Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-344/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)-287/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin axırlarında tanışı Dilbər Süleymanovanın vasitəsilə Rəşid Məmmədov və qeyriləri tərəfindən aldadılaraq aldıqları etibarnamə əsasında onun adına "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər (bundan sonra MMC) təsis olunmuş, daha sonra ondan xəbərsiz başqa şəxslərə satılmış, amma faktiki olaraq həmin MMC-lərə X3 direktorluq etmişdir. MMC-lərin təsisçisi iddiaçı olduğuna görə dövlət büdcəsinə olan vergi borcunun ödənilməməsi səbəbindən 23 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ərizəsi əsasında İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
4. Faktla bağlı Vergilər Nazirliyində istintaqa qədər araşdırılma və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində uzun müddət ibtidai istintaq aparılmış, istintaq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan MMClərin vergi borclarının yaranmasında iddiaçının nəinki iştirakı, xəbəri belə olmamışdır.İstintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə İddiaçı əməlində cinayət hadisəsi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin bütün bu müddət ərzində məhdudiyyətin götürülməsi ilə əlaqədar müxtəlif instansiyalara nə qədər müraciət etsə də, məhkəmənin hökmü çıxarılmadan bunun mümkünsüz olduğu ona bildirilmişdir. Nəhayət, 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirli olan X2 barəsində həmin cinayət işi Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə məhkəmədə baxılaraq 1(055)-15/2022 nömrəli 13 iyun 2022-ci il tarixli hökm ilə N.M.Lazımi qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia da təmin edilərək "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər üzrə (101.017,57 + 43.119,27) 144.136, 84 (yüz qırx dörd min yüz otuz altı m.84 qəp.) manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutularaq Dövlət Büdcəsinə köçürülməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə vergi orqanlarına şifahi və yazılı müraciətlər etsə də, xahişi yerinə yetirilməmiş, ona rəsmi cavab da təqdim edilməmişdir. Ona görə 29 mart 2023-cü il tarixdə məhdudiyyətin götürülməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş idarəsinə təkrar olaraq rəsmi müraciət verilmiş, tərəfindən mütəmadi telefon zəngləri edilib müraciətinə cavabın əlbəəl verilməsi tələb olunmuş və yalnız 8 may 2023-cü il tarixdə DVX-nin Bakı şəhəri H.Əliyev prospekti,155 ünvanında yerləşən inzibati binasında 05 may 2023-cü il tarixli **********488300 nömrəli cavab məktubu iddiaçıya təqdim edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)- 1712/2017 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş borc məbləği tam ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəkdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir.
5. Cavabdeh vəsatət göndərərək, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi" Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından, həmin hərəkətlərin yerinə yetirilməsi Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin müstəsna səlahiyyətlərinə aid edildiyindən və bu cür iddialar üzrə həmin Baş idarəni məhkəmədə cavabdeh qismində təmsil etmək 10 saylı Ərazi Vergilər İdarəsinin vəzifələrinə aid edildiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 9 aprel 2024-cü il tarixli 2- 1(116)-287/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmə əsası kimi qeyd etmişdir ki, cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edildiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas aradan qalxmışdır. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildiririk ki, məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmişdir. Qeyd olunan normalardan göründüyü kimi, vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC-lər tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən MMClərin dövlət qeydiyyatına alındığı 13 dekabr 2016-cı il tarixdən bu günə qədər həmin cəmiyyətlərin direktoru vəzifəsini icra edir. MMC-lər üzrə Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmü ilə X2 Azərbaycan Respublikası CMnin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-lərin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Buna əsasən hesab edirik, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 24.1.2- 1-ci maddəsi məhdudlaşdırıcı şəkildə təfsir olunmuş və yanlış tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələbini araşdırmadan yalnız iddiaçının subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, hesab edirik ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir və məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)- 287/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)-287/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
2. Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən X3 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsini icra edir.
4. "xxxx" MMC-nin vergilər üzrə vərəqəsindən görünür ki, İddiaçı 127.795,46 manat ödənilməmiş vergi borcunun olduğu qeyd edilmişdir.
5. "xxxx" MMC-nin vergilər üzrə vərəqəsindən görünür ki, İddiaçı 85.836,24 manat ödənilməmiş vergi borcunun olduğu qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.
17. İnzibati Prosessual Məcəllə: 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F- 5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin Əsasnaməsindən: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X4 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək;
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən "xxxx" və "xxxx" MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də faktiki olaraq həmin cəmiyyətlərə X3 rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmamışdır. Bu səbəbdən də iddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə (cinayət hadisəsi olmadığına görə) iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Nəticə etibarı ilə həmin cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil, faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmündə həmin vəsaitin X3 tərəfindən ödənilməli olduğu göstərilmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin və "xxxx" MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
26. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş vergilər üzrə cədvəllərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)- 15/2022 nömrəli hökmündə qeyd olunan "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri üzrə (101.017,57 + 43.119,27) 144.136,84 (bir yüz qırx dörd min yüz otuz altı manat 84 qəpik) manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutulması hissədə çıxılaraq qəti olaraq xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin 127.795,46 manat və "xxxx" MMC-nin 85.836,24 manat ödənilməmiş vergi borcunun olduğu qeyd edilmişdir. Hazırda da "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri İddiaçıdur.
27. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin və "xxxx" MMC tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə xx.xx.2024-cü il tarixə hesablanmış vergi borcu olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
28. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
29. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.
30. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)-287/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.