Məhkəmə qərarları › İş №2-1(107)-348/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-348/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-348/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(116)-447/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa məzmunu ondan ibarətdir ki, MH seriyalı, ******* nömrəli, 12 iyun 2007- ci il tarixli çıxarışa əsasən Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mərhum atası X1 mülkiyyətindədir. Bakı şəhəri, 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat kontorunun notariusu tərəfindən verilmiş 26 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsəsən iddiaçı atasının vərəsəsidir. Buna görədə həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş,tələbin icrası təmin edilməmişdir.

3. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, dövlət reyestrində qeydiyyata alınmış ********* qeydiyyat nömrəli çıxarışla rəsmiləşmiş 5.75 ha torpaq sahəsinin sənədləri elektron xəritəyə əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ağdaş rayon Pirkəkə bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (sahə və konfiqurasiya fərqi) olduğundan və bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X6 X11nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında Ağdaş rayon Pirkəkə bələdiyyəsini əhatə edən ("X6 X11"ndə olan) xəritə hazırlanmışdır. İddiaçının mərhum atasının mülkiyyətinə rəsmiləşdirilmiş olan torpaq sahəsi çıxarışda 5.75 ha göstərilməsinə baxmayaraq istifadə vəziyyətinə uyğun tərtib edilmiş elektron xəritədə 5.13 ha təşkil edir. Belə olan halda, iddiaçının ərizəsinin icrası 5.75 ha torpaq sahəsinə münasibətdə qeydiyyatın aparılması qeyri- mümkündür.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 fevral 2024-cü il tarixli, 2- 1(116)-447/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(116)-447/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(116)-447/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(116)-447/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İddiaçının ilkin müraciətinə dair ərizəsi və xx.xx.2023-cü il tarixli poşt qəbzi; - AN ******* seriya nömrəli xx.xx.2016-ci il tarixli, Daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 və digərləri özlərinə məxsus olan torpaq sahəsini iddiaçı X2 satmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu Pirkəkə kəndi ərazisində yerləşən 5.751677 ha torpaq sahəsi X1 mülkiyyətindədir. - 4. AA 000079 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - 26.04.2017-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X1 vərəsəsidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-502/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən X1 adına qeydə alınmış 5.7516 ha torpaq sahəsinin DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. AA 000079 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşən 5.7516 ha torpaq sahəsi TEKLUS-ə əsasən mülkiyyətçiləri - 1.0174 ha hissədə JN-0028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 2.2421 ha hissədə JN-0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.7098 ha hissədə JN-0025 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.3575 ha hissədə Ağdaş rayonu, Pirkəkə bələdiyyəsi, 1.4248 ha hissəsi JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, təyinatı- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - əkin, faktiki sahəsi, döngə nöqtələri, koordinatları, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst- üstə düşməsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti AA 000079 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nə əsasən DWJ əsasən yerləşmə vəziyyətinə uyğun deyil. TEKUİS əsasən yerləşmə vəziyyətinə uyğundur. Faktiki istifadə olunan torpaq sahəsin 1.9226 ha hissəsinin mülkiyyətçisi JN-0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi, təyinatı- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin, üst-üstə düşən torpaq sahəsinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəməyə təqdim olunan etiraz məktubunda bildirilən torpaq sahəsinin 5.75 ha-dan 5.13 ha-ya faktiki azalması səbəbi, vətəndaşın naturada faktiki istifadəçlik vəziyətnin TEKUİS qeydə alınmasından yaranmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-599/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, TEKUlS-ə əsasən İddiaçı naturada istifadə etdiyi 5.13 ha torpaq sahəsi ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. İddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi TEKUlS-ə əsasən X1 mülkiyyətinə verilmiş torpaq sahəsini tam əhatə etmir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-) Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[42] 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

15. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, iddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından ibarətdir.

22. İş materiallarında olan AN ******* seriya nömrəli xx.xx.2016-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 və digərləri özlərinə məxsus olan torpaq sahəsini iddiaçı X2 satmışdır. Sonuncunun mülkiyyət hüququ torpaq sahələrinin faktiki vəziyyətinə görə deyil,ilkin hüquqmüəyyənedici sənəd olan Dövlət Aktının koordinatlarına uyğun olaraq DWJ bazasına əsasən qeydə alınmışdır. TEKUİS-ə əsasən iddia olunan torpaq sahəsi ilə çıxarış arasında uyğunsuzluq mövcuddur.Faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi naturada az olmaqla eyni zamanda koordinatları eyni deyildir.Belə ki,təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində yerləşən 5.7516 ha torpaq sahəsi TEKUİS-ə əsasən mülkiyyətçiləri - 1.0174 ha hissədə JN-0028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 2.2421 ha hissədə JN- 0027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.7098 ha hissədə JN-0025 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, 0.3575 ha hissədə Ağdaş rayonu, Pirkəkə bələdiyyəsi, 1.4248 ha hissəsi JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə üst-üstə düşür.Yəni,iddia olunan torpaq sahəsi ilkin sənədə əsasən digər mülkiyyətçilərin torpaq sahəsini əhaətə etdiyi halda,hazırkı vəziyyətdə naturada az olmaqla üst-üstə düşmə halı mövcud deyildir.

23. Torpaq sahəsinin az olmasının səbəbinə dair təqdim edilmiş rəyə əsasən müəyyən edilir ki, TEKUlS-ə əsasən İddiaçı naturada istifadə etdiyi 5.13 ha torpaq sahəsi ilə X1 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşmür. İddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi TEKUlS-ə əsasən X1 mülkiyyətinə verilmiş torpaq sahəsini tam əhatə etmir.

24. Göründüyü kimi iddia olunan torpaq sahəsi naturada tam olaraq mövcud deyil, iddiaçının istifadəsində 5.13 ha torpaq sahəsi var. Alqı-satqı müqaviləsinə əsasən də həmin torpaq sahəsini əldə etmiş, alqı-satqı müqaviləsində 5.75 ha torpaq sahəsi qeyd edilməsinə baxmayaraq faktiki olaraq həmin ölçüdə deyil, iddiaçıya hazırda istifadə etdiyi ölçüdə torpaq sahəsini satmışdır. Odur ki,işin hallarına aşağıdakı normaları tətbiq edərək məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalıdır.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : 1. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 2. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr X11ndən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;.

27. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X11nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur.

28. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayonu, Pirkəkə kəndinin ərazisində yerləşən 5.751677 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində12 iyun 2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə uyğun olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

29. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2-1(116)-447/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar