Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-346/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-893/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını, əmək kitabçasını və hərbi xidmət müddətini nəzərə almaqla, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan təqdim edilən arayışda qeyd edilən müddətlərin əmək kitabçasında qeyd edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır.
5. İddiaçı tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, Maştağa tikinti materialları kombinatının arayışı və hərbi xidmətinə dair arayış) sübuta yetirilməsi ilə əsaslandırmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əmək kitabçasında qeyd edilməməsi, buna görə iddiaçının tələb olunan 25 illik sığorta stajının yaranmaması, həmçinin, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının Balakən rayon X1 “Balakən RİİK” tərəfindən verilən xx.xx.1997-xx.xx.2003-cü illərə aid əmək haqqı cədvəllərinə əsasən iddiaçı cəmi 68 ay (5 il 8 ay) əmək haqqı almışdır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 19 il 4 aya barabərdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 avqust 2022-ci il tarixli 2- 1(116)-893/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı 1976-1980-ci illərdə Balakən rayonunda H.Nəsibov adına kolxozda və xx.xx.1980-ci ildən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri Maştağa Tikinti Materialları Kombinatında işlədiyini iddia edir. Lakin iddiaçının əmək kitabçasında iddia etdiyi illər qeyd olunmamışdır. H.Nəsibov adına kolxozda işlədiyi dövr arxiv arayışında öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilən Balakən rayon İstehsal-İstehlak Kooperativi “Balakən RİİK” tərəfindən verilən xx.xx.1997xx.xx.2003-cü illərə aid əmək haqqı cədvəlinə əsasən iddiaçı cəmi 68 ay ( 5 il 8 ay) əmək haqqı almışdır. İddiaçının sığorta stajı hesablanarkən onun əmək haqqı aldığı dövrlər nəzərə alınmışdır. İddiaçının H.Nəsibov adına kolxozda və Bakı şəhəri Maştağa Tikinti Materialları Kombinatında işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından qanunvericiliyə əsasən sığorta stajı kimi nəzərə alına bilməz. Həmçinin, iddiaçının 2006-2021-ci illər ərzində hər hansı sığortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1555 nömrəli məktubunda Maştağa Tikinti Materialları Kombinatının arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)- 893/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-893/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)- 893/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - SHXÇÜDX-nin Balakən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 23 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə (2 il 3 gün) keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimidir: xx.xx.1983 – xx.xx.1986 (2 il 8 ay 24 gün), xx.xx.1986 – xx.xx.1995 (8 il 11 ay 15 gün), xx.xx.1997 – xx.xx.2003 (6 il 3 ay 22 gün). - Azərbaycan SSR Tikinti məmulatları Sənaye Nazirliyi Maştağa tikinti materialları kombinatının xx.xx.1983-cü il tarixli 115 №-li arayışından görünür ki, iddiaçı şərti məhkum etmə üzrə xx.xx.1980-xx.xx.1983-cü il tarixlərdə Azərbaycan SSR Tikinti Məmulatları Sənaye Nazirliyinin Maştağa tikinti materialları kombinatında maşinist vəzifəsində işləyir. Şərti məhkumetmə müddətinin bitməsi ilə əlaqədar azad edilmişdir. - iddiaçıya məxsus, xx.xx.1977-ci ildə tərtib edilmiş kolxozçunun əmək kitabçasından görünür ki, Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda iddiaçı, 1976-cı ildə 18 gün, 1977-ci ildə 295 gün, 1978-ci ildə 172 gün, 1979-cu ildə 217 gün işləmişdir. 1976- 1977-ci illərdə kolxozda minimum adam günü norması 250 gün, 19781979-cu illərdə isə 200 gün olmuşdur. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
17. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
18. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.
24. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-893/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, tələbdə qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
31. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-ci ildə doğulub).
32. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının təqdim etdiyi arayışlarda qeyd olunan əmək fəaliyyəti müddətlərinin əmək kitabçasında qeyd edilməməsi, “Balakən RİİK” tərəfindən verilən xx.xx.1997-xx.xx.2003-cü illərə aid əmək haqqı cədvəllərinə əsasən iddiaçının cəmi 68 ay (5 il 8 ay) əmək haqqı alması ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi, yuxarıda istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, Azərbaycan SSR Tikinti məmulatları Sənaye Nazirliyi Maştağa tikinti materialları kombinatının xx.xx.1983-cü il tarixli 115 №-li arayışında qeyd edilən 2 il 11 ay 16 gün müddətin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır.
34. İddiaçının Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda 1976-1980-ci illərdə işləməsi iddiaçıya məxsus, kolxozçunun əmək kitabçası və müvafiq arayışla sübuta yetirilir. Həmin kolxozda iddiaçı 1976-cı ildə - 18, 1977-ci ildə - 295, 1978-ci ildə - 172, 1979-cu ildə – 217 gün işləmişdir.
35. 1976-1977-ci illər üzrə minimum adam günü norması 250 gün olduğundan, iddiaçının 1977-ci ildə minimum adam günü normasını yerinə yetirdiyi müəyyən olunur və həmin il 1 il staj olaraq qəbul edilir. 1976-cı ildə isə iddiaçı minimum adam günü normasından az işlədiyindən, əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 26 gün müəyyən edilir (26/250=0.86).
36. 1978—1979-cu illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının 1979-cu ildə minimum adam günü normasını yerinə yetirdiyi müəyyən olunur və həmin il 1 il staj olaraq qəbul edilir. 1978-ci ildə isə iddiaçı minimum adam günü normasından az işlədiyindən, əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 10 ay 8 gün müəyyən edilir (172/200=0.10).
37. Beləliklə iddiaçının Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda cəmi əmək stajı – 2 il, 11 ay, 4 günə bərabər olur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı 18 ildir.
38. Cavabdeh həmin müddətdən iddiaçının “Balakən RİİK” işlədiyi xx.xx.1997xx.xx.2003-cü illərdən 5 il 8 ay müddətini qəbul edir və digər müddətin (7 ay 22 gün) qəbul edilməməsini iddiaçıya əmək haqqının ödənilməməsi ilə izah edir.
39. Bununla belə, cavabdeh orqan əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və iş satının qeyd olunduğu əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.
40. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, işə əlavə edilmiş tədqiq edilən sənədləri nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır.
42. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-893/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.