Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-347/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla adına çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir.
3. Cavabdeh həmin məktubda göstərmişdir ki, təqdim edilən sənədlər (surətləri) toplusu ərazi idarəsinin arxiv materiallarına istinadən ekspertiza edilərkən araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlak Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair dövlət reyestrinin nömrəsində qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət torpaqlarına aid olduğu göstərilmişdir. Dövlət mülkiyyətinə aid olan torpaq sahələrinin Bələdiyyələr tərəfindən mülkiyyətə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Buna görə də ərizənin icrasından imtina edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanda yerləşən 165.1 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 000847 saylı Texniki Pasportu və 013060 saylı şəhadətnaməsi əsasında onun tərəfindən özəlləşdirilmiş və 30 avqust 2021-ci ildə həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyd edir ki, nikaha girərkən Rüstəmova soyadı qəbul etmişdir. Qeyri-yaşayış sahəsini özəlləşdirdikdən sonra mağazanın altı və ətrafındakı torpaq sahəsinin alqı-satqı əsasında mülkiyyətinə verilməsi barədə Mingəçevir Bələdiyyəsinə müraciət etmişdir. 20 noyabr 2002-ci ildə torpaq sahəsinin satışı ilə əlaqədər ******* (bir milyon qırx yeddi min beş yüz) manat pulu Mingəçevir Bələdiyyəsinin hesabına ödəmişdir. Onların aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli 31/6 saylı qərarı ilə mağazanın altı və ətrafındakı 237.5 kv. metr torpaq sahəsi alqı-satqı əsasında xüsusi mülkiyyətinə verilmişdir. Qərarın və «yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının rəyinin surətini ərizəsinə əlavə edir. Bundan sonra sənədlərini Mingəçevir şəhər İcra Hakimiyyətinə təqdim edərək həmin sahədə tikinti aparılmasına icazə almışdır. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 mart 2004-cü il tarixli, 121 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsində layihə əsasında tikinti aparılmasına icazə verilmişdir. Mingəçevir şəhər Bələdiyyəsi ilə razılaşdırılmış eskiz layihəyə uyğun Mingəçevir şəhəri M.Vidadi küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişdiyi ərazidə 123.7 kv. metr sahədə tikinti işləri apararaq yekunlaşdırmışlar. 2023-cü ildə DƏDRX-nin Ərazi İdarəsinə müraciət edərək həmin sahədə hüquqlarını qeydə aldırmaq istəmişdir. Ondan Bələdiyyə qərarının qüvvədə olmasına dair sənəd gətirilməsi tələb olunmuş və bu məqsədlə Bələdiyyəyə müraciət etmişdir. X5 filialının 22 dekabr 2021-ci il tarixli məktubu əsasında ona məlum olmuşdur ki, torpaq sahəsi ona satıldıqdan 2 il sonra Mingəçevir Bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli 50/3 saylı Qərarı ilə Bələdiyyənin 28 noyabr 2002-ci il tarixli 31/6 saylı qərarı X4 mülkiyyətinə verilmiş 237.5 kv. metr torpaq sahəsinin 113.8 kv. metr mülkiyyətə verilmiş, qalan 123.7 kv. metr torpaq sahəsi icarəyə verilmiş hesab edilmişdir. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2- 1(116)-872/2022 saylı qərarı ilə Mingəçevir Bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli 50/3 saylı qismən, yəni Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə mülkiyyətinə verilmiş 237.5 kv. m torpaq sahəsinin 123.7 kv. m hissəsinin icarəyə verilmiş hesab olunması hissəsində ləğv edilmişdir. Beləliklə, 237.5 kv. metr torpaq sahəsinin ona satılması qüvvədədir. O, həmin sənədlərə istinad edərək cavabdeh orqana torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün müraciət etmişdir. Buradan ona imtina verilərək göstərilmişdir ki, daşınmaz əmlak Dövlət Əmlak Komitəsi tərəfindən ona satıldığından, həmin əmlaka dair şəhadətnamədə əmlakı yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması göstərildiyindən həmin torpağın Mingəçevir Bələdiyyəsi tərəfindən mülkiyyətə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Halbuki, tikinti altına 113.8 kv. metr sahə düşür. Mingəçevir Bələdiyyəsi ilə bağlanmış alqı-satqı müqaviləsi və qərarı qüvvədədir, ləğv edilməmişdir.
5. Cavabdeh orqan 23 aprel 2024-cü il tarixli iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək imtina məktubunda qeyd etdiyi xüsusatları təkrarlamaqla iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116177/2024 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 31/6 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 237.5 kv.m ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-635/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Şücaət qızına Mingəçevir şəhər Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə ayrılmış 237.5 kv. m torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinin xüsusiyyətləri barədə məlumatların verilməsi mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan Mimgəçevir bələdiyyəsinin “X3 X7”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası — təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi - 165.1 kv. m hissədə dövlət mülkiyyəti, 79.6 kv. m hissəsi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı Şücaət qızına Mingəçevir şəhər Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə ayrılmış 237.5 kv. m torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçıya ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) ayrılmış torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-872/2022 saylı qərarı ilə Mingəçevir Bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli 50/3 saylı qərarı qismən, yəni Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə mülkiyyətinə verilmiş 237.5 kv. m torpaq sahəsinin 123.7 kv. m hissəsinin icarəyə verilmiş hesab olunması hissəsində ləğv edilmişdir. - İddiaçının təqdim etdiyi xx.xx.2002-cı il tarixli ödəniş qəbzindən görünür ki, ******* manat məbləğində torpağın dəyəri Mingəçevir Bələdiyyəsinin hesabına ödənilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanda yerləşən 165.1 kv. metr sahədən ibarət qeyriyaşayış binası İddiaçı adına qeydiyyata alınmışdır. - Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış binasına **********26-06301 reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 aprel 2024-cü il tarixli 2- 1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, Dövlət Əmlak Komitəsinin 012060 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən görünür ki, Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 165,1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. İddiaçı tərəfindən qeyri-yaşayış binası alqı-satqı yolu ilə əldə edilmiş, həmin binanın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur. Yəni, Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan 237.5 kv. m torpaq sahəsinin 165,1 kv.m hissəsi bələdiyyə mülkiyyətində olmadığı halda bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilmişdir. Təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-635/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X3 X7”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası — təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi - 165.1 kv. m hissədə dövlət mülkiyyəti, 79.6 kv. m hissəsi Mingəçevir bələdiyyəsidir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Yuxarıda qeyd olunanlara əsasən Mingəçevir şəhəri X12 küçəsi 1/45-də yerləşən Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə İddiaçı ayrılan torpaq sahəsinin 72.4 kv.m hissəsi bələdiyyə mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyə səlahiyyətli olmadığından iddia qalan hissədə rədd edilməlidir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlər (surətləri) toplusu ərazi idarəsinin arxiv materiallarına istinadən ekspertiza edilərkən araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlak Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair dövlət reyestrinin nömrəsində qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət torpaqlarına aid olduğu göstərilmişdir. Dövlət mülkiyyətinə aid olan torpaq sahələrinin Bələdiyyələr tərəfindən mülkiyyətə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Buna görə də ərizənin icrasından imtina edilmişdir. Məhkəmə maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, həmin vaxt mövcud olmuş DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən sadalanan sənədlər Mingəçevir bələdiyyəsinə göndərilməmişdir (həmin sənədlərin təqdim olunmasına dair sübutlar təqdim edilməmişdir). Həmçinin iddiaçı ilə Mingəçevir Bələdiyyəsi arasında torpaq sahəsinin (daşınmaz əmlakın) alqı-satqısı həyata keçirilsə də, bununla bağlı müqavilə bağlanmamış, eyni zamanda notarial qaydada təsdiqlənməmişdir. Birinci instansya məhkəməsi nəzərə almamışdır ki, bələdiyyə torpağınının satışına icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirirdi və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilirdi. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilirdi. Ancaq iddiaçı tərəfindən mübahisə premeti olan torpaq sahəsinə dair bələdiyyə ilə vətəndaş arasında bağlanmış alqı-satqı aktı mövcud deyildir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Eyni zamanda nəzərə alınmalı idi ki, torpaq sahəsinin ayrılmasına dair DT və XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair akt DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. Faktiki vəziyyətdə vətəndaşın naturada tanıtdığı yer ilə Bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin eyni yer olduğu hansı əsaslarla sübuta yetirildiyi məlum deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı tərəf məhkəmə kollegiyasına apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək göstərmişdir ki, apellyasiya şikayətinin 1-ci dəlili onunla bağlı olmuşdur ki, «Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, həmin vaxt mövcud olmuş DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən sadalanan sənədlər Mingəçevir bələdiyyəsinə göndərilməmişdir (həmin sənədlərin təqdim olunmasına dair sübutlar təqdim edilməmişdir). Məhkəmə göstərilən maddi hüquq normalarının pozntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçı ilə Mingəçevir bələdiyyəsi arasında torpaq sahəsinin (daşınmaz əmlakın) alqı-satqısı həyata keçirilsə də, bununla bağlı müqavilə bağlanmamış, eyni zamanda notarial qaydada təsdiqlənməmişdir». Qeyd olunan məsələ onun həyəta keçirə biləcəyi hərəkətlər olmadığından və Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ləğv olunmadığından və qüvvədə olduğundan cavabdeh orqanın bu dəlili əsassızdır. Apellyasiya şikayətinin 2-ci dəlili onunla bağlı olmuşdur ki, «Eyni zamanda nəzərə alınmalı idi ki, torpaq sahəsinin ayrılmasına dair DTvə XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair akt DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. Faktiki vəziyyətdə vətəndaşın naturada tanıtdığı yer ilə Bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin eyni yer olduğu hansı əsaslarla sübuta yetirildiyi məlum deyildir». Halbuki, məhkəməyə təqdim etdiyi Bələdiyyənin «yerli iqisadi inkişaf məsələləri» komissiyasının xx.xx.2002-ci il tarixli rəyindən görünür ki, «...Vaqif küçəsi 1/45 ünvanda yerləşən 165.1 kv. metr özəlləşdirilmiş qeyri-yaşayış sahəsi olan mağazanın altındakı 113.8 kv. metr və mağaza ətrafında olan 123.7 kv. m (237.5 kv. m) olan torpaq sahəsinin nəqd alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Komissiya bunu məqsədə müvafiq hesab etmişdir. Torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilərək nişanlanması və aktla ona verilməsi komissiyaya həvalə edilmişdir». X1 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarının məzmununda da satılan torpaq sahəsinin ünvan 2 ünvanda olan özəlləşdirilmiş mağazanın altı və ətrafı olması göstərilmişdir. Həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 mart 2004-cü il tarixli, 121 saylı Sərəncamında da göstərilən ünvanda tikinti işlərinin aparılmasına ona icazə verilmiş və sxematik plan təsdiq olunmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlillərinin əsassız hesab edilməklə rədd edilməsini, qərarın qanuni qüvvədə saxlanılmasını xahiş edir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
19. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1.yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
21. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;
23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
25. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
Apellyasiya şikayətinin mümkünlüyü
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
34. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanda yerləşən 165.1 kv. metr sahədən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 000847 saylı Texniki Pasportu və 013060 saylı şəhadətnaməsi əsasında iddiaçı tərəfindən özəlləşdirilmiş və 30 avqust 2021-ci ildə həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı qeyri-yaşayış sahəsini özəlləşdirdikdən sonra mağazanın altı və ətrafındakı torpaq sahəsinin alqı-satqı əsasında mülkiyyətinə verilməsi barədə Mingəçevir Bələdiyyəsinə müraciət etmişdir. O, 20 noyabr 2002-ci ildə torpaq sahəsinin satışı ilə əlaqədər ******* (bir milyon qırx yeddi min beş yüz) manat pulu Mingəçevir Bələdiyyəsinin hesabına ödəmişdir. Bundan sonra Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli 31/6 saylı qərarı ilə mağazanın altı və ətrafındakı 237.5 kv. metr torpaq sahəsi alqı-satqı əsasında xüsusi mülkiyyətinə verilmişdir.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı 237.5 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini tələb etsə də, inzibati orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsi, həmçinin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi üzrə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə İddiaçı ayrılan torpaq sahəsinin (iddiaçının tələb etdiyi-237.5 kv.m – dövlət mülkiyyəti-165.1 kv.m = bələdiyyə mülkiyyəti-72.4 kv.m) 72.4 kv.m hissəsi bələdiyyə mülkiyyətində olduğundan iddia tələbi həmin hissədə təmin edilmiş, dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyə səlahiyyətli olmadığından iddia qalan hissədə təmin edilməmişdir.
36. Göstərilənlərdən də göründüyü kimi, cavabdeh etirazında və şikayətində mübahisə predmeti olan 72.4 kv.m torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirsə də, bununla əlaqədar hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-635/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi ilə də təkzib olunur.
37. Bundan başqa, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə Mingəçevir Bələdiyyəsi arasında torpaq sahəsinin (daşınmaz əmlakın) alqısatqısı həyata keçirilsə də, bununla bağlı müqavilə bağlanmamış, eyni zamanda notarial qaydada təsdiqlənməmişdir. Birinci instansya məhkəməsi nəzərə almamışdır ki, bələdiyyə torpağınının satışına icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirirdi və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilirdi. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilirdi. Ancaq iddiaçı tərəfindən mübahisə premeti olan torpaq sahəsinə dair bələdiyyə ilə vətəndaş arasında bağlanmış alqı-satqı aktı mövcud deyildir. Eyni zamanda torpaq sahəsinin ayrılmasına dair DT və XK-nin Mingəçevir şəhər şöbəsinin və Mingəçevir ŞİH Memarlıq və tikinti şöbəsinin müvafiq rəyi mövcud deyildir. Torpaqların alqı-satqısına dair akt DT və XK-nin Mingəçevir şəhər şöbəsində qeydə alınmamış, həmçinin sxematik yerquruluşu planı eyni zamanda həmin orqan ilə razılaşdırılaraq təsdiqlənməli idi. Faktiki vəziyyətdə vətəndaşın naturada tanıtdığı yer ilə Bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin eyni yer olduğu hansı əsaslarla sübuta yetirildiyi məlum deyildir.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpağın alqı-satqısına dair aktın tərtib edilməsi iddiaçının vəzifələrinə aid olmamışdır və həmin aktın sonradan aşkar edilməməsi hazırda iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün maneə olmamalıdır. Bundan başqa, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən sübut kimi kassa mədaxil qəbzi təqdim edilmişdir. Həmin qəbzin surəti X5 filialına verilmiş sorğuya cavab olaraq alınmış sənədlərdə də aşkar edilmişdir. Bu hal həqiqətən də iddiaçı ilə bələdiyyə arasında alqı-satqı əməliyyatının baş tutduğuna dəlalət edir.
39. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına ******* manat məbləğində torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən, yekunda rəsmiləşdirilmə məqsədi daşıyan alqı-satqı aktının tərtib edilməməsi yuxarıda istinad edilən normativ hüquqi aktlar, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.
40. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Mingəçevir Şəhər Bələdiyyəsinin “Yerli iqtisadi inkişaf məsələri” daimi komissiyasının xx.xx.2002-ci il tarixli rəyindən görünür ki, “Torpaq Məcəlləsinin 47 və 60-cı maddələrinə uyğun olaraq X6 M.V.Vidadi küçəsi 1/45 saylı torpaq sahəsinin (cəmi 237,5 kv.m) nəğd alqı satqı yolu ilə onun mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab edir.
41. Göründüyü kimi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Mingəçevir bələdiyyəsi iddiaçıya iddia predmeti olan torpaq sahəsinin satılmasını etiraf edir. Həmçinin, həmin torpaq sahəsinin iddiaçıya satılan zaman bələdiyyənin mülkiyyətində olduğunu bildirir. Habelə birinci instansiya məhkəməsinin qərarından Mingəçevir bələdiyyəsi tərəfindən apellyasiya şikayəti də verilməmişdir.
42. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
43. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
45. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.
46. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
47. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
48. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
49. Göründüyü kimi, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Mingəçevir bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 28 noyabr 2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərarla mülkiyyətinə verilən torpaq sahəsinin 72.4 kv.m hissəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
51. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
52. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
53. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
54. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi (iddianın təmin olunan hissəsində) qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
55. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
56. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X12 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.