Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-344/2023 07.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “30 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-1025/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X10 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “30 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1961-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1982-1984-cü illərdə texniki peşə məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-cü ildən, əmək kitabçasında göstərilən müxtəlif müəssisələrdə çalışmaqla başlamış, hal-hazırda da "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X14 Yevlax texniki xidmət məntəqəsində işləyir. Sosial sığorta stajı kimi hesablanmalı olan fəaliyyəti aşağıdakı kimidir: Hərbi xidmət illəri 2 il və peşə məktəbində təhsil aldığı müddət 2 il 6 ay, X3 dəzgaha baxan usta köməkçisi, Bakı şəhərində hərbiləşdirilmiş dəmiryolunda mühafizə atıcı vəzifəsində, Yevlax dəmiryolunda qaynaqçı vəsifəsində, "xxxx" QSC-də 2-ci dərəcəli çilingər, vaqon baxıcısı və böyük vaqon baxıcısı vəzifələri. Təhsil aldığı müddət 1991-ci ildən öncə olduğundan 2 il 6 aylıq texniki peşə məktəbində oxuduğu müddət də sosial sığorta stajına daxil edilməlidir. Bütün bu müəssisələrdə çalışmaqla əmək stajı güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün lazım olan 20 illik ümumi stajı 2006-cı ildə tamam olmuşdur. Hal-hazırda 40 ildən çox ümumi iş stajı var və 2006-cı ilə qədər lazımlı olan güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan artıq təşkil edir (ümumilikdə güzəştli iş stajı isə 28 ildən çoxdur). Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Fondun Xüsusi X10 mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir . Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildiririk ki, Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32429,58 manat təşkil edir. Buna görə də İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhz bu səbəblərə görə də X4 qanunvericiliyin tələbləri, baxımından xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 mart 2023-ci il tarixli, 2- 1(116)-1025/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X10 Mərkəzi Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixədək qanunvericilikdə tələb olunan 25 il ümumi iş stajı mövcud deyildir. İddiaçı Q. Baxışovun təqdim etdiyi 3T 028441 nömrəli diploma əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “ X7 Texnikumu”nda peşə təhsili almışdır. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 473 nömrəli arayışına əsasən iddiaçı Q. Baxışov xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli hərbi xidmət keçmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrıayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının təhsil aldığı dövrlə hərbi xidmət keçdiyi dövrü üst-üstə düşdüyü üçün sözügedən dövrlərin təkrar sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Fondun Xüsusi X10 mərkəzi filialına təqdim edilməmişdir. Bu səbəbdən də, həmin illəri iddiaçının iş stajına daxil etmək mümkün deyildir. İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli hərbi xidmət keçdiyi dövr ümumi iş stajına daxil edildiyi təqdirdə belə iddiaçının ümumi stajı 25 ildən az (24 il 07 ay 09 gün) təşkil edəcəkdir. Lakin birinci instansiya məhkəməsi təhsil müddəti və həqiqi hərbi xidmət dövrü üst-üstə düşməsinə baxmayaraq, hər iki dövrü ümumi iş stajına daxil edərək iddianı təmin etmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı təhsil aldığı dövr ilə hərbi xidmətdə olduğu dövrün müəyyən hissəsinin üst-üstə düşməsi təqdim edilən təhsil haqqında diplomun mötəbərliyinə ciddi şübhələr yaradır. Həmçinin iddiaçının təhsil dövrü və hərbi xidmət dövrünün üst-üstə düşməyən hissələri sığorta stajına daxil edilsə belə, tələb olunan sığorta stajı tamamlanmır. Lakin birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmət və təhsil aldığı dövrləri üst-üstə düşən müddətlər daxil olmaqla sığorta stajına daxil etməklə birbaşa maddi hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2- 1(116)-1025/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-1025/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)- 1025/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 3T 028441 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981xx.xx.1984-cü illərdə peşə təhsili almışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X14 xx.xx.2021-ci il tarixli 29 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən halhazıradək X14 Yevlax texniki xidmət məntəqəsində işləyir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X14 xx.xx.2021-ci il tarixli 37 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli 339 к nömrəli əmrlə Gəncə (İndiki Qərb) vaqon deposunun Yevlax stansiyası vaqonların yük altına hazırlanması məntəqəsinə 2-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 376 к nömrəli əmrlə həmin məntəqədə vaqon baxıcısı keçirilmiş, xx.xx.1995-ci il tarixli 403 к nömrəli əmrlə həmin məntəqədə böyük vaqon baxıcısı keçirilmiş, xx.xx.2018-ci il tarixli 198 к nömrəli əmrlə Yevlax texniki xidmət məntəqəsinə böyük vaqon baxıcısı təmirçisi peşəsinə qəbul edilmiş, hal-hazırda həmin peşədə işləyir, xx.xx.2021-ci il tarixə güzəştli şərtlərlə pensiya almaq hüququ verən vaqon baxıcısı və böyük vaqon baxıcısı peşəsi üzrə 28 (iyirmi səkkiz) il, 10 (on) ay iş stajı vardır və gördüyü işin xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 21.4 bəndinə əsasən imtiyazlı pensiya almaq hüququna malikdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 473 nömrəli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - 11.05.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 – xx.xx.1984, xx.xx.1988 – xx.xx.1991, xx.xx.1984 – xx.xx.1986, xx.xx.1991 – xx.xx.2006, xx.xx.1986 – xx.xx.1988, - Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunan 01/923 nömrəli, xx.xx.2023 tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 25 avqust 1978-ci il tarixli, 56 saylı əmrə əsasən X7 texnikumunun “Toxuculuq müəssisələrinin avadanlıqları” ixtisasının əyani şöbəsinə qəbul omuşdur. 1980-ci ildə hərbi xidmətə çağrılmış, 1982-ci ildə hərbi xidmətdən qayıdaraq həmin ixtisas üzrə əyani şöbədə təhsilini davam etdirmişdir. 03 mart 1984-cü il tarixində 18 saylı əmrə əsasən əyani şöbəsinin tam kursunu bitirərək ona “texnik-mexanik” ixtisas dərəcəsi və 212 qeydiyyat nömrəli olan ЭТ № 028441 seriyalı adi diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 fevral 1997-ci il tarixli 100 saylı əmrinə əsasən Yüngül Sənaye texnikumu X8 birləşdirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 mart 2016-cı il tarixli 130 saylı əmrinə əsasən X11 X9 ilə birləşdirilərək X12 Kollecinə çecrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı Qərarına əsasən X15 X12 Kollecinə qoşularaq Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec yaradılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
15. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
24. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
25. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla)
26. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir.
27. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2018-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub).
28. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
29. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 27 il 3 ay 10 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur.
30. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, həmin müddət 14 il 6 ay 5 gün olmaqla tələb olunan 12 il 6 aydan çoxdur.
31. İş xarakteri haqqında güzəştli arayışın məzmunu ilə müəyyən edilir ki, iddiaçının işlədiyi vaqon baxıcısı və böyük vaqon baxıcısı güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan peşələrə daxildir. Belə ki, sözügedən peşə 2 nömrəli Siyahının 23000000 XXVİİİ Nəqliyyat bölməsində 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000-16269 kodu ilə vaqonların baxıcıları peşəsinə uyğundur.
32. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32429,58 manat təşkil etməsi ilə bağlı olmuşdur. Lakin, pensiya kapitalı ilə bağlı tələb xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı tamamlanmış şəxslərə şamil olmadığından cavabdeh orqanın etirazının dəlilləri əsassız olmuşdur.
33. Həmçinin məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının təhsil aldığı dövrlə hərbi xidmət keçdiyi dövrü üst-üstə düşməsi ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan 01/923 nömrəli, xx.xx.2023 tarixli arxiv arayışından müəyyən edilmişdir ki, İddiaçı həqiqətən 25 avqust 1978-ci il tarixli, 56 saylı əmrə əsasən X7 texnikumunun “Toxuculuq müəssisələrinin avadanlıqları” ixtisasının əyani şöbəsinə qəbul omuşdur. 1980-ci ildə hərbi xidmətə çağrılmış, 1982-ci ildə hərbi xidmətdən qayıdaraq həmin ixtisas üzrə əyani şöbədə təhsilini davam etdirmişdir. 03 mart 1984-cü il tarixində 18 saylı əmrə əsasən əyani şöbəsinin tam kursunu bitirərək ona “texnik-mexanik” ixtisas dərəcəsi və 212 qeydiyyat nömrəli olan ЭТ № 028441 seriyalı adi diplom verilmişdir.
33. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamenti X14 xx.xx.2021ci il tarixli 29 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən hal-hazıradək X14 Yevlax texniki xidmət məntəqəsində işləyir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrlə hərbi xidmət keçdiyi dövrün üst-üstə düşməsi nəzərə alınaraq həmin müddət iddaçının sosial sığorta stajına daxil edilməsə belə onun təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəminin 25 ildən az olmaması iş materialları ilə öz təsdiqini tapmışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaransa da o, müvafiq pensiyanın xx.xx.2018-ci il tarixdən ona təyin edilməsini xahiş etmişdir. Hər bir halda iddiaçının xx.xx.2018-ci il tarixdən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini uğurlu olması qənaətinə gəlmiş və düzgün hesab etmişdir ki, iddiaçının tələbinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “30 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Xüsusi X10 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-1025/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.