Məhkəmə qərarları › İş №2-1(107)-345/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-345/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-345/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarışın verilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın verilməsi öhdəliyi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli, 102 saylı qərarı ilə 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə ona verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)- 171/2021 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli, 102 saylı qərarı ilə 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı uzun illər 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisə özəlləşdirildikdən sonra da iddiaçı müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının işlədiyi müəssisəyə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarına əsasən Mingəçevir şəhər Bozdağın ətəyindən 4.0 ha torpaq sahəsi ayrılmış, Kontorun Həmkarlar Komitəsinin 17 iyun 1988-ci il tarixli 48 saylı qərarına əsasən iddiaçı «Sevinc» bağçılığına üzv qəbul edilmiş və ona 6 sot 25 nömrəli bağçılıq sahəsi verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsindədir. İddiaçının istifadəsində olan 572.85 kv. metr torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü hazırlanmış və X7 kitabında 22 yanvar 2010-cu il tarixdə 3090 nömrə ilə qeydə alınmışdır. İddia ərizəsində iddiaçı qeyd edir ki, sonradan bağçılıq «mexanizator» kollektiv bağçılıq təsərrüfatı adlandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili X3 cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 04.09.2020-ci il tarixli, **********47 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məlumat olaraq bildirilir ki, Mingəçevir şəhəri, Samux küçəsinin şimal tərəfində bağ massivində yerləşən 0.06 ha bağçılıq məqsədli torpaq sahəsində müayinə işləri aparılmış və məlum olmuşdur ki, torpaq sahəsinin cənub sərhəddinin 5.4 metrliyindən 220 kv-luq yüksək gərginlikli elektrik hava xətti keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən 220 kv-luq elektrik xəttinin mühafizə zolağı 25 metr təşkil edir. Odur ki, qeyd olunanlara əsasən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsindən “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikasının Qanununu 15.1-ci maddəsinə əsasən imtina edilir. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(116)- 171/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli, 102 saylı qərarı ilə 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin qoyulması, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin cavabdeh orqana aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün Mingəçevir şəhər Bozdağın ətəyindən 4.0 ha torpaq sahəsi ayrılmışdır. 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunun Həmkarlar Komitəsinin 17.06.1988-ci il tarixli iclasında İddiaçı “Sevinc” bağçılığına üzv qəbul edilmiş və ona 6 sot 25 nömrəli bağ sahəsinin təhkim edilməsi qərara alınmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 09.09.2008-ci il tarixli, 161 nömrəli sərəncamı ilə 572.85 kv.m fərdi bağ sahəsi İddiaçı adına verilmişdir. “Sevinc” bağçılıq təsərrüfatında yoldaşlıq bağçıların müəssisədə işləyən üzvlərinin 01.05.1993-cü ilə Siyahısından müəyyən edilmişdir ki, həmin siyahıda 11-ci sırada İddiaçı adı qeyd edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.04.2021-ci il tarixli, **********82 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır, sahəsi 570 kv.m, uqodiyası çoxillik əkmələrdir. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Sənəd üzrə torpaq sahəsinin 160 kv.m hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin imtina etməsi qanunsuzdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli, 102 saylı qərarı ilə 5 nömrəli Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” nin 9-cu, 22.3-cü, maddəsi, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndi, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndi, "İnsаn Hüquqlаrının və Əsаs Azаdlıqlаrın Müdаfiəsi hаqqındа" Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsi, Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsi, "Nоrmаtiv hüquqi aktlаr hаqqındа" Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsi, "İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi hаqqındа" Avropa Kоnvеnsiyаsının 46-cı mаddəsi "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsi, "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işi, "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 2.2-ci, 4.1-ci, 8.0.5-ci, 8.0.7-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə əhəmiyyətli olan bütün faktiki halları araşdırılmadığından məhkəmənin həmin qərarını qanuni və əsaslı hesab etmir. Belə ki, torpaq sahəsinin cənub sərhəddindən 5.4 metr məsafədə 220 kvt yüksək gərginlikli elektrik hava xətti keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən 220 kv-luq elektrik xəttinin mühafizə zolağı 25 metr təşkil edir. Bununla da ayrılmış torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin qorunma zolağında yerləşmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-170/2021 qərarını ləğv edərək, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-170/2021 qərarını ləğv edərək, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsı: Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və "Nоrmаtiv hüquqi aktlаr hаqqındа" Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən, bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Haqverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində deyilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X4rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir. Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-170/2021 qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-170/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən görünür ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh tərəf etirazında bu dəlilə istinad etmişdir ki, torpaq sahəsinin bir hissəsindən 220 kvt gücündə yüksək gərginlikli elektrik xətti keçir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil iddianın rədd edilməsi üçün əsas deyildir. Torpaq Məcəlləsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi ayrılan zaman həmin Qaydalar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Digər tərəfdən, sadalanan normaların birgə təhlilindən görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun, həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi əsası ilə cavabdehin imtina etməsi qanunsuzdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-170/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-170/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar