Məhkəmə qərarları › İş №2-1(107)-353/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-353/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-353/2020 16.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdehnə qarşı “pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-658/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü ildə Oğuz rayonu, Baş Daşaqıl kəndində anadan olmuşdur. İddiaçı təhsil illərini sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh orqana xx.xx.2020ci il tarixdə müraciət etmiş lakin, cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubla bundan imtina etmişdir. İddiaçı imtinanı əsasız hesab etmiş və məhkəməyə müraciət edərək, ali təhsil illərinin əmək pensiyası stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin sərəncamına əsasən göndərdiyi xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 21-ci maddəsinə istinad edərək, təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi qeyd edib iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə pensiya təyin edildiyini, təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının pensiyasının məbləğində artım olacağını qeyd etmişdir. Bundan sonra cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktub göndərərək bildirmişdir ki, Əmək və X3 Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına, Dövlət X4 xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən 2006-cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə uyğun aparılması tapşırılmışdır. Nazirlik yanında DSMF-nin 2019-cu il 31 iyul tarixli **********8 nömrəli məktubu ilə verilmiş “2006-cı il 01 yanvar tarixədək bitmiş əyani təhsil müddətinin 2 instansiya məhkəmə qərarından sonra nəzərə alınması” tapşırığı həmin məsələyə münasibətdə qüvvədən düşmüş hesab edilmişdir. Bunu nəzərə alaraq İddiaçı “1972-1976cı illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmə işi üzrə təhsil illəri iddiaçının sosial sığorta stajına daxil etdiyimizə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, təhsil illəri cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilsə də, pensiya hüququnun yarandığı xx.xx.2013cü il tarixindən hesablanmamışdır. Odur ki, “pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında ərizə icraata qəbul edilmiş və cavabdehə münasibət bildirilməsi üçün təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya xx.xx.2020-ci il tarixli **********0 nömrəli etiraz verilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 21-ci maddəsinə istinad edərək, təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyi qeyd edib iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə pensiya təyin edildiyini, təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə iddiaçının pensiyasının məbləğində artım olacağını qeyd etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, B-İ seriyalı 007093 nömrəli diplomun təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli və xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubları, Nikahın bağlanması haqqında İİ-ЖГ seriyalı 275505 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********0 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 658/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-658/2020nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı "xx.xx.1972-xx.xx.1976ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2013-cü il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyasına hüququ yaranmışdır və xx.xx.2006-cı ilədək 29 il staj, xx.xx.2006-cı ildən 7 il 4 ay staj (cəmi 36 il 4 ay staj) 158,82 manat əmək pensiyası təyin edilmişdir. Hal-hazırda İddiaçı 254,91 manat əmək pensiyası hesablanıb ödənilir. İddia təmin olunacağı təqdirdə İddiaçı sosial sığorta stajı 40 il 2 ay təşkil edəcək və əmək pensiyasında 12,19 manat artım olacaq. İddiaçı "xx.xx.1972xx.xx.1976-ci illərdə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2013-cü il tarixdən yenidən hesablanaraq və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsinin, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 658/2020 nömrəli qərarının ləğv edilməsini və Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Göyçay rayon filialının xeyrinə qərar çıxarılmasını xahiş edirik. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X4 nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-658/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasına teleqram göndərərək qeyd etmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 X6 Mingəçevir şəhər filialının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apelyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə tam razılaşmır və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçı iddia ərizəsindən görünür ki, o, Azərbaycan Pedaqoji Dillər Universitetində təhsil aldığı 1972-1976-cı illərin onun sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun müvafiq normalarına düzgün olaraq istinad edərək təhsil illərini sığorta stajına daxil edilməsi qənaətinə gəlsə də qərar qəbul edərkən həmin öhdəliyin cavabdeh orqanın üzərinə qoyulmasını qərara almamışdır. Cavabdehin apelyasiya şikayətindən görünür ki, o, hesablanan pensiya fərqinin xx.xx.2013-cü il tarixdən başlayaraq üzərinə birdəfəlik ödənilməsi öhdəliyinin qoyulmasından narazıdır və mövqeyini Əmək və X3 Nazirliyinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına, Dövlət X4 xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubuna əsasən 2006-cı il 01 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməsi və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun aparılmasının tapşırılması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli qərarında “pensiyanın yenidən hesablanması” tələbinə dair işlər üzrə hüququn tələbi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin edilməsi məqsədlə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı işdə olan ərizəsindən və cavabdeh orqanının xx.xx.2020-ci il tarixli imtina məktubunda görünür ki, o, təhsil illərinin sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və ödənilməsi üçün cavabdeh inzibati orqana xx.xx.2020-ci ildə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini tam təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bu isə yuxarıdakı maddənin tələblərinin pozulmasıdır. Həmçinin Məhkəmə iddiaçıya hesablanmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların sosial təminat hüququnu pozmuş olur. Belə ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010- cu il tarixli Qərarı). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 658/2020saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Azərbaycan Pedaqoji Dillər Universitetində təhsil aldığı illərin onun sığorta stajına daxil edilməsi, onun pensiyası hüququ yarandığı xx.xx.2013-cü il tarixdən o zaman qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq pensiyanın yenidən hesablanması, xx.xx.2017-ci il tarixdən cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixə kimi yaranmış və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-658/2020saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Azərbaycan Pedaqoji Dillər Universitetində təhsil aldığı illərinin onun sığorta stajına daxil edilməsi, onun pensiya hüququ yarandığı xx.xx.2013-cü il tarixdən o zaman qüvvədə olan mövcud qanunvericiliyə uyğun olraq pensiyanın yenidən hesablanması, xx.xx.2017-ci il tarixdən cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixə kimi yaranmış və ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar