Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-352/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı (açar sözlər: İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1365,62 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 saylı qərarından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı tərəfindən qəbul olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli qərara və “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən, ünvan 1ndə yerləşən cavabdehə məxsus ümumi sahəsi 20,50 kv.m olan qeyri-yaşayış binası 15000 manat dəyərində qiymətləndirilərək siyahıya alınmışdır.
2. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanması üçün cavabdehə təhvil verilmişdir.
3. İş materiallarında olan “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.
4. İş materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 20,50 kv.m olan qeyri-yaşayış binası Cavabdeh xüsusi mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1365,62 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlakın (ünvan 1ndə yerləşən və xüsusi mülkiyyət formasında, ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh məxsus, ümumi sahəsi 20,50 kv.metr olmaqla, cəmi 15000 manat dəyərində daşınmaz əmlakın (qeyri-yaşayış binasının)) hərrac vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 1665,17 manat borcuna görə 15000 manat məbləğində daşınmaz əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü tarixli **********9 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1365,62 manat ödənilməmiş borcu qalmışdır.
7. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 may 2024-cü il tarixli 2- 1(116)-1782/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının xx.xx.2023-cü il tarixə mövcud olan 1665,17 manat borcuna görə 15000 manat məbləğində daşınmaz əmlakı siyahıya alınsa da, iddia ərizəsinin verildiyi tarixə qalıq borc məbləği 1365,62 manat olmuşdur. Digər tərəfdən, daşınmaz əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı tərəfindən yuxarıda qeyd olunan ardıcıllığın tələblərinə əməl olunmamış, dəyəri 15000 manat olan daşınmaz əmlak (qeyri-yaşayış binası) siyahıya alınmışdır ki, həmin daşınmaz əmlakın real dəyəri ilə cavabdehin qalıq borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Odur ki, hazırkı iş üzrə borc məbləğinin həmin əmlakın satılması hesabına ödənilməsi vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımından məqsədəmüvafiq deyildir.
10. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı, həmin daşınmaz əmlakın (qeyri-yaşayış binası) dəyərini 15000 manat qeyd etsə də, həmin məbləğin hansı qiymətləndirmə meyarları əsasında müəyyən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bununla belə iddiaçı özü də, siyahıya aldığı əmlakın dəyərinin cavabdehin real borcundan 10 dəfə artıq olmasının fərqindədir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin faktiki mövcud olan borcundan 10 dəfə artıq məbləğdə olan əmlakının satılması ilə bağlı iddiaçının tələbi əsassız olmuşdur.
11. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(107)-476/2024 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(102)-298/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(107)- 476/2024 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında İnzibati Prosessual Məcəllənin 40-cı, 43-cü maddələrinə, Vergi Məcəlləsinin 89-cu maddəsinə istinad edərək göstərmişdir ki, inzibati işin materiallarına əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan cavabdeh tərəfindən onun əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Eyni tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” aktdan müəyyən olunur ki, cavabdeh siyahıya alınmış əmlakı məsul saxlamağa qəbul edərkən ona Cinayət Məcəlləsinin 303-cü maddəsinə (siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) əsasən məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Bununla da əmlakın siyahıya alınması ilə gələcək iddia üzrə maddi tələbinin təmin edilməsinə yönəlik müvafiq tədbirlər, iddiaçının özü tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq artıq həyata keçirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin hallarına tətbiq edərək iddia ərizəsinin təmin oluna bilməyəcəyini qeyd edir. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan müddəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün “zəruri və kifayət olan həcmdə” əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı təkcə vergi öhdəliyinin deyil, həmçinin həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınır. Bununla yanaşı, Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də “tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin” ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu qədər əmlakı da siyahıya almağa borcludur. Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Məhkəmə iddiaçının “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” akt əsasında əmlakın cavabdehə verilməsi əmlakın israf edilməsi və özgəninkiləşdirilməsi halını istisna etmədiyinə dair dəlilinə münasibət bildirirərək qeyd edir ki, həmin halda cavabdehin CM-in 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsasları mövcud olur. Həmçinin, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirildiyi təsbit olunmuşdur ki, bu da vergi orqanının siyahıya alınmış əmlak üzərinə nəzarət imkanlarını təmin edir. Belə ki, göründüyü kimi iddia tələbi maddidir və vergi borcunun alınmasını təmin etmək üçün 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilməsi nəticə vermədiyi üçün son tədbir kimi siyahıya alınmış əmlakın satılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” akt əsasında əmlakın cavabdehə verilməsi əmlakın israf edilməsi və özgəninkiləşdirilməsi halında cavabdehin CM-in 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsaslarının mövcud olması həmin əmlakın özgəninkiləşdirilməsini istisna etmədiyindən faktiki olaraq həmin əmlak hesabına gələcəkdə vergi öhdəliklərinin icra olunmasını mümkünsüz edir. Cinayət hüququnun başlıca vəzifəsinin törədilmiş cinayət üzrə cəzalandırma olmadığı, əksinə cinayətlərin qarşısının alınmasından ibarət olduğu hər kəsə məlumdur. Ancaq məhkəmənin hazırkı yanaşması vergi ödəyicisinin CM-in 303-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması əsaslarının mövcud olmasına istinad edərək qərardad qəbul etməsi cinayət hüququnun vəzifələrinin əksinə olaraq vergi ödəyicisinin cinayət törətməsinə şərait yaradılmasından başqa bir şey deyildir. Həmçinin məhkəmənin CM-in 303-cü maddəsinə və Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsaslanaraq qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin həmin maddələrə (dəlillər) əsasən artıq iddiaçı vergi orqanı tərəfindən həyata keçirildiyini bildirməsi reallığı əks etdirmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
19. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
21. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
22. Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququdur.
23. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.
24. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
25. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.
26. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
27. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: - nağd pul vəsaitləri; - bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə - istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə - dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
28. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
29. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
32. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
V. Apellyasiya məhkəməsinin mövqeyi
33. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia mümkün iddiadır. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır.
34. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəllənin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
35. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır.
36. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin əmlakının siyahıya alınması vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq müddəalara uyğun həyata keçirilməmiş, həmçinin cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib olmamışdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır.
38. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli 2-1(116)-1782/2024 saylı qərarı ləğv edilərək iddia tələbi təmin olunmalıdır.
39. Belə ki, iddiaçının kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati kollegiyası 05 mart 2025-ci il tarixli, 2-1(102)-298/2025 saylı qərarında qeyd etmişdir ki, ...mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilərkən yuxarıda göstərilən qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini həm də onunla əsaslandırmışdır ki, əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı dəyəri 15000 manat qiymətləndirilən daşınmaz əmlakı siyahıya almışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırmasını özüözlüyündə iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, siyahıya alınmış əmlakın daşınmaz əmlak olduğu nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsi ilk növbədə həmin əmlaka tələbin yönəldilməsinin mümkünlüyünü həm də Vergi Məcəlləsinin 89.4-cü maddəsi və “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli, 89 nömrəli qərarının müddəalarını nəzərə almaqla qiymətləndirməli idi. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi sözügedən qaydada araşdırma və qiymətləndirmə aparmadan iddianı rədd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
40. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 1365,62 manat məbləğində borcunun ödənilməsini təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün iddiaçı cavabdehin 15000 manat dəyərində siyahıya alınmış əmlakının satılması ilə bağlı iddia institutundan istifadə edir.
41. Nəzərə alınmalıdır ki, vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın satılmasına dair hüquqi tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, bir-biri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması.
42. Siyahıya alınma barədə qərarın qəbul edilməsi və həmin qərarın icrası zamanı qanunvericiliyin tələblərinin pozulduğunu iddia edən maraqlı şəxslər siyahıya alınma barədə qərarı və həmin qərarın icrası ilə bağlı hərəkətləri mübahisələndirə və bunun üçün müvafiq hüquqi müdafiə imkanlarından istifadə edə bilərlər. Çünki, həmin qərarın icrası vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının müəyyən dərəcədə məhdudlaşdırılması nəticəsini yaradır.
43. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qaydaları və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia qaldırılması üçün iki şərt yerinə yetirilmiş olmalıdır: əmlakın siyahıya alınması barədə qərar qəbul edilmiş olmalıdır; büdcə qarşısında öhdəlik həmin qərarın qəbulu tarixindən ən geci 30 gün ərzində hələ də yerinə yetirilməmiş olmalıdır.
44. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən vergi orqanının əmlakın siyahıya alınması barədə qərarı və həmin qərarın icrası ilə bağlı hərəkətləri mübahisələndirilməmiş, həmin hərəkətlərə qarşı hüquqi müdafiə imkanlarından istifadə olunmamışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən həmçinin vergi borcunun hesablanması barədə qərarın və hesablanmış vergi borcunun mübahisələndirildiyi də iş üzrə materiallardan görünmür. Bu baxımdan vergi ödəyicisinin əmlakının siyahıya alınmasının vergi qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olub-olmaması, eləcə də əmlakın siyahıya alınması, dəyərinin müəyyən olunması və qiymətləndirilməsi prosedurunun pozuntularla müşayiət olunması hazırkı məhkəmə icraatının predmetini təşkil edə bilməz. Nəzərə almaq lazımdır ki, qeyd edilən həmin məsələlər, vergi ödəyicisi tərəfindən ona məxsus əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının hərəkətlərinin mübahisələndirildiyi təqdirdə, həmin mübahisəyə dair məhkəmə baxışının predmeti ola bilərdi.
45. Hazırkı mübahisəyə münasibətdə isə məhkəmə baxışının predmetini siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması üçün əsasların mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Bu mənada əmlakın siyahıya alınması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş tələblərin pozulması hazırkı iddianın təmin olunmaması üçün əsas qismində çıxış edə bilməz.
46. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması ilə bağlı nəzərə alınmalıdır ki, məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən anda mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərarın çıxarıldığı anda mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir.
47. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik prinsipi şəxsin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli balansın təmin olunması, xüsusilə də aidiyyəti şəxslərin qeyrimütənasib və həddindən artıq yüklənməsinin qarşısının alınması məqsədlərinə xidmət edir.
48. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin olunması çıxış edir. Buna görə, vergi borclarının ödənilməsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişləri ödəmək (o cümlədən, qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsi ictimai maraqdan irəli gəlir. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar, ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilsin.
49. Diqqətə alınmalı olan şəxsi maraqlar qismində isə o hallar çıxış edir ki, qanunvericilikdə nəzərdə tutulduğu təqdirdə, tələb yönəldilə bilməyən əmlakın satılması istisna olunur. Bu baxımdan hətta siyahıya alınmasından asılı olmayaraq, məhkəmələr belə əmlakın satılması barədə qərar qəbul edə bilməzlər. Bundan başqa, şəxslər satılma zamanı ardıcıllıqla bağlı tələblərə riayət olunmasını, eləcə də əmlakın dəyərinin düzgün müəyyənləşdirilməsini də tələb edə bilərlər. Dəyərin düzgün müəyyənləşdirilməsi ona görə əhəmiyyət kəsb edir ki, borcun ödənilməsi üçün kifayət edən əmlak satışa çıxarılmalıdır.
50. Digər tərəfdən, ödəyicilər diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını da tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir.
51. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin Qeyd olunmalıdır ki, həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin işin ayrı-ayrı halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da verə bilər. Belə hallar o zaman yol veriləndir ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə, maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.
52. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olub-olmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə, onun vicdanlı davranmasının mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.
53. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.
54. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilərkən yuxarıda göstərilən qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Birinci instansiyası məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini həm də onunla əsaslandırmışdır ki, əmlakın siyahıya alınması həyata keçirilərkən vergi orqanı dəyəri 15000 manat qiymətləndirilən daşınmaz əmlakı siyahıya almışdır ki, həmin əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluq mövcuddur.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırmasını özü-özlüyündə iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, siyahıya alınmış əmlakın daşınmaz əmlak olduğu nəzərə alındıqda, birinci instansiya məhkəməsi ilk növbədə həmin əmlaka tələbin yönəldilməsinin mümkünlüyünü həm də Vergi Məcəlləsinin 89.4-cü maddəsi və “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli, 89 nömrəli qərarının müddəalarını nəzərə almaqla qiymətləndirməli idi.
56. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən siyahıya alınmış cavabdehə məxsus əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 05 iyun tarixli, 89 nömrəli qərarının təsuiri altına düşmür, yəni həmin daşınmaz əmlaka tutma yönəldilə bilər.
57. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin məhkəmə həm də nəzərə almalıdır ki, hər bir konkret işin xüsusi halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Belə xüsusi hallarda yanaşmanın müəyyənləşdirilməsi yuxarıda qeyd olunun meyarlar nəzərə alınmaqla ümumi və xüsusi maraqların əlaqəli qiymətləndirilməsindən asılı olacaqdır.
58. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə müvafiq sorğu göndərilmiş, cavab olaraq Vergilər İdarəsindən 29 may 2025-ci il tarixli, 3-21-2-19/2-15893/2025 saylı məktubu Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
59. Həmin məktubda qeyd olunmuşdur ki; - Vergi ödəyicisi Cavabdeh (VÖEN **********) vergi borcu üzrə açılmış xx.xx.2023-cü il tarixli, **********9 nömrəli “Əmlakın siyahıya alınması barədə qərar” açıldığı tarixdə onun icraat vərəqəsi üzrə vergi borcu 1665,17 manat olmuş, ötən dövr ərzində Cavabdeh tərəfindən həmin borcdan 1049,15 manat ödənilmiş və xx.xx.2025-ci il tarixinə onun 616,02 manat borcu qalmışdır. - Həmçinin qeyd olunan borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi Cavabdeh vergi orqanı tərəfindən müvafiq qaydada borc bildirişi və daha sonra xəbərdarlıq məktubu göndərilmiş, lakin borc məbləği ödənilmədiyi üçün sonda hüquqi tədbirlərin davamı kimi lazımi materiallar əlavə edilməklə, "Siyahıya alınmış əmlakın satılması barədə" iddia tələbi üzrə aidiyyəti məhkəməyə müraciət edilmişdir. - xx.xx.2023-cü il tarixli “Əmlakın siyahıya alınması barədə qərar” qüvvədədir, vergi ödəyicisi tərəfindən həmin qərar bugünə qədər mübahisələndirilməmişdir və hal-hazırda da inzibati qaydada aidiyyəti məhkəmədə inzibati mübahisə mövcud deyildir.
60. Kollegiyanın iclasının dəfələrlə təxirə salınmasına və işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh kollegiyanın iclasına gəlməmiş və bu səbəbdən də onun iddiaya münasibətini və işin müəyyən olunmuş halları ilə bağlı mövqeyini öyrənmək mümkün olmamışdır.
61. Belə olan halda, kollegiya verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir.
62. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(116)-1782/2024 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 616,02 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış daşınmaz əmlak (ünvan 1ndə yerləşən) və xüsusi mülkiyyət formasında, ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh məxsus, ümumi sahəsi 20,50 kv.metr olmaqla, cəmi 15000 manat dəyərində daşınmaz əmlak (qeyriyaşayış binası) hərrac vasitəsilə satılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov