış evlərinin olduğu, onun torpağının yanında bağ sahələrinin olduğunu və uzun illərdi həmin bağın onun qanuni istifadəsində olduğunu müəyyən edərdi. Odur ki, Şəki İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(116)-432/2021 nömrəli qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş edir. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçının iddia tələbi 0,41 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X2 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsindən ibarətdir. Cavabdehin imtina məktubundan aydın olur ki, iddiaçının cavabdehə ilkin müraciəti həmin 0,41 ha torpaq sahəsinin vərəsəlik qaydasında mülkiyyətinə verilməsi barədə olmuşdur. Başqa sözlə, iddiaçı cavabdehə ilkin müraciətində torpaq sahəsinə öz mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi halda, iddia ərizəsində mərhum atasının mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh özünün 02.11.2020-ci il tarixli **********94 nömrəli imtina məktubunda torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmamasının səbəbi kimi məhz onun mərhum atasının mülkiyyət hüququnun mövcud olmamasına əsaslanmış və bununla da iddiaçının iddia tələbində olan məsələyə münasibətini bildirmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə ilkin müraciəti hazırkı iddianın mümkünlük şərtinə tam cavab verir. Ona görə də hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Birinci instansiya məhkəməsi iddianı əsassız hesab etmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Bundan başqa, həmin Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin birinci abzasına əsasən, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin hissənin dördüncü abzasına əsasən, bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sadalanan normaların birgə təhlilindən görünür ki, torpaq islahatı zamanı həyətyanı torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi üçün həmin torpaq sahəsinin əvvəlcədən onun qanuni istifadəsində olması tələb olunur. İstər həyətyanı torpaq sahəsinin, istərsə də sovxozların və kolxozların özəlləşdirilən torpaqlarından torpaq payının şəxsin mülkiyyətinə verilməsi aqrar islahat komissiyasının qərarı ilə rəsmiləşdirilməlidir. Lakin müəyyən edilmişdir ki, sözügedən 0,41 ha torpaq sahəsinin əvvəllər iddiaçının mərhum atasının qanuni istifadəsində olması, torpaq islahatı zamanı isə onun mülkiyyətinə verilməsi barədə heç bir sənəd mövcud deyil. Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22.04.2021-ci il tarixli **********80 nömrəli arayışı ilə müəyyən edildi ki, torpaq islahatı zamanı X3 0,41 ha torpaq sahəsinin verilməsinə dair arxivdə hər hansə məlumat aşkar edilməmişdir. İşdən isə görünür ki, sözügedən 0,41 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən hər hansı akt qəbul edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh 0,41 ha torpaq sahəsinə iddiaçının atasının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(116)-432/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-343/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-343/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver