Məhkəmə qərarları › İş №2-1(107)-349/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-349/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-349/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-866/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13- 17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçının Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-651/2024 nömrəli qərardadı ilə təmin edilmiş, qərardad tam ləğv edilərək inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu ildən Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin Zərdab rayon bölməsində çalışmışdır. 1997-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsində ağacları kəsməsi ilə bağlı ona qarşı cinayət işi başlanmış, lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla cinayət təqibinə xitam verilmişdir. Bu hadisə ilə əlaqədar Baş Mühafizə İdarəsinə çağırılmış, xidməti vəsiqəsi alınmış və DİN-in xx.xx.2023-cü il tarixli əmri ilə "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə" xidmətdən azad edilmişdir. İddiaçı bildirir ki, işdən azad olunmaq üçün ərizə yazmayıb və cinayət təqibinə xitam verildikdən sonra da işə bərpa olunmayıb. DİN-ə dəfələrlə müraciət etməsinə və iki dəfə nazirin qəbulunda olmasına baxmayaraq, işinə qaytarılmayıb. İddiaçı hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassızdır, buna görə də əmrin ləğvini, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir.

5. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 17/Ə(SH)2106/2023 saylı əmri, - Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, “cinayət təqibinə xitam verilməsi haqqında” qərarı, - ******* №-li əmək kitabçasının surəti.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 fevral 2025-ci il tarixli 2- 1(116)-866/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş “daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” Təlimatın 1.16.4-cü bəndinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində iş yerinə və vəzifəsinə bərpa olunmaqla, məcburi işburaxmaya görə pulun ödənilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, X3 Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmiş və DİN Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri toplanmış bütün sübutlarla öz təsdiqini tapsa da, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, cinayətin üstünün açılmasına fəal kömək etməsi və cinayət nəticəsində təbiətə dəymiş ziyanı ödəməsi səbəbindən barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. - Sözügedən qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs İddiaçı ərizə ilə rayon prokurorluğuna müraciət edərək barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı dövlət orqanında xidmət edən polis əməkdaşı olduğu halda, öz torpaq sahəsində qanunsuz ağac kəsmə ilə bağlı cinayət törətmişdir. Bu əməl CM-nin 259.1-ci maddəsi ilə (Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) tövsif olunmuş və sübuta yetirilmişdir. O, təqsirini boynuna alaraq, vurulmuş ziyanı ödədiyi üçün CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, lakin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməmişdir. Diqqətəlayiq hal ondan ibarətdir ki, iddiaçı, barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin daxili işlər orqanlarında xidmət keçməsini qanunvericilik birbaşa qadağan edir. - Məhkəmə qeyd etmişdir ki, polis əməkdaşı dövlətin hüquq mühafizə orqanlarının nümayəndəsi kimi, qanunçuluğun təmin edilməsində xüsusi məsuliyyət daşıyır və vətəndaşlara nümunə olmalıdır. Polis əməkdaşının hüquq pozuntusuna yol verməsi cəmiyyətin hüquq-mühafizə orqanlarına etimadını sarsıtmaqla xidmətin nüfuzuna xələl gətirir. Burada hüquq pozuntusunun ağırlığından çox, onun polis əməkdaşı tərəfindən törədilməsi xüsusi əhəmiyyət daşıyır. Yəni, polis əməkdaşının davranışı təkcə fərdi məsuliyyət çərçivəsində deyil, eyni zamanda, daxili işlər orqanlarının nüfuzuna təsir edən amil kimi qiymətləndirilməlidir. İddiaçının törətdiyi əməl inzibati xəta və ya intizam pozuntusu yox, məhz cinayət tərkibli əməl olmuşdur. Odur ki, iddiaçının əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcudluğu sübuta yetirildiyindən, onun yol verdiyi hərəkətlər daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçını “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-866/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçının apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, qərar qəbul olunan zaman işin halları ümumiyyətlə araşdırılmamış, maddi hüquq normaları düzgün tədbiq olunmamışdır. Hesab edir ki, hakim işə qərəzli yanaşmış və ədalət prinsipini təmin etməmişdir. Əgər hakim ədalətli olsaydı işin bütün hallarına aydınlıq gətirərdi. Məlumat üçün qeyd edir ki, əməli törədən zaman törətdiyi əməlin cinayət məsuliyyəti yaradacağından məlumatsız olmuşdur. Çünki sözügedən torpaq sahəsi onların mülkiyyətlərində olduğundan və kənd təsərrüfat təyinatlı olduğundan hesab etmişdir ki, kənd təsərrüfat işləri ilə məşğul olmaq üçün ağacları kəsmək hüququ var. Qeyd edir ki, bundan sonra barəsində müvafiq araşdırılmalar aparılmış və cinayət işi başlamışdır. Cinayət işi başladıqdan bir neçə gün sonra onu X5 Mühafizə Baş idarəsinə çağıraraq xidməti vəsiqəsini alaraq DİN-in xx.xx.2023-cü il tarixli əmri ilə "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə" xidmətdən azad etmişdirlər. Aşağıda sadalayacağı faktlar əmrin əsassız olmasının və məhkəmənin səhv qənayətə gəlməsinin bariz nümunəsidir. - Əsas 1. Məhkəməyə ünvanladığı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinin tələblərini rəhbər tutaraq həmin maddənin tələblərinin kobud şəkildə pozulmasını bildirmişdir. Belə ki, Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmr isə xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə işin hallarını tam araşdırsaydı müəyyən edərdi ki, işdən çıxma barədə əmr ilə prokurorluğun qərarı arasında 3 aydan çox fərq var. Lakin məhkəmə işin bu hissəsinə ümumiyyətlə toxunmamış və mövqe bildirməmişdir. Hansı ki, əmrlə qərar arasında olan ziddiyyət onu deməyə əsas verir ki, cavabdeh işdən azad olunmağı barədə əmr verən zaman Konstitusiyanın 63.1-ci maddəsinin tələblərini kobud şəkildə pozub. Hansı ki, həmin tarixdə adında heç bir qanuni qüvvəsini almış hüquqi akt olmamışdır. - Əsas 2. Eyni zamanda qeyd edir ki, cavabdeh və məhkəmə "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə" xidmətdən azad edilməyinə həmin hərəkətlərin nə olduğunu və polis adına necə ləkə vurması hissəsini əsaslandıra bilməmişdir. Hansı ki, hesab edir ki, o, polis adına ləkə vurmamış, əksinə xəbərsiz törətdiyi cinayət əməlindən sonra polisin adını daha da ucalara qaldırmışdır. Belə ki, bir daha qeyd edir ki, şəxsi mülkiyyətində olan torpaq sahəsində əkilmiş ağacı kəsən zaman əməlin cinayət məsuliyyəti yaradacağını bilməmişdir. Eyni zamanda qanunu bilməməyi məsuliyyətdən azad etmədiyini tam dərk edir. Amma eyni zamanda qeyd edir ki, prokurorluğun xx.xx.2024-cü il tarixli qərarından da müəyyən olunur ki, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri toplanmış bütün sübutlarla öz təsdiqini tapsa da, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, cinayətin üstünün açılmasına fəal kömək etməsi və cinayət nəticəsində təbiətə dəymiş ziyanı ödəməsi səbəbindən barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Hesab edir ki, məhkəmə işin bu hissəsini də nəzərə almamış, polis adına layiq davranış sərgiləməyini və cinayətin üstünün açılmasında göstərdiyi köməkliyi və dəymiş ziyanı dərhal ödəməyini nəzərə almamışdır. - Əsas 3. Digər məsələ isə ondadır ki, nə cavabdeh orqan, nə də ki, məhkəmə məsələyə hüquqi qiymət verən zaman törətmiş olduğu əməlin işi ilə heç bir əlaqəsi olmadığının, qeyri iş saatlarında olmasını və polis adına ləkə gətirəcək iş olub-olmaması hissəsini araşdırmamışdır. Bir daha qeyd edir ki, törətdiyi əməlin məqsədi yalnız mərhum atasından qalmış pay torpağının yaxşılaşdırılması və kənd təsərrüfatı işlərinə yararlı vəziyyətə gətirilməsi olmuşdur. - Əsas 4. Eyni zamanda qeyd edir ki, məhkəmə işin hallarını araşdıran zaman “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsi, xidmətdən xaric edilmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirilməsinə münasibət bildirməmişdir. Hansı ki, hesab edir ki, yuxarıda qeyd etdiyi faktlar intizam tənbehinin digər növlərinin tədbiqi üçün əsasdır. - Əsas 5. Bildirir ki, mərhum atası X4 birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Atası ərazi bütövlüyü uğrunda olan döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Hesab edir ki, hazırda şəhidin övladını “polisə ləkə adı ilə” işdən çıxarmaq şəhidə olan ən böyük hörmətsizlikdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, № 2-1(116)- 866/2025 saylı qərarının ləğv olunaraq iddiamın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş edir. - Məhkəmə törətdiyi əməlin polis və polis adı ilə hansı əlaqəsi olmasının və işdən çıxma əmri ilə prokurorluğun qərarı arasında olan müddət məsələsini araşdırmamışdır. Məhkəmə cinayətin üstünün açılmasında fəal iştirakını və eyni zamanda dəymiş maddi ziyanı tam şəkildə ödədiyini müəyyən etsə də, lakin bunu nəzərə almamışdır. Məhkəmə işdən çıxma əmri ilə prokurorluğun qərarı arasında olan müddət ziddiyətini müəyyən etsə də, lakin buna münasibət bildirməmişdir. Konstitusiyanın 63.1 və 63.2-ci maddəsi imperativ normadan çıxış edərək qeyd edir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Lakin məhkəmə əsassız olaraq əmək intizamına cəlb olunmağını müəyyən etmişdir. Hansı ki, əmək intizamına cəlb olunmağı onu deməyə əsas verir ki, Konstitusiyanın 63.1 və 63.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulub.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)- 866/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iştirak etməmiş, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Cinayət Məcəlləsi 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

16. Cinayət Prosessual Məcəlləsi: 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər.

17. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28. Polis əməkdaşının xidmətə qəbul edilməsi İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. ... Vİİİ. polisdə xidmətə qəbul və xidmət keçmə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 33. Polis əməkdaşının məsuliyyəti Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: ... 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: ... 7) xidmətdən xaric edilmə İV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə İİİ. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

18. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin: 135.9-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. 17-ci bəndinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.

19. DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş “daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” Təlimat 1.16.4-cü bəndinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. İş materiallarından müəyyən olunur ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli 3-13- 17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində iş yerinə və vəzifəsinə bərpa olunmaqla, məcburi işburaxmaya görə pulun ödənilməsinə nail olmaqdır.

27. Cavabdeh orqanın 25 dekabr 2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq, yəni daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilmişdir.

28. İddiaçının apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, şəxsi mülkiyyətində olan torpaq sahəsində əkilmiş ağacı kəsən zaman əməlin cinayət məsuliyyəti yaradacağını bilməmişdir.

29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

30. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. İşdən azad olunmağı barədə əmr isə xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə işin hallarını tam araşdırsaydı müəyyən edərdi ki, işdən çıxma barədə əmr ilə prokurorluğun qərarı arasında 3 aydan çox fərq var. Lakin məhkəmə işin bu hissəsinə ümumiyyətlə toxunmamış və mövqe bildirməmişdir. Hansı ki, əmrlə qərar arasında olan ziddiyyət onu deməyə əsas verir ki, cavabdeh işdən azad olunmağı barədə əmr verən zaman Konstitusiyanın 63.1-ci maddəsinin tələblərini kobud şəkildə pozub. Hansı ki, həmin tarixdə adında heç bir qanuni qüvvəsini almış hüquqi akt olmamışdır.

31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarında qeyd edilmişdir ki, 11 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Daha sonra cinayət işinin istintaqı davam etdirilmişdir.

32. İddiaçının 20-23 oktyabr 2023-cü il tarixlərdə JN-0079, KOD9051 3018 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət akti ilə özünə və ailə üzvlərinə məxsus Zərdab rayonu, Şıxbağı kəndində yerləşən 3,25 ha pay torpaq sahəsində "Kzubr" markalı zəncirli mişarla dəyəri 200 manat olmaqla 24 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 300 manat olmaqla 30 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 300 manat olmaqla 32 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 400 manat olmaqla 38 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 500 manat olmaqla 42 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 800 manat olmaqla 48 sm diametrli 01 ədəd qovaq ağacı və dəyəri 1300 manat olmaqla 58 sm diametrli 01 ədəd tut ağacı olmaqla, cəmi 3800 manat dəyərində 06 ədəd qovaq və 01 ədəd tut cinsli yaş vəziyyətdə köküstə bioloji inkişafda olan ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda ziyan vurması sübuta yetirilmişdir.

33. Cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri toplanmış bütün sübutlarla öz təsdiqini tapsa da, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, cinayətin üstünün açılmasına fəal kömək etməsi və cinayət nəticəsində təbiətə dəymiş ziyanı ödəməsi səbəbindən barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.

34. Göründüyü kimi, 11 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, bundan sonra, iddiaçı barəsində “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq xidmətdən xaric olunma barədə əmr xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Yekunda Zərdab rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərardan iddiaçı tərəfindən şikayət verilməmiş, qərar qanuni qüvvəsini almışdır.

35. İddiaçı şikayətində digər dəlil olaraq göstərmişdir ki, məhkəmə, onun polis adına layiq davranış sərgiləməyini, cinayətin üstünün açılmasında göstərdiyi köməkliyi və dəymiş ziyanı dərhal ödəməyini nəzərə almamışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal cinayət işinin araşdırılması zamanı Zərdab rayon prokurorluğunda araşdırılaraq nəzərə alınmalı hal olduğundan və iddiaçının qeyd etdiyi hallar nəzərə alındığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Odur ki, iddiaçının göstərdiyi bu hallar hazırki iş üzrə nəzərə alınmalı hal olmamaqla iddianın təmin olunması üçün əsas sayıla bilməz.

37. Həmçinin “cinayət təqibinə xitam verilməsi haqqında” qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs İddiaçı ərizə ilə rayon prokurorluğuna müraciət edərək barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iddiaçı dövlət orqanında xidmət edən polis əməkdaşı olduğu halda, öz torpaq sahəsində qanunsuz ağac kəsmə ilə bağlı cinayət törətmişdir. Bu əməl CM-nin 259.1-ci maddəsi ilə (Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) tövsif olunmuş və sübuta yetirilmişdir. O, təqsirini boynuna alaraq, vurulmuş ziyanı ödədiyi üçün CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, lakin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməmişdir.

39. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi qənaət əsaslı olmuşdur. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin daxili işlər orqanlarında xidmət keçməsini qanunvericilik birbaşa qadağan edir.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın ilk tələbi (cavabdehin əmrinin ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ikinci (işə bərpa) və üçüncü (məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi) tələblər də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir.

41. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.

42. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçını vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi).

43. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2-1(116)-866/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar