Məhkəmə qərarları › İş №2-1(107)-346/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-346/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-346/2023 28.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X12 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X13 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X22 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)- 616/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. . İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2009-cu il tarixli X22 1999-cu nömrə ilə uçota salmış A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”də göstərilən 699,34 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-616/2022 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. Daha sonra iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

6. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 699,34 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, torpaq sahəsi üzərində iddiaçının hüquqların yaranmasını təsdiq edən ilkin hüquq müəyyənedici sənədlərin olmamasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir

7. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı əsasında onun mülkiyyətinə ayrılması, A№ 220545 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin tərtib edilməsi və faktiki olaraq istifadəsində olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə etirazını - A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin, iddiaçının qanuni istifadəsinə verilməsini təsdiq edən hüquq müəyyənedici sənədlərin olmaması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş edilmişdir.

9. Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və istinad etdiyi plan-ölçü sənədi ilə ona ayrılmamışdır. İddiaçı, faktiki istifadə etdiyi torpaq sahəsini zəbt etmişdir və bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsini alqı-satqı qaydasında əldə edə bilər. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 iyul 2022-ci il tarixli 2- 1(116)-616/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iddiaçının nümayəndəsi X21 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X22 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin tarixli iclasda ərizə icraata qəbul edilmişdir.

14. Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2022-ci il tarixdə tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Mingəçevir şəhərində yerləşən 699.34 kv.m. torpaq sahəsi hər tərəfdən hasarlanmışdır və içində yarımtikili vardır, həmin torpaq sahəsinə su borusu çəkilmiş və su sayğacı quraşdırılmışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektron xəritə baza məlumatlarına əsasən iddiaçının adına qeyd edilmiş torpaq sahəsi adları məlum olmayan başqa şəxslərin istifadəsindədir.

15. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-296/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-616/2022 nömrəli qərarının ləğv edilməsi, İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə X22 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

16. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)-296/2022 nömrəli qərarından kassasiya şikayəti vermişdir.

17. Azəbaycan Respublikası Ali Məhkəməsnin 09 mart 2023-cü il tarixli 2-1(102)- 514/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)- 296/2022 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 saylı sərəncamı ilə onun mülkiyyətinə 699.34 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin mülkiyyətinə verilərək adına qeydiyyata alınması üçün cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Cavabdeh orqan ona təqdim etdiyi sənədin texniki sənəd olduğunu bildirərək tələbindən imtina etmişdir. Hazırda Mingəçevir şəhərində onun ətraf qonşularının hər biri eyni qaydada sənəd almışdırlar. İcra başçısının müvafiq sərəncamına əsasən sözügedən torpaq sahəsi həyətyanı məqsədilə ayrılmışdır. Məlum məsələdir ki, torpağın mülkiyyətə verilməsinə dair sərəncama əsasən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində torpağın mülkiyyət statusu bələdiyyə kimi göstərilmişdir. X11 belə sözügedən torpaq sahəsinin onun mülkiyyətinə qeydə alınmasına etiraz etməmişdir. Eyni sərəncamla Mingəçevir şəhərində bir çox ailələrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə belə verilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)- 616/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-616/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X14 bildirmişdir ki, katastr planında iddiaçıların istifadə etdikləri torpaq sahəsi sol tərəfdə göstərilsə də iddiaçılar sağ tərəfdəki torpaq sahəsindən istifadə edirlər. Həmin torpaq sahəsidə bələdiyyə mülkiyyətindədir. Yerli baxış zamanı bələdiyyənin nümayəndəsi həmin torpaq sahəsinə etiraz etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-616/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndəsi X24 qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

22. Yerli baxış zamanı X8 verilmiş suala cavab olaraq o, Kəlbəgərdən məcburi köçkün olduğunu, istifadəsində olduğu torpağa dair heç bir sənədin olmadığını bildirmişdir.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X14, üçüncü şəxs Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndəsi X24 və digər üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişlər.

24. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

25. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, müvafiq sənədin hazırlanmasına əsas olaraq – Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli, 293 №-li sərəncamı qeyd edilmiş, torpaq sahəsinin həyətyanı məqsədilə ayrıldığı göstərilmişdir. - Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamından çıxarışdan görünür ki, müvafiq sərəncamın 2-ci bəndində qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş olunmuşdur. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X17 Filialının xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı təqdim edilir, sərəncama məlumatdan başqa hər hansı digər sənəd əlavə edilməmişdir. Təqdim edilmiş, İcra Hakimiyyəti başçısının İ müavini və memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən imzlanmış məlumatın məzmunu, qanuni istifadədə olan yaşayış evlərinin həyətyanı sahələrinin əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinə bağışlanması, həmin evlərin mülkiyyətçilərinə veriləcək torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə torpaq sahəsinin ayrılması barədə qərarın tarixi və nömrəsinin yazılmalı olması və bunun üçün xüsusi sərəncam verilməsinin təklif edilməsi barədədir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 293 №-li sərəncamı qəbul edilənədək A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 699.34 kv.m torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması barədə ərazi idarəsində məlumat aşkar edilməmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, əkin uqodiyalıdır, bələdiyyə mülkiyyətində yerləşir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. - cavabdeh inzibati orqan tərəfindən təqdim edilən NECAS yeni kadastr sistemindən çıxarışdan görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 699.34 kv.m-dir. Həmin torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. - JN-3531A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə X18 0,05 ha torpaq sahəsi verilmiş, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi X1, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi X6 adına dövlət qeydiyyatına alınmışdır. AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi X2, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi X9 adına dövlət qeydiyyatına alınmışdır. - JN-2076A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə X5 0,05 ha torpaq sahəsi verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi X4 adına dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsi AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X3, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi X16 adına dövlət qeydiyyatına alınmışdır. - cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron xəritə baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid, faktiki sahəsi 751 kv.m (mütəxəssis rəyində həmin torpaq sahəsinin yerləşdiyi döngə nöqtə koordinatları qeyd olunmuşdur), kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsidir. Eyni zamanda iddiaçının adına ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, A-220545 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinə dair koordinatları elektron xəritə baza məlumatlarına daxil etdikdə həmin sənəddə göstərilən torpaq sahəsinin ərazi idarəsinə adları məlum olmayan şəxslərin istifadəsində olan, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrinin üzərinə düşməsi müəyyən olunur.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

29. Həmin dövrə münasibətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. 2-ci maddəsinə əsasən, torpaq kadastrı, monitorinqi və yerquruluşu işlərinin aparılması ilə əlaqədar meydana çıxan yerin təkindən, meşədən, sudan, təbii ehtiyatlardan istifadə üzrə münasibətlər bu Qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq kadastrı, monitorinqi və yerquruluşu barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. 7-ci maddəsinə əsasən, dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

32. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

33. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

34. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

35. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi sərəncam həmin torpağa dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. İddiaçının “Torpaq sahəsinin plan və ölçüsü”nə dair bildirdiyi dəlillə bağlı məhkəmə izah edir ki, yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 09 mart 2023-cü il tarixli 2-1(102)-514/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2- 1(107)-296/2022 nömrəli qərarının ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

39. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və belə qənaətə gəlir ki, cavabdeh orqan mübahisə predmeti olan 699,34 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı olduğu halda bunu etməmiş, nəticədə iddiaçının müraciətindən imtina etməkdə haqlı olmamışdır.

41. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə 699.34 kv.m həyətyanı torpaq sahəsi iddiaçıya verilmiş, bununla bağlı AN 220545 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” hazırlanmışdır. İddiaçı 699.34 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınaraq, çıxarışın verilməsi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir.

42. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçının adına tərtib edilmiş A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, əkin uqodiyalıdır, bələdiyyə mülkiyyətində yerləşir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş koordinatlar əsasında qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür.

43. Lakin cavabdeh inzibati orqan tərəfindən təqdim edilən “NECAS” yeni kadastr sistemindən çıxarışdan görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 699.34 kv.m-dir. Həmin torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir.

44. Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli məktuba əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron xəritə baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid, faktiki sahəsi 751 kv.m (mütəxəssis rəyində həmin torpaq sahəsinin yerləşdiyi döngə nöqtə koordinatları qeyd olunmuşdur), kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsidir. Eyni zamanda iddiaçının adına ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, A-220545 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinə dair koordinatları elektron xəritə baza məlumatlarına daxil etdikdə həmin sənəddə göstərilən torpaq sahəsinin ərazi idarəsinə adları məlum olmayan şəxslərin istifadəsində olan, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrinin üzərinə düşməsi müəyyən olunur.

45. Göründüyü kimi, NECAS yeni kadastr sistemindən çıxarışda iddiaçıya verilmiş 699.34 kv.m torpaq sahəsinin həyətyanı torpaq sahəsi olduğu qeyd edilməsinə baxmayaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində isə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla əkin uqodiyalı olması göstərilmişdir. Bu da A220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilmiş torpaq sahəsinin koordinatları barədə məlumatlarının səhv tərtib edildiyini deməyə əsas verir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarında göstərmişdir ki, yerli baxış zamanı apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçının adına qeyd edilmiş torpaq sahəsinin adları məlum olmayan başqa şəxslərin istifadəsində olduğu müəyyən olunduğundan, həmin şəxslər müəyyən edilməli və onların işə cəlb edilməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməli idi, lakin bu olunmamışdır.

47. Həmin göstərişə əsasən məhkəmə kollegiyası yenidən mübahisə predmeti olan əraziyə yerli baxış keçirmiş və xx.xx.2023-cü ildə keçirilmiş yerli baxış iclasında iddia olunan torpaq sahəsinin A 220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin mülkiyyət növü elektron xəritə və baza məlumatlarına əsasən bələdiyyədir və iddia olunan torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsinin arasında hava məsafəsi ilə 56 metr fərq olduğunu, iddia olunan torpaq sahəsi uzun illərdir iddiaçının istifadəsində olduğunu, lakin iddia olunan torpaq sahəsinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən tərtib edilmiş A 220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 699.34 kv.m torpaq sahəsi ilə üst-üstə düşmədiyi, eləcədə hazırda A 220545 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 699.34 kv.m torpaq sahəsinin başqa bir şəxs X15 tərəfindən istifadə olunduğu və orada sonuncu tərəfindən yaşayış binasının inşa olunduğu müəyyən edilmiş və X15 üçüncü şəxs qismində cəlb edilmişdir.

48. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarında göstərmişdir ki, apellyasiya məhkəməsinin qənaətinə görə, görə əgər xx.xx.2009-cu il tarixdə iddiaçının adına, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 nömrəli sərəncamına istinadən 699,34 kv.m torpaq sahəsi ilə bağlı Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” adlı sənəddə koordinatları göstərilən torpaq sahəsi iddiaçının istifadəsində deyilsə, o zaman iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kimə məxsus olmasınən müəyyən edilməsi, həmin torpaq sahəsinin hansı qanuni əsasa görə və nə vaxtdan iddiaçıya verilməsinin qərara alınması müəyyən edilməlidir.

49. Həmin göstərişə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu verilmiş və iddia tələbi ilə bağlı analoji işlər üzrə məhkəmə və inzibati praktikanın mövcud olub-olmaması ilə bağlı məhkəmə məlumat verilməsi xahiş olunmuşdur.

50. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavabdan görünür ki, analoji işlər üzrə inzibati praktika yalnız məhkəmə aktı əsasında həyata keçirilmiş, məhkəmə aktı və onların əsasında verilmiş çıxarışların təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir.

51. Bundan başqa İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavabdan görünür ki, sözügedən 699,34 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsində olmaqla, yaşayış məntəqələrinin torpaqlarıdır.

52. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarında göstərmişdir ki, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü”nü tərtib edən mütəxəssislər müəyyən edilərək, məhkəməyə dəvət edilməli və həmin koordinatları nəyə əsasən çəkdikləri məsələsi ilə bağlı dindirilməlidir

53. Həmin göstərişə əsasən məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid bildirdi ki, o Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin müdiri işlədiyi vaxt torpaq sahələrinin plan və ölçülərini o tərtib etməmişdir. Həmin ölçülər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış, o isə təsdiqləmişdir. Vətəndaşların istifadəsində olan torpaqların sənədləşdirilməsi ilə əlaqədar icra hakimiyyəti komissiya yaradıb, sonra torpaq xəritəçəkmə komitəsinə müraciət edilib ki, həmin torpaqlar sənədləşdirilsin. Müraciətdən sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəsisləri yerlərdə işləyərək vətəndaşlara torpaq sahələrinin kadastr planını verməyə başlayıblar. 2006-cı ildən sonra şəhadətnamə ləğv edildiyindən kadastr planı verilməyə başlayıb. Həmin torpaqlar 1970-1980-cı illərdə verilmiş torpaqlar olub. Sonradan ad dəyişmələr gedib, vətəndaşlar öz aralarında torpaqları satıb, lakin həmin torpaqların sənədləşməsi aparılmamışdır. Sonradan komissiya belə bir qərara gəlmişdir ki, birinci adamı tapmaq çətin olduğundan, faktiki həmin torpağı kim istifadə edirsə sənəddə onun adı yazılsın. Həmin sənədlər işləndikdən sonra möhürləndi və vətəndaşların bir hissəsi torpağın çıxarışını aldı. Sonradan torpaq komitəsi ləğv olunduqdan sonra həmin işlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildi. Sonradan vətəndaşlara torpaq sahələrinin sənədləşdirilməsində çətinliklər yaranmağa başladı. Həmçinin 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri işləyərkən onların verdiyi koordinatlar sürüşmə nəticəsində başqa torpaq sahəsinə düşüb. Kadastr texniki sənəddir. Həmin sürüşmələr indi də var. Lakin həmin sürüşən torpaq sahələrini özləri düzəldə bilərlər. Əgər torpaq sahəsi sürüşmə nəticəsində dövlət torpalarına, mühafizə olunan torpaq sahələrinə düşərsə düzəldə bilmirlər. Torpaqların hamısı bələdiyyə mülkiyyətidir. Həmin sahədə Kəlbəcərdən gələn məcburi köçkünlər evlər tikiblər. Onlar araşdırmalar aparıb, akt yazmışlar və 5-10 il əvvəl məlumat vermişlər. Həmçinin İddiaçı evinin yanındakı bütün evlərə çıxarış verilmişdir. Bu evlər kadastrla verilən evlərdir və bu evlərə çıxarışlar verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin torpağa çıxarışın nə üçün vermədiyini bilmir. Kənarda istifadə edən şəxs torpaq sahəsində ev tiksə də torpağın sənədi yoxdur. Həmin torpaq sahəsi zəbt edilmiş torpaq sahəsidi. Hal hazırda da iddiaçının istifadəsində olan torpaq sahəsi iddiaçının öz torpaq sahəsidi. Əgər iddiaçının istifadə etdiyi torpaq sahəsinə başqa adamın torpaq sahəsi düşsəydi burda ziddiyyət yaranardı. Həmçinin bələdiyyənin də bu torpaq sahəsinə dair heç bir iddiası yoxdur. Reyestr xidməti sürüşmənin olduğunu deyir. Lakin sürüşməni aradan qaldıran da reyestr idarəsidi.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 17 saylı Yevlax Ərazi İdarəsi üzərinə “X22 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi” öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2-1(116)-616/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. “X22 xx.xx.2009-cu il tarixdə 1999 nömrəli uçota alınmış AN 220545 saylı “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən torpaq sahəsinin sxemində yol verilmiş texniki səhvi düzəldərək həmin sxemi onun faktiki sahibliyində olan torpaq sahəsinə uyğunlaşdıraraq 699.34 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınıb çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar