Məhkəmə qərarları › İş №2-1(107)-35/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-35/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-35/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X2 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması ilə bağlı əmri ləğv edərək yenidən işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 saylı Regional İdarəsində rəis, 2018-2019-cu il ərzində Qızılbalıq yetişdirmə zavodunun direktoru, 2019-cu ildən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində baş məsləhətçi-müfəttiş vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. İ dərəcəli dövlət qulluqçusudur, ailəlidir, üç övladı var, Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən verilən bütün tapşırıqları layiqincə və şərəflə yerinə yetirmişdir. Dövlət qulluğunda olan 15 illik əmək fəaliyyətinin 12 ilini rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022ci il tarixli 135/Ü nömrəli əmri ilə iddiaçının işlədiyi idarədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə audit tədbirləri keçirilmişdir. Audit yoxlamasının yekununda akt tərtib edilmiş, lakin həmin aktla iddiaçını tanış etməmişlər və sonradan iddiaçıya məlum olmuşdur ki, həmin aktda onunla bağlı hər hansı bir nöqsan qeyd edilməmişdir. Audit tədbiri zamanı iddiaçının işi ilə bağlı ona heç bir nöqsan tutulmamış, lakin 01 aprel 2022-ci il tarixdə Nazirliyin Hüquq və İnsan resursları şöbəsinin müdirinin dəvəti ilə iddiaçı Bakı şəhərində onun qəbulunda olmuş, qəbul zamanı iddiaçıya işdən çıxmaq barədə ərizə yazmasını, əks təqdirdə iddiaçını maddə ilə çıxaracaqlarını bildirmişlər. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə həmin tarixdən həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyi iddiaçıya bildirilərək "X5" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/2625-09 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, İddiaçı Nazirliyin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli Əmrinin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı iddiası tamamilə əsassızdır və formal mülahizələrə söykənir. Bildirilir ki, Nazirliyin 15 fevral 2022-ci il tarixli 135/Ü nömrəli Əmrinə əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində (bundan sonra - İdarə) 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək olan dövr üzrə audit tədbirləri həyata keçirilmişdir. Audit araşdırması zamanı İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda məsləhətçi-müfəttiş vəzifəsində işləmiş İddiaçı tərəfindən 2021-ci il ərzində cəmi 3 ədəd Məcburi göstəriş tətbiq olunması və ümumiyyətlə ödəmə tətbiq olunmaması müəyyən edilmişdir. Nazirliyin 20 avqust 2015-ci il tarixli 507/Ü nömrəli Əmri ilə təsdiq edilmiş İnzibati vəzifələr üzrə vəzifə təlimatlarına əsasən İdarənin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi - müfəttişinin qulluq funksiyalarına xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu sahədə qanunvericiliyə riayət olunmasına nəzarət olunması, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi, hesablanması və ödənilməsinin təmin edilməsi, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiq edilməsinin təmin olunması, xidməti ərazidə dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət olunması, təbii ehtiyyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin qorunmasına nəzarətin həyata keçirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə nəzarətin həyata keçirilməsi, xidməti ərazidə ovçuluğun aparılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edilməsi, xidməti ərazi üzrə su hövzələrində bioloji resursların ovlanmasına dair verilmiş balıqovlama biletlərinə müvafiq nəzarətin həyata keçirilməsi, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin görülməsi, Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısının müəyyən edilməsi və ümumiləşmiş hesabat formasında təqdim edilməsi, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların təhlil edilməsi və yaşıllıqların kadastrının aparılması, yaşıllıqların müfəssəl siyahısının aparılması istiqamətində tədbirlər görülməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılması və müvafiq tədbirlər görülməsi, xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların hazırlanmasında iştirak edilməsi, İdarənin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsi və s. aid olmasını nəzərə alsaq görərik ki, İddiaçı üzərinə düşən vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli 122 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə” barədə qaydaların 4-cü bəndinə əsasən təbii ehtiyatlardan istifadəyə və ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəmələr təbiətdən istifadə edənlərdən təbii ehtiyatların istifadəsinə razılıq verən müvafiq orqanlar tərəfindən alınır. Buna baxmayaraq İddiaçı tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmiş və müvafiq ödəmələrin tətbiq olunmasını təmin etməmişdir. Bundan başqa İddiaçı tərəfindən “Kərpicsan MMM-in qanunsuz olaraq Gil materialının daşınması” barədə KİV-də dərc edilmiş və vətəndaşlar tərəfindən Nazirliyə daxil olmuş məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı Qarabaqqal bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş və 2021-ci il tarixli 72390 nömrəli akt tərtib edilmişdir. Lakin onun tərəfindən araşdırma düzgün aparılmamış, yerin təkinə vurulmuş 24969 manat məbləğində ziyanın hesablanması təmin olunmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədər qanunpozanın müəyyən olunması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilməmişdir. Eyni zamanda qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğində qanunsuz meşə materialı aşkarlanmış və xx.xx.2021-ci il tarixli 71049 №-li Akt tərtib edilmişdir. Lakin İddiaçı tərəfindən dəymiş ziyanın məğləği heç bir əsas olmadan 240,87 manat azaldılmaqla səhv hesablanmışdır. İddiaçı işlədiyi müddətdə həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirməmişdir. Nəticədə İddiaçı “X5” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdi. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, audit aktı xx.xx.2022-ci il tarixdə tərtib edilərək ona nöqsan tutulsa da, mübahisələndirdiyi əmr xx.xx.2022-ci il tarixdə, yəni pozuntu aşkar edildikdən bir ay 17 gün sonra verilmişdir. Yəni cavabdeh onu intizam tənbehinə əsas olmuş pozuntunun aşkar olunmasından sonra 1 ay müddətində işdən çıxara bilərdi. Lakin cavabdeh qanunda nəzərdə tutulan bu müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi elektron sənəd dövriyəsində 2021-ci il ərzində onun tərəfindən 38 akt və 12 protokol tərtib edilmişdir. Lakin audit Aktında müfəttişlər işlərin qiymətləndirilməsində qəsdən onun 2021-ci il ərzində 36 ədəd akt, 11 ədəd protokol tərtib etdiyini göstərmişlər. Ümumiyyətlə əməkdaşın təbiətə vurulmuş zərərlə bağlı tərtib edəcəyi akt və protokollarla bağlı hər hansı limit müəyyən edilməmişdir ki, onun gördüyü işlər də həmin limitdən aşağı səviyyədə olsun. Hakim qərarda onun cavabdehin audit qrupuna verdiyi izahatı sübut kimi natamam, yəni cavabdehin maraqlarına uyğun hissədə elan etmiş və izahatın guya onun tərəfimdən məhkəməyə təqdim edildiyini göstərmişdir. Halbuki həmin izahatı məhkəməyə cavabdeh təqdim etmişdir və izahatda tək işlədiyi üçün fəaliyyətinin aşağı səviyyədə olması barədə göstərdikləri audit yoxlaması keçirilən dövrə deyil, izahat verdiyi vaxta, yəni 2022-ci ilə aiddir. Qərarda göstərilir ki, cavabdeh və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əsaslar üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş, lakin yerin təkinə vurulmuş ziyan düzgün hesablanmamışdır. Bildirir ki, 16-29 sentyabr 2021-ci tarixlərində Göyçay rayon Qarabaqqal bələdiyyəsi ərazisində qanunsuz gilin götürülməsi ilə bağlı iş yoldaşı ilə birlikdə araşdırma aparmışlar ( ancaq nədənsə bu işlə bağlı ondan heç bir izahat istəyən olmadı və məhkəmədə dindirilmədi) və xx.xx.2021-ci il tarixli 72390 saylı akt tərtib etmişlər, araşdırma müddətində təqsirkarı müəyyən etmək mümkün olmamışdır . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər"ə əsasən 1 m3 qanunsuz işlədilən gilə görə normativ 30 manat təşkil edir. Normativlərin qeydinə əsasən bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, üçüncü dəfə cərimələnən subyektlər üçün 1,3 əmsalı, üç dəfədən çox cərimələnən subyektlər üçün 1,5 əmsalı tətbiq edilir. Subyekti müəyyən edə bilmədiklərinə görə yerin təkinə dəymiş ziyanın hesabat cədvəlini tərtib etməmişdir. Tərtib etmədiyi cədvəldə necə səhvə yol verə bilər? Göründüyü kimi Qərarla dəymiş ziyan hesablanarkən əmsala vurulur ki, bu işdə təqsirkar məlum olmadığından əmsala vura bilmədiyi üçün ziyanlıq cədvəlini tərtib etməmişdir ki, bu işin gedişatında heç bir əhəmiyyət kəsb etmir. Araşdırmanın davamı olaraq xx.xx.2021-ci il tarixli 1814 saylı məktubla təqsirkarların tapılması üçün toplanmış sənədlər idarə tərəfindən Göyçay rayon polis şöbəsinə göndərilmişdir, lakin qərarda qeyd edilir ki, araşdırma tamamlanmamışdır. Göründüyü kimi o, üzərinə düşən vəzifəni yerinə yetirmişdir ki, idarə tərəfindən toplanmış sənədlər polis idarəsinə göndərilmişdir. Əlavə olaraq bildirir ki, tərtib edilmiş xx.xx.2022-ci il tarixli audit aktında təbiətə dəymiş ziyan 24969.00 manat göstərilsə də sonradan audit aktında aşkar edilmiş nöqsanların aradan qaldırılması tədbirləri zamanı idarə əməkdaşı tərəfindən sözü gedən qanunsuz gilin götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın hesabat cədvəli 29 mart 2020-ci il tarixli 119 saylı qərara əsasən tərtib edilərək 1 əmsala vurularaq 35670 manat hesablanmış və cədvəldə qeyd olaraq bildirilmişdir ki, bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsala vurulur. Göründüyü kimi birinci hesabatda 07 əmsal, ikinci hesabatda 1 əmsal tətbiq edirlər hansıki subyekt bilinmir, qərarın tələbləri pozulur və bütün bunlara məhkəmə baxışı zamanı aydınlıq gətirilmədi və burada sual yaranır ki, təqsirkar bilinmədiyi halda cədvəl necə tərtib edilə bilər və hətta tərtib edildiyi halda belə təqsirkar bilinmədiyindən araşdırmaya necə təsir edə bilər. Məhkəmə baxışı zamanı X1 üzvü olmağı barədə vəsiqəsini təqdim edərək, X1 işdən çıxarılmağı barədə razılığının olub-olmamasını tələb etsə də, bu barədə araşdırma aparılmamışdır. Həmçinun əmrdə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin hansı bəndində göstərilmiş pozuntu törətməyi və ya X5 qanunun 20-ci maddəsinin nəzərdə tutulmuş hansı məhdudiyyətə əməl etməməsi dəqiq göstərilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional idarələrində çalışmış və işlədiyi müddət ərzində heç bir dəfə də olsun inzibati tənbeh almamışdır, sonuncu dəfə 2021-ci il ərzində yaxşı işlədiyinə görə şəxsi pul mükafatına layiq görülmüşdür. Hakim nəinki təqdim etdiyi sübutlara hüquqi qiymət verməmiş, hətta həmin sübutları araşdırmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. . Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri X3 və X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1516/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Cavabdeh tərəfindən mübahisəli qərarın iddiaçıya təqdim olunmasını təsdiq edən sənəd birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş əmrin surətinin sonuncu vərəqinin arxasında “xx.xx.2022-ci il tarixdə təhvil verdim” qeydi aparılmış, L.A.Əsgərova tərəfindən imzalanmışdır. Həmin qeyddən əmrin və ya digər sənədin kimə təhvil verilməsi müəyyən olunmur. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.1.3-cü bəndinə (əmək münasibətlərindən irəli gələn mübahisələr) əsasən xx.xx.2022-ci il tarixdə 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixinədək mediasiya prosesi davam etmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2022-ci il tarixdə verilmiş, iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə imzalanmaqla 30 günlük müddət ötürülmədən məhkəməyə ünvanlanmışdır. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması və ona təqdim olunması (və ya elan olunması) iş üzrə mötəbər sübutlarla təsdiq edilməyən əmrin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddətin ötürüldüyü müəyyən edilməmişdir. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 135/Ü nömrəli əmri ilə İddiaçı işlədiyi idarədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə audit tədbirləri keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmri ilə həmin tarixdən həvalə olunmuş vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyi iddiaçıya bildirilərək "X5" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi dövrdə vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol vermişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 71049 nömrəli və xx.xx.2021-ci il tarixli 72390 nömrəli aktlara əsasən müəyyən olunur ki, məsləhətçi-müfəttiş Ramil Əliyev tərəfindən araşdırma tamamlanmamış, yerin təkinə vurulmuş 24969 manat ziyan hesablanmamış və baş vermiş qanun pozuntusu ilə əlaqədər Qarabaqqal bələdiyyəsi barəsində qanunamüvafiq tədbirlər görülməmişdir. Həmçinin İdarənin əməkdaşları tərəfindən qanunsuz meşə materialının istifadəsi ilə bağlı keçirilmiş reyd zamanı 3,2 m3 həcmində 636,03 manat ziyan məbləğində qanunsuz meşə materialı aşkarlanaraq müvafiq Akt tərtib edilmişdir. Lakin məsləhətçimüfəttiş İddiaçı tərəfindən dəymiş ziyan məğləği 240,87 manat azaldılmaqla 395,16 manat hesablanmışdır. İddiaçı tərəfindən 2021-ci il ərzində 36 ədəd akt, 11 ədəd protokol, cərimə və qərar üzrə 7600 manat cərimə tətbiq edilmiş, 7 ədəd və ya 6100 manat ödənilmiş, 13 ədəd 5408,48 manat ziyan hesablanmış, bundan 9 ədədi və ya 4140,90 manat ziyan ödənilmiş, ödəmə tətbiq olumamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vəzifəsinin icrası çərçivəsində müvafiq cərimə və qərarlar üzrə ödənilməmiş məbləğlərin ödənilməsi üçün tədbirər görülməmişdir. Dövlət qulluqçusunun qiymətləndirmə cədvəlinə əsasən müəyyən edilmişdir ki, 2021-ci il üzrə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında) iddiaçının icraatında olmuş vətəndaş müraciətləri, “Qaynar xətt” məlumatları və digər şikayətlərin sayı - 35 “Qaynar xətt” və şikayət, 5 vətəndaş müraciətindən ibarət olmuş, iddiaçı tapşırıq üzrə 2 ilə (mümkün 15 faiz dərəcəsindən) qiymətləndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, əmrin hüquqi əsası kimi istinad edilən “X5” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan intizam tənbeh tədbiri (dövlət qulluğundan azad edilmə) yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “X5” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən əmrdə bununla bağlı (pozuntunu “kobud” kimi qiymətləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “X5” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçının əvvəllər “X5” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı 14 iyul 2021-ci il tarixdə qulluq funksiyalarını yaxşı icra etdiyi üçün mükafat verilmişdir . “X5” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “X5” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna dair sübut təqdim edilməmişdir. İşdə olan sənədlərlə də iddiaçının “X5” Qanunun 20-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl etmədiyi müəyyən olunmamışdır. Həmçinin “X5” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinin tələblərinə görə dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin Qanunun 25.2-ci maddəsində isə göstərilir ki, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması və dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Halbuki, cavabdeh orqan onun barəsində birinci dəfə daha yüngül intizam tənbeh növlərindən birini tətbiq edə bilərdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli əmrindən görünür ki, iddiaçı məsləhətçi-müfəttiş İİ dərəcəli dövlət qulluqçusu İddiaçı “X5” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluğundan azad edilməsinə əsas Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Samir Hidayətovun 18 mart 2022-ci il tarixli X-385 nömrəli xidməti məruzəsi, 21 fevral 2022-ci il tarixli audit aktı və digər araşdırma sənədləri olmuşdur. Cavabdeh orqan tərəfindən Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Samir Hidayətovun xidməti məruzəsi məhkəməyə təqdim edilməmişdir. Lakin işə əlavə edilmiş 21 fevral 2022-ci il tarixli audit aktının çıxarışından görünür ki, məsləhətçi-müfəttiş İİ dərəcəli dövlət qulluqçusu İddiaçı dövlət qulluğundan azad edilməsinə əsas səbəblər Qarabaqqal bələdiyəsinin mülkiyyətində olan torpaq sahəsinə 11,89 m3. gilin qanunsuz götürülməsi faktının onun tərəfindən müəyyən edilməsi barədə aktın tərtib edilməsinə baxmayaraq, vurulmuş ziyanın hesablanmaması, qanunsuz meşə materiallarının aşkarlanması, lakin dəymiş ziyan məbləğlərinin azadılmaqla hesablanması, 2021-ci il ərzində 36 ədəd akt, 11 protokol, cərimə və qərar üzrə 7600 manat cərimə tətbiq edilməsi, 7 ədəd və ya 6100 manat ödənilməsi, 13 ədəd və ya 5408,48 manat ziyan hesablanması, bundan 9 ədəd və ya 4140,90 manat ziyan ödənilməsi, ödəmənin tətbiq olunması, 3 ədəd məcburi göstəriş tətbiq edilməsi və 3 ədədin icra edilməsi olmuşdur. Məhkəmə kollegiysı birinci əsasla bağlı qeyd edir ki, iddiaçı tərəfindən 1189 m3 gilin qanunsuz olaraq götürülməsi faktı müəyyən edilmiş, lakin yerin təkinə vurulmuş ziyan hesablanmamışdır. 16-29 sentyabr 2021-ci tarixlərində Göyçay rayon Qarabaqqal bələdiyyəsi ərazisində qanunsuz gilin götürülməsi ilə bağlı araşdırma aparmış, və xx.xx.2021-ci il tarixli 72390 saylı akt tərtib etmişdir. Araşdırma müddətində təqsirkarı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər"ə əsasən 1 m3 qanunsuz işlədilən gilə görə normativ 30,0 manat təşkil edir. Normativlərin qeydinə əsasən bu Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan birinci dəfə cərimələnən subyektlər üçün 0,7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, üçüncü dəfə cərimələnən subyektlər üçün 1,3 əmsalı, üç dəfədən cox cərimələnən subyektlər üçün 1,5 əmsalı tətbiq edilir. İşdən görünür ki, məsləhətçi-müfəttiş İİ dərəcəli dövlət qulluqçusu İddiaçı təqsirkar subyekti müəyyən edə bilmədiyindən yerin təkinə dəymiş ziyanın məbləğini hesablaya bilməmişdir. Göründüyü kimi dəymiş ziyan hesablanarkən əmsala vurulur ki, bu işdə təqsirkar şəxs məlum olmadığından əmsala vura bilməmiş və dəymiş zərəri məbləğini hesablaya bilməmişdir. Vurulan zərərin məbləğinin hesablanması yalnız təqsirkar şəxs aşkar edildikdən sonra müəyyən edilərək müvafiq əmsallara əsasən hesablana və aradan qaldırıla bilərdi. Məhkəmə kollegiyası ikinci əsasla bağlı qeyd edir ki, məsləhətçi-müfəttiş İİ dərəcəli dövlət qulluqçusu İddiaçı tərəfindən qanunsuz meşə materiallarına vurulmuş ziyan məbləğinin az hesablanmasını sonradan aradan qaldırılması mümkün olan səhv hesab edilir. Məsləhətçi-müfəttiş İİ dərəcəli dövlət qulluqçusu İddiaçı dövlət qulluğundan azad edilməsinin əsas səbəblərindən biri, protokolların az tərtib edilməsi, cərimə qərarların az tətbiq edilməsi, cərimə və ziyanın az ödənilməsi və bu barədə göstəricilərinin aşağı səviyyədə olmasıdır. Məhkəm kollegiyası bununla bağlı bildirir ki, cavabdeh orqan məsləhətçi-müfəttiş İİ dərəcəli dövlət qulluqçusu İddiaçı tərəfindən nə qədər cərimə tətbiq etməli olması, nə qədər protokol tərtib etməli olması və cərimə ödənilməsi və ziyan ödənilməsi barədə limitin aşağı və yuxarı hədləri barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və öz dəlillərini əsaslandırmamışdır. İş materiallarından görünür ki, audit aktı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, lakin iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2022-ci il tarixdə, yəni pozuntu aşkar edildikdən bir ay 17 gün sonra verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh intizam tənbehinə əsas olmuş pozuntunun aşkar edildiyi gündən 1 ay müddətində iddiaçıya intizam tənbehi verməli olduğu halda, qanunda nəzərdə tutulan bu müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirməmişdir. (İPM-14.1), cavabdehin mübahisəli əmri qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqları pozulmuşdur (İPM-70.1). İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və yenidən işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1516/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə xx.xx.2022-ci il tarixli 321/Ü nömrəli işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsi və İddiaçı yenidən işə bərpa edilməsi öhdəliyi qoyulsun. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar