Məhkəmə qərarları › İş №2-1(107)-345/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-345/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-345/2024 04.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 193/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “imtinanın əsassız hesab edilməsi və ona hüququnun yarandığı vaxtdan, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. O, bu imtina ilə razı deyiləm. Belə ki, iddia ərizəsində HT-1N1573614 nömrəli əmək kitabçasında və işlədiyi yuxarıda göstərilən idarələrin verdiyi işin xarakteri barədə sənədlər verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının ümumi peşələr bölməsində 2004-cü il 05 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarını “35” ümumi peşələr bölməsinin 19-cu sətir yarı bölməsində bilavasitə nəzərdə tutulur və işlədiyi bu peşə sahəsi ona güzəştli şərtlərlə 60 yaşa görə əmək pensiyası hüququna təminat verir. Bundan başqa, o hal-hazırda, yəni 2021-ci ilin sentyabrı da daxil olmaqla həmin müəssisədə işləmişdirsə, ona həmin ildə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun pensiya təyin edilməlidir. Buna onun həm yaşı, həm də işlədiyi sahə imkan verir. Bundan əlavə imtinanın 2-ci hissəsində qeyd edilən güzəştli şərtlərlə stajını az göstərmişlər.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin olunmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yasa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqlan ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur.

7. Bildiririk ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 26 yanvar 1988-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və “Azərbaycan İES" MMC-nin iddiaçıya dair 19 avqust 2022-ci il tarixli 07-85 nömrəli arayışında xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES Kimya sexində, xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, “Azərbaycan İES" MMC-nin 16 sentyabr 2020-ci il tarixli 07-97 nömrəli və 27 fevral 2023-cü il tarixli 07- 32 nömrəli iddiaçıya dair arayışlarında xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunub. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.

8. İddiaçının mübahisəsiz güzəştli iş stajı: - xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər; - xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər. İddiaçı ümumlikdə 11 il 9 ay 9 gün güzəştli iş stajına malikdir. İddiaçının mübahisəli güzəştli iş stajı: - xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər; - xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər. Eyni zamanda İddiaçı ümumi iş stajı 41 il 4 ay 6 gündən ibarət olmaqla aşağıdakı kimidir: - xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1988-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1988-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər; - xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (ümumilikdə 2006-cı il tarixədək 24 il 2 ay 6 gün); 2006-cı il tarixdən sonra isə 17 il, 2 aydan ibarətdir.

9. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

10. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - "xxxx" MMC-nin xx.xx.2020 tarixli AG/27 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.2009-cu ildən (əmr № 01/-k, xx.xx.2009-cu il) xx.xx.2010-cu ilədək (əmr № 01/k, xx.xx.2010-cu il) "xxxx" MMC-nin Qazan-Turbin, Avadanlıqlarının Təmiri və Sazlanması İdarəsinin Köməkçi Avadanlıqlarının Təmiri sexində 5-ci dərəcəli təmirçiçilingər peşəsində işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının NK-nin xx.xx.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 1 il təşkil edir. "xxxx" MMC xx.xx.2012-ci il tarixdən "xxxx" MMC adlandırılıb. - Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “işin xarakteri haqqında arxiv arayış”ından görünür ki, iddiaçı xx.xx.2010-cu ildə (əmr №-18/17-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Köməkçi Avadanlıqların Təmiri sexinə çilingər peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (əmr №- 115/17-kş, xx.xx.2012-ci il) Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilib və xx.xx.2012-ci ildə (əmr №143/17kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Göstərilən peşələr, "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının 24-cü Fəslinin "‘Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın "a" bəndinə əsasən avadanlığa xidmət edən çilingərlərin işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 02 il, 11 ay, 01 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli “İşin xarakteri haqqında arayış”dan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx"-MMC-nin Mərkəzi Təmir sexinin “Kimya avadanlıqlarının təmiri briqadasında” 5-ci dərəcəli təmirçi-çilingər, çilingər vəzifəsində (Əmr №303/Ş xx.xx.2012), xx.xx.2015-ci il tarixdən hal-hazıradək “Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin “Qaz təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada” 5-ci dərəcəli qazanxana sexi avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №55/Ş xx.xx.2015) işləyir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində C02 karbon qazı, səs-küy, havanın temperaturu, işıqlanma, nisbi rütubət, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosional və intelektual gərginliyin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək aylıq məvacibinin 20% miqdarında və xx.xx.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. "xxxx" MMC-də zərərli iş stajı xx.xx.2012-ci il tarixdən hal-hazıradək 07 il 09 ay təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İş fəaliyyəti haqqında arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdən Azərbaycan DRES kimya sexinə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №209 xx.xx.1991) xx.xx.1992-ci ildən Mərkəzi imtahan komissiyasında imtahan verdiyinə görə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. (Əmr№11/K xx.xx.1992) xx.xx.1994-cü ildən Mərkəzi imtahan komissiyasında imtahan verdiyinə görə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. (Əmr №46/K xx.xx.1994) xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Kimyəvi Avadanlıqların xüsusi təmir sexində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. (Əmr №25/K xx.xx.1997) İşlədiyi müddətdə vəzifə funksiyasına görə Elektrik stansiyasının Kimya sexində, 1 və 2 saylı Qazan-turbin sexlərində yerləşən X3nda (BDQ) avadanlıqların təmir işini aparmışdır və avadanlıqlara texniki xidmət işini yerinə yetirmişdir. Göstərilən vəzifələrdə işlədiyi müddətdə zərərli iş şəraitinə görə 20% həcmində əlavə əmək haqqı ödənilmişdir. - ИT-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 - xx.xx.1988, xx.xx.1991 - xx.xx.2010, 28.11.1988 - xx.xx.1988, xx.xx.2010 – xx.xx.2012, 28.11.1988 - xx.xx.1991, xx.xx.2012 - xx.xx.2020. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Bölməsinin xx.xx.2020-ci il tarixli 283 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1979 - xx.xx.1981-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) mərkəzi təmir sexi, təmirçi-çilingər, qazanxana sexi avadanlığının təmiri üzrə çilingər tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 10 il 02 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri 8 saatlıq iş günü ərzində CO2, səs-küy, havanın temperaturu, işıqlanma, nisbi rütubətin, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorlarına görə aylıq məvacibin 20% və 12% miqdarında əlavə əmək haqqı və 06 əlavə məzuniyyət günü verilmişdir. - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 26 yanvar 1988-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasında və ‘'Azərbaycan İES” MMC-nin 19 avqust 2022-ci il tarixli 0785 nömrəli arayışında xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES Kimya sexində, xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, “Azərbaycan İES’’ MMC-nin 16 sentyabr 2020-ci il tarixli 07-97 nömrəli və 27 fevral 2023-cü il tarixli 07-32 nömrəli arayışlarında xx.xx.2012xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən şəxsin işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq ediimiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 9 gün (xx.xx.2009xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2012-ci il, xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda İddiaçı ümumi iş stajı 41 il 4 ay 6 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 2 ay 6 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-31,12.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 2 ay sığorta stajı)) təşkil edir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “İstehsalat fəaliyyəti haqqında” arayışdan görünür ki, İddiaçı (təvəllüdü xx.xx.1960-cı il) xx.xx.2012 tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC "xxxx" MMC - Mərkəzləşdirilmiş Təmir sexi - Kimya Avadanlıqlarının Təmiri briqadası 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul olunub. Mərkəzləşdirilmiş Təmir sexinin Kimya avadanlıqların Təmiri briqadasının 5-dərəcəli təmirçi çilingərin vəzifə funksiyaları: QTS-1 və QTS-2 saylılarda (X8) BDQ-lərin materialının yüklənməsi, daxili və xarici boru sisteminin armaturların təmir olunması. xx.xx.2015-ci il tarixdən xx.xx.2020-cı il tarixədək "xxxx" ASC - "xxxx" MMC - Qazan və Köməkçi avadanlıqların təmiri sexi - Qaz təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada Qazanxana sexi avadanlığının təmiri üzrə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. "xxxx" MMC-nin Qazan və Köməkçi Avadanlıqların Təmiri sahəsində "Qaz təsərüffatı Avadanlıqlarına xidmət və təmir edən briqadanın 5-ci dərəcəli təmirçi çilingəri vəzifə funkisiyaları: QPM-1 və QPM-2 (X7) saylılarda, QTS-1 və QTS-2 (X8) saylılarda qaz siyirtmələrinin, tənzimləyicilərin, boru kəmərlərinin təmir edilməsi. xx.xx.2020-xx.xx.2022 "xxxx" MMC, Mərkəzi Təmir sexi, Köməkçi sexlərin təmiri Sahəsi, Kimya təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada Təmirçi çilingər (ödəmə dərəcəsi-5) vəzifəsində işləyir. xx.xx.2022-hal-hazıradək "xxxx" MMC, Mərkəzi təmir sexi, Köməkçi sexlərə xidmət edən sahə, Kimya təsərrüfatı avadanlıqlarına xidmət edən briqadada Təmirçi çilingər (ödəmə dərəcəsi-5) vəzifəsində işləyir. Göstərilən sahələr üzrə zərərli iş yerləri hesab olunur. xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlavə 12% və 01 06.2020-ci il tarixdən hal-hazıradək 20% əmək haqqı ödənilir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı (xx.xx.1960cı il təvəllüdlü) xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" MMC-nin Kimya sexində təmirçi - çilingər vəzifəsində (əmr № 209 23.08 1991), xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Kimya sexinin nəzdində olan Kimya avadanlıqlarının Xüsusi Təmiri sahəsində təmirçi-çilingər vəzifəsində (əmr №25/K xx.xx.1997) işləmişdir. Kimya sexinin təmirçi-çilingəri vəzifəsində işləyən işçilər aşağıda göstərilən funksiyaları yerinə yetirirlər: Kimya sexinin reagent təsərrüfatının avadanlıqlarının sulfat turşusu və kaustik soda saxlama çənlərinin, turşu-qələvi nasosların, armatur və boru kəmərlərinin təmiri, sistemlə gələn reagentlərin boşaldılması, Kimya sexinin kimyəvi sutəmizləmə qurğusunun avadanlıqlarının, ion mübadiləsi süzgəclərinin, nasosların; armatur və boru kəmərlərinin təmiri. Süzgəclərə ionitlərin (süzgəc materiallarının) yüklənməsi-boşaldılması, Stansiyanın Qazan-Turbin sexinin ərazisində yerləşən X2 süzgəclərinin, nasos, armatur və boru kəmərlərinin təmiri. X3 1 və 2 nömrəli Qazan-Turbin sexinin zirzəmisində Qazan-Turbin avadanlıqlarının alt hissəsində yerləşir. X2 avadanlıqlarının təmiri və texniki xidmət göstərən çilingərin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin "a” bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri çilingəri (vəzifə kodu 2140000a- 18455) vəzifəsinə onların eyni şəraitdə, eyni məkanda işləməsinə və Zərərli işə görə əlavə əmək haqqı almasına görə uyğundur. -Azərbaycan İES” MMC-nin xx.xx.2023-cü il tarixli “İstehsalat fəaliyyəti haqqında” arayışdan görünür ki, xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan DRES-in Kimya sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Kimya sexinin təmirçi çilingərinin vəzifə funksiyaları: Kimya sexinin reagent təsərrüfatının avadanlıqlarının: sulfat turşusu və kaustik soda saxlama çənlərinin, turşu-qələvi nasoslarının, armatur və boru xətlərinin təmiri, Kimya sexinin kimyəvi sutəmizləmə qurğusunun avadanlıqlarının: ion mübadiləsi süzgəclərinin, nasosların, armatur və boru xətlərinin təmiri. Süzgəclərə ionitlərin (süzgəc materiallarının) yüklənməsi-boşaldılması. Stansiyanin Qazan-turbin sexinin ərazisində yerləşən X2 süzgəclərinin, nasos, armatur və boru xətlərinin təmiri. Göstərilən sahələr zərərli iş yerləri hesab olunur. İşlədiyi müddət ərzində 12% əlavə əmək haqqı ödənilib. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Goranbay Peşə məktəbinin xx.xx.2023-cü il tarixli 85 nömrəli arayışdan görünür ki, İddiaçı 28.12.181-ci ildə Goranboy Peşə məktəbinin (Qasım İsmayılov rayonu 102 saylı orta texniki Peşə məktəbi) Traktorçu-maşınçı kursuna əyani qəbul olmuşdur. xx.xx.1982-ci ildə də, həmin ixtisası bitirərək 57 saylı attestat almışdır. -cavabdehin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17927,11 manat, həmin tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 21486,77 manat olmaqla cəmi pensiya kapitalı 39413,88 manat təşkil edir. -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə almır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 24 il 2 ay 6 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 17927,11 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2020-cü il tarixinə indeksləşdirilərək 21486,77 manat pensiya kapitalı qeydə alınmışdır. -Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun xx.xx.2020-ci il tarixinə ümumi iş stajı 39 il 5 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 10 ay 1 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-cı il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 7 ay) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 39897,94 manat təşkil edirdi.

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 mart 2024-cü il tarixli 2- 1(116)-193/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur (cavabdeh orqan iddiaçının xx.xx.2020-ci il tarixinə ümumi iş stajının 39 il, 5 ay, 1 gün olmasını qəbul edir). Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 60 yaşının bitdiyi xx.xx.2020-ci il tarixə 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1991-xx.xx.1997, xx.xx.1997-xx.xx.2004 və xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlərdə Azərbaycan DRES Kimya sexində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında işlədiyi təmirçi çilingər vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün vəzifələrin nəzərdə tutulduğu Siyahıya (qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə) aid olmamasını bildirmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisədəki Kimya sexinin təmirçi-çilingəri vəzifəsinin əmək funksiyaları öyrənilmişdir. Müəssisə tərəfindən bildirilmişdir ki, digər vəzifə funksiyaları ilə bərabər, Stansiyanın Qazan-Turbin sexinin ərazisində yerləşən X2 süzgəclərinin, nasos, armatur və boru kəmərlərinin təmiri iddiaçının əmək funksiyasına daxildir. X3 1 və 2 nömrəli Qazan-Turbin sexinin zirzəmisində Qazan-Turbin avadanlıqlarının alt hissəsində yerləşir. X2 avadanlıqlarının təmiri və texniki xidmət göstərən çilingərin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin "a” bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri çilingəri (vəzifə kodu 2140000a- 18455) vəzifəsinə onların eyni şəraitdə, eyni məkanda işləməsinə və Zərərli işə görə əlavə əmək haqqı almasına görə uyğundur. Göründüyü kimi iddiaçı ümumi və xüsusi iş stajı ilə bağlı şərtlərə cavab verir. Lakin, yuxarıda qeyd edildiyi kimi sadalanan şərtlərlə bərabər, fərdi hesabının sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı ilə bağlı tələb də, yerinə yetirilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17927,11 manat, həmin tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 21486,77 manat olmaqla, cəmi pensiya kapitalı 39413,88 manat təşkil edir. 10 mart 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 1.107-ci maddəsinə əsasən sözügedən Qanunun 45-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” Həmin norma 13 may 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilənədək qüvvədə olmuşdur. Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). ƏPHQ-nun 45-ci maddəsinə edilmiş əlavə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixdə qüvvədə olduğundan iddiaçıya münasibətdə gözlənilən pensiya ödənişi aylarının sayı 204 aydır (144+60). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya münasibətdə tələb olunan minimum pensiya kapitalı hesablandıqda toplanmış pensiya kapitalının (39413,88 manat) tələb olunan 40800 (200x204) manat pensiya kapitalından az olması müəyyən edilir. Odur ki, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum pensiya kapitalı ilə bağlı şərtə cavab vermədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-193/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Goranboy rayonunda anadan olmuşdur. xx.xx.1983-cü ildən hal-hazıra kimi fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirir. xx.xx.1988-ci ildən hal-hazıra kimi zərərli sahədə çalışır. Qanunvericiliyin tərəflərinə görə o, xx.xx.2020-ci ildən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Şəki İnzibati Məhkəməsi onun bütün hüquqlarını pozaraq, əmək fəaliyyətini təsdiq edən əmək kitabçasında göstərilən güzəştli halları nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş, nəticədə ədalət mühakiməsini kobud şəkildə pozaraq ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Lakin məhkəmə onun xx.xx.1983-cü ildən hal-hazıra kimi işlədiyi müddəti ümumi iş stajına daxil etməyib. Cavabdehin imtinaedici qərarı mahiyyət üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Onun müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə vermiş olduğu etiraz ərizəsini birinci instansiya məhkəməsi zamanı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinin məzmunu ilə əsaslandıraraq birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

16. İddiaçı 11 iyun 2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddia tələbinin “01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının 04 iyul 2024-cü il tarixli, 2-1(107)-345/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2-1(116)-193/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, o, 2020-ci ildə 60 yaşı tamam olub. Hal-hazırda işləyir. Dövlət Sosial Müdafiə Fondu ona deyir ki, ona yaşa görə əmək pensiyası düşmür. Halbuki 41 il stajı var. Hazırda isə məhkəmə kollegiyasından 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 etiraz ərizəsinin dəlillərini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 54.1. cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Maddə 54.2. cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

24. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlanmır. Lakin, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə onun ümumi və xüsusi iş stajı tamamlandığından, iddiaçının özü də 01 iyul 2022-ci il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.

33. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.

34. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur (cavabdeh orqan iddiaçının ümumi iş stajının 41 il, 4 ay, 6 gün olmasını qəbul edir).

35. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur.

36. Belə ki, cavabdeh orqan iddiaçının xx.xx.1991-xx.xx.1997, xx.xx.1997-xx.xx.2004 və xx.xx.2012-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlərdə Azərbaycan DRES Kimya sexində Kimyəvi avadanlıqların xüsusi təmiri sexində, "xxxx" MMC-nin Mərkəzi Təmir sexinin Kimya avadanlıqlarının təmiri briqadasında işlədiyi təmirçi çilingər vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün vəzifələrin nəzərdə tutulduğu Siyahıya (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə) aid olmamasını bildirmişdir.

37. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi müəssisədəki Kimya sexinin təmirçi-çilingəri vəzifəsinin əmək funksiyaları öyrənilmişdir.

38. Müəssisə tərəfindən bildirilmişdir ki, digər vəzifə funksiyaları ilə bərabər, Stansiyanın Qazan-Turbin sexinin ərazisində yerləşən X2 süzgəclərinin, nasos, armatur və boru kəmərlərinin təmiri iddiaçının əmək funksiyasına daxildir. X3 1 və 2 nömrəli Qazan- Turbin sexinin zirzəmisində Qazan-Turbin avadanlıqlarının alt hissəsində yerləşir. X2 avadanlıqlarının təmiri və texniki xidmət göstərən çilingərin vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları,enerji qatarlan, buxar və güc təsərrüfatı” bölməsinin "a” bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri çilingəri (vəzifə kodu 2140000a- 18455) vəzifəsinə, onların eyni şəraitdə, eyni məkanda işləməsinə və Zərərli işə görə əlavə əmək haqqı almasına görə uyğundur.

39. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:

41. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına, ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

42. Göründüyü kimi iddiaçı ümumi və xüsusi iş stajı ilə bağlı şərtlərə cavab verir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi ümumi və güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmışdır.

44. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatları zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

45. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

46. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

47. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

48. Bundan əlavə, cavabdehin iddia ərizəsinə və apellyasiya şikayətinə etirazının başlıca dəlili iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmaması ilə bağlı olmuşdur.

49. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş ("Azərbaycan” qəzetində 29 iyun 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj 12 il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Lakin həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən, bu Qanunla "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yeni qanun qüvvəyə mindiyi tarixdən ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarix) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Əks yanaşma, iddiaçıya münasibətdə həddən artıq formallıq hesab edilməklə qanunvericinin qarşıya qoyulmuş məqsədinə uyğun hesab edilə bilməz.

50. Göründüyü kimi, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

51. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından da görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

52. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmamış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməmişdir.

53. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticədə isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.

54. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının vəziyyətini yüngülləşdirən həmin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi istiqamətində iddiaçıya tələbini dəqiqləşdirməkdə yardım göstərməmiş (iş materiallarından görünmür), iddiaçının “60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə baxaraq iddianı rədd etmiş, verilmiş iddia tələbinə münasibətdə qərar qəbul edilmişdir.

55. Halbuki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

56. Qanunvericiliyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

57. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.

58. Həmçinin məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında qeyd etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata götürülməməsi barədə” fikrinə münasibətdə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası tərəfindən iddianın dəyişdirilməsi məqsədəuyğun hesab edilmiş, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

59. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

60. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir.

61. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçıya yardım etmədən qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.

62. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-193/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar