Məhkəmə qərarları › İş №2-1(107)-343/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-343/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-343/2024 31.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2-1(116)-134/2024 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1488/2023 nömrəli qərardadı ilə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Qəbələ bələdiyуəsinin 01 noyabr 2004-cü il tarixli 08 saylı qərarına əsasən kommersiya təyinatlı tikinti üçün 30 (otuz) kv.metr torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə 17 fevral 2005-ci il tarixdə 14 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Akt tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsində tikintiyə icazə verilməsi barədə Qəbələ Rayon İcra Hakimiyyəti başçısı 22 fevral 2005-ci il tarixli 21 nömrəli Sərəncam vermişdir. Bundan sonra iddiaçı aldığı torpaq sahəsində mağaza binası inşa etdirmişdir. Lakin heç bir rəsmi sənəd olmadan iddiaçıya məxsus mağaza binası sökülmüşdür. Dəfələrlə müraciət etsə də aldığı torpaq sahəsinə mülkiyyət sənədi ala bilmir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsinə çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Belə ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, Qəbələ bələdiyyəsinin İddiaçı 30 kv.m sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılmasına dair 08 saylı qərarı, 01 noyabr 2004-cü il tarixli olsa da, həmin torpaq sahəsinə dair Qəbələ rayonu Qəbələ bələdiyyəsinin qərarının hal-hazırda qüvvədə olması barədə məktubu və torpaq sahəsinin məkan göstəriciləini özündə əks etdirən plan-ölçü sənədi təqdim edilməmişdir. Qeyd olunnan səbəblərə görə müraciətinin icrası mümkün olmamışdır

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 aprel 2024-cü il tarixli 2- 1(116)-134/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibətləri yaranan zaman TEKUİS mövcud olmamışdır. Bundan başqa əgər həmin vaxt torpaq sahəsi ümumi istifadədə olan torpaq olsaydı bələdiyyə qeyd edilən torpağın satılması barədə qərar verməzdi. Cavabdehin yanlış imtinası, bələdiyyənin qanunsuz etirazı və məhkəmənin əsassız qərarı nəticəsində onun mülkiyyət hüququ pozulmuş və o, öz mülkiyyətindən məhrum olmuşdur. Belə olan halda yaranmış şübhə qanunla müəyyən olunmuş prosessual vasitələrlə aradan qaldırılmalıdır. Bu prosessual vasitələrdən biri də müvafiq ekspertizanın keçirilməsidir. Prosessual qanunvericiliyə əsasən, ekspertiza obyektlərin ekspertlər tərəfindən elmi əsaslarla tədqiq edilməsidir. Ekspertizanın məqsədi işin düzgün həlli üçün önəmli olan faktlar barədə məlumatların əldə olunmasıdır. Ekspertiza müvafiq prosessual qaydada həyata keçirilir. Birinci instansiya məhkəməsinin qərarında onun mülkiyyətində olan torpaq sahələrinin ona verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları, o cümlədən mübahisələndirilən 0,003 ha torpaq sahəsinin bələdiyyə tərəfindən ona satıldığı faktını araşdırmadan şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2-1(116)-134/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 3 aprel 2024cü il tarixli 2-1(116)-134/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Qəbələ Rayon İcra Hakimiyyəti başçısı 22 fevral 2005-ci il tarixli 21 nömrəli Sərəncamı

3. Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarının surəti;

4. Qəbələ bələdiyyəsinin 130 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan 30 m2 torpaq sahəsi ümumi istifadədədir və hal-hazırda avtomobil dayanacağı kimi istifadə olunur.

5. Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu.

6. Qəbələ bələdiyyəsinin 444 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına olan, tikinti obyekti tikmək təyinatlı 0.003 ha torpaq sahəsi Qəbələ bələdiyyəsinin uçot kitabında qeydiyyata alınmamışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6094/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə İddiaçı ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Qəbələ Bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Faktiki iddia olunan 0,003 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan ümumi istifadədə torpaqlar olmaqla Qəbələ Bələdiyyəsinin mülkiyyətinə aid ərazidir, iddia olunan torpaq sahəsinin altından çay keçir. Həmin torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan Bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).

16. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 16-cı maddəsinin 2-ci hissəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 3-cü hissəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

18. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;

20. “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə ayrılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə araşdırılma predmeti iki istiqamətdə aparılmışdır.

1. hüquqmüəyyənedici sənədin mötəbərliyi.

2. İddia olunan torpaq sahəsinin hüquqi rejimi.

29. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mötəbərliyi sübut olunmur. Eləcə də iddia olunan torpaq sahəsinin iddiaçıya ayrıldığını təsdiq edən sənəd mövcud deyildir. Bu sənədlərin olması halında belə iddia olunan torpaq sahəsinin hüquqi rejimi iddianın təmin olunmasını istisna edir.

30. Belə ki, iddiaçı tərəfindən təqdim edilən Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarının və həmin qərarın qəbul edildiyi göstərilən xx.xx.2008-ci il tarixli bələdiyyənin iclas protokolunun arxiv nüsxəsinin təqdim edilməsi üçün müvafiq sorğular verilmişdir. Sorğulara əsasən həmin sənədlərin arxiv nüsxəsi Qəbələ bələdiyyəsi və Qəbələ Rayon Dövlət Arxivində aşkar olunmamışdır.

31. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində torpaq sahəsi yoxdur. İddia olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd isə təqdim edilməmişdir.

32. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi X1 X2 əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidir.

33. Qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

34. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

35. İşin müəyyən edilmiş hallarından da görüdüyü kimi, Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə İddiaçı ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün xüsusiyyətləri barədə məlumat verilməsi mümkün deyildir. Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,003 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığı üçün başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Faktiki iddia olunan 0,003 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan ümumi istifadədə torpaqlar olmaqla Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidir, iddia olunan torpaq sahəsinin altından çay keçir. Həmin torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.

36. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı iclas protokolundan çıxarış isə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz.

37. Belə ki, “iclas protokolundan çıxarış” istinad olunduğu iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir.

38. Bununla bağlı qeyd edilməlidir ki, bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edildiyindən torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca “iclas protokolundan çıxarış” verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, qeyd edilən inzibati akt “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.

39. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).

40. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir.

41. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

42. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona Qəbələ bələdiyyəsinin 01 noyabr 2004-cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına aparılmasına nail olmaqdır. İddiaçı sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyənin qərarı ilə özünə satılmasını bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. Həmçinin, müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca “iclas protokolundan çıxarış” verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Ona görə də iş materiallarında olan “iclas protokolundan çıxarış” “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.

43. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

44. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

45. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iş üzrə mütəxəssis rəyi alınmış və həmin mütəxəssis rəyi ilə həmin torpaq sahəsinin X1 X2 (TEKUİS) əsasən kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının yollar və küçələr, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilməsi müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Qəbələ bələdiyyəsinin 01 noyabr 2004cü il tarixli, 08 saylı qərarı ilə satılmış 0.003 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2-1(116)-134/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar