Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-355/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək X8 Müəssisəsində işlədiyi illərin və xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixindək körpə uşaqlarına qulluq etməklə əlsaqədar işləmədiyi müddətin ümumi staja əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-814/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun İsmayıllı rayon şöbəsi tərəfindən apelyasiya şikayətiтэ əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, 5 uşaq doğub onları 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir. Yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin Cavabdeh pensiya təyin edən komissiyasının xx.xx.2020-ci il tarixdə keçirilən iclasında baxılaraq yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh imtinanın səbəbini onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğındən az olmayan pensiya təminatına imkan vermir və bu pensiya təminatına imkan vermədiyi üçün isə tələb olunan azı 25 il sığorta stajı yoxdur. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “pozulmuş pensiya almaq hüququnun bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İddia tələbinə etiraz edərək bildirdi ki, vətəndaşın tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1 bəndinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia tələbi rədd edilməlidir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın 10.02. 2020-ci il tarixdə keçirilən iclasında baxılarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı olmadığı yaşa görə əmək pensiyası təyin olunması mümkün hesab edilməmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-814/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Şöbəsinin üzərinə İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1993-cü il tarixədək X8 Müəssisəsində işlədiyi illər, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil olunması və ona pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in İsmayıllı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Şəki İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(116)-814/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir.Belə ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən bu Qanunun 21-ci maddəsi ilə müəyyən edilən iş və ya digər fəaliyyət müddətləri ümumi iş stajının tərkibinə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindın asılı olmayaraq müəssisə, İdarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyasının təyinatı zamanı sığorta stajı hesablanarkən həmən Qanunun 21.1.-maddəsində qeyd olunan müddətlərdən əlavə bu Qanunun 21.2,-ci maddəsində qeyd olunmuş müddətlər də sığortaolunanın ümumi iş stajının tərkibinə daxil edilir ki, həmin maddədə ananın 3 yaşına çatanadək uşaqlarına qulluq etməklə əlaqədar işləyə bilmədiyi dövrlərin ümumi iş stajına daxil olunması nəzərdə tutulmamışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi , sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4. bəndinə əsasən Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarlabağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdə iş stajının götürülməsində başqa hallar həzərdə tutulmamışdır.Yuxarıda qeyd olunanlara baxmayaraq Şəki İnzibati Məhkəməsi cavabdehin üzərinə İddiaçıxx.xx.1981 -ci ildən xx.xx.1993-cü il tarixədək X8 Müəssisəsində işlədiyi illər və xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil olunması və ona pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul etmişdir.Məhkəmə qərar qəbul edərkən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qayası” barədə əsasnaməyə əsaslanmışdır.Hesab edirik ki, Şəki İnzibatidi Məhkəməsinin gəldiyi bu nəticə düzgün deyildir. Ona görə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli 40 nömrəli qərarı ilə qüvvədən düşdüyü, xx.xx.2006-cı il tarixdən ölkə ərazisində pensiyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtlərinə əsasən təyin olunduğundan və hüquq münasibətləri xx.xx.2019-cu il tarixdən sonrakı dövrü əhatə etdiyindən göstərilən hüquq normalarının tətbiqi yolverilməzdir.Qeydedilənlərin nəzərə alınaraq və Azərbaycan Respublikası Müiki Prosessual Məcəlləsinin 385, 386-cı və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci, 87-ci maddələrini rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(116)-814/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF-nin nümayəndəsi X10 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(116)-814/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(116)-814/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Tağlabiyan İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 11 nömrəli arayışı, 03,06,1986-cı il tarixli Xİ-ЖГ seriyalı 360950 nömrəli, xx.xx.1991-ci il tarixli XVİ- ЖГ seriyalı 330385 nömrəli, xx.xx.1994-cü il tarixli XVİİ-ЖГ 395435 nömrəli və XVİ- ЖГ seriyalı 456164 nömrəli doğum haqqında şəhadədnamələrin təsdiqlənmiş surətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 24 saylı və xx.xx.2019-cu il tarixli 49 saylı arayışları, cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müvafiq aktlar və xx.xx.2020-ci il tarixli 702 nömrəli qərarın təsdiq olunmuş surətləri aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-814/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Şöbəsinin üzərinə İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1993-cü il tarixədək X8 Müəssisəsində işlədiyi illər, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil olunması və ona pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən və arayışdan görünür ki, X4 xx.xx.1986-cı ildə, X5 xx.xx.1988-ci ildə, X6 xx.xx.1991-ci ildə, X2 xx.xx.1994-cü ildə və X3 xx.xx.1993-cü ildə anadan olmuşlar, ataları X7, anaları isə İddiaçıdır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən pensiya hüququ yaranmış, iddiaçının xx.xx.1981-ci il tarixdən əmək haqqı aldığı xx.xx.1993-cü il tarixədək X9 11 il 11 ay 16 gün, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-cil il tarixədək körpə uşaqlarına qulluq etməklə əlaqədar işləyə bilmədiyi 4 il 5 ay və xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək sağlamlıq imkanları məhdud oğlu Bəhrama qulluq etdiyi illər üzrə 10 il 12 gün olmaqla cəmi 26 il 5 ay 8 gün sosial sığorta stajı var. xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək sağlamlıq imkanları məhdud oğlu Bəhrama qulluq etdiyi illər üzrə 10 il 12 gün stajı mübahisələndirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş stajına bunlardan başqa işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət daxil edilir, bir şərtlə ki, həmin müddət hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmasın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1993-cü il tarixədək işlədiyi illər, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan illər iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır. (mübahisələndirilməyən 10 il 12 gün staj+4 il 5 ay gün uşaqlara qulluq müddəti+11 il 11 ay 26 gün sovxozda işlədiyi müddət=26 il 5 ay 8 gün) Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən pensiya hüququ yaranmışdır. Yuxarıda göstərilənlərlə baglı kollegiyanın qənayətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1993-cü il tarixədək işlədiyi illər, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi illər iş stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1993-cü il tarixədək sovxozda işlədiyi illər, xx.xx.1993cü il tarixdən xx.xx.1997-ci il tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi illər və xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək sağlamlıq imkanları məhdud uşağı X1 qulluq dövrü iş stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-814/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-355/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-355/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver