Məhkəmə qərarları › İş №2-1(107)-350/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-350/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-350/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul edilmiş, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1389/2024 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının tam reabilitasiya olunması barədə qərarın ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul edilmiş, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Belə ki, Erməni quldurlarının ölkəyə hərbi təcavüzü başladıqdan sonra, xüsusən də, 1992-ci ilin fevral ayında Xocalı soyqırımının törədilməsindən sonra 1992-ci ilin mart ayının 2-də könüllü olaraq cəbhəyə yollanmışdır. 1992-ci ilin iyun ayının 5-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə yaralanmış, iyun ayının 20-nə kimi Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müalicə olunmuşdur. Yaraları sağaldıqdan sonra yenidən cəbhə bölgəsinə yollanmış və döyüşlərə davam etmişdir. O, könüllü olaraq döyüşlərdə olduğu zaman 1993-cü ilin sentyabr ayında Mingəçevir RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. 07 yanvar 1994-cü ildə N nömrəli hərbi hissənin tərkibində cəbhənin Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 20 yanvar 1994-cü ildə həmin döyüşlərdə yaralanmışdır. 21 yanvar 1994-cü ildən 07 fevral 1994-cü ilə kimi Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunmuşdur. Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunarkən ona qoyulmuş diaqnoz "boyun nahiyyəsinin əziyi, C4-5 fəqərələrinin kompression sınığının qalıq əlamətləri, kökcük sindromu ilə soltərəfli yuxarı monoparez", 08 fevral 1994-cü ildə tibbi şəhadətləndirmə zamanı təyin edilmiş yaralanma-diaqnoz "onurğa sütunun CİV-V boyun fəqərələrinin köhnə yarımçıxığı-sınığı, kökcük ağrı sindromu ilə və funksiyaların mülayim dərəcədə pozulması" olmuşdur.

5. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicəsini davam etdirmişdir. Müharibə bitdikdən sonra isə səhhəti düzəlmədiyindən Rusiya Federasiyasının Moskva şəhərinə gedərək orada müalicə olunmuşdur. Döyüş zamanı aldığı xəsarətlər get-gedə ağırlaşdığından və ona ciddi çətinliklər törətdiyindən 2011-ci ildə ona müvafiq əlilliyin təyin edilməsi üçün müraciət etmişdir. Onun müraciəti müsbət qiymətləndirilərək, 2011-ci ilin may ayının 6-da ona 2-ci qrup əlillik təyin edilmişdir. Həmin tarixdən mütəmadi olaraq komissiyalardan keçmiş və 2021-ci ildə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ilin iyul ayında o, "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq avtomobil verilməsi üçün müraciət etmişdir. Bundan sonra 02 avqust 2023-cü ildə Agentlikdə qəbulda olmuşdur. Həmin gün həkim komissiyası tərəfindən qəbul edilmişdir. Həmin qəbul zamanı hər-hansı bir müayinə olunmamış, sadəcə vizual baxış keçirməklə onu müşahidə etmişlər. Bundan sonra ona 15- 30 gün ərzində müraciətinin nəticəsi barədə cavab veriləcəyini bildirmişlər.

6. Daha sonra ona 01 avqust 2023-cü il tarixli, 3-17-4/2-B-20876/2023 nömrəli məktub göndərilərək müraciətinin qəbul edilməsindən imtina edildiyi göstərilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, "müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun olaraq Sizə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəlik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir”.

7. Daha sonra o, dövlət tərəfindən təyin edilmiş əlillik pensiyasını almaq üçün getdikdə pensiyasının hesaba vurulmadığını görmüş, dərhal müraciət etdikdə ona əlilliyinin dayandırıldığı bildirilmişdir. 23 noyabr 2023-cü il tarixdə ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 14 noyabr 2023-cü il tarixli, 3-17-4/2-B- 29390/2023 nömrəli məktub təqdim edilmişdir. Həmin məktubla tanış olarkən məlum olmuşdur ki, onun müraciətinə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olduqdan sonra təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhudiyyətlərin olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edilmişdir.

8. Belə ki, o, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə heç kimə müraciət etməmişdir. Onun müraciəti minik avtomobilinin alınması ilə bağlı olmuş, 01 avqust 2023-cü ildə onun həmin müraciətinə imtina gəlmişdir. Həmin məktubda onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirilməsi və onun tam reabilitasiya olunması barədə qərar qəbul edildiyi göstərilsə də, həmin qərar ona təqdim edilməmişdir. Bundan sonra tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilərək onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirilməsi və tam reabilitasiya olunması barədə qəbul edilmiş qərarın ona təqdim edilməsini xahiş etmişdir. Ərizəsində göstərilənlərə baxmayaraq, ona 21 dekabr 2023-cü il tarixli, 3-17- 4/2-B-33582/2023 nömrəli məktub göndərilmiş, həmin məktubda da 14 noyabr 2023-cü il tarixli, 3-17-4/2-B-29390/2023 nömrəli məktubda göstərilənlər yenidən sadalanmışdır. Yəni onun barəsində qəbul edilmiş qərar ona göndərilməmişdir.

9. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin barəsində qəbul etdiyi həmin qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona ünvanlanmış məktublarda göstərilmişdir ki, guya o, müraciətinə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edilmişdir. O, xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olan zaman həkimlər tərəfindən hər-hansı bir müayinə olunmamış, sadəcə vizual baxış keçirməklə onu müşahidə etmişlər. Ancaq aldığı xəsarətlərdən də, göründüyü kimi onun xəsarətlərinin sağalıb-sağalmamasını vizual baxışla müəyyən etmək mümkün deyildir. O, 2021-ci ildən ömürlük olaraq ikinci qrup əlilliyə çıxmışdır. Yəni, ona müddətsiz əlilliyin təyin edilməsinin üzərindən heç iki il keçməmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onu əsassız olaraq müayinə etmişdir.

10. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S10-S19 - Boynun travmaları => S12 - Onurğanın boyun şöbəsinin sınığı => S12.2 - Digər dəqiqləşdirilmiş .. Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı, C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir.

11. Mingəçevir şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********3). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən minik avtomobili üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1164 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Boyun nahiyyəsinin əziyi. C4-5 fəqərələrinin kompression sınığının qalıq əlamətləri, kökcük sindromu ilə. Soltərəfii yuxarı monoparez. Onurğa sütununun C4-5 boyun fəqərələrinin köhnə yarımçıxığı-sınığı, kökcük ağrı sindromu ilə və funksiyaların mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, çanağında, aşağı ətraflarında olan ağrılardan, belində ağrılardan şikayətlənmişdir. Baxış zamanı hər iki dizdə səthi çapıqlar izlənmiş, hər iki budçanaq oynaqlarında hərəkətlər sərbəst olmuş, aşağı ətraflarda vizual olaraq varikoz genişlənmələr aşkar edilməmiş, sol əlin V barmağının distal falanqasının amputasiyası qeyd edilmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda əzələlərdə simmetrik olmuş, reflekslər canlı və bərabər çağrılmış, əzələ gücü normal olmuş, patoloji Hoffman Babinski refleksləri mənfi alınmışdır.

12. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2020- xx.xx.2020ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş ağır kəllə-beyin və boyun travması. Postravmatik ensefalopatiya. Sol tərəfli hemiparez" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsində nəticə “Beyində həcmli proses, patoloji dansitə dəyişikliyi aşkar edilmir” kimi müəyyənləşdirilmişdir. Mingəçevir şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli Boyun fəqərələrinin KT müayinəsinin nəticəsində “C5-6 diskdə duraİ kisəni və hər iki sinir kökünü sıxan, bilateral olaraq fəqərə arası dəlikləri daraldan, 2 mm ölçülü geniş əsaslı sol subartikulvar protruzıva" kimi qeyd edilmiş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Anamnestik və klinik məlumatlarda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir.

13. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasına uyğun olaraq Minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir.

14. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestr”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

15. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

16. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdə müayinə olunmuş, “Boyun fəqərələrinin (C4-C5) yayılmış osteoxandrozu, daimi kökcük ağrı sindromu ilə. Sol yuxarı ətrafın monoparezi. Vertebrobazilyar. Qan dövranı pozğunluğu” diaqnozu ilə bir il müddətinə (səbəbi: ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2012-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Boyun fəqərələrinin yayılmış steoxondrozu daimi kökçük ağrı sindromu. Vertebro-bazilyar QDP. Kəskin astenonevrotik v-t.” diaqnozu ilə bir il müddətinə (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Onurğanın ostexondrozu, boyun fəqərəsinin yayılmış ostexondrozu Yuxarı ətrafın monoplegiyası sol yuxarı ətrafın monoparezi Vertebrobazilyar arteriya sistemin sidromu Vertebrobazilyar qan dövranın pozulması Somotoform pozğunluğu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə bir il müddətinə (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Onurğanın ostexondrozu, boyun fəqərəsinin yayılmış ostexondrozu Yuxarı ətrafın monoplegiyası sol yuxarı ətrafın monoparezi Vertebrobazilyar arteriya sistemin sidromu Vertebrobazilyar qan dövranın pozulması Somotoform pozğunluğu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə beş il müddətinə (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, iddiaçıya “İ83.2 Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi hər iki aşağı ətraf venalarının tez-tez kəskinləşən varikoz genəlməsi” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müayinə olunmuş, iddiaçıya “S12.2 Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı, C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu ilə müddətsiz (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-ci il tarixdə müayinə olunmuş, iddiaçıya “Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı. C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamatləri”, diaqnoz tam reabilitasiya olması əsası ilə imtina cavabı verilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, iddiaçıya “S12.2 Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3- 16883/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının tam reabilitasiya olunması müəyyən edilmişdir.

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 mart 2024-cü il tarixli 2- 1(116)-1389/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi, xx.xx.2023-cü il tarixli “tam reabilitasiya olunma barədə” qərarın İddiaçı aid hissədə ləğv edilməsi və cavabdehin üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarının özünə aid hissədə ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədədir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbisosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona müddətsiz (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2021-ci ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-1(116)-1389/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S10-S19 - Boynun travmaları => S12 - Onurğanın boyun şöbəsinin sınığı => S12 2 Digər dəqiqləşdirilmiş Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı, C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri Mərkəzə göndərilmənin / imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir. Mingəçevir şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:29ZJ1 VV) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********3). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən minik avtomobili üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1164 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Boyun nahiyyəsinin əziyi. C4-5 fəqərələrinin kompression sınığının qalıq əlamətləri, kökcük sindromu ilə. Soltərəfli yuxarı monoparez. Onurğa sütununun C4-5 boyun fəqərələrinin köhnə yarımçıxığı-sınığı, kökcük ağrı sindromu ilə və funksiyaların mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, çanağında, aşağı ətraflarında olan ağrılardan, belində ağrılardan şikayətlənmişdir. Baxış zamanı hər iki dizdə səthi çapıqlar izlənmiş, hər iki bud-çanaq oynaqlarında hərəkətlər sərbəst olmuş, aşağı ətraflarda vizual olaraq varikoz genişlənmələr aşkar edilməmiş, sol əlin V barmağının distal falanqasının amputasiyası qeyd edilmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda əzələlərdə simmetrik olmuş, reflekslər canlı və bərabər çağrılmış, əzələ gücü normal olmuş, patoloji Hoffman, Babinski refleksləri mənfi alınmışdır. Qəbul etdiyi dərmanlarının adını xatırlamadığını bildirmişdir. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışında diaqnoz ‘‘Keçirilmiş ağır kəllə-beyin və boyun travması. Postravmatik ensefalopatiya, Sol tərofli hemiparez” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsində nəticə “Beyində həcmli proses, patoloji dansitə dəyişikliyi aşkar edilmir'’ kimi müəyyənləşdirilmişdir. Həmçinin, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və əyani müayinə qərardadı qəbul etməyərək orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Şəki inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

Tərəflərin izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 29 mart 2024-cü il tarixli 2-1(116)- 1389/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

25. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

27. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-1(116)-1389/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 35 Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya onda mövcud olan xəstəliklə bağlı iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı, C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu ilə müddətsiz (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsinə əsasən, iddiaçı xx.xx.2023-ci il tarixdə müayinə olunmuş, iddiaçıya “Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı. C4- C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamatləri”, diaqnoz tam reabilitasiya olması əsası ilə imtina cavabı verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsinə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, iddiaçıya “S12.2 Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-16883/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının tam reabilitasiya olunması müəyyən edilmişdir.

36. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan iddiaçını təkrar əyani müayinəyə cəlb etmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri sayır.

38. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə görə, TSEK-in əvvəlki qərarının düzgünlüyü şübhə altına alan əsaslı sübütların mövcud olduğu təqdirdə Agentlik tərəfindən əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb olunması müəyyən edilmişdir.

39. Qeyd olunan normanın məzmunundan aydın olur ki, əlilliyi müəyyən edilmiş şəxsin yenidən əyani müayinəyə cəlb olunması üçün yalnız TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan sübütlar mövcud olması nəzərdə tutulmuşdur.

40. Cavabdeh tərəfindən iddiaçı əyani müayinəyə cəlb edilmiş olsa da, həmin müayinənin TSEK-in qərarının düzgünlüyünə əsaslı şübhələrin mövcudluğuna əsasən aparılması öz təsdiqini tapmamışdır.

41. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

44. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.

45. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

46. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

47. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

48. Cavabdeh orqan daha sonra apellyasiya şikayətini “anamnestik və klinik məlumatlarda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir” səbəbi ilə əsaslandırmışdır.

49. İş materiallarından da görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarının özünə aid hissədə ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədədir.

50. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbisosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona müddətsiz (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir.

51. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

52. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.

53. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

54. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.

55. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir

56. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2021-ci ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir.

57. Belə ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

58. Göründüyü kimi apellyator tərəfindən şikayətin dəlillərində həmin məsələləri, yəni “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli olduğunu qeyd etsə də, əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları təqdim etməmişdir.

59. Qeyd olunanları nəzərə almadan cavabdeh orqan iddiaçının minik avtomobili ilə təmin olunması ilə bağlı müraciətinə baxan zaman həmin müraciətə imtina cavabı verməklə bərabər, ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv etmişdir.

60. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqana sorğu göndərilərək iddiaçıya müddətsiz 2-ci dərəcəli əlillik təyin edildikdən sonra onun yenidən əyani müayinəyə cəlb edilməsinə əsas olmuş, xx.xx.2021-ci il tarixli əlilliyin təyini ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi tələb edilmişdir. Lakin, cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.

61. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

62. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2-1(116)-1389/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar