Məhkəmə qərarları › İş №2-1(107)-353/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-353/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-353/2024 29.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-105/2024 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Oğuz rayon X1 1998-ci il 26 may tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş J№- 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət Aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Bir müddət bundan əvvəl həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tərəfindən aidyyəti üzrə Qəbələ ASAN Xidmət Mərkəzinə müraciəti əsasında məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi sənəd üzrə koordinatları başqa vətəndaşlara məxsus pay torpaqları ilə üst-üstə düşür (arayışa əsasən). Bununla da hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 aprel 2024-cü il tarixli 2- 1(116)-105/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş və Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş J№-299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət Aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsi onun xüsusi müliyyətinə verilmişdir. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı onun tərəfindən aidyyatı üzrə Qəbələ ASAN Xidmət Mərkəzinə müraciəti əsasında məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi sənəd üzrə koordinatları başqa vətəndaşlara məxsus pay torpaqları ilə üst-üstə düşdüyündən (arayışa əsasən) bununla bağlı dövlət qeydiyyatından imtina edilmişdir. Lakin, uzun illərdir ki, İddiaçı və ailə üzvlərinin də istifadəsində olan həmin torpaq sahəsi ilə bağlı zəruri dövlət ödənişləri edilir, lazımi sənədlərlə təsdiq edilmşdir ki, xüsusi mülkiyyətində olan və Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 5.53 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı pay torpağı hal-hazırda da mövcuddur. Belə olan halda isə həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydiyyatının cavabdeh tərəfindən hansı səbəblərdən imtina edilməsi aydın deyildir. Şəki İnzibati Məhkəməsində işin araşdırılan halları ilə müəyyən olunaraq bir daha təsdiq edilmişdir ki, həqiqətən də Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən 5.53 ha-dan ibarət kənd təsərrüfatı təyinatlı pay torpağı mövcud olmaqla cavabdeh təşkilatın məhkəmə sorğusuna cavab olaraq verdiyi 28 dekabr 2023-cü il tarixli arayışına (mütəxəssis rəyinə) əsasən müəyyən edilmişdir ki, “İddiaçı ve qeyrilərinə JN-299, Kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququ haqqında" Dövlət aktı ilə verilmiş 5.53 ha torpaq sahəsi, X2 X4 (TEKUİS) əsasən başqa subyektlərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür”. Belə olan halda isə hansı əsasla məhkəmənin hazırkı iddianın mümkün hesab edilməməsi barədə nəticəyə gəlməsi aydın deyildir. Yəni, bütün elektron sistem üzrə qeyd edilən daşınmaz əmlak İddiaçı adına qeydiyyata alınmaqla hətta bununla bağlı bütün ödənişləri (torpaq vergisi də daxil olmaqla) onun adına gəlməsinə baxmayaraq, məhkəmə yenə də uzun müddətdən sonra iddianı mümkün hesab etmədi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2- 1(116)-105/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-105/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

14. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı əvvəllər torpaq sahəsinə çıxarışın verilməsi tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və işə mahiyyəti üzrə baxılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 30 dekabr tarixli 2-1(84)-948/2016 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin işdən verilmiş apellyasiya şikayətinə baxılmış, Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2-1(107)-116/2017 nömrəli qərarına əsasən JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktının koordinatlarının dəyişdirilməsi və əvvəlcədən mülkiyyətinə verilmiş 5.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsi tələbi təmin edilməmişdir. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Yəni, iddiaçı iddia tələbini və ifadə formasını fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə və üzərində mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi eynidir.

15. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

16. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

17. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Belə ki, iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-948/2016 nömrəli qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı JN-299 kod 40500018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın koordinatlarının dəyişdirilməsi və əvvəldən mülkiyyətinə verilmiş 5.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(107)116/2017 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-948/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(107)116/2017 nömrəli qərarında isə göstərilmişdir ki, Oğuz Rayon AİK-ın 28 may 1998-ci il tarixli, 65 saylı qərarı ilə verilən Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, iddiaçının və onun ailə üzvlərinin birgə mülkiyyətinə 5,52 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda naturada mövcuddur. Lakin iddiaçı dövlət aktında göstərilən 5,52 ha torpaq sahəsindən deyil, başqa ərazidə yerləşən torpaq sahəsindən istifadə edir. İddiaçı özünün Torpağa mülkiyyət hüququna dair dövlət aktının koordinatlarının dəyişdirilərək ona verilmiş dövlət aktında göstərilən torpaq sahəsinin deyil, başqa ərazidə yerləşən torpaq sahəsinin koordinatlarının onun dövlət aktına işlənilməsini xahiş edir. DƏDRX-in 9 saylı Ərazi İdarəsinin 17 avqust 2016-cı il tarixli, **********77 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı iddia edilən torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olduğu müəyyən edilmişdir.

20. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur.

21. Göründüyü kimi ilk iddia tələbi JN-299 kod 40500018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın koordinatlarının dəyişdirilməsi və əvvəldən mülkiyyətinə verilmiş 5.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuş, hazırkı iddia isə həmin dövlət aktına əsasən göstərilən sərhəd daxilində torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından ibarətdir.

22. Belə ki, MPM-in 153-cü maddəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim tərəfindən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi nəzərdə tutulsa da Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş inzibati iş üzrə və hazırkı iş üzrə tərəflərin eyni olmasına baxmayaraq mübahisə predmeti eyni olmadığından birinci instansiya məhkəməsi İPM-in 78-ci maddəsinə istinad edərək prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

23. Kollegiya hesab edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

24. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

25. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-105/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar