Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-350/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax Rayon Aqrar İslahat Komissisyasının xx.xx.2007-ci il tarixli qərarının X3 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin **********1719 kadastr nömrəli və xx.xx.2008-ci il tarixli, 2115 nömrə ilə qeydiyyata alınan A seriyalı 067028 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, atasından miras qalan mirasın olduğu kimi xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahəsinin yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1798/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qax Rayon Aqrar İslahat Komissisyasının xx.xx.2007-ci il tarixli qərarının X3 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin **********1719 kadastr nömrəli və xx.xx.2008-ci il tarixli, 2115 nömrə ilə qeydiyyata alınan A seriyalı 067028 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, atasından miras qalan mirasın olduğu kimi xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahəsinin yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçı 8 iyun 2020-ci il tarixdə atası X6 və anası X4 rəhmətə getdikləri üçün qanun üzrə vərəsəlik qaydasında atasından qalan ev və torpağı öz adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsinə müraciət etmiş və 13 iyun 2020-ci ildə **********1719 kadastr nömrəli xx.xx.2008-ci il tarixli 2115 nömrə ilə qeydiyyata alınan A № 067028 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ona təqdim olunmuşdur. Kadastra baxarkən iddiaçıya məlum olmuşdur ki, atasının adında olan torpaq sahəsi onun xəbəri olmadan Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə sahəsi azaldılaraq ondan xəbərsiz, heç bir sənəd tələb etmədən anasının adına rəsmiləşdirilmişdir. Həm də kadastrda torpağın ölçüləri səhv işlənmişdir. İddiaçıya verilən kadastr Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il fərmanı il ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində tərtib olunmuşdur. Fərmanın 2.1-ci bəndinə əsasən DTXK-nın səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə verilib. İddiaçı Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il qərarının verilməsinə səbəb olmuş əsasları müəyyən etmək üçün ƏMDX Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, lakin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş əsasları müəyyən edə bilməmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/728 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq islahatı aparılarkən anası X1 siyahısında 1720 sıra nömrəsi ilə qeydiyyata alınmaqla ona Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarına əsasən 513,61 kv.m həyətyanı torpaq sahəsi verilmiş və həmin qərar əsasında A 067028 nömrəli torpaq sahəsinin plan ölçü sənədi təqdim olunmuşdur. Lakin ərizədə qeyd edilən iddiaçının ailəsinə məxsus həyətyanı torpaq sahəsinin kəsir olduğu aşkar edilməmişdir.
3. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ləğv olunmasını tələb etdiyi A seriyalı 067028 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı əsasında verilmişdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
4. İddia tələbi İPM-in tələblərinə əsasən mümkün sayılmamalı olduğundan yuxarıda qeyd olunanlarla bağlı münasibət bildiriməsi üçün iddiaçıya vaxt verilmişdir.
5. Yardım məktubunu aldıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda məhkəmənin hüquqi yardımından qeyd olunanlara münasibət bildirmişdir. İddiaçı münasibət məktubunda qeyd etmişdir ki, məhkəmənin məktubunda onun iddiasının mümkünlüyü və ya mümkünsüzlüyü barədə məhkəmənin göstərdiyi xüsusatların heç bir hüquqi əsası yoxdur. Belə ki, məktubun üçüncü abzası onun ikinci abzası ilə bir-birinə ziddir. Göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən “X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 mart 1995-ci il tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məktubun 2-ci abzasında isə göstərilmişdir ki, ləğv olunması tələb edilən “A” seriyalı 067028 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı əsasında verilmişdir. Digər tərəfdən mübahisələndirilən bu halda söhbət, sonradan Aqrar İslahat Komissiyasının qərarı ilə veriləcək sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaq və əmlakdan pay almaq hüququ olan subyektə torpaq payı verilməsindən yox, əvvəlcədən - hələ Sovet hakimiyyəti dövründə vətəndaşın qanuni istifadəsinə verilmiş torpaq sahəsinin, 1952 və 1959-cu illərdə fərdi yaşayış evinin tikilməsi üçün ayrılan torpaq sahəsinin mülkiyyətə verilməsindən gedir. Yəni burada Aqrar İslahat Komissiyası və aqrar islahatlıq heç nə olmamışdır.
6. Məktubda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci bəndinə istinad edilmişdir. Halbuki, bunun üçün heç bir əsas olmamışdır. Əksinə həmin qanunun 20-cı maddəsinin 2-ci bəndində göstərilir ki, X2 yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
7. Sözügedən bu qanunun 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Yəni, əvvəlcədən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evləri və həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi “Sovxoz və kolxozların islahatı haqqında'1 Qanunla yox, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələri ilə tənzimlənmişdir.
8. Bu Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların altında olan bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
9. Həmin Qanunun 10-cu maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
10. Yəni, bu o deməkdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evi və həyətyanı torpaq sahələri aqrar islahatın obyekti və aqrar islahat komissiyasının müzakirə predmeti ola bilməz və onlar barəsində komissiya sərəncam və ya qərar verə bilməz. Əgər belə bir qərar (komissiya ləğv edildikdən də sonra) verilmiş olsa belə, deməli, o qərar qanunsuzdur və bu əsasla da o qərar ləğv edilməlidir.
11. Birinci instansiya məhkəməsi 20 aprel 2005-ci il tarixli 226 saylı Prezident Fərmanına istinad edərək bildirir ki, bu fərmanla Aqrar İslahat Komissiyasının hüquqi varisi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə "Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların torpaqların onların mülkiyyətinə verilməsi haqqında “Əsasnamənin 6-cı bəndinin birinci hissəsində Prezidentin 24 avqust 2002-ci il tarixli 760 saylı Fərmanı ilə “rayon aqrar islahat komissiyası üzvləri yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. Yəni 2002-ci ilin avqust ayından bu abzasda qeyd olunan sovxoz, kolxoz və s. torpaqlarına münasibətdə yerquruluşu layihələrini /yəni.torpaqların bölgüsünü və hər payın məxsus olduğu vətəndaşların kimliyini müəyyən edən sənəd/ təsdiq etmək səlahiyyəti rayon aqrar islahat komissiyasından alınıb, yerli icra hakimiyyəti orqanına verilmişdir. Beləliklə, Qax Rayon Aqrar İslahat Komissiyasının 2002-ci ilin avqust ayından (30 dekabr 2007-ci il tarixi də daxil olmaqla) nə vətəndaşların qanuni istifadəsində olan, nə də kolxoz və s. torpaq sahələrinin ölçüsündə heç bir dəyişiklik etmək səlahiyyəti olmamışdır.
12. Birinci instansiya məhkəməsinin yardım məktubun ikinci səhifəsinin ikinci abzasında göstərilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi hallarda 30 iyun 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixinədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Sonrakı abzasda qeyd olunur ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
13. Birinci instansiya məhkəməsinin bu mülahizəsinə cavab olaraq iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (inzibati məhkəmə icraatında) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmənin istinad etdiyi 30 iyun 2011-ci il tarixinədək qüvvədə olmuş və indi də qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə dair iddialara iddia müddəti şamil olunmur. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə görə, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Göründüyü kimi, qanunvericiliyə görə daşınmaz əmlakla bağlı mülkiyyətçinin tələbləri üzrə iddialara müddət şamil edilmir. Bununla belə, iddiaçı bu münasibətə iddia müddətinin bərpa edilməsi barədə vəsatət də əlavə etmişdir.
14. İddiaçı “müddətin bərpa edilməsi haqqında” vəsatətində və iddia ərizəsində çox ağır maddi-məişət şəraitində, köməksiz, kimsəsiz vəziyyətdə, 1-ci qrup əlil oğluna baxan bir ana olduğunu qeyd etmişdir. İddia müddəti ötürülmüş olsa belə, bu, onun məlumatsızığı, bilgisizliyi ucbatından ötürülmüşdür. İddiaçı vəsatətində müddətin ötürülməsini, onun təqsiri olmadan buraxılmasını üzürlü hesab edərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1798/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1798/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)- 1798/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq məhkəmə baxışına təyin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir.
21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
23. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995- ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə əsasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X11 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamə” təsdiq edilmişdir.
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X11 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X11 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X11 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
26. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X9 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Qax rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.
34. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
35. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.
36. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur.
37. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, Qax Rayon icra Hakimiyyəti Qax rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil.
38. Yuxarıda istinad olunan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X11 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X11 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X11 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir.
39. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuş, hüquqi varisi müəyyən edilməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb üzrə A seriyalı 067028 nömrəli plan-ölçü sənədinin tərtib olunmasına əsas Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı olmuşdur ki, bu halda da yuxarıda göstərilənlərə əsasən Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilə bilməz.
41. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
42. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
43. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1798/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-1798/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.