Məhkəmə qərarları › İş №2-1(107)-355/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-355/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-355/2024 20.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 ümumi birgə mülkiyyətinə verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyət hüququ qeydiyyata alınmış Yevlax rayonu Səmədabad kəndində yerləşən 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-103 (kod ********) nömrəli dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2-1(116)-131/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X2 mülkiyyətinə verilmiş, Yevlax rayonu Səmədabad kəndində yerləşən 1,53 ha və 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş torpaq sahəsinin planı və cizgisi sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayon Aqrar İslahat Komissiyasının 5 yanvar 2005-ci il tarixli 05 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə Yevlax rayonu Səmədəbad kəndində 2,54 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları JN-103 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən təsbit edilmişdir. Qeyd edilən 2,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaq islahatının nəticələrinə uyğun olaraq iddiaçı və ailəsinə verilmiş və JN-103 saylı 90112018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının müvafiq səhifəsində mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) tərtib və təsdiq edilmişdir. Lakin həmkəndlisi X11 adlı şəxs Yevlax rayonu Səmədəbad kəndində 1,53 ha və 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir və onun mülkiyyət hüququ 1,53 ha torpaq sahəsinə münasibətdə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən və 1,00 ha torpaq sahəsinə münasibətdə isə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən təsbit edilmişdir. X2 mülkiyyətinə verilmiş 1,53 ha və 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş torpaq sahəsinin planı və cizgisi sənədi, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 2,54 ha torpaq sahəsinə dair tərtib və təsdiq edilmiş mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) ilə üst-üstə düşür və hansı səbəbdənsə, səhvən X2 mülkiyyətinə verilmiş 1,53 ha və 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş torpaq sahəsinin planı və cizgisi sənədi iddiaçının ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərinə işlənmişdir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-M-0xx-xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması və ya onun ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********36 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddiaya qanunamüvafiq qaydada baxılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1477/2023 nömrəli qərardadı ilə X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

6. Üçüncü şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş vəsatətində qeyd etmişdir ki, 17 saylı Yevlax Ərazi İdarəsinin onun iddiası ilə bağlı məktubu Yevlax rayon Polis Şöbəsinə verilmişdir. Həmin məktubda İddiaçı və X1 torpağın zəbti ilə bağlı mövqeyi açıq şəkildə müəyyən edilmişdir. Onun torpağı zəbt edilib.

7. Üçüncü şəxsin məktubuna əlavə olunmuş cavabdehin Yevlax rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3045/2023 nömrəli məktubunda qeyd olunur ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisinin, Yevlax rayon Polis Şöbəsinin nümayəndəsinin və tərəflərin iştirakı ilə sözügedən ərazidə torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Elektron məlumat bazasında müvcud olan Yevlax rayonu Səmədabad bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X7 X17nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış Yevlax rayonu Səmədabad bələdiyyəsinin “X7 X17”ndə mövcud olan xəritəsi eynilik təşkil edir. Yevlax rayonu Səmədabad kəndi ərazisində yerləşən, X8 və İddiaçı tərəfindən istifadə olunan torpaq sahəsi X12 Yevlax rayonu Səmədabad kəndi ərazisində **********82 və **********83 reyestr nömrəli çıxarışlarla mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşir. Yevlax rayonu Səmədabad kəndi ərazisində yerləşən X8 və İddiaçı tərəfindən istifadə olunan torpaq sahəsi 2,54 ha təşkil edir.

8. Hazırlıq icraatı çərçivəsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “X2 ümumi birgə mülkiyyətinə verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyət hüququ qeydiyyata alınmış Yevlax rayonu Səmədabad kəndində yerləşən 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-103 (kod ********) nömrəli dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 13 mart 2024-cü il tarixli 2- 1(116)-131/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin 3 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmiş, iş üzrə rəy alınanadək inzibati işə baxılması qeyri-müəyyən müddətə təxirə salınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2-1(116)-131/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2- 1(116)-131/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2024cü il tarixli 2-1(116)-131/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2- 1(116)-131/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-0103 kod 90112018 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2005-ci il tarixli 05 saylı qərarı ilə 2,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, X4, İddiaçı, X9 və X13 ayrılmışdır. - JN-0235 kod 90112018 nömrəli dövlət aktının surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2005-ci il tarixli 05 saylı qərarı ilə 2,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X10, X14, X15 və X12 ayrılmışdır. - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. - xx.xx.2022-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. - Cavabdehin xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə işə əlavə etdiyi məlumatında qeyd olunur ki, X5 adına verilmiş **********83 reyestr nömrəli çıxarış və ona əlavə plan və ölçü sənədi hazırkı dövrdə "TEKUİS" məlumatlarına uyğun olaraq işlənib hazırlanmışdır. Cari situasiyada dövlət aktının planşet hissəsində ştrixlənmiş hissədə yer alan torpaq sahəsinin konfiqurasiyası reallığı əks etdirmir. Həmin məktuba əlavə edilmiş X7 X17ndən çıxarışa əsasən müəyyən edilir ki, xəritədə 235 nömrəli torpaq sahəsi sonuncu sxemdə göstərilmişdir. - Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş DWG məlumat bazasından çıxarışa əsasən müəyyən edilmişdir ki, 235 nömrəli 1,53 ha ölçülü torpaq sahəsi xəritədə sonuncu torpaq sahəsi olaraq işlənmişdir. - xx.xx.2022-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla Vəkil ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş A 822775 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunmuş torpaq sahəsinin sxematik təsvirinə əsasən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi xəritədə sonuncu torpaq sahəsi olaraq qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, JN-0103 nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət aktına əsasən, Yevla Rayon Aqrar İslahat Komissiyasının 5 yanvar 2005-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.54 ha torpaq sahəsi ilə üçüncü şəxs X6 JN-235 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə xx.xx.2005-ci il tarixdə ilkin hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətinə verilmiş iki hissə 1 ha və 1.53 ha torpaq sahələri üst-üstə düşmür. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.5.-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

24. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

25. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.

26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanına əsasən: 2.3. X7 X17nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X7 X17ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; ...

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İş materiallarından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2005-ci il tarixli 05 saylı qərarı ilə 2,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, X4, İddiaçı, X9 və X13 ayrılmış və bunun əsasında JN-0103 kod 90112018 nömrəli dövlət aktı hazırlanmışdır. Yevlax rayon AİK-nın xx.xx.2005-ci il tarixli 05 saylı qərarı ilə 2,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X10, X14, X15 və X12 ayrılmış və bunun əsasında JN-0235 kod 90112018 nömrəli dövlət aktı hazırlanmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X11 və ailə üzvlərinin mülkiyyət hüquqları ümumi birgə mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

35. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından mütəxəssis rəyi alınmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, JN-0103 nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət aktına əsasən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 5 yanvar 2005-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.54 ha torpaq sahəsi ilə üçüncü şəxs X6 JN-235 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə xx.xx.2005-ci il tarixdə ilkin hüquqmüəyyənedici sənədlərə əsasən mülkiyyətinə verilmiş iki hissə 1 ha və 1.53 ha torpaq sahələri üst-üstə düşmür.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi X2 ümumi birgə mülkiyyətinə verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyət hüququ qeydiyyata alınmış Yevlax rayonu Səmədabad kəndində yerləşən 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanın tələblərinə uyğun hazırlanmışdır. Torpaq sahəsinin çıxarışı və planı və ölçüsü sənədi DWG və TEKUİS məlumat bazasında öz əksini tapan xəritə məlumatlarına uyğun tərtib edilmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X2 ümumi birgə mülkiyyətinə verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında mülkiyyət hüququ qeydiyyata alınmış Yevlax rayonu Səmədabad kəndində yerləşən 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair işlənmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-103 (kod ********) nömrəli dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2-1(116)-131/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar