Məhkəmə qərarları › İş №2-1(107)-346/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-346/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-346/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X4 adına verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1(116)-268/2024 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X4 adına verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Ağdaş bələdiyyəsi sədrinin 292 nömrəli 27 oktyabr 2007-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “torpağın alqı-satqı qaydaları”nın 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına və Ağdaş bələdiyyəsi üzvlərinin ümumi iclasının 25 oktyabr 2007-ci il tarixli 12 saylı protokol qərarına əsasən yaşadığı evin qarşısındakı, Ağdaş şəhəri, Vaqif küçəsinin cənubundakı boş, istifadəsiz 20,0 m x 40 m = 800,0 kv.m ölçüdə (3 saylı yer) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Ağdaş şəhəri, M.P.Vaqif küçəsi və ona yaxın ərazidə yaşayan bir qrup şəhər sakinləri İddiaçınə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinə müraciət edərək bildirmişlər ki, onlar şəhər stadionunun yaxınlığında yaşamaqla stadionun təmiz saxlanmasına, stadion qarşısında yaşıl örtüyün qorunmasına daim çalışmışlar. Bu yaxınlarda onlara məlum olmuşdur ki, park olan ərazinin 8 sotu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydə alınaraq müvafiq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və o, hazırda həmin ərazidə 9-10 il bundan əvvəl əkilmiş ağacları məhv edərək yaşayış evi tikdirmək istəyir. Yaranmış mübahisənin müsbət həlli məqsədi ilə üçüncü şəxs X5 rəsmi məktub göndərilərək o, Ağdaş bələdiyyəsi sədrinin 292 nömrəli 27 oktyabr 2007-ci il tarixli qərarının bələdiyyə üzvlərinin ümumi iclas protokol qərarına münasibətinin öyrənilməsi məqsədi ilə Ağdaş bələdiyyəsinə dəvət olunmuş və ondan qeyd edilənlərə münasibətini bildirməsi xahiş olunmuşdur. X2 onun adına ünvanlanmış məktubu rəsmi qaydada alsa da, həmin mübahisəyə münasibətini bildirmək üçün Ağdaş bələdiyyəsinə gəlməmiş və qeyd edilənlərə münasibətini bildirməmişdir. Qeyd edilən torpaq sahəsinin qanunsuz olaraq vətəndaşa satılması və vətəndaşların müraciətləri Ağdaş bələdiyyəsi üzvlərinin iştirakı ilə keçirilən iclasda geniş müzakirə olunmuş, iclasda çıxış edən bələdiyyə üzvləri tərəfindən vətəndaşların müraciətinin haqlı olduğu bildirilmiş, Ağdaş bələsiyyəsi sədrinin 292 nömrəli 27 oktyabr 2007-ci il tarixli qərarının və onun nəticələrinin ləğv edilməsi təklif olunmuşdur. Təklif səsə qoyularaq bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş və həmin qərarın ləğv edilməsi qərara alınmışdır. Belə ki, İddiaçı 07 fevral 2023-cü il tarixli 04 saylı iclas protokolu ilə Ağdaş bələdiyyə sədrinin 27 oktyabr 2007-ci il tarixli qərarı ləğv edilmişdir.

3. Üçüncü şəxsin vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə şəxsi kabinet vasitəsilə vəsatət təqdim edərək qeyd etmişdir ki, Ağdaş bələdiyyəsi iddiasının əsası kimi üçüncü şəxslə bələdiyyə arasında 0,08 ha torpaq sahəsinin satılmasına dair 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul etdiyini göstərərək 03 aprel 2024cü ildə 14 dekabr 2022-ci il tarixli, 18 saylı qərarını və 07 fevral 2023-cü il tarixli, 4 saylı qərarını məhkəməyə təqdim etmişdir. Üçüncü şəxs Ağdaş bələdiyyəsinin 14 dekabr 2022ci il tarixli, 18 saylı qərarını və 07 fevral 2023-cü il tarixli, 4 saylı qərarının ləğv edilməsinə dair Şəki İnzibati Məhkəməsində iddia qaldırmış və həmin iş 2-1(116)-2133/2024 nömrə ilə qeydə alınmaqla hakim Rüstəm Kərimlinin icraatındadır. Odur ki, hazırkı işin icraatının həmin işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək dayandırılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, Ağdaş bələdiyyəsinin sədri vəsatətin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatətin təmin edilməməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 aprel 2024-cü il tarixli 2- 1(116)-268/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən X4 adına verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-2133/2024 nömrəli inzibati iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə icraatın dayandırılması qənaətinə gəlsə də, qərardadını əsaslandırmamışdır. İş materiallarından da göründüyü kimi, iddiaçı Ağdaş bələdiyyəsi üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi barədə Ağdaş bələdiyyə sədrinin 27 oktyabr 2007-ci il tarixli qərarının yuxarıda qeyd edilən qanun pozuntusu ilə verildiyindən ləğvi məsələsinə baxılması barədə üçüncü şəxsi rəsmi qaydada məlumatlandırmış və mübahisəyə bələdiyyə üzvlərinin ümumi yığıncağının iclasında baxılacağını bildirmiş və qeyd edilən tarixdə bələdiyyə iclasında iştirak etməsini və buna münasibətini bildirməsini xahiş etmişdir. Lakin üçüncü şəxs bələdiyyə iclasında iştirak etməmiş və münasibətini bildirməmişdir. Ona görə də Ağdaş bələdiyyəsinin 07 fevral 2023-cü il tarixli 04 saylı iclas protokolu ilə Ağdaş bələdiyyə sədrinin 27 oktyabr 2007-ci il tarixli qərarı ləğv edilmişdir və qərarın surəti üçüncü şəxsə göndərilmiş, üçüncü şəxs qanunla müəyyən edilmiş müddətdə həmin qərarı mübahisələndirmədiyinə görə iddiaçı tərəf haqlı olaraq üçüncü şəxsin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Göründüyü kimi iş üzrə üçüncü şəxs X6 qanunla müəyyən edilmiş müddətdə həmin qərarı mübahisələndirməmiş, iddiaçı cavabdeh inzibati orqana və ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəndən demək olar ki, bir il sonra vəsatətdə qeyd edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxsə torpaq sahəsinin verilməsinə dair bələdiyyə sədrinin ləğv edilməsi proseduru qanunvericiliyin tələblərinə tam əməl etməklə həyata keçirildiyinə görə hesab edirik ki, hazırki iş üzrə üçüncü şəxsin iddiaçı Ağdaş bələdiyyəsinə qarşı qeyd edilən tələblə məhkəməyə müraciət etməsi işin icraatının dayandırılması üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1(116)-268/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 aprel 2024cü il tarixli 2-1(116)-268/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Belə ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-2133/2024 nömrəli iş üzrə iddiaçı X1 şəhəri M.P.Vaqif küçəsi 98 saylı ünvanda yaşayan X5 fərdi yaşayış evi tikmək üçün həmin küçədə 0,08 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair Ağdaş bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli 292 nömrəli qərarının ləğv edilməsi barədə Ağdaş bələdiyyəsinin 14 dekabr 2022-ci il tarixli, 18 saylı və 07 fevral 2023-cü il tarixli, 4 saylı qərarlarının ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən qərarlar hazırkı iş üzrə iddia tələbinin əsası qismində çıxış etdiyindən, hazırda baxılası işin nəticəsi Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-2133/2024 nömrəli işin nəticəsindən asılı olduğundan həmin işə baxılıb yekun qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə kimi hazırkı işə baxılması mümkün deyildir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı işin icraatı Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-2133/2024 nömrəli işin icraatı tamamlananadək dayandırılmalıdır.

17. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1(116)- 268/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1(116)-268/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar