Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-350/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 iyun 2021ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “atəşkəs dövrünədək, yəni 08 may 1994-cü ilədək dövr ərzində döyüşmüş müharibə veteranlarına ödənilməli olan birdəfəlik müavinətin – sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. O, bugünədək digər veteranlara ödənilən sığorta pulunu ala bilməmişdir. Belə ki, sığorta pulunun ödənişinin olunması üçün iddiaçı müvafiq orqana xidməti rəy və travma haqqında arayış təqdim etməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, yaralanması barədə arayışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 10.02.2020-ci il tarixli, 038-136H3220 nömrəli imtina məktubunda qeyd etmişdir ki, arxivdə iddiaçının şəxsi işində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə ezam edilməyi barədə əmrlər aşkar olunmuşdur. Lakin yaralanması barədə heç bir məlumat qeyd edilmədiyi üçün müvafiq arayışın verilməsi mümkün olmamışdır İddiaçı 20.11.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 17.03.2020-ci il tarixli sərəncamı ilə cavabdeh orqandan iddia tələbinə qarşı rəsmi münasibət (etiraz) bildirilməsi tələb olunmasına baxmayaraq, iddiaçının iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 18 iyun 2021-ci il tarixli, 2-1(116)- 91/2021 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarovun qəbul etdiyi bu qərar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı cəbhə bölgəsində döyüş zamanı güllə yarası alması faktının şahid ifadələri ilə təsdiqlənməsi daha mötəbər sübut növü kimi qəbul olunardı, lakin bununla əlaqədar araşdırma aparılması Baş Mühafizə İdarəsinin səlahiyyətləri xaricindədir və bu barədə məhkəməyə arayış təqdim olunsa da, məhkəmə onu nəzərə almamışdır.Hətta sorğu əsasında məhkəməyə araşdırılmanın hansı hüquqi normalara əsasən və hansı qurum tərəfindən aparılması da yazılı formada təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov tərəfindən baxılmış məhkəmə prosesində çıxarılmış 2-1(116)-91/2021 saylı, 18.06.2021-ci il tarixli qərarını ləğv edərək iddia tələbinin tam təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: X7 Nazirliyi Tibb İdarəsinin “Arif Heydərov” adına Respublika Hospitalının iddiaçıya dair 04.12.2019-cu il tarixli epikriz, Baş Mühafizə İdarəsi Yevlax Rayon Mühafizə Şöbəsinin 18.09.2019-cu il tarixli, 32 nömrəli xidməti rəyi, DİN Xüsusi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 30.08.2019-cu il tarixli, 029/XHK-25 nömrəli məktub, Mühafizə Şöbəsi rəisinin 151 nömrəli aprel 1994-cü il tarixli əmri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin göndəriş, Yevlax RMX publik hüquqi şəxsinin iddiaçıya verdiyi 1142 nömrəli çıxarışı, Yevlax RMX publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 03.12.2020-ci il tarixli, 04-02-791/20 nömrəli məktub, X6 filialının məhkəməyə ünvanladığı 28.12.2020-ci il tarixli, 262 nömrəli arxiv arayışı, cavabdeh orqanın məhkəməyə ünvanladığı 09.04.2021-ci il tarixli, 038-7492-1221 nömrəli məktub, cavabdeh orqanın məhkəməyə ünvanladığı 09.04.2021-ci il tarixli, 038-7492-1221 nömrəli məktubu, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli **********9 nömrəli məktubu, cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.05.2021-ci il tarixli, 038-9279-1221 nömrəli məktub, DSMFnin 17 saylı Regional ərazi filialının məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli, **********0 nömrəli məktubu, cavabdeh orqanın məhkəməyə ünvanladığı 20.05.2021-ci il tarixli, 038-10401-1221 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Tibb İdarəsinin “Arif Heydərov” adına Respublika Hospitalının iddiaçıya dair 04.12.2019-cu il tarixli epikrizinin diaqnoz bölümündə “əsas diaqnoz- Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hər iki budun orta 1/3 hissəsini dəlib keçən odlu silah (güllə) yaralanmasından sonrakı vəziyyət (24.04.1994). Xəstəliklə yanaşı gedən – 110 essensial (birincil) hipertenziya” qeyd edilmişdir. Baş Mühafizə İdarəsi Yevlax Rayon Mühafizə Şöbəsinin 18.09.2019-cu il tarixli, 32 nömrəli xidməti rəyindən görünür ki, iddiaçı 20.12.1984-cü ildən 15.03.2006-cı ilədək Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət aparmış və müxtəlif tarixlərdə Goranboy, Xanlar, Şuşa, Tərtər, Qubadlı, Ağdam, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. DİN Xüsusi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 30.08.2019-cu il tarixli, 029/XHK-25 nömrəli məktubda qeyd edilir ki, xəsarətin səbəb əlaqəsinin qiyabi təyin edilməsi üçün xidməti təhqiqat materialları (xidməti rəy, travma haqqında arayış), əmək kitabçası və stasionar müalicə aldığı xəstəxanalardan verilmiş xəstəlik tarixindən çıxarışların (epikriz) əsilləri ilə Komissiyaya dəvət olunmuşdur. İş materiallarında olan Mühafizə Şöbəsi rəisinin 151 nömrəli aprel 1994-cü il tarixli əmrindən görünür ki, İddiaçı digər polis nəfərləri ilə birgə (cəmi 4 nəfər) Goranboy rayonuna ezam edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin göndərişi ilə iddiaçı Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Yevlax RMX publik hüquqi şəxsinin iddiaçıya verdiyi 1142 nömrəli çıxarışda xəstəliyinin diaqnozu “hər iki budun orta 1/3 hissəsinin yumşaq toxumasından dəlib keçən güllə yarası” kimi qeyd edilmişdir. Yevlax RMX publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 03.12.2020-ci il tarixli, 04-02-791/20 nömrəli məktubda qeyd edilir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Arxiv bölməsinə məxsus sənədlər Arxiv qaydalarına uyğun olaraq, 2015-ci ilə qədər olan sənədlər saxlanılmaqla digər sənədlər Milli Arxiv İdarəsinin Yevlax şəhər filialına təhvil verilmişdir. X6 filialının məhkəməyə ünvanladığı 28.12.2020-ci il tarixli, 262 nömrəli arxiv arayışında qeyd edilir ki, Dövlət Arxivində mühafizə olunan X4 1994-cü ilə dair Qarabağda travma alan xəstələrin Stasionar müalicəsi jurnalında 1960-cı il təvəllüdlü Xaldan kəndində yaşayan polis İddiaçı Yevlax xəstəxanasında müalicə alması barədə aşağıdakı məlumatlar vardır. İddiaçı 24 aprel 1994-cü il tarixdən 16 may 1994-cü il tarixədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində stasionar müalicə almışdır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 27 nömrəli xəstəlik tarixçəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 09.04.2021-ci il tarixli, 038-7492-1221 nömrəli məktubda qeyd edilir ki, Sabiq polis nəfəri, polis baş serjantı İddiaçı 20.12.1984-cü il tarixdən 15.03.2006-cı il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax Rayon Mühafizə Şöbəsində xidmət etmişdir. DİN-in BƏSİİ-dən daxil olmuş əmrlərin, Yevlax Rayon Mühafizə Şöbəsindən isə daxil olmuş xidməti rəyin surətlərində İddiaçı xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. Lakin onun döyüşlərdə xəsarət alıb-almaması ilə bağlı yoxlama və müqayisəli təhlil aparılması DİN-in Daxili Təhqiqatlar İdarəsinin Əsasnaməsinə uyğun olaraq onların səlahiyyətlərinə aiddir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli **********9 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçıya filial tərəfindən hər hansı növ təqaüd ödənilmir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.05.2021-ci il tarixli, 038-9279-1221 nömrəli məktubda qeyd edilir ki, məhkəmənin müraciəti ilə bağlı sabiq polis nəfəri, polis baş serjantı İddiaçı qurumdan daxil olmuş arxiv şəxsi işindən xidmətkeçmə siyahısının və barəsində müəyyən olunmuş Yevlax Rayon Mühafizə Şöbəsinin 26.10.1992-ci il tarixli 522, 04.02.1993-cü il tarixli 66 və 22.04.1994-cü il tarixli 151 saylı əmrlərinin çıxarılmış surəti göndərilməklə, İddiaçı arxiv şəxsi işində onun yaralanması barədə sənəd aşkar olunmadığı da diqqətə çatdırılır. DSMF-nin 17 saylı Regional ərazi filialının məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilir ki, İddiaçı təqaüdü 30.04.2021-ci il tarixədək ödənmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 20.05.2021-ci il tarixli, 038-10401-1221 nömrəli məktubda qeyd edilir ki, «Müharibə veteranı» vəsiqəsinin verilməsi DİN-in X9 İdarəsi tərəfindən toplanmış sənədlər əsasında Nazirlikdə fəaliyyət göstərən komissiyanın səlahiyyətlərinə aiddir. Lakin həmin idarədən daxil olan məktubda İddiaçı adı çəkilən vəsiqənin verilməsi faktının müəyyən edilməməsi göstərilmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması, travma alması ilə bağlı xidməti yoxlama aparılması DİN-in 15.10.2010-cu il tarixli, 637 saylı əmri ilə təsdiq olunmuş «Xidməti yoxlamaların aparılması qaydaları haqqında Təlimat»ın 4.4 maddəsinə əsasən Daxili Təhqiqatlar İdarəsi tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan arayışı əldə edəcəyi təqdirdə sığorta ödənişinin alınması, həmçinin həmin sənəd əsasında Xüsusi Həkim Komissiyasında xəsarətin səbəb əlaqəsinin təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması, travma alması ilə bağlı xidməti yoxlama aparılmasının DİN-in 15.10.2010-cu il tarixli, 637 saylı əmri ilə təsdiq olunmuş «Xidməti yoxlamaların aparılması qaydaları haqqında Təlimat»ın 4.4 maddəsinə əsasən Daxili Təhqiqatlar İdarəsi tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, xidməti yoxlamanın aparılması həqiqətən də qeyd olunan orqan tərəfindən həyata keçirilə bilər, lakin bu hal cavabdehi müraciətlə bağlı inzibati icraat aparılması vəzifəsindən azad etmir. Cavabdeh iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat başlamalı, lazım gələrsə müvafiq orqanlara sorğular verməli, nəticə etibarı ilə aparılmış araşdırma nəticəsində qanunamüvafiq qərar verməli idi. Lakin cavabdeh heç bir araşdırma aparmamış, onun dinlənilmə hüququnu təmin etməmiş, iddiaçının yaralanması barədə sənəd olmamasına istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 22.04.1994-cü il tarixində Goranboy rayonuna ezam olunmuş, 24.04.1994-cü il tarixində hər iki budun 1/3-nin yumşaq toxumasından keçən güllə yarası diaqnozu ilə Yevlax xəstəxanasına daxil olmuş, 16.05.1994-cü il tarixinə kimi orada stasionar müalicədə olmuşdur. Cavabdeh orqan özü də iddiaçının müxtəlif vaxtlarda döyüş bölgələrinə ezam olunması faktını təsdiq etmiş, ezam olunma barədə əmrlərin surətini məhkəməyə təqdim etmişdir. Cavabdehin imtinasının səbəbi iddiaçının arxiv şəxsi işində onun yaralanması barədə sənəd aşkar olunmaması olmuşdur. Halbuki, X6 filialının məhkəməyə ünvanladığı 28.12.2020-ci il tarixli, 262 nömrəli arxiv arayışında qeyd edilir ki, Dövlət Arxivində mühafizə olunan X4 1994-cü ilə dair Qarabağda travma alan xəstələrin Stasionar müalicəsi jurnalında 1960-cı il təvəllüdlü Xaldan kəndində yaşayan polis İddiaçı Yevlax xəstəxanasında müalicə alması barədə aşağıdakı məlumatlar vardır. İddiaçı 24 aprel 1994-cü il tarixdən 16 may 1994-cü il tarixədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində stasionar müalicə almışdır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 27 nömrəli xəstəlik tarixçəsi ilə qeydiyyata alınmışdır. Hazırki vəziyyətdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki,birinçi instansiya haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyi qoyulmalıdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQ-nin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 01.06.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-350/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-350/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver