Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-348/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayon Orta Zəyzid bələdiyyəsinə qarşı “Şəki rayon X13ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-666/2023 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki rayon Orta Zəyzid bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon X13ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 m2 torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-666/2023 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri edilmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Şəki rayon X13ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 m2 torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 23 may 2019-cu il tarixli Çıxarışa əsasən Şəki rayonu X13ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kv.m fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi İddiaçı2, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi iddiaçıların və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi X4 adlarına qeydiyyata alınmışdır.
6. **********12-10301 nömrəli texniki pasportla mülkiyyətlərində 595 kv.metr torpaq sahəsi olduğu halda faktiki istifadələrində 890 kv.m torpaq sahəsi vardır.
7. Həmin 295 kv.m torpaq sahəsi Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olsa da uzun müddətdir ki, iddiaçıların istifadəsindədir. Buna görə də iddiaçı 295 kv.m torpaq sahəsinin satılması üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
8. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, həmin ərazi 890 kv.m olmaqla (595 kv.m sahə xüsusi mülkiyyətdə, 295 kv.m sahə isə bələdiyyə torpağıdır) İddiaçı1 atası X2 məxsus həyətyanı torpaq sahəsi olub. X3 vəfat etdikdən sonra onun varisləri İddiaçı1, X9 (öz payını bacısı X5 bağışlamışdır) və X8 ata mülkünü (torpaq sahəsini və yaşayış sahəsini) öz aralarında məhkəmə yolu ilə bölmüşlər. Hal-hazırda həmin evdə İddiaçı1 ailəsi ilə birlikdə və bacısı X8 yaşayırlar.
9. Məhkəmə bölgüsündən sonra hər iki tərəf Orta Zəyzid bələdiyyəsinə müraciət edərək (İddiaçı1 və X8) Orta Zəyzid bələdiyyəsinə aid 295 kv.m torpaq sahəsinin onlara satılmasını (ərizə vasitəsilə) xahiş etmişlər, ancaq sözügedən ərazidən hər iki tərəf gedişgəliş üçün istifadə etdiyindən Orta Zəyzid bələdiyyəsi hər iki tərəfə torpaq sahəsinin satılmasının mümkün olmadığını bildirmişdir. Ona görə ki, həmin ərazi tərəflərdən birinə satılarsa digər tərəfin yaşayış evinə girişi avtomatik olaraq bağlanır. Yalnız bir halda bələdiyyə mülkiyyətində olan torpağın müəyyən hissəsini hər iki evə daxil olmaq üçün ümumi istifadədə saxlayaraq ərizələrinə əsasən X4 oturduğu evin qarşısını onun adına, yerdə qalan hissəsini isə qardaşı İddiaçı1 adına sənədləşdirmək mümkündür.
10. Üçüncü şəxs iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki rayonu X13i ünvanında yerləşən, fərdi yaşayış evi üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-65/2019 saylı qətnaməsinə əsasən, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi xx.xx.2015) çıxarışa və xx.xx.2018-ci il tarixli 487 inventar saylı texniki pasporta əsasən Şəki rayonu X13ində yerləşən 56.3 kv.m fərdi yaşayış evinin “A” literli yaşayış evinin sahəsi 10,4 kv.m olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kv.m olan 2 saylı yaşayış otağı naturada ayrılaraq X4 mülkiyyətinə verilmişdir. Bundan başqa qeyd edilən fərdi yaşayış evi üzrə texniki pasport tərtib edilmiş və həmin pasportda sənəd üzrə torpaq sahəsi 0,0595 ha, faktiki torpaq sahəsi isə 0,0885 ha olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş texniki pasporta əsasən, evə aid torpaq sahəsinin 0,029 ha hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. Texniki pasportda l-hasar, lll-darvaza, İV- darvaza, B-talvar, C-tövlə və Ftalvar literləri ilə işarələnmiş hissələr, zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir.
11. Yuxarıda qeyd edilən texniki pasportda ştrixlənmiş zəbt torpaq sahəsi birbaşa olaraq, yaşadığı, yəni texniki pasportda göstərilən “A” literli yaşayış evinin, sahəsi 10,4 kv.m olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kv.m olan 2 saylı yaşayış otağının qarşısını bağlayır ki, bu halda qeyd edilən hissə ondan başqa kiməsə satıla bilməz.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
13. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs isə iddia tələbinə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 mart 2023-cü il tarixli 2- 1(116)-666/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardan apellyasiya şikayəti vermişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsi qərara alınmış və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 23 may 2019-cu il tarixli Çıxarışa əsasən Şəki rayonu X13ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kv.m fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi İddiaçı2, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi iddiaçının və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi X4 adlarına qeydiyyata alınmışdır. Onların **********12-10301 nömrəli texniki pasportla mülkiyyətlərində 595 kv.m torpaq sahəsi olduğu halda faktiki istifadələrində 890 kv.m torpaq sahəsi vardır. Həmin 290 kv.m torpaq sahəsi Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin mülkiyyətindədir. Artıq həmin torpaq sahəsi uzun müddətdir ki, onların istifadəsindədir. İşə baxan birinci instansiya məhkəməsi onlara 18 yanvar 2023-cü il tarixli məktub ünvanlayaraq qanunsuz və əsassız olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün təqdim edilmiş smetada nəzərdə tutulan 95 manat xidmət haqqını ödəyərək Şəki İnzibati Məhkəməsinə təqdim etməyi tələb etmişdir. Fəaliyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənən birinci instansiya məhkəməsinin bu tələbi İPM-yə zidd olduğu halda, onların buna İPM-in normalarına istinad edərək etiraz etmələrinə baxmayaq yenə də öz qanunsuz və əsassız qərarında onların mütəxəssis xərcini ödəmələrini onlara irad bildirmişdir. Əgər mütəxəssis tərəfindən məhkəmə sorğusuna cavab vermək məcburi olduğu halda məhkəməyə diktə edərək əvvəlcədən məhkəmə xərcini tələb edir və həmin xərci verilməyəcəyi təqdirdə mütəxəssis rəyini verməyəcəyini bildirirsə və işə baxan birinci instansiya məhkəməsi mütəxəssisdən xərc ödənilmədən tələb etdiyi rəyi ala bilmirsə hansı obyektiv araşdırmadan söhbət edə bilərik. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu əsassızdır və mütəxəssis rəyinin təqdim edilməsi üçün əvvəlcədən ödənilməsi İPM-də nəzərdə tutulmamışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi mütəxəssis rəyini məhkəməyə təqdim etməyə borcludur və iş üzrə məhkəmə prosesi yekunlaşaraq qərar qəbul edilərkən qeyd edilən məhkəmə xərcinin hansı proses iştirakçısı tərəfindən ödənilməsi müəyyənləşdirilməlidir. Hazırda mütəxəssis tərəfindən mütəxəssis rəyinin yalnız xidmət haqqının ödənilməsindən sonra təqdim ediləcəyini bildirməsi qanunsuz və əsassız olmaqla qanunvericiliyin müəyyən etdiyi məhkəmə qarşısında borclarının icra edilməməsidir. Ona görə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi məhkəməyə təqdim edilməli və bundan sonra iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən həmin xidmət haqqı ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Əgər işə baxan birinci instansiya məhkəməsi mütəxəssisdən rəyi ala bilmirsə onda müvafiq ekspertiza təyin etməli idi. Ekspert tərəfindən qanunvericiliyin tələbinə əsasən rəy verilir və sonda məhkəmə qərarı ilə həmin ekspertiza xərcinin müvafiq tərəfdən tutularaq onların bank hesabına ödənilməsini tələb edir. Bu qayda qanunvericiliyə tam uyğundu ki, məhkəmə xərcinin daha öncədən tərəfdən tələb edilməsi müəyyən hallarda tələb edilə bilər və bu barədə müvafiq qərardad qəbul edilməlidir. Daha sonra işə baxan birinci instansiya məhkəməsi Şəki Şəhər İcra Hakimiyyəti başçısının X13 İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubuna istinad edərək qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinin İddiaçı1 və X4 birgə istifadəsində olması, İddiaçı1 məxsus olan torpaq sahəsinə keçmək üçün istifadə olunan həyət qapısının iddia olunan 290 kv.m torpaq sahəsində qoyulması, zəbt torpaq sahəsinin iddiaçıdan alınması həm İddiaçı1, həm də X4 yaşadıqları həyət evindən istifadələrini məhdudlaşdıracağı qeyd edildiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq sözügedən torpaq sahəsinin iddiaçılara hərracdan kənar qaydada satılması ilə bağlı qərarın qəbul edilməsindən imtina etmişdir. **********12-10301 nömrəli texniki pasportla da müəyyən edilir ki, mübahisəli bələdiyə torpağı onların mülkiyyətlərində olan torpaq sahəsinə bitişik olmaqla onların hasarın daxilində yerləşir və üzərində onlara məxsus tikililər mövcuddur. Şəki Şəhər İcra Hakimiyyəti başçısının X13 inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, 290 kv.m torpaq sahəsinin üzərində ötən əsrin 50-ci illərində tikilmiş tövlə, 2002-ci ildə tikilmiş talvar, qaraj və həyətyanı sahəyə giriş üçün qapı mövcuddur. İşin hallarından görünür ki, iddia olunan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında' Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-666/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2- 1(116)-666/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)- 666/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu X13ində yerləşən 0,0595 ha torpaq sahəsinin 1/4 hissənin 2/3 hissəsi X6, 56,3 kv.m fərdi yaşayış evinin 2/5 hissəsi X1, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 2/5 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi X4, fərdi yaşayış evinin 1/5 hissəsi və torpaq sahəsinin 1/4 hissə və 1/4-ün 1/3 hissəsi İddiaçı1 paylı mülkiyyətindədir. - **********12-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu X13ində yerləşən 0,0595 ha torpaq sahəsinin 3/12 hissəsi İddiaçı2, 56,3 kv.m fərdi yaşayış evinin 2/5 hissəsi X1, torpaq sahəsinin 4/12 hissəsi və fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 2/5 hissəsi və torpaq sahəsinin 5/12 hissəsi X4 paylı mülkiyyətindədir. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının X13 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, 290 kv.m torpaq sahəsinin üzərində ötən əsrin 50-ci illərində tikilmiş tövlə, 2002-ci ildə tikilmiş talvar, qaraj və həyətyanı sahəyə giriş üçün qapı mövcuddur. Tövlə və qaraj İddiaçı1 istifadəsində, talvar isə İddiaçı1 ilə X4 birgə istifadəsindədir. İddia olunan 290 kv.m torpaq sahəsi uzun illərdir ki, İddiaçı1 və X4 birgə istifadəsindədir. İddiaçı1 məxsus olan torpaq sahəsinə keçmək üçün qoyulmuş həyət qapısı iddia olunan 290 kv.m torpaq sahəsində qoyulmuşdur. Zəbt torpaq sahəsinin iddiaçıdan alınması həm İddiaçı1, həm də X4 yaşadıqları həyət evindən istifadələrini məhdudlaşdıra bilər. - xx.xx.2018-ci il tarixli 487 inventar nömrəli texniki pasportdan görünür ki, sənəd üzrə torpaq sahəsi 0.0595 ha, faktiki sahə 0.0885 ha, zəbt torpaq sahəsi 290 kv.m qeyd edilmişdir. - iddiaçıların xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubdan görünür ki, mütəxəssis rəyinin verilməsinə görə cavabdeh orqan tərəfindən hesablanmış smeta xərcinin ödənilməsindən imtina edilmişdir. - DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddia olunan 290 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, yaşayış məntəqələrinin torpaqları olub tikinti altında olan torpaq sahəsidir ə digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən 290 kv.m torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X8 tərəfindən ümumibirgə istifadə olunur. İddia olunan 290 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş 487 inventar nömrəli xx.xx.2018-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi kimi göstərilmişdir və iddiaçıya məxsus torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə olan torpaq sahəsidir. İddia olunan 290 kv.m torpaq sahəsi üzərində liter B,C,F tikililəri mövcud olmaqla liter C,F tikililəri İddiaçı1 və X8 tərəfindən ümumi birgə istifadə olunur. İddia olunan 290 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0,0595 ha torpaq sahəsindən hər hansı bir fiziki sərhədlə ayrılmamışdır. İddia olunan 290 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilindədir. İddia olunan 290 kv.m torpaq sahəsi digər subyektin mülkiyyətinə verildiyi halda iddiaçının ümumi birgə mülkiyyətində olan 0,0595 ha torpaq sahəsindən istifadəni və həmin torpaq sahəsinə gediş-gəlişi qeyri-mümkün edir. Sözügedən 290 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verildiyi zaman isə digər pay sahibi X4 0,0595 ha torpaq sahəsindən istifadəni və gediş-gəlişi qeyri-mümkün edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddia olunan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağıdır. Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının X13 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmişdir ki, 290 kv.m torpaq sahəsinin üzərində ötən əsrin 50-ci illərində tikilmiş tövlə, 2002-ci ildə tikilmiş talvar, qaraj və həyətyanı sahəyə giriş üçün qapı mövcuddur. Tövlə və qaraj İddiaçı1 istifadəsində, talvar isə İddiaçı1 ilə X4 birgə istifadəsindədir. Həmçinin, Şəki Şəhər İcra Hakimiyyəti başçısının X13 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda iddia olunan torpaq sahəsinin İddiaçı1 və X4 birgə istifadəsində olması, İddiaçı1 məxsus olan torpaq sahəsinə keçmək üçün istifadə olunan həyət qapısının iddia olunan 290 kv.m torpaq sahəsində qoyulması, zəbt torpaq sahəsinin iddiaçıdan alınması həm İddiaçı1, həm də X4 yaşadıqları həyət evindən istifadələrini məhdudlaşdıracağı qeyd edildiyindən cavabdeh orqan haqlı olaraq sözügedən torpaq sahəsinin iddiaçılara hərracdan kənar qaydada satılması ilə bağlı qərarın qəbul edilməsindən imtina etmişdir.
30. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.
31. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir.
32. İnzibati Prossesual Məcəllənin 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinin əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə sorğu ünvanlanmış və qeyd edilmiş məlumatların 20 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə hesab-faktura təqdim edilmiş, 95 manat xidmət haqqının ödəniləcəyi halda mütəxəssis rəyinin təqdim ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis xərcinin ödənilməsi iddiaçılara təklif edilmiş, lakin, iddiaçılar həmin xərcin ödənilməsindən imtina etmişlər.
35. Bununla bağlı birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar hazırkı tələbdə qeyd edilmiş 290 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən onlara hərracdan kənar qaydada satılması ilə bağlı qərarın qəbul edilməsi üçün faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyırlar. İşin hallarından göründüyü kimi iddiaçılar tələb olunan mütəxəssis xərclərini ödəmədiyindən mütəxəssis rəyinin alınması mümkün olmamış və iddiaçılar tərəfindən məhkəmənin sorğusunda qeyd edilmiş sualların aydınlaşdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə işdə mövcud olan Şəki Şəhər İcra Hakimiyyəti başçısının X13 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 61 nömrəli məktubunda qeyd edilmiş məlumatları iş üzrə sübut qismində qəbul edərək iddia tələbinə hüquqi qiymət vermişdir.
36. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin verilməsini qərara almış və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.
37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddia olunan 290 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, yaşayış məntəqələrinin torpaqları olub tikinti altında olan torpaq sahəsidir ə digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Sözügedən 290 kv.m torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X8 tərəfindən ümumibirgə istifadə olunur. İddia olunan 290 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş 487 inventar nömrəli xx.xx.2018-ci il tarixli texniki pasportda zəbt torpaq sahəsi kimi göstərilmişdir və iddiaçıya məxsus torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə olan torpaq sahəsidir. İddia olunan 290 kv.m torpaq sahəsi üzərində liter B,C,F tikililəri mövcud olmaqla liter C,F tikililəri İddiaçı1 və X8 tərəfindən ümumi birgə istifadə olunur. İddia olunan 290 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0,0595 ha torpaq sahəsindən hər hansı bir fiziki sərhədlə ayrılmamışdır. İddia olunan 290 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin fiziki sərhədləri daxilindədir. İddia olunan 290 kv.m torpaq sahəsi digər subyektin mülkiyyətinə verildiyi halda iddiaçının ümumi birgə mülkiyyətində olan 0,0595 ha torpaq sahəsindən istifadəni və həmin torpaq sahəsinə gediş-gəlişi qeyri-mümkün edir. Sözügedən 290 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verildiyi zaman isə digər pay sahibi X4 0,0595 ha torpaq sahəsindən istifadəni və gediş-gəlişi qeyri-mümkün edir.
38. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi torpaq sahəsi digər subyektin mülkiyyətinə verildiyi halda iddiaçının ümumi birgə mülkiyyətində olan 0,0595 ha torpaq sahəsindən istifadəni və həmin torpaq sahəsinə gediş-gəlişi qeyri-mümkün edir. Sözügedən 290 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verildiyi zaman isə digər pay sahibi X4 0,0595 ha torpaq sahəsindən istifadəni və gediş-gəlişi qeyri-mümkün edir.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan haqlı olaraq sözügedən torpaq sahəsinin iddiaçılara hərracdan kənar qaydada satılması ilə bağlı qərarın qəbul edilməsindən imtina etmişdir.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayon X13ində yerləşən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 290 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılması ilə bağlı qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsassız olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-666/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.