Məhkəmə qərarları › İş №2-1(107)-352/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-352/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-352/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003- cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Muxax kəndindən ailə üzvlərinə verilmiş 0.45 ha və 0.27 ha pay torpağının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-480/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Muxax kəndindən ailə üzvlərinə verilmiş 0.45 ha və 0.27 ha pay torpağının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 07.01.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə Zaqatala rayonunun keçmiş Şəfəq, Özbəkistan, Bakı fəhləsi, Şapayev, K.Marks, Muxax, Azərbaycan, Dan Ulduzu, İ.Şamil, Mosul, Sovet Dağıstanı, 1 nömrəli Fındıqçılıq, Kommunizm yolu, Bəhmətli, Sabir, S.Vurğun, Talabinələr, 1 May, Nizami, Qafqaz, Əzizbəyov, 2 nömrəli Fındıqçılıq təsərrüfatlarında aparılan aqrar islahat zamanı İddiaçı1 və ailə üzvülərinə 0.45 ha "Bostantala" çölündə, 0.27 ha torpaq isə "Gər bağı" çölündə pay torpağı verilmişdir. Lakin həmin torpaq sahələrinə hazırkı vaxtadək hüquqmüəyyənedici sənədlər hazırlanıb iddiaçılara verilməmişdir. İddiaçı1 cavabdeh orqana müraciət edərək, 0.45 ha və 0.27 ha pay torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 26.02.2021-ci il tarixli, **********68 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu, Muxax kəndi üzrə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təqdim olunmuş elektron baza məlumatlarında (Zaqatala rayonu Aqrar islahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında)), elektron xəritələrdə və arxiv fondunda iddiaçıya və ailə üzvlərinə pay torpaq sahələrinin verilməsi barədə məlumat yoxdur. Elektron baza məlumatlarına və arxiv fondunda əsasən iddiaçının və ailə üzvlərinin adına pay torpaq sahələri aşkar edilməmişdir. İddiaçının adında olan fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə uyğun olaraq mövcud hüququmüəyyənedici sənədlər (Dövlət Aktı, Şəhadətnamə, Torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər) əsasında aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən 18 saylı Zaqatala Ərazi İdarəsi mövcud hüququmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hüquq və vəzifələri Zaqatala və Balakən rayonları üzrə həyata keçirən ixtisaslaşdırılmış hüquqi şəxsdir” Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 27 may 2021-ci il tarixli, 2-1(116)- 480/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli Qərarı ilə Zaqatala rayonunun keçmiş Şəfəq, Özbəkistan, Bakı fəhləsi, Şapayev, K.Marks, Muxax, Azərbaycan, Dan Ulduzu, İ.Şamil, Mosul, Sovet Dağıstanı, 1N:li Fındılqçılıq, Kommunizm yolu, Bəhmətli, Sabir, S.Vurğun, Talabinələr, 1 May, Nizami, Qafqaz, Əzizbəyov, 2 Nömrəli Fındılqçılıq təsərrüfatlarında aparılan aqrar islahat zamanı ailələrinə 0.45 ha "Bostantala" çölündə, 0.27 ha torpaq isə “Gər bağı” çölündə pay torpağı verilmişdir. Qeyd edilən faktlar iş materiallarında mövcud olan Zaqatala Rayon Dövlət Arxivindən və Zaqatala rayon Muxax bələdiyyəsindən verilmiş arayışlarda, həmçinin pay torpağın kompleks yerquruluşu xəritəsindən çıxarışlarda öz əksini tapır. Ailələrinə verilən torpaq sahəsinin elektron baza məlumatları və arxiv xəritələrində olmaması, işlənməməsi onların günahları deyil. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli Qərarı ilə ailələrinə qanuni əsaslarla 0.45 ha və 0.27 ha torpaq sahəsi olmaqla ümumlikdə 0.72 ha torpaq sahəsinin verildiyi hüquqi əsas təşkil edən Arxiv arayışı, Zaqatala rayon Muxax bələdiyyəsinin arayışları və pay torpağın kompleks yerquruluşu xəritəsindən çıxarışlarla sübut olunur. İddialarının bu hissəsi işin mübahisələndirilməyən halıdır. İşə baxılarkən qeyd edilənlər məhkəmə tərəfindən qəbul edilmiş, cavabdeh orqanın iş üzrə onlara verdiyi imtina məktubunda təkzib edilməmişdir. İkinci məsələ ailələrinə verilən torpaq sahəsi faktiki olaraq onların istifadəsində və sahibliyində olduğu halda həmin torpaq sahəsinə 0.69 ha hissəsinin X4 və ailə üzvülərinin adına sənəd işləndiyi faktı cavabdeh orqanın imtina məktubunda göstərilməmiş, imtinanın səbəbi kimi elektron bazada məlumatların olmaması göstərilmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-1(116)-480/2021 saylı qərarının ləğv edilməsi, hazırki iş üzrə ətraflı araşdırma aparılması üçün işin yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-480/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - Zaqatala Rayon Dövlət Arxivinin İddiaçı1 ünvanladığı 12.10.2020-ci il tarixli, 278 nömrəli məktubundan müəyyən edilir ki, Muxax kənd İƏD-nin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarına əsasən İddiaçı1 ailə başçısı olmaqla ailə üzvləri arvadı İddiaçı2 və qızı X1 ibarətdir. - Zaqatala rayon Muxax bələdiyyəsinin İddiaçı1 ünvanladığı 23.10.2020-ci il tarixli, 773 nömrəli məktubdan müəyyən edilir ki, Muxax kəndi ərazisində “Bostantala” çölündən ilkin islahat zamanı İddiaçı1 və ailə üzvlərinə 0.70 ha torpaq sahəsi pay torpağı kimi verilmişdir. 2003-cü ildə torpaqların dəqiqləşməsi zamanı özü və ailə üzvləri qeydiyyatda olmadıqlarına görə adları siyahıdan çıxarılmışdır. İddiaçıları adları siyahıdan çıxarılsa da, həmin torpaq sahəsi onların istifadəsində qalmış, İddiaçı1 atası X7 tərəfindən istifadə edilmişdir. Torpaq sahəsini 2014-cü ilə qədər istifadə etdiyinə görə pulunu torpaq payı kimi İddiaçı1, 2014-cü ildən sonra isə atası X7 bələdiyyənin büdcəsinə ödəmişdir. - cavabdeh orqan tərəfindən təsdiq edilmiş surətləri əlavə edilən sənədlərdən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 21.05.1998-ci il tarixli, 69 nömrəli qərarı ilə 1165.43 kv.m həyətyanı torpaq sahəsi A seriyalı, 246729 nömrəli plan və ölçü sənədinə əsasən İddiaçı1 mülkiyyətinə verilmişdir. İddiaçı1 qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Daşınmaz əmlak ailə üzvlərinin yazılı razılığına əsasən MA seriyalı, ******* nömrəli, 14.07.2011-ci il tarixli çıxarışla İddiaçı1 tam mülkiyyətin verilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.04.2021-ci il tarixli, **********84 nömrəli məktubuna əlavə edilən Siyahının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 və onun ailə üzvlərinin (cəmi 3 nəfər) mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məktuba əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 naturada istifadə etdikləri 0.69 ha torpaq sahəsi Elektron Baza məlumatlarında öz əksini tapan Zaqatala rayonu, Muxax kəndinin Kompleks yerquruluşu layihələrinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. İddiaçıların istifadəsində olan 0.69 ha torpaq sahəsi Zaqatala rayonu, Muxax kənd sakini X2 və onun ailə üzvlərinə DƏDRX-nin tərtib etdiyi **********84 saylı reyestr nömrəli 1.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir Apellyasiya icraatı zamanı əldə edilmiş DƏDRX-in 30.09.221-ci il tarixli məktubundan müəyyən edilir ki, 18 saylı Zaqatala Əİ xidməti istifadəsində olan elektron DBF baza məlumatlarında Zaqatala rayonu Muxax kəndi üzrə subyektlərin siyahısından İddiaçı1 və ailə üzvlərinin adları qeyd edilməmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-480/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə kəntdə islahat aparılan zamanı ona və ailə üzvlərinə “Bostantala” çölündən 0.45 ha, “Gər bağı” çölündən isə 0.27 ha torpaq sahəsinin verildiyini qeyd etmiş, lakin ona bununla bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan torpaq sahələrinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İş materialları və ona əlavə edilən mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçıların istifadəsində olan 0.69 ha torpaq sahəsi Muxax kənd sakini X2 və onun ailə üzvlərinə verilən DƏDRX-nin tərtib etdiyi **********84 saylı reyestr nömrəli 1.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunanlardan göründüyü kimi iddiaçıların naturada istifadə etdiyi torpaq sahəsi əslində dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. İddiaçılar isə həmin torpaq sahəsinin onlara verilməsini təsdiqləyən hüquqmüəyyənedici sənədlərə malik deyildirlər. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçılara pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir Birinci instansiya məhkəməsi iddianı haqlı olaraq əsassız hesab etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ, İİİ və İV hissələrinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mаddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsındа (13 və 29-cu mаddələr) və ölkəmizin qоşulduğu beynəlxаlq-hüquqi аktlаrdа (İnsаn hüquqlаrı hаqqındа Ümumi Bəyаnnаmənin 17-ci mаddəsi, İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvensiyаyа 1 sаylı əlаvə prоtоkоlun 1-ci mаddəsi və s.) nəzərdə tutulmuş fundаmentаl insаn hüquqlаrı sırаsındа mühüm yer tutur. Mülkiyyət hüququ hаmılıqlа qəbul edilmiş аli insаni dəyərləri özündə əks etdirən demоkrаtik cəmiyyətin, hüquqi dövlətin təməl dаşlаrındаn biri hesаb edilir. Yuxаrıdа qeyd оlunаn qаnunvericilik müddəаlаrının mənаsınа görə mülkiyyət hüququ təbiət etibаrilə nəinki mülkiyyətçinin hüquqi təsbit оlunmuş geniş səlаhiyyətləridir (оnа məxsus оlаn əmlаkа fаktiki sаhib оlmаq, öz tələbаtlаrının təmin оlunmаsı üçün təyinаtındаn аsılı оlаrаq bu əmlаkdаn istədiyi kimi istifаdə etmək, əmlаk hüquqi müqəddərаtını öz irаdəsinə görə müəyyən etmək), həm də qüvvədə оlаn qаnunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qаnunlа qоrunаn mаrаqlаrını pоzmаdаn mülkiyyətçinin dövlət tərəfindən təminаt аltınа аlınmış həmin əmlаk üzərindəki hüquqlаrınа üçüncü şəxslərin qeyri-hüquqi müdаxiləsini аrаdаn götürmək, bu zаmаn öz mülаhizəsinə görə və mаrаqlаrınа uyğun hərəkət etmək səlаhiyyətidir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 5-ci hissəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Bundаn əlаvə, «F.Ə.Hüseynоv və А.Ə.Qаsımоvun şikаyətləri ilə əlаqədаr məhkəmə аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstiutsiyаsının və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 19.11.2004-cü il tаrixli Qərаrındа qeyd edilir ki, mülkiyyət hüququnun tаm həcmdə müdаfiəsi hüquqi dövlətə xаs оlаn аli dəyərlərdən biri kimi qiymətləndirilir. Аzərbаycаn Respublikаsı Kоnstiutsiyаsı bu hüququ təsbit etməklə оnun effektiv vаsitələrlə təmin оlunmаsınа zəmаnət verir. Məhz bunа görə də mülkiyyət hüququ əsаs insаn və vətəndаş hüquqlаrı və аzаdlıqlаrı sırаsındа göstərilmişdir. Аzərbаycаn Respublikаsının tərəfdаr çıxdığı «İnsаn hüquqlаrı və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvensiyаsının 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən hər bir fiziki şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə hüququnа mаlikdir. Heç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin “ailələrinə verilən torpaq sahəsi faktiki olaraq onların istifadəsində və sahibliyində olduğu halda həmin torpaq sahəsinə 0.69 ha hissəsinin X4 və ailə üzvülərinin adına sənəd işləndiyi faktı cavabdeh orqanın imtina məktubunda göstərilməmiş, imtinanın səbəbi kimi elektron bazada məlumatların olmaması göstərilmişdir” dəlillərinə münasibət bildirərək qeyd edir ki, torpağın iddiaçıların istifadəsində olması heç də onların həmin torpağa mülkiyyət hüquqi ilə sahiblik etmələri anlamına gəlmir. Çünki iddiaçıların istifadəsində olan 0.69 ha torpaq sahəsi Muxax kənd sakini X2 və onun ailə üzvlərinə verilən DƏDRX-nin tərtib etdiyi **********84 saylı reyestr nömrəli 1.25 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunanlardan göründüyü kimi iddiaçıların naturada istifadə etdiyi torpaq sahəsi əslində dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. İddiaçılar isə həmin torpaq sahəsinin onlara verilməsini təsdiqləyən hüquqmüəyyənedici sənədlərə malik deyildirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və Yusifova (Yaqubova) Aygül Vidadi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(116)-480/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar