Məhkəmə qərarları › İş №2-1(107)-354/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-354/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-354/2023 26.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-371/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin 2-1(116)-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, A526765 nömrəli plan-ölçü sənədində qeyd edilmiş İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən 2500 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşdiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

5. İddiaçı, tələb hüququnu, iddia etdiyi torpaq sahəsinin X4 filialının 19 noyabr 2014cü il tarixli 880 saylı arayışı ilə onun mülkiyyətinə verilməli olması ilə əsaslandırmış, cavabdeh orqan iddia tələbinə etirazını – “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşməsi və torpaq sahəsinin sənəd üzrə verilmiş koordinatlarına görə yerləşdiyi ərazinin kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla uqodiyası kolluq, mülkiyyət növü dövlət olması ilə əsaslandırmışdır.

6. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-371/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-371/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında video konfrans vasitəsilə iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-371/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - A526765 nömrəli plan-ölçü sənədindən görünür ki, iddiaçının adının qeyd olunduğu İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində 2500 kv.m həyətyanı torpaq sahəsinin kadastr göstəriciləri X4 filialının 19 noyabr 2014-cü il tarixli 880 saylı arayışı əsasında tərtib edilmişdir. - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, A526765 nömrəli plan ölçü sənədində qeyd edilmiş 0.25 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının sərhədləri xaricində, “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşir və torpaq sahəsinin sənəd üzrə verilmiş koordinatlarına görə yerləşdiyi ərazinin kateqoriyası xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla uqodiyası kolluq, mülkiyyət növü dövlətdir. İddia olunan torpaq sahəsi iddiaçının adına tərtib edilmiş, A526765 nömrəli plan ölçü sənədində qeyd edilmiş 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşür. - İsmayıllı rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, Basqal inzibati ərazi bölgüsü üzrə icra hakimiyyəti nümayəndəsinin ərazidə daimi yaşayan fəhlə, qulluqçu və digər vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi barədə vəsatəti qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu və 78-ci maddələrinə uyğun olaraq XDS-nin xüsusi torpaq fondu hesabına adları qeyd olunmuş vətəndaşlara torpaq sahəsi həyətyanı sahə üçün xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır: - İddiaçı – 0,25 ha

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.

17. 27 fevral 2001-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq məcəlləsinin: M a d d ə 9. Torpaq üzərində dövlət mülkiyyəti Torpaq üzərində, Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. M a d d ə 10.Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. M a d d ə 22.Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq;[5] 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyindən göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşməklə Dövlət mülkiyyətində olan xüsusi qorunan ərazilərin torpaqlarına aiddir. Buna görə də cavabdeh orqan haqlı olaraq həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, yuxarıda istinad olunan, “Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsində sözügedən torpaq sahələrinin dövlət mülkiyyətində saxlanılması birmənalı olaraq təsbit edilmişdir.

26. İşin faktiki halları ondan ibarətdir ki, İsmayıllı rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 06 saylı iclasında Basqal inzibati ərazi bölgüsü üzrə icra hakimiyyəti nümayəndəsinin ərazidə daimi yaşayan fəhlə, qulluqçu və digər vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi barədə vəsatəti qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu və 78-ci maddələrinə uyğun olaraq XDS-nin xüsusi torpaq fondu hesabına adları qeyd olunmuş vətəndaşlara, o cümlədən İddiaçı – 025 ha torpaq sahəsi həyətyanı sahə üçün xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisəli hüquq münasibəti 1994-cü ildə yaranmışdır. Birinci instansiya məhkəməsi isə öz mövqeyini əsaslandıran zaman xx.xx.2001-ci il tarixdə qüvvəyə minmiş Torpaq Məcəlləsini müddəalarına istinad etmişdir.

28. MPM-in müvafiq maddəsində isə qeyd edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi normaları qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün yaranmış hüquq münasibətlərinə tətbiq etməkdə haqlı olmamış və iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. 30 Belə ki, hazırkı iş üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Torpaq Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulurdu ki, dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər.

31. Həmçinin həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə fərdi yaşayış evi və köməkçi tikililərin inşası məqsədi üçün verilir.

32. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək daxildir.

33. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsinə edilmiş sorğu əsasında verilmiş 28 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan 0,25 ha torpaq sahəsinin xx.xx.1994-cü il tarxdə kimin mülkiyyətində olması barədə məlumat yoxdur və “Şahdağ Milli Park”ına məxsus istifadə və yaxud mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

34. Həmçinin məhkmə kollegiyası qeyd edir ki, “Şahdağ Milli Park”ı Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır.

35. Göründüyü kimi “Şahdağ Milli Park”ı yaradılana kimi iddia predmti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

36. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-371/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar