Məhkəmə qərarları › İş №2-1(107)-352/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-352/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-352/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsı barədə qərar qəbul edilməsi tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2-1(116)-524/2023 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. (zəruri cəlbetmə).

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Üçüncü şəxs X6 həmin evdə yaşamır. Bu hal mülkiyyətçi kimi onun mənafeyinə toxunur və bir sıra sosial hüquqlarını (prosedurları) bu səbəbdən həyata keçirə bilmir. Cavabdehnə müraciət etməsinə baxmayaraq həmin şəxs qeydiyyatdan çıxarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar edilmişdir.

6. Üçüncü şəxs tərəfindən birinci instansiya məhkəməsinə 17 yanvar 2023-cü il tarixli ərizə göndərilərək iddianın təmin olunmaması xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 mart 2023-ci il tarixli, 2- 1(116)-524/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Üçüncü şəxs X6 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə həbs olunmuşdur və CM-nin 180-ci maddəsilə altı il azadlıqdan məhrum edilmişdir. Həbs olunan adadək o ünvan 2 ünvanda yerləşən ona məxsus evdə yaşamışdır. Məhkəmə qərarında onun “qeydiyyatda olduğu ünvanda faktiki yaşamamağını” qeydiyyatdan çıxarılmağına səbəb kimi göstərilməsi əsassızdır. xx.xx.2021-ci ildə 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün qeydiyyatda olduğu ünvanda yaşaması ondan asılı olmayan səbəbdən fiziki və faktiki olaraq mümkün deyil. Həmçinin bildirir ki, 08 oktyabr 2021-ci il tarixdə Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində həyata keçirilmiş AN-i seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin Fərid Həsənov tərəfindən onun qanuni etibarnaməsi əsasında reallaşdırılması mümkün deyildir. Göstərilən alqı-satqı müqaviləsinin qanun çərçivəsində baş verməsi əsaslı əsaslı şübhələr doğurduğundan tərəfindən yazılan şikayət ərizələri əsasında Yevlax rayon Prokurorluğunda, Baş Prokurorluğunda və Ədliyyə Nazirliyində araşdırmalar aparılır. Qeyd olunanlar barədə tərəfindən Şəki İnzibati Məhkəməsinə məktublarla məlumat verilməsinə baxmayaraq, məhkəmə göstərilənləri nəzərə almamış, onun İddiaçı qanunsuz yolla özəlləşdirərək mənimsədiyi mülkiyyətinin ünvanından qeydiyyatdan çıxarılmama dair qərar vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2-1(116)-524/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasına video konfrans vasitəsilə qoşulan üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2-1(116)-524/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2-1(116)- 524/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş.

13. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2022-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. - ********** nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - Yevlax ŞİHB-nın 1 №-li Sahə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 433 nömrəli məktubundan görünür ki, üçüncü şəxs X4 həbsdə olduğu üçün məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. - Ədliyyə Nazirliyi Penitensiar Xidmətininin 9 saylı Cəzaçəkmə müəssisəsinin 19 yanvar 2023-cü il tarixli və 28 mart 2023-cü il tarixli məktublarına əlavə olunmuş üçünvü şəxsin ərizələrində müəyyən olunur ki,bildiriş üçüncü şəxsə çatdırılmışdır. - Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 21 fevral 2023cü il tarixli 482 saylı məktubuna əlavə edilmiş materiallardan müəyyən edilir ki, X5 və X6 tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli etibarnamə əsasında X3 tərəfindən üçüncü şəxsin və X1 birgə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə 08 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı” müqaviləsi bağlanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz.

17. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Üçüncü şəxs olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Belə ki, məhkəmə kollegiyasının araşdırma zamanı müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Üçüncü şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsa da faktiki olaraq həmin ünvanda yaşamır, həmin yaşayış sahəsində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur.

29. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

30. Hazırkı iş üzrə üçüncü şəxs iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericilyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır.

32. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxsin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (maddə 1). Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir (maddə 5). Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (maddə 9).

35. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməklə üçüncü şəxs X2 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən pasport qediyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsı barədə qərar qəbul edilməsi tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-ci il tarixli, 2-1(116)-524/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar