Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-35/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə (açar sözlər: öhdəliyin icrası haqqında iddia) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 26.08.2020-ci il tarixli 2143 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN- 791 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1,59 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-199/2021 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 26.08.2020ci il tarixli 2143 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN-791 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1,59 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Azərbaycan Respublikasında torpaq islahatı gedən zaman Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçı və ailə üzvlərinə 1.23 hektar sulaq sahə, 0.36 hektar dəmyə olmaqla cəmi 1.59 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi naturada iddiaçıya təqdim olunmuş, onun gizgiləri iddiaçıya göstərilmişdir. Hal-hazıradək həmin torpaq sahəsini iddiaçı istifadə edir. Lakin həmin torpaq sahəsinə dair ona məxsus JN-791 saylı dövlət aktı verilməmişdir. İddiaçı cavabdeh orqana bununla bağlı müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş, Cavabdeh orqan 26.08.2020-ci il tarixli, 2143 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı və ailə üzvlərinə məxsus JN-791 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xidmətin 12 saylı Şəki Ərazi İdarəsinə təhvil verilməmişdir.
3. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.10.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında X8 və ailə üzvlərinin adlarına kod 40400018, JN-791 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən ailəyə 0.0988 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A№ 448463 saylı, 0.1109 ha həyətyanı torpaq sahəsinə A№ 447345 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumatlar mövcuddur. Elektron baza məlumatlarında - xəritə materiallarında 791 nömrəsi ilə iki konturda 1.23 ha və 0.41 ha olmaqla cəmi 1.46 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Qeyd olunan ailəyə aid məlumatlar ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 791-ci sıradadır, pay torpağından çıxılmış 0.03 ha zəbt torpaq sahəsinin olduğu, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 544cü sıradadır, pay torpağından çıxılmış 0.12 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən həmin 3 nəfərdən ibarət ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 03 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-199/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 26.08.2020ci il tarixli 2143 nömrəli imtinasının qanunsuz hesab edilməsi və JN791 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə verilmiş Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən 1,59 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona 1.59 ha pay torpağının verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olmadığından və həmçinin məhkəmə araşdırması ilə JN-791 saylı dövlət aktı ilə 1.59 ha pay torpaq sahəsinin iddiaçıya verilməsi aşkarlanmadığından hazırkı iddia tələbi təmin edilməməlidir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4, 2.1, 8.0, 10, 11.1, 23.1, 23.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddələrinin tələblərini rəhbər tutmaqla, "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışına istinad etmişdir.
8. İddiaçı Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-199/2021 saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Şəki İnzibati Məhkəməsinin 03 senyabr 2021-ci il tarixli, 2-1(116)-199/2021 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçı 1.59 ha torpaq sahəsinin ona naturada tanıdıldığını, cizgilərinin ona göstərildiyini və hal-hazırda torpaq sahəsinin onun tərəfindən istifadə edildiyini qeyd etməsinə baxmayaraq, iş materiallarında olan "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışına əsasən müəyyən edilir ki, iddiaçı X2 və onun ailə üzvlərinin faktiki istifadəsində olan kimi göstərilən torpaq sahəsindən hal-hazırda naturada iddiaçı faktiki olaraq istifadə etmir. Bu hal həmçinin onunla müəyyən edilmişdir ki, MMC-nin mütəxəssislərinə torpaq sahəsinin naturada sərhədləri göstərilə bilməmişdir.
11. Halbuki, iş materiallarında olan X7 04.03.2021-ci il tarixli arayışında qeyd edilir ki, kənd sakini X1 və onun ailə üzvlərinə X7 əhatə etdiyi ərazidən 25 Mart 1998-ci il tarixli 48 saylı Şəki rayonu islahat komisiyasının qərarına əsasən JN-791 akt ilə 1.64 ha pay torpaq sahəsi verilmişdir.
12. Göründüyü kimi Böyük Dəhnə bələdiyyəsi tərəfindən də həmin torpaq sahəsinin mövcud olması və iddiaçı istifadə edilməsi öz təsdiqini tapır. Buradan da görünür ki, İş materiallarında olan "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışı tamamilə saxtadır.
13. Necə ola bilər ki, JN-792 və JN-790 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı mövcud olsun lakin JN-791 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı mövcud olmasın. Ola bilməz ki, islahat zamanı JN-791 nömrə ötürülərək “790” rəqəmindən “792” rəqəminə keçilsin. Nəyə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmir ki, JN-791 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı bizə məxsus deyilsə yaxşı kimə məxsusdur. Göründüyü kimi birinci instansiya məhkəməsindən işin faktiki halları araşdırılmaış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
18. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət: 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2 Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82 Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.
21. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda düzəliş edilərək üçüncü şəxslərin adlrının adlarının çıxarılması ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş və sonuncu yazılı qaydada bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-199/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddia mümkün iddia olsa da, əsassız olduğundan təmin oluna bilməz.
24. Belə ki, iş materiallarında olan “Şəki rayonunun Böyük Dəhnə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 401-ci sırada X6, İddiaçı İbrahim qızının və X3 adı qeyd edilmiş, “dövlət aktının nömrəsi” qrafasında 791, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0.09 ha göstərilmişdir.
25. İş materiallarında olan “Böyük Dəhnə YAİK-nın 27.10.1998-ci il tarixli, 09 saylı protokolundan çıxarışın təsdiq edilmiş surətində qeyd edilir ki, Böyük Dəhnə kəndində aparılan torpaq islahatı ilə əlaqədar təsərrüfatın İpək bağlarının bir hissəsinin torpaq payı bölgü xəritəsi tərtib edilərkən baş sxemdə texniki səhv olaraq boş əkin sahəsi kimi göstərilməsinə bir qrup kənd sakinlərinin, yəni İpək bağlarından torpaq payı düşmüş subyektlərin bir qisminin etiraz ərizələri və Böyük Dəhnə YAİK-nın 14 saylı 1998-ci il tarixli kooperativ üzvləri ilə birgə keçirdiyi 02 saylı ümumi yığıncağının qərarı nəzərə alınaraq, təsərrüfatın İpək bağlarının müəyyən hissəsinin torpaq payı bölgü xəritəsi kimi tərtib edilərkən boş əkin sahəsi kimi göstərilərək ümumi torpaq bölgüsünə əkin sahəsi kimi daxil edilməsinin əsassız hesab edilməsi qərara alınmışdır.
26. İclasda həmçinin adları qeyd edilmiş 14 ailə təsərrüfatlarının əkin üçün torpaq paylarının bir hissəsinin səhv olaraq təsərrüfatın İpək bağlarına düşdüyündən onların torpaq paylarının yeni sahə ilə əvəz edilərək, kəndin ehtiyata saxlanmış “Malya” adlı torpaq sahəsindən ayrılaraq verilməsi məsləhət bilinmişdir (791. X9 – 1.23).
27. İş materiallarında olan “Böyük Dəhnə” kolxozunun torpaq islahatı ilə əlaqədar Böyük Dəhnə kəndində 2 avqust 1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, siyahıda X9 ailə başçısı olmaqla İddiaçı və X3 adı qeyd edilmiş, təsərrüfatbaşı kitabı üzrə 0.09 ha torpaq sahəsinin olması göstərilmişdir.
28. İş materiallarında olan X7 04.03.2021-ci il tarixli arayışında qeyd edilir ki, kənd sakini X1 və onun ailə üzvlərinə X7 əhatə etdiyi ərazidən 25 Mart 1998-ci il tarixli 48 saylı Şəki rayonu islahat komisiyasının qərarına əsasən JN-791 akt ilə 1.64 ha pay torpaq sahəsi verilmişdir.
29. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən 1.59 ha torpaq sahəsi JN-791 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı "xxxx" MMC-nin Sənədlərlə iş və arxiv şöbəsinə verilmiş sorğuya əsasən aşkar edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır.
30. Böyük Dəhnə YAİK-nın 27.10.1998-ci il tarixli 09 saylı qərarını təsdiq edən Şəki rayon AİK-nın qərarının təsdiq olunmuş surəti təqdim olunmuşdur.
31. İş materiallarında olan Şəki rayon AİK-nın 26.12.2000-ci il tarixli, 12 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin iclasda keçmiş “Böyük Dəhnə” kolxozunun istifadəsində olan torpaqların islahatı zamanı vətəndaşlara tut bağı kimi nəzərdə tutulan sahədən təkrarən əkin torpağı kimi pay torpağı verilmiş 14 ailəyə bələdiyyə torpağından yer ayrılması barədə “Böyük Dəhnə” kolxozu YAİK-nın 27.10.1998ci il tarixli, 09 saylı iclasının qərarı təsdiq edilmişdir.
32. İş materiallarında olan "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, mütəxəssis Şəki rayon Böyük Dəhnə kənd ərazisində yerləşən məhkəmə predmeti olan ərazidə olan zaman məlum olmuşdur ki, məhkəmə tərəfindən İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan kimi göstərilən torpaq sahəsindən hal-hazırda naturada iddiaçı faktiki olaraq istifadə etmir. Həmin torpaq sahəsinin naturada sərhədlərini iddiaçının nəvəsi Abdullayev Tahir göstərə bilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin döngə nöqtələrinin GPS aləti vasitəsilə ölçülərək faktiki koordinatlarının götürülməsi mümkün olmamışdır. Eyni zamanda Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən 1.59 torpaq sahəsi JN -791 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı "xxxx" MMC-nin Sənədlərlə iş və Arxiv şöbəsinə verilmiş sorğuya əsasən aşkar edilməmişdir. İddiaçının və ailə üzvlərinin faktiki istifadəsində iddiasında qeyd etdiyi torpaq sahəsi olmadığından, həmçinin məhkəmə tərəfindən təqdim edilən digər torpaq mülkiyyətçilərinin JN-847, JN0792, JN-0790 Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrinin koordinatları ilə mülkiyyətçilərin naturada istifadə etdikləri torpaq sahələri arasında kəskin fərq olduğundan tələb edilən rəyin verilməsi mümkün olmamışdır.
33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Şəki ərazi idarəsinin 12 aprel 2022-ci il tarixli **********83 saylı torpaq sahəsinı dair zəruri məlumatların təqdim edilməsi barədə məktubunda göstərilmişdir ki, məhkəmə işi ilə əlaqədar idarənin mütəxəssisi tərəfindən Şəki rayonu Bööyük Dəhnə kəndiərazisində yerləşən məhkəmə mübahisəsinin predmeti olan əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, məhkəmə tərəfindən İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan kimi göstərilən torpaq sahəsinin iddiaçı faktiki olaraq istifadə etmir. İddiaçı özünəməxsus olduğunu iddia etdiyi torpaq sahəsinin harada yerləşdiyini bilmir. Ərazi idarəsinin arxiv materilalarında JN -791 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin döngə nöqtələrinin GPS aləti vasitəsilə ölçülərək faktiki koordinatlarının götürülməsi mümkün olmadığından tələb edilən rəyin verilməsi mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən JN -791 nömrəli iki konturda (1.23 ha və 0.41 ha) yerləşən 1.64 ha torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair dövlət aktı "xxxx" MMC-nin Sənədlərlə iş və Arxiv şöbəsinə verilmiş sorğuya əsasən aşkar edilməmişdir.
34. İddia ərizəsi və iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqiq marağı JN-791 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə verilən 1.59 ha pay torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan isə müraciəti təmin etmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
35. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası qanunamüvafiq olmuşdur. Belə ki, iddia ərizəsində iddiaçı 1.59 ha torpaq sahəsinin ona naturada tanıdıldığını, gizgilərinin ona göstərildiyini və hal-hazırda torpaq sahəsinin onun tərəfindən istifadə edildiyini qeyd etməsinə baxmayaraq, iş materiallarında olan "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışına əsasən müəyyən edilir ki, İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan kimi göstərilən torpaq sahəsindən hal-hazırda naturada iddiaçı faktiki olaraq istifadə etmir. Bu hal həmçinin onunla müəyyən edilmişdir ki, MMC-nin mütəxəssislərinə torpaq sahəsinin naturada sərhədləri göstərilə bilməmişdir.
36. İddia tələbindən göründüyü kimi iddiaçı 1.59 ha pay torpaq sahəsinin ona və ailə üzvlərinə JN-791 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verildiyini əsas gətirsə də, iş materiallarında olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin arayışından görünür ki, MMC-nin Sənədlər iş və Arxiv şöbəsində tələbdə qeyd olunan JN-791 saylı dövlət aktı aşkar edilməmişdir.
37. Digər tərəfdən iddiaçının onunla qonşu torpaq sahələri kimi iddia etdiyi təqdim edilən digər torpaq mülkiyyətçilərinin JN-847, JN0792, JN-0790 Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrinin koordinatları ilə həmin mülkiyyətçilərin naturada istifadə etdikləri torpaq sahələri arasında kəskin fərq olduğuna görə də iddiaçının mülkiyyətinə verildiyini iddia etdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır.
38. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı ona 1.59 ha pay torpağının verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olmadığından və həmçinin məhkəmə araşdırması ilə JN-791 saylı dövlət aktı ilə 1.59 ha pay torpaq sahəsinin iddiaçıya verilməsi aşkarlanmadığından hazırkı iddia tələbi təmin edilməməlidir.
39. Belə olan halda, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2-1(116)-199/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov