Məhkəmə qərarları › İş №2-1(107)-355/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-355/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-355/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunlarına əsasən prokurorluqda 25 il qulluq etmiş və həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisi kimi aylıq əmək haqqı ilə yanaşı ala biləcəyi pensiyanın 50%-i miqdarında əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 05 iyun 2018-ci il tarixli əmri ilə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatmaqla əlaqədar prokurorluq orqanlarından xaric olunmağına görə həmin vaxtdan əmək pensiyası tam həcmdə verilir. Əmək pensiyası seçdiyi 1992-1996-cı illərdə Füzuli hərbi prokurorunun müavini, 1996-1997-ci illərdə Tərtər hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləyərkən beş il ərzində ona ödənilmiş orta aylıq əmək haqqından hesablanmışdır. (Pensiya təyin olunan zaman qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin pensiyası istənilən beş ilin orta aylıq əmək haqqından hesablanır). Həmin illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin 26 fevral 1992-ci il arixli, 38 nömrəli, Azərbaycan Respublikası Baş Prokurorunun 17 mart 1994-cü il tarixli, 215 nömrəli əmrlərinə əsasən Füzuli, Tərtər və döyüş bölgələrində yerləşən digər hərbi prokurorluqların prokurorluq işçilərinə pul təminatı üç qat məbləğdə ödənilmiş və pensiya hesablanarkən bunlar nəzərə alınmışdır. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə hər ilin yekununa görə prokurorluq işçilərinə pul mükafatı verilməsi nəzərdə tutulmuş, o cümlədən ona da hər ilin yekununda bir aylıq əmək haqqı məbləğində pul mükafatı verilmişdir. Lakin 1992, 1994 və 1997-ci illər üçün həmin məbləğlər ona pensiya təyin olunması üçün hesablamalara daxil edilməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçı prokurorluq orqanlarında işlədiyiniə görə 2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilərkən öz seçimininə uyğun olaraq 01.10.1992-ci il tarixdən 01.10.1997-ci il tarixədək olan dövr ərzində aldığı əmək haqqına dair yaşa görə pensiyası təyinatı aparılmışdır. 1992-1997-ci illər ərzində iddiaçının aldığı əməkhaqlarına dair pensiyanın hesablanması aşağıdakı qaydadadır: Vəzifə maaş-947.50 manat, Rütbə- 134 manat, Staj 45 faiz-426.37 manat, 3 qat ə/h2162 manat, Mükafat-95.49 manat. 80 faizi, cəmi ə/h:-3765.36 manat, 3012.29 manat (pensiyanın aylıq məbləği) İddiaçı 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması 01.10.1992-ci ildən 01.10.1997-ci illəri əhatə etdiyi üçün nəzərə alınmamışdır. 01.03.2018-ci il tarixdən prokurorluq orqanlarında çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılmışdır. Bu səbəbdən vətəndaşın pensiyasının məbləği 01.03.2018-ci il tarixdən artırılmışdır. Halhazırda pensiyanın məbləği aşağıdakı qaydadadır: Vəzifə maaşı-1045 manat, Rütbə-134 manat, Staj 45 faiz-470.25 manat, 3 qat ə/h-3326.07 manat, Mükafat-105.32 manat, cəmi ə/h:- 5080.64 manat. 80 faizi, 4064.51 manat (pensiyanın aylıq məbləği) Yuxarıda qeyd olunanları nəzərə alaraq Dövlət qulluğu haqqında qanunun 20.1.5-ci və 20.1.5.1-ci maddələrini nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinin üzərinə İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağ ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəmi hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2- 1(107)- 388/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Mirbahəddin Hüseynov, hakimlər Elçin Hüseynov və Gündüz Abbasov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) 24 iyun 2020-ci il tarixli, 2- 1(116)- 453/2020 nömrəli qərarın dəyişirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh 19.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(107)-388/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2- 1(107)-388/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarının 3-cü bəndində ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz” kimi qərara alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğdə ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə “Əmək pensiyaları haqqında” Qanunda təsbit olunmuşdur və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayətdir ki, cavabdeh də bu halı mübahisə etmir. İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığına dair dəlillə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta iddiaçıya işləyərkən həmin ödənişlər veriməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki inzibati orqan tərəfindən qanunun göstərişə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi iddiaçının əlavə məhrumiyyətlərə düçar edilməklə pensiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçıya 24 dekabr 2016-ci ildə əmək pensiyası təyin edildikdən sonra, 05 iyun 2018-ci ilədək prokurorluq orqanlarında qulluğa davam etmişdir. Ona görə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (01 yanvar 2006-cı il tarixli redaksiyası) 37.3 və 37.3.4-cü maddələrinə əsasən iddiaçının əmək pensiyası almaqla yanaşı işlədiyi 24 dekabr 2016-ci ildən 05 iyun 2018-ci ilədək olan dövr üçün sözügedən əlavələr 50% həcmində nəzərə alınmaqla yenidən hesablanma aparılmalıdır. İşə əlvə edilmiş və kollegiyanın tədqiq edilmiş: Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HP09/51 nömrəli arayışından görünür ki, iddiaçı 2013-cü ildən 2017-ci il tarixədək olan illərdə iki aylıq əmək haqqı məbləğində müalicə olunmağ ilə əlaqədar pul təminatı, hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində məzuniyyətə çıxarkən birdəfəlik pul təminatı almışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16.03.2016-cı il tarixli H1- 09/63 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun 07.04.1994-cü il tarixli 215 saylı “Azərbaycan Respublikası Silahlı Qüvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən pul təminatı üç qat məbləğində olmuşdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16.03.2016-cı il tarixli H1-09/62 nömrəli arayışından görünür ki, İddiaçı 1993-cü il tarixdə 1 aylıq əmək haqqı məbləğində, 1995-ci il tarixdə 2 rütbə və 2 vəzifə maaşı məbləğində, 1996-cı il tarixdə 2 rütbə və 2 vəzifə maaşı məbləğində, 1997-ci il tarixdə 1 aylıq əmək haqqının 50 faizi həcmində mükafatlar verilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 24.05.2016-cı il tarixli H1-09/143 nömrəli arayışından görünür ki, İddiaçı 1997-ci ilin dekabr ayında ötən ilin iş yekunlarına görə əsas vəzifə maaşı və hərbi rütbənin iki misli həcmində birdəfəlik pul təminatı verilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olduğundan apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X1rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinin iddiaçıya şamil edilməsi əsaslı deyildir. Çünki həmin Qanun 29.06.2001-ci il tarixində qəbul edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının öz arzusu ilə 1992- 1997-ci illərdə aldığı pul təminatları əsasında pensiyası hesablanaraq qeyd olunan dövrdə isə sözügedən qanun qüvvədə deyildi, yəni 20.8, 20.9 və 21.4-cü maddələrdəki pul təminatları iddiaçı tərəfindən alınmamışdır. Məhkəmənin “prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda əmək pensiyasına əlavələr yenidən hesablanmalıdır” kimi mövqeyi də əsaslı deyildir. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Buda onu göstərir ki, həmin Qanun “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir.Bu qeyd olunan əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andakı aylıq gəlirinin o aylıq miqdarını, “sonrakı artım” isə orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir yəni , “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. Bundan başqa, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, ildə bir dəfə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi mümkün deyil. Belə ki, əmək haqqından əmək haqqı hesablana bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 15.07.2000-ci il tarixli, 126 nömrəli Qərarı ilə “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, bu məbləğlər əmək haqqının sonrakı artımı hesab eedilmir. Əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər; almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Bununla baglı, Konstitusiya Məhkəməsi Plenumu da 15.05.2020-ci il tarixli qərarında açıq şəkildə göstərmişdir ki, “sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında (bax: hazırkı qərarın 30-cu bəndi) qeyd etdiyi hüquqi mövqeyindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunu” ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklərin nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağ ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, 1992, 1994 və 1997ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəmi hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar